“Ağdam mənəvi qibləmdir”

 

 

Natiq Cavadovun Ağdam nisgili, Əliağalı həsrəti və atasına olan borcu...

 

 

 

... Yaya hələ bir ay qalsa da, mayın əvvəlindən isti nəfəsini təbiətə duyurmağa başlamışdı. Günəş qızmar şəfəqlərini xəsislik etmədən aləmə səpələyir, torpağı odlu bağrına basıb canında qalan son buzunu, şaxtasını da əridərək içini isidirdi. Artıq bütün ağaclar, çəmənlər yaşıl donunu geyinib, al-əlvan çiçəklərlə bəzənmişdi...

 

Bu vaxtlar onların da ucu-bucağı görünməyən, baxdıqca göz oxşayan bağlarının güllük-gülüstanlığa çevrilən çağıydı. Elə ki, may ayı gəlir, hava qızırdı, günlərinin çoxu burda keçirdi. Bağdakı ən böyük alma ağacının altına xalılar, palazlar sərilir, üzərinə döşəklər, mütəkkələr atılırdı. Burda oturub dərs edən kim, dincələn kim, deyib-gülüb oynayan kim, yemək yeyən kim... Bir sözlə, payız gəlib havaları soyudana kimi yaz-yay bu rəngbərəng, naxışlı dünyanın üzərində keçirdi...

 

O zamanlar həyatın özü də xalıların üzərindəki naxışlar kimiydi - rəngli, bəzəkli, nizamlı, könül oxşayan... Nə dərd, qayğı vardı, nə itkilər, nə də Vətən nisgili...

 

Hər şey tamdı, bütövdü... Sonradan isə...

 

Qəfil gözlərini açıb yuxudan diksinərək oyandı. Bir neçə dəqiqə real dünyayla xəyal aləmi arasında var-gəl etdi. Yuxumu görürdü, yoxsa yenə xatirələrinin oyununa düşmüşdü - ayırd edə bilmədi. Axı bu halı ilk dəfə yaşamırdı. 27 il ərzində neçə dəfə bu vəziyyətə düşmüşdü, heç özü də bilmirdi. Elə ki, gözlərini yumurdu, ruhu bədənindən çıxıb kəndlərinə - Əliağalıya doğru uçur, küçə-küçə, məhəllə-məhəllə, ev-ev hər yanı dolaşıb qayıdırdı. Kənddə, ata ocağında keçən uşaqlıq illəri, xatirələri səhərə qədər beynində kino lenti kimi təkrarlanırdı...

 

Bu gecə gördüyü yuxu da xoşbəxt, qayğısız uşaqlıq illərindən bir mənzərəydi. Ancaq daha əvvəlki kimi ağrı, acı, nisgil, həsrət, göz yaşı yoxdu bu yuxularda, xəyallarda...

 

Sevinc, xoşbəxtlik, həyəcan... və qayıdış vardı...

 

27 illik ayrılıqdan sonra vətənə, doğma yurda ruhən, xəyalən yox, gerçək, böyük qayıdış...

 

 

 

Evdə çox ciddi nizam-intizam vardı

 

 

 

 

"Qarabağ söhbətləri”ndə bu dəfə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Kosmik Məsələlər üzrə Şuranın üzvü Natiq Cavadovla Ağdamın Əliağalı kəndində keçən uşaqlıq illərinə qayıtdıq, işğal nəticəsində çəkdikləri ağrıları yenidən yaşadıq, gələcək arzulara işıq tutduq.

 

- Ağdam deyəndə gözümün önünə gələn ilk mənzərə doğulduğum ocaq, ata yurdumdur. Həmişə demişəm, Ağdam mənim mənəvi qibləmdir, atamın məzarı isə mənəvi Məkkəmdir. 27 ildir ən böyük arzum olaraq o müqəddəs yeri ziyarət etmək həsrətilə yaşayıram...

