Ümumdünya Səhiyyə
Təşkilatının nümayəndəsi Gəncədə
erməni terrorundan əziyyət çəkən
şəxslərlə görüşüb
Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Ermənistan silahlı qüvvələrinin mülki əhalini raket atəşinə tutması nəticəsində zərər çəkən şəxslərlə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ÜST-nin rəsmisi erməni terrorunun qurbanı olan şəxsləri müvəqqəti məskunlaşdıqları yataqxanada ziyarət edib.
Sakinlərlə söhbət edən Hande Harmancı xəstəliklə mübarizə üsullarından danışıb. O, COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb, sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət edilməsinin vacibliyini bir daha xatırladıb.
Yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyətin ümidverici olduğunu vurğulayan Hande Harmancı deyib: “Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq”.
Bununla belə Hande Harmancı bildirib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir.
"Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq "işıq görünür". Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir”, – deyə o qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisi tərəfindən yataqxanada müvəqqəti məskunlaşan ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi və gigiyenik ləvazimatlar təqdim olunub.
Xatırladaq
ki, oktyabr 4-dən 17-dək Gəncə şəhəri erməni
silahlı qüvvələri tərəfindən raket atəşinə
məruz qalıb. Nəticədə 30-a yaxın mülki şəxs həyatını itirib, 120-dən çox insan yaralanıb.
Azərbaycan.-2020.- 13 dekabr.- S.7.