VƏTƏN
MÜHARİBƏSİNİN ZƏFƏR
TƏNTƏNƏSİ
Bakının Azadlıq
meydanında Vətən müharibəsində Qələbəyə
həsr olunmuş Zəfər paradı keçirilib Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan paradda iştirak ediblər
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
"Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, "Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Hərbi orkestr "Azərbaycan fanfarası”nı ifa
etdi.
Müdafiə
naziri general-polkovnik Zakir Həsənov Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevə
və Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğana raport verdi.
Dövlət başçıları əsgərləri
salamladılar.
Hərbi orkestr Azərbaycanın və Türkiyənin
dövlət himnlərini ifa etdi.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev paradda
çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
-Hörmətli
Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz
qardaşım Rəcəb Tayyib Ərdoğan.
Əziz hərbçilər.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə, xahiş edirəm ki, Vətən
müharibəsində həlak olmuş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah
bütün şəhidlərimizə rəhmət eləsin!
Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında
Zəfər paradı keçirilir. Mən
çox şadam ki, bu paradda mənim dəvətimi qəbul
edərək Türkiyə Cümhuriyyətinin
Cümhurbaşqanı, əziz qardaşım Rəcəb
Tayyib Ərdoğan iştirak edir. Eyni
zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə
heyəti, türk əsgər və zabitləri iştirak
edirlər. Bu, bir daha bizim birliyimizi,
dostluğumuzu və qardaşlığımızı
göstərir.
Vətən müharibəsinin ilk günlərindən,
daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini
hiss edirdik.
Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib
Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə
öz dəstəyini verdi. Onun
açıq, birmənalı və sərt
açıqlamaları Azərbaycan xalqını çox
sevindirdi. Mənim qardaşım
demişdir ki, bu müharibədə Azərbaycan
haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və
Türkiyə hər zaman Azərbaycanın yanındadır.
Bu, birliyimizin,
qardaşlığımızın təzahürüdür.
Türkiyənin Azərbaycana verdiyi siyasi və
mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını
qürurlandırır, sevindirir. Bu gün
biz birlikdə Zəfər paradında iştirak edərkən,
bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda,
bütün dünyaya göstəririk.
Azərbaycan 44 gün ərzində parlaq qələbə
qazanaraq Ermənistanı məğlub etdi, işğala son
qoydu. Bu 44 günün hər günü bizim şanlı
tariximizdir. Hər gün Azərbaycan Ordusu
irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər,
qəsəbələr, yüksəkliklər azad edilirdi.
Azərbaycan əsgəri, Azərbaycan zabiti bir
amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu
haqsızlığa son qoyulsun, ədalət zəfər
çalsın, tarixi ədalət zəfər çalsın
və buna nail olduq.
Azərbaycan əraziləri 30 ilə yaxın
işğal altında idi. 1990-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti
torpaqlarımızın işğal altına düşməsinə
səbəb olmuşdu. Əslində, Ermənistanın
təcavüzkar siyasəti hələ 1980-ci illərin
sonlarından başlamışdı. O vaxt indiki Ermənistan
Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı
öz dədə-baba torpaqlarından didərgin
salındı. Zəngəzur, Göyçə, İrəvan
mahalı bizim tarixi torpaqlarımızdır. Bizim
xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq
Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını
öz doğma torpaqlarından didərgin salmışdır.
Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə
müşahidə olunurdu, Ermənistan