 

...Bu həyatda ən çox atamı - Hacı müəllimi istəmişəm. Bizim aramızda tək ata-oğul münasibəti yox idi, həm də dost kimi dərdləşirdik. Atamın qəbrini Ağdamda qoyub gələndən sonra elə bilirəm yarımam, tam deyiləm. Özümü çox pis hiss edirdim. Bu illər ərzində heç cür özümə gələ bilmirdim.

 

İndi torpağımız işğaldan azad olunub. Xoşbəxtlikdən bilmirəm nə edim... Fikirləşəndə ki, kəndə gedə biləcəyəm, həyəcandan ürəyim atlanır. Hərdən elə bilirəm yenə yuxudayam...

 

1955-ci il martın 8-də Ağdamın Kolanı elinin Əliağalı kəndində dünyaya gəlmişəm. Kolanı camaatı müsbət xüsusiyyətləri, qoçaqlığı ilə seçilən şərəfli tayfalardan biri olub. Sovetlikdə 7-8 kənd vardı. Kəndlərin adı ayrı olsa da, hamısı Kolanı eli sayılırdı. Məsələn, 5 kilometr uzaqda bir kənddə yas düşsəydi, bizim kənddə 1 il toy olmurdu. Kənd camaatı özü yığışıb yası yola verirdi. Heç ölü yiyəsi bilmirdi nə hardadı. Toyu da eləcə elliklə əl-ələ verib keçirir, 3 gün yeyib-içirdilər. İnsanlar bir-birinə çox böyük hörmət-izzətlə, sevgi ilə yanaşırdılar.

 

Kəndimiz çox mənzərəli, gözəl, cənnətməkan idi. Hər iki tərəfi meşəlik idi, ortadan Xaçın çayı axırdı. Kənddə 450-500 ev vardı. Atam rus dili müəllimi idi. Böyük Vətən müharibəsində tankçı kimi iştirak etmiş, çoxlu sayda ordenlə, medallarla qayıtmışdı. Bu gün Ağdamda Alıbəyli qaçqın şəhərciyində atamın - Hacı Cavadovun adına küçə var. Rayonda olduqca sayılıb-seçilən kişilərdən biri, el ağsaqqalı, çox namuslu, qeyrətli, şəxsiyyətli, ciddi kişi idi. Elimizin, obamızın təəssübünü heç kəsə vermirdi. Kənddə kimin nə dərdi olardısa, köməyə atamın yanına gəlirdi. Onun getdiyi qapıda sorğu-sual olmazdı. Biz atamıza "papa” deyərdik. Məhləmizdə də bütün uşaqlar bizə baxıb atama "papa” deyərdilər. Hamı ona hörmət edirdi. Yadımdadı, kəndin bizə tərəf dönən yerində camaatın oturacaq yeri vardı. Yaşlı kişilər orda yığışıb söhbət edirdilər. Atam məktəbdən evə qayıdanda onu görən kimi ayağa qalxıb böyük ehtiramla salam verirdilər.

 

Darvazadan içəri girəndə bircə dəfə boğazını arıtlamağı kifayət idi. Dərhal əl-ayağa düşərdik. Birimiz paltosunu, birimiz şlyapasını götürür, birimiz dəsmal gətirirdik. Əl-üzünü yuyub otururdu süfrə başına... "Bismillah” deyəndən sonra hamımız yemək yeyirdik. Evdə o cür ciddi nizam-intizam vardı...

 

 

 

Atam mənə rus dilindən "2” yazdı

 

 

 

- Ailədə 2 bacı, 4 qardaş idik. İki bacıdan sonra ilk oğul payı idim deyə mənə qarşı xüsusi diqqət vardı, məni daha çox əzizləyirdilər. Hardasa 4 yaşımda bütün hərfləri, rəqəmləri bilirdim, yaxşı şeirlər əzbərləyirdim. Bütün günü əlimdə tabaşir hər yeri yazırdım. Evdə təmiz divar, döşəmə, xalça, palaz qalmırdı...

 

Bir dəfə atam evdə şagirdlərinin dəftərlərini yoxlayırdı. Dedi, yerdə bir kağız var, onu aç, oxu, gör nədi elə. Kağızı açdım, gördüm bir şeirdi. Guya bu şeiri mənə palaz yazmışdı.

