Azərbaycan və Türkiyə
prezidentləri mətbuata birgə bəyanatlarla
çıxış ediblər
Dekabrın
10-da sənədlərin imzalanması mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan mətbuata birgə bəyanatlarla
çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham
Əliyevin bəyanatı
-Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı.
Sizi Azərbaycanda bir daha səmimiyyətlə
salamlayıram. Xoş gəlmisiniz.
Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar bir gündür, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərmişdir. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın, Azərbaycan haqq davasına çıxıbdır, Vətən savaşına çıxıbdır və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi, onu göstərdi ki, Azərbaycan öz haqlı davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik.
Mən hər zaman əziz Qardaşımı qarşılayarkən, yaxud da ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz Qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların maraqlarını müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir.
Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur.
Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur "Bayraktar” böyük dəyişikliyə səbəb oldu və bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü, türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü.
Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.
Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan
işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var.
Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni,
bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib
vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi
müharibədən düzgün nəticələr
çıxararsa və öz əsassız iddialarından əl
çəkərsə və gələcəyə baxarsa, o
zaman onların da bu platformada yeri ola bilər.
Biz buna açığıq və müharibədən
sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar
bunu deməyə əsas verir. Biz bu səhifəni
bağlamalıyıq, biz bu ədavətə son
qoymalıyıq. Bunun təşəbbüskarı
biz olmamışıq. Biz, sadəcə olaraq, 30 il ərzində beynəlxalq təşkilatlardan
dəstək gözləyirdik, Minsk üçlüyündən
dəstək gözləyirdik. Gözləyirdik
ki, onların qəbul etdikləri BMT Təhlükəsizlik
Şurasının qətnamələri yerinə yetirilsin.
Ancaq bu, olmadı. Sadəcə
olaraq, nə hərb, nə sülh vəziyyəti davam edirdi,
status-kvo davam edirdi. Biz bu status-kvonu hərb
yolu ilə dəyişdirdik, düşməni
torpaqlarımızdan çıxardıq, onlara çox
böyük zərbə vurduq, onların ordusunu məhv etdik,
onların əsas ideoloji sütunlarını məhv etdik.
Amma ondan sonra nə etdik? Ondan
sonra söylədik ki, biz işbirliyinə hazırıq.
Biz yeni bir işbirliyi formatını təşkil
etməklə gələcəkdə bölgəmizdə
müharibə riskini sıfıra endirə bilərik.
Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən
azad edilmiş torpaqların inkişafı ilə bağlı
öz fikirlərimizi ortaya qoyuruq. Qarabağ
dünyanın ən gözəl bölgələrindən
biri olacaqdır. Əminəm ki, türk
qardaşlarımızın yardımı ilə biz buna nail
olacağıq. Biz bu gün artıq konkret
layihələr haqqında danışdıq – yol layihələri,
dəmir yolları layihələri, infrastruktur layihələri.
Bütün bu layihələrdə Türkiyə
və Azərbaycan şirkətləri bərabər
iştirak edəcəklər. Bütün
bu layihələrin qısa vaxt ərzində həyata
keçirilməsi bölgəyə yeni nəfəs gətirəcəkdir.
Mən bir daha Azərbaycan xalqı adından, öz
adımdan qardaş Türkiyə xalqına dərin təşəkkürümü
bildirmək istəyirəm. Bu günlərdə
biz Türkiyədən böyük dəstək gördük,
həmrəylik gördük. Təkcə
siyasətçilər yox, Cümhurbaşqanı başda
olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət
Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları.
Onlar öz həyatlarını risk altına ataraq gecə-gündüz
döyüş bölgələrindən reportajlar hazırlayırdılar
və məhz bu reportajlar vasitəsilə dünya gedən
proseslərdən xəbər tuturdu. Türkiyədə
bizim Qələbəmizə bizim qədər sevinən
bacı-qardaşlarımıza öz salamlarımı
çatdırıram və dərin təşəkkürümü
bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də
belədir, sabah da belə olacaq və əbədi
olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir!
Bir daha, əziz Qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə
xoş gəlmisiniz. Biz Sizi ürəkdən
sevirik. Azərbaycan xalqı Sizə bu
gün öz sevgisini küçələrdə göstəribdir.
Biz danışdıq ki, Şuşa şəhərinə
yeni avtomobil yolu, - Türkiyə şirkətlərinin inşa
edəcəyi avtomobil yolu,- inşa ediləndən
sonra, inşallah, Şuşa şəhərinə bərabər
gedəcəyik.