 

Natiq, ey Natiq, söylədi palaz,

 

Sənə kim dedi başla məni yaz

 

Ayıb deyilmi məni yazırsan,

 

Hamı da deyir, yaxşı oğlansan

 

Qalxaram inan, tutaram səni

 

Əl-qolun bağlayıb ataram səni.

 

Həyətin ayağında qonşunun iti vardı, qorxurdum ondan. Mən də düşündüm ki, palaz aparıb məni itin qabağına atar. O şeirdən sonra daha evdə heç yeri yazmadım...

 

Atam hər axşam bizdən dərslərimizi soruşurdu. Bacımgil hündürdən oxuyanda qulaq asırdım. Onlar dərs danışanda yadlarından çıxan hissəni mən o saat deyirdim. Sonra hər ikisi mənimlə dalaşırdı ki, niyə bizi çaşdırırsan.

 

Atam özü də bizə dərs deyirdi. Olduqca ciddi pedaqoq idi. 3-cü gün məktəbimizdə rus dili günü sayılırdı. Sinifdə hamı rus dilində danışmalıydı. Bir dəfə evə qonaq gəlmişdi. Mən də kömək elədim deyə bütün dərslərimə hazırlaşmışdım, ancaq rus dili dərsinə vaxtım qalmamışdı. Atama bunu söylədim, dedi eybi yox. Səhərisi sinifdə atam hamıdan birinci elə məni lövhəyə çıxardı ki, Natiq, gəl dərsi danış. Durdum gəldim lövhəyə. Amma dərsi öyrənmədiyim üçün "2” aldım...

 

 

 

O xalçaların üstü bizim üçün ayrı aləm idi

 

 

 

- Təbii ki, bu, bizim üçün qəbuledilməz idi. Xüsusilə o vaxtlar müəllim ailəsi çox seçilirdi. Biz geyimimiz, davranışımız, təhsilimiz ilə hər mənada nümunəvi olmalıydıq. Evimiz daim qonaqlı-qaralı idi. Elə bir gün olmazdı qonağımız olmasın. Bakıdan hörmətli insanlar kəndə gələndə bizim evdə qonaq qalardılar.

 

Qonaq olmayanda da atam yolda kimi görsəydi, deyərdi, gedək çörək yeyək. Çörəyi heç vaxt tək yeməzdik. Elə olurdu müəllim yoldaşları ilə günorta evə gəlirdi. Biz vaxt tapıb otaqdan çıxa bilmirdik. Hətta olub ki, qardaşlarımla çarpayının altına girmişik, onlar yeməyini yeyib gedəndən sonra çıxmışıq. Müəllim ailəsi olduğumuz üçün hərəkətlərimizdə məhdudiyyətlər tətbiq edilirdi. Amma çayda da çimirdik, futbol da oynayırdıq. Mal-heyvan dalınca da gedirdik. Kəndimizin qarşısındakı meşədə Çinarlı bulağı var idi. May bayramını uşaqlarla orda keçirirdik. Həyətimiz armudla dolu olsa da, sovxozun bağına armud oğurluğuna gedirdik. Böyük həyətimiz vardı, hər cür meyvə ağacı ilə doluydu.

 

Həyətimiz, bağımız çox gözəl idi. May ayı başlayanda, havalar qızan kimi anam alma ağacının altına 3-4 böyük xalça sərirdi, üstünə mütəkkə, döşəkçələr düzürdü. Bütün günümüz orda keçirdi. O xalçaların üstü bizim üçün ayrı aləm idi, tamam başqa, rəngli, al-əlvan bir dünyaydı. Orda oynayırdıq, əylənirdik, orda yeyirdik, dərs edirdik, orda dincəlirdik. Çox xoşbəxt, sevincli günlər idi...

 

 

 

O dağlar, o bulaqlar üçün burnumun ucu göynəyir

 

 

 

- 8-ci sinfə qədər kənd orta məktəbində oxumuşam. Əlaçı idim, bütün fənlərdən "əla” alırdım. Daha yaxşı təhsil alım deyə əvvəl istədilər Ağdam şəhərində məktəbə davam edim. Amma o vaxt Bakıda 132 və 190 nömrəli məktəblər çox tanınırdı. Böyük bacım da ailə qurub Bakıda yaşayırdı deyə 132 nömrəli məktəbi seçdik. 9-10-cu sinifləri orda bitirdim.

 

Bakıda oxuyanda yay tətilində kəndə gələndə atam bizi 3 ay Kəlbəcər, Laçın dağlarına aparırdı. Mənim hələ 5-6 yaşım olanda atam rayon partiya komitəsinin xəttilə Kəlbəcərə təbliğat-təşviqat işləri üçün göndərilmişdi. Məni də özüylə aparmışdı, dostugildə qalırdım. Oranın havası o qədər təmiz idi ki... Üstəlik, təbii qidalarla qidalanırdım deyə kəndə qayıdanda sifətimdən qan damırdı, yanaqlarım qıpqırmızı olurdu. Atam o yerləri çox sevirdi. Hər il yay tətilində mütləq ora gedirdik. Hərdən öz-özümə gileylənirdim buna görə, amma atama demirdim.

 

Biz atamla dost idik, elmdən, ədəbiyyatdan, şeirdən danışırdıq. Amma öz içimdən keçən hissləri, fikirləri ona deməyə utanırdım, çəkinirdim. Aramızda bir pərdə vardı... Hətta özü cibimə pul qoymazdı. Verərdi anama, anam da mənə verərdi... Kəlbəcərə getmək məqamı gələndə anama deyirdim, axı mən iki gündü Bakıdan kəndə gəlmişəm. Qoyardı heç olmasa burda uşaqlarla bir az oynayardım. Amma indi deyirəm nə gözəl günlər imiş. Nə yaxşı bizi oralara aparırmış. Bəlkə də hiss edirmiş ki, biz nə vaxtsa o dağların, o bulaqların həsrətində olacağıq.

 

İndi o dağlar, o bulaqlar üçün ürəyim gedir, burnumun ucu göynəyir...

 

 

 

Çalışmışam o kişiyə layiq övlad olum

 

 

 

- Məktəbi əla qiymətlərlə bitirdiyim üçün istənilən fakültəni seçə bilərdim. Əvvəl Tibb İnstitutuna daxil olmaq istədim. Amma sənədlərimi Bakı Dövlət Universitetinin fizika fakültəsinə vermək qərarına gəldim və daxil də oldum. Zamanla doğru seçim etdiyimi gördüm. Nə yaxşı ki, Fizika fakültəsini seçdim və elm dalınca getdim. Məktəbə tez getdiyim üçün 16 yaşımda artıq tələbə idim. İnstitut illərində əvvəl yataqxanada, sonra kirayədə qaldım. Atam tez-tez yanıma gəlirdi, mənə baş çəkirdi.

 

Məktəbdə olduğu kimi, tələbə ikən də çalışmışam özümü atama layiq aparım. Bakıda təhsil aldığım müddətdə həmişə elə bilmişəm atam başımın üstündə dayanıb. Əsgərlikdə belə onun zəhmini unutmurdum. Həmişə çalışmışam özümü elə layiqli aparım ki, zəhmli baxışla mənə baxmasın. Bu gün bu yaşda böyük agentliyin rəhbəri olsam da, yenə atamın zəhmi mənimlədir. Öz-özümə deyirəm, birdən elə hərəkət edərəm atamın xoşuna gəlməz. Çalışmışam o cür kişiyə layiq övlad olum...

 

Atam uşaq psixologiyasını yaxşı bilirdi. Qızım Aytən Babaxanova tibb üzrə fəlsəfə doktorudur, ali dərəcəli endokrinoloqdur. Oğlum Anar isə iqtisad üzrə fəlsəfə doktorudur. Aytəni 2 yaş yarımlığında atamgil may ayında kəndə aparmışdılar. Mən də iyunda gəldim. Aytən günorta yatdığından qardaşım oyadıb gətirdi, mənim üstümə gələndə qucağıma almadım. Çünki atam və anamın yanında uşaqları əzizləməzdim. Bu bizdə bir adət idi. Atam qızıma bir şeir qoşmuşdu.