Prezident Rəcəb
Tayyib Ərdoğan: İnşallah.
x x x
Sonra Türkiyə dövlətinin
başçısı bəyanatla çıxış etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğanın bəyanatı
- Hörmətli
Qardaşıma, cənab Prezidentə xüsusilə Zəfər
Günündə verdiyi bu mesaja görə şəxsən
öz adımdan və millətim adından çox təşəkkür
edirəm. Mən bu Qələbənin başda
bu işin liderliyini edən Qardaşıma, onun timsalında
bütün azərbaycanlı türk qardaşlarıma
mübarək olmasını şəxsim, nümayəndə
heyətim və millətim adından diləyirəm və bir
daha təbrik edirəm.
Həqiqətən 44 günlük bir müharibədən
sonra ortaya çıxan nəticə Azərbaycandakı
qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə
Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər
şəxsimizdə, istər bütün millətimizin şəxsində
yaşanan bir sevincdir. İstər hökumətimiz
olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq
bu sevinci bərabər yaşadıq. Bu
sevincə xüsusilə də yazılı,
görüntülü medianın da böyük bir qismi eyni dərəcədə
qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər,
mesajlarını da bu istiqamətdə çatdırdılar.
Bu gün
bu tədbirlərə Qardaşımın dəvəti ilə
gəldik və prospektdəki o sevinci gördüyümüz
zaman anladıq ki, belə bir Zəfərin nəticəsində
coşqu ancaq bu cür, bu şəkildə ola
bilərdi, bunu gördük. Təbii ki, belə
bir Zəfərə görə təbrik etmək,
"Mübarək olsun!” demək vəzifəmizdir. Rəbbim bundan sonrakı prosesi, inşallah, uğurla
davam etdirməyi də nəsib etsin.
Təbii bu gün Qardaşımla Qarabağ
münaqişəsinin həllinin nə üçün bu
günə qədər uzadıldığını ətraflı
müzakirə etdik. Nə üçün otuz il
Qarabağda bu zülm çəkdirildi. Minsk
qrupu deyilən bu üçlüyün işi nə idi?
Onlar dünyanın ən güclü ölkələri
idi - Amerika, Rusiya, Fransa. Nə
üçün vaxt bu qədər uzadıldı, niyə nəticə
hasil olmadı? Məgər bunu həll edə
bilməzdilərmi? Edə bilərdilər.
Onda niyə vaxtı uzatdılar? Ancaq sonra xeyli müsbət mesajlar gəlməyə
başladı. Bunların başında da
Fransa. Daim Qardaşıma zəng edirdi,
ondan nəticələr əldə etməyə
çalışırdı. Təbii, bəzən
bizimlə də əlaqə qurmaq istədi, amma doğrusu, biz
də cavab vermədik. Çünki
bilirdik ki, dərdləri başqadır.
Xüsusilə qardaşlarımız artıq bunu
özümüz həll edəcəyik dedilər,
addımı atdılar. Addımı atdıqdan sonra iş getməyə
başladı. İş getməyə
başladıqdan sonra biz cənab Putin ilə müzakirələr
apardıq. Eyni qayda ilə bu işin
diplomatik tərəfini xarici işlər naziri Mövlud bəy
apardı. Xüsusilə bu məsələdə
kəşfiyyat, müdafiə fəaliyyətləri
aparıldı. Bütün bu fəaliyyətlərdən
sonra vəziyyət xeyli fərqli şəkildə inkişaf
etməyə başladı.
Xüsusilə mən burada cənab Putinin
yanaşmalarını kənara qoya bilmərəm. Onun müsbət
yanaşmaları da bu prosesi müsbət istiqamətdə
aparmağa kömək etdi və iş bu səviyyəyə
qədər gəlib çıxdı.
Burada
Qardaşım bir az əvvəl ifadə etdiyi platforma məsələsinə
toxundu, - sözün düzü, mən də buna
böyük önəm verirəm,-
lazım gələrsə altılı bir platforma da yarada bilərik
dedi. Bunu cənab Putin də qəbul etdi. O
altılı platforma nədir: Rusiya, Türkiyə, Azərbaycan,
İran, Gürcüstan və əgər qəbul edib əməl
edərsə, Ermənistan da bu platformada yer ala bilər. Beləliklə, altılı platforma ilə regional
sülhün formalaşdırılması nəzərdə
tutulur. Təbii ki, bu regional sülhün
bu bölgədəki ölkələrə gətirdiyi vəzifələr
var. Bu vəzifələrə infrastruktur, siyasi, diplomatik bir
çox məsələlər daxildir. Bu gün də
Qardaşıma dedim, əgər bu məsələdə
müsbət addımlar atıldığı təqdirdə
biz də bağlı olan qapılarımızı
açarıq. Amma yetər ki, bu müsbət
addımlar atılsın. Bizim də
qapılarımızı Ermənistanın üzünə
bağlamaq kimi bir dərdimiz yoxdur. Çünki
biz sülhün göyərçinləri olmaq istəyirik,
sülh addımları atmaq istəyirik. Üstəlik,
bizim Ermənistan xalqına bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir.