 

Aranlıyam, dağlıyam,

 

Buz bulaqlı, yaylaqlıyam.

 

Beçə ballı, qaymaqlıyam.

 

Soruşsanız haralıyam

 

Adım Aytən, ağdamlıyam.

 

Dağlarda bitən çiçəyəm

 

Qönçələnən ləçəyəm

 

Bütün qızlardan göyçəyəm

 

Soruşsanız haralıyam

 

Adım Aytən, ağdamlıyam.

 

"Bütün qızlardan göyçəyəm” deyəndə Aytən əlini sinəsinə vurub özünü göstərirdi...

 

Vətənlə bağlı da gözəl şeirlər yazmışdı. Heyif ki, atamın şeirlər dəftəri qalmayıb. Dəftərləri də, kitabları da, fotoları da kənddəki evimizdə qaldı, məhv olub getdi. Kəndimizə ilk dəfə su çəkdirən də atam olub. O vaxt Ağdamdan seçilən deputatın qəbuluna getmişdi. Su boruları aldırmışdı. Kəndin baş hissəsinə artıq kran da qoyulmuşdu. Sonra Qarabağ hadisələri başladı.

 

Atam çox əsəbləşirdi, heç cür özünə gələ bilmirdi. 1989-cu ildə infarkt keçirdi, sonra insult oldu. 1991-ci ildə rəhmətə getdi.

 

Bazar günü idi. Kəndə ailəmizə baş çəkməyə gəlmişdim. Atam gecəni qalmağa qoymadı. Dedi işdən qalma. Günorta saat 2-də Bakıya qayıtdım. Səhərisi tezdən xəbər verdilər ki, atan rəhmətə gedib. Gəlib çatanda gördüm məktəbdə vida mərasimi keçirilir. Atamı elə kənddə dəfn etdik...

 

 

 

Nə biləydik ki, bu gediş son gediş olacaq

 

 

 

- Amma atamın ilk "qara bayramı”nı etmək bizə qismət olmadı. O gün kəndimiz ermənilər tərəfindən işğal olundu... 1992-ci il martın 14-ü... Atamın ilk qara bayramı... Kəndimin, ailəmin qara günü... Ermənilər qəflətən hücum etdilər, kəndi tərk etməli olduq. Ehsan qazanlarını həyətdə elə qazın üstündə qoyub çıxdıq...

 

Evdən heç nə, bir çöp də çıxara bilmədik. Elə əynimizdəki paltarla canımızı götürüb getdik. Nə biləydik ki, bu gediş son gediş olacaq, kəndə bir daha qayıtmayacağıq?! Bərdədə atamın bacısı qalırdı. Əvvəl ora getdik. Bir qardaşım Rafiqin uşaqları elə Bərdədə məskunlaşdı. Sonra anamgili Bakıya gətirdim ki, diqqətim, gözüm üstlərində olsun. Bacılarım da burda yaşayırdı.

 

Anamı 87 yaşına qədər yaşatdım, qoymadım yanından yel ötsün. Daim həkim nəzarətində saxladım, qorudum. Əlimdən gələn hər şeyi elədim ki, ömrü uzansın. Anam çox danışan adam deyildi. Bizə deyirdi, neynək bala, qismətimiz buymuş, nə biləydim nə vaxtsa gəlib Bakıda yaşayaram...

 

Hər zaman fikirliydi. Bütün ağrılarını, acılarını içində çəkirdi. Kəndimizin, evimizin həsrətilə yaşayırdı. İllərlə qurub-yaratdığın, ömrünün çoxunu keçirdiyin doğma yurdu, ocağı qoyub gəlmək çox böyük dərddi. Bircə yadigar əşya çıxarmamışdıq ki, ona baxıb təsəlli tapsın...

 

Heç unutmuram, Şuşa işğal olunmuşdu, amma Ağdam yox. Müəssisəmizin rəhbəri kimi hər həftə Ağdama gedib-gəlirdim. Avtobusla gedəndə hər dəfə bir oğlanla rastlaşırdım. Bir dəfə tanış olduq. Dedi Şuşadanam, dözə bilmirəm, şənbə-bazar günləri gəlib bu dağlara tamaşa edib qayıdıram...

 

O vaxt bu dərdi hələ anlaya bilmirdim... Sonra bu dərdi biz də yaşadıq...

 

Mən də hərdən anamgili götürüb Bərdəyə, Ağdam sərhədinə tərəf gedirdim. Ordan kəndimizin havasını alırdıq. Dağlara baxırdıq. Bizim kəndimiz Şahbulaq dağının arxasında, Xaçınçayın üstündə idi. Xaçınçay Quzanlıdan da keçirdi. Əlimizi çayda yuyurduq, elə bilirdik elə kəndimizdəyik. Bununla təskinlik tapmaq istəyirdik, toxtamağa çalışırdıq...

 

 

 

İlham Əliyevlə Mehriban xanımın Ağdam məscidini ziyarətləri məni ağlatdı

 

 

 

- El-oba çox şirindir, əvəzsizdir... Həqiqətən də, torpaqdan, vətəndən doğma heç nə yox imiş. Atadan da, anadan da, baladan da, nəvədən də şirin vətəndir...

 

Torpağın bu qədər doğmalığını bilməzdim. 1991-ci ildə Qarakənddə vertolyot qəzası olanda orda müəssisədə baş direktor idim. Tofiq İsmayılov məni ora müvəqqəti göndərmişdi. Tofiq müəllimgil 400 avtomat gətirmişdi. Mənə dedi camaata paylayın. Vertolyotu stadionda düşürtdük, avtomatları payladıq. Onlar vertolyota mindi, amma mən qaldım...

 

Qəzanın baş verdiyini biləndə elə bil dünya başıma uçdu, çox ağrıdım, peşman oldum ki, gərək mən də minəydim, onlarla birlikdə şəhid olardım... İnanın, bəzən şəhidlərimizə qibtə edirəm. Yaxşı mənada qısqanıram ki, onlar əbədi tarixə düşdülər. Şəhidlik ən yüksək zirvədir. Biz bugünkü tarixi qələbəmizi şəhidlərimizin qanı, ordumuzun rəşadəti, qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qabiliyyəti sayəsində qazandıq. Xalq, millət kimi bütövləşdik, birləşdik. Həm 44 günlük Vətən savaşımız misli görünməyən müharibə kimi, həm də Azərbaycan xalqı qəhrəman xalq kimi tarixə düşdü.

 

Cəbrayılın işğaldan azad olunduğunu eşidəndə az qaldı sevincdən ürəyim gedə. Təzyiqim birdən-birə 220-ə qalxdı. Gördüm boğuluram, yoldaşım tez dərman gətirdi, birtəhər sakitləşdim.

 

Füzulinin azadlığını eşidəndə hönkürtü məni tutdu...

 

Zəngilanın işğaldan qurtulduğu elan ediləndə işdəydim. Yanımda qonaq vardı. Bir işçi gəlib şad xəbəri verdi, özümdən asılı olmadan otaqda hönkür-hönkür ağladım...

 

Qubadlının, Şuşanın xəbərini eşidəndə də evdəydim, yenə çox ağladım...

 

Qəribədir ki, Ağdamın azad olunduğunu eşidəndə ağlamadım, elə bildim gözümün yaş quruyub... Yəqin hazırlıqlı idim ona görə. Amma Prezidentimiz İlham Əliyevlə Mehriban xanımın Ağdam məscidinə daxil olma səhnəsi məni ağlatdı...

 

Ölkənin birinci şəxsləri döşəməsi olmayan məscidə, quru yerə ayaqyalın girdilər, divarı öpdülər. Mehriban xanım başını divara qoyub qucaqladı. Bu, müqəddəs məkana yox, bütün Qarabağa olan münasibətdi. Bu, sözlə ifadə olunmaz hissdi...