Mənim ölkəmdə yüz mindən
çox erməni var. Bunların arasında vətəndaşlıq
hüququnu əldə edəni də var, əldə etməyəni
də var. Amma biz onları da ölkəmizdə qonaq qəbul
edirik. Niyə? Çünki
bizim insanlara qarşı heç bir kinimiz yoxdur. Məqsəd xüsusilə bu sülhü
formalaşdırmaq, möhkəmləndirməkdir. Addımlarımızı da buna görə
atmalıyıq.
Təbii ki, burada liderlik çox vacibdir. Sən durub Qarabağı öz parlamentində qəbul etdirdiyin bir qərarla, bura artıq bir dövlətdir və biz buranı bu şəkildə tanıdıq demək haqqına sahib deyilsən. Bunu Paşinyan belə qəbul etmir. Amma Makron olaraq sən durub belə bir məsələni gətirib parlamentindən keçirməyə çalışırsan. Deməli, hələ siyasəti öyrənə bilməmiş, dövlət idarəçiliyini də anlamamış, öyrənməmişdir, harada, nə, necə olur, bunu da bilmir. Sabah təbii ki, mənə hirslənəcək, bəlkə bu axşam hirslənəcək, bu, ayrı bir məsələdir. Amma necə olursa-olsun biz haqqı deməliyik. Bunu deməsək, vəzifəmizi yerinə yetirmiş olmarıq. Amma bunlara nail olacağıq.
Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək. Arzu edirik ki, inşallah, bu yolları başa çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik. Şəhidlərimizin ruhlarını da şad edək. Bu qədər şəhidlərimiz var, qazilərimiz yaralıdır. Onlara Allahdan şəfalar diləyirik. Şəhidlərimiz bir amala inanaraq şəhid oldular. Bütün şəhidlərimizin ruhunu şad etmək lazımdır. Onların ruhlarının məkanlarından bu sədanı duymalıyıq. Duya biləcəyikmi? İnşallah, duyacağıq. Çünki onlar ölməyiblər, onlar yaşayırlar. Bu gün qazilərimizi gördükdə xüsusilə məmnun olduq. Onlar boş yerə qazi olmadılar. Bu qaziliyin altında yatan bir amal var. O nədir? Bu qazilik Qarabağı əsl sahiblərinə qaytarmaq üçün idi və bu qazilər bunu şəhidlərlə birlikdə bacardılar.
Təbii ki, biz bu gün Qardaşımla birlikdə xüsusilə infrastruktur və digər məsələlərlə bağlı müzakirələr apardıq. Ermənilər olduqları yerlərdə nə varsa hamısını yandırıblar, dağıdıblar. Məscidləri yandırıb dağıdıblar. Hətta onlar kilsələri də yandırıb dağıdıblar. Yəni, onları anlamaq, tanımaq mümkün deyil. Bütün bunlarla yanaşı, mən talan edilən, dağıdılan bu yerlərin yenidən bərpasına inanıram. Necə ki, 20 il əvvəl gələrkən necə bir Bakı vardı, bu gün necə bir Bakı var, tamamilə dəyişib. Bunu 20 il əvvəlkindən bu günə çatdıran Azərbaycan rəhbərliyi, inanıram ki, Allahın izni ilə Qarabağı da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətirəcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib.
Bu gün məzarları ziyarət edərkən parlamentimizin sabiq sədri İsmayıl Qəhrəman dedi ki, daha əvvəlki səfərlərində hər dəfə əvvəlkindən xeyli fərqli bir Azərbaycan, Bakı görüb. Xüsusilə mən bunu iyirmi il içərisində çox yaşadım. İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm. Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfalar arzu edirəm. Bir daha uğurlarınızın artaraq davam etməsini arzulayıram.
Xeyirli olsun, təşəkkür edirəm.
Azərbaycan.-2020.- 11 dekabr.- S.10.