 

Kəlbəcərin, Laçının işğaldan azad olunduğunu eşidəndə isə sevincimin hədd-hüdudu olmadı. Bir anlıq uşaqlıq illərimə qayıtdım... Atalı, analı günlərimi xatırladım...

 

O dağlara xəyalən yenidən qalxdım. O bulaqlarla qucaqlaşıb öpüşdüm. Uşaq vaxtı dizimizi yerə qoyub buz bulaqların suyundan içdikcə içirdik.

 

O küskün bulaqlar bu dodaqları yenidən qəbul edəcəkmi görəsən?!

 

 

 

 

İllərdi içimdə o qorxuyla yaşayıram...

 

 

 

 

- 27 illik işğal müddətində kəndimizi ara-sıra yuxuda görürdüm. Evimizi, həyətimizi, uşaq vaxtı oynadığımız yerləri gəzirdim. Hərdən ayılırdım, elə bilirdim doğrudan da kəndə gedib qayıtmışam.

 

Amma son vaxtlar Ağdam demək olar ki, hər gecə yuxuma girir. Lap əvvəllər Ağdamda işlədiyim vaxt şəhərdə qaldığım evi görürdüm - hansı küçədən keçirdim, hardan dönüb gəlirdim - hər şeyi... Zamanla o yaddaşım yox olurdu. Xatirələrimdə yolu-izi itirirdim.

 

İndi isə yaddaşım öz-özünə geri qayıtmağa başlayıb. Uzanıram, gözlərimi yumuram, bütün kənd ev-ev gözümün qarşısına gəlir. Cığır-cığır xatırlayıram. Gəzirəm kəndi... Bəzən özüm də çaşıram ki, yuxuda görürəm bunları, yoxsa xəyallarım, xatirələrimdir...

 

Qəribədir ki, atam rəhmətə gedəndən bəri heç vaxt onu yuxuda görməmişdim. Ancaq Qarabağ işğaldan azad olunan ərəfədə atam iki dəfə yuxuma gəldi. Görünür, Ağdamın xilas olacağı ona da əyan olub. Ruhu şaddır, əlbəttə ki...

 

Atam müharibədə olanda atası rəhmətə getmişdi. O vaxt elə bir dövr idi ki, məzarın üstünə başdaşı qoyulmurdu. Eləcə taxta parçasının üstünə ad-soyadı yazılardı. Atam müharibədən qayıdandan sonra yan-yana olan 10-15 qəbri göstərib deyiblər ki, bunlardan biri atanındı. Həmişə deyirdi, elə şey olar adam öz atasının qəbrini tanımasın?!

 

Atasının qəbrinin dəqiq yerini heç vaxt tapmadı... Mən onun yaşadığı əzabı, acını duyurdum... İllərdi içimdə o qorxuyla yaşayıram ki, görəsən tarix təkrarlanırmı? Çox qorxuram kəndə qayıdanda atamın məzarını tapmayım... Yerini bilirəm, amma üstündə başdaşı qalmayıbsa, tapa bilmərəm. Çünki bütün qəbirlər yan-yanaydı. Daim orda yaşayan qardaşıma arxayın idim ki, o, yeri santimetrinə kimi dəqiq bilər. Amma o qardaşım da rəhmətə gedib. İndi içimdə həmin qorxu, həyəcan, nisgil var...

 

Həmin səhnəyə dözə bilmərəm...

 

 

 

İlk getdiyim yer atamın məzarı olacaq

 

 

 

- Ağdamı ermənilər elə bir vəziyyətə salıb, yerləyeksan ediblər ki, baxanda adamın ürəyi parçalanır. Bir salamat tikili qoymayıblar qalsın. O vaxt bizim evin qarşısına "qrad” düşmüşdü, 2 metr dərinliyində, 10 metr radiusda çuxur açmışdı. Dağılmayan evləri də yandırıb, talan ediblər, daşı daş üstündə qoymayıblar. Döyüşdən sağ çıxan yeganə bina Ağdam məscididir. O məscid Ağdamın sağ qalan yeganə "qazisidir”. Amma əsas odur torpağımız geri qayıtdı.

 

Çox sevinirəm ki, möhtərəm Prezidentin komandanlığı altında Azərbaycan Ordusunun Laçına girməsilə Qarabağda ərazi bütövlüyü tam təmin edildi. Artıq Qarabağ münaqişəsi yoxdur...

 

Şuşa Qarabağın tacı, Ağdam isə mərkəzidir. Özü də Ağdam torpağı çox bərəkətlidir. Camaatı da imkanlı idi. Bakıda villa son illər dəbə düşüb. Amma o vaxt bu villalar Ağdamda vardı. Ağdam tezliklə abadlaşdırılacaq, əvvəlkindən də gözəl şəhər qurulacaq. 5 ildən sonra hər şey daha da gözəl olacaq. Çox böyük xəyallarla yaşayırıq. Allah bizə möhlət versin. O günləri görmək qismətimiz olsun. 28 ildir ürəyimizdə gəzdirdiyimiz arzuları, xəyalları gerçəkləşdirə bilək.

 

Kəndimizə girən kimi birinci növbədə dizimi yerə qoyub torpağı öpəcəm. Quranı necə öpüb gözümüzün üstünə qoyuruqsa, torpağımızı da elə öpüb, gözümün üstünə qoyacam. İlk getdiyim yer də atamın məzarı olacaq. Ora mənim mənəvi Məkkəmdir. Ordan çox narahatam...

 

Sonra həyətimizə gedəcəm, evimizin qalıqlarına baxıb ağlayacam. Və əvvəlki yerində atama layiq ev tikdirəcəm. İmkanım daxilində qonşulara da ev tikdirəcəm. Yol çəkilməsinə kömək edəcəm.

 

Bizim müəssisənin Ağdamda böyük zavodu, Şuşada, Füzulidə filialları vardı. Onların hamısını bərpa edəcəyik. Nəyə imkanım çatsa, əlimdən gələni etməyə çalışacam. Tək mən yox, hamımız əl-ələ verib el-obamızı yenidən abadlaşdırmalıyıq. Ağdamı əvvəlki kimi cənnətməkana çevirməliyik. Həyətimizi, bağımızı da yenidən bərpa edəcəm. Çoxlu ağaclar, çiçəklər əkəcəm.

 

İndi iki qardaş, bir bacı qalmışıq. Qohum-əqrəbalarımı da kəndə köçürəcəm. Elə edəcəm ki, uşaqlar, nəvələr ora üçün darıxsın, can atsın. Məktəb qurtaran kimi də nəvələrimi, ailəmi yığıb köçəcəm Ağdama...

 

May ayında Günəşin isti nəfəsi torpağı qızdırmağa başlayanda ucu-bucağı görünməyən, baxdıqca göz oxşayan bağlarında əvvəlki alma ağacının yerində əkilən yeni ağacın altına yenə xalılar səriləcək, üzərinə döşəklər, mütəkkələr atılacaq. Uşaqlar, nəvə-nəticələr burda oturub dərs hazırlayacaq, dincələcək, deyib-gülüb oynayacaq... Payız gəlib havaları soyudana kimi yaz-yay bu rəngbərəng, naxışlı dünyanın üzərində keçəcək...

 

Onda həyat da xalıların üzərindəki naxışlar kimi olacaq - rəngli, bəzəkli, nizamlı, könül oxşayan... Nə dərd, qayğı qalacaq, nə də vətən nisgili...

 

Natiq Cavadov da kürəyini mütəkkəyə söykəyib gözlərini yumacaq. Uşaq vaxtı bu bağda, elə bu yerdə bacı-qardaşları ilə oynadıqları oyunları, o xoşbəxt, qayğısız günləri xatırlayacaq...

 

Qəfil gözlərini açıb yenidən ətrafına boylanacaq, gördüyü mənzərənin yuxu, yoxsa xatirə olduğunu yoxlayacaq...

 

Və əmin olacaq - yox, artıq yuxu görmür...

 

Bu xoşbəxtlik nə yuxudur, nə xatirə, nə xəyal...

 

Gerçəkliyin tam özüdür...

 

 

Xəyalə MURADLI,

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.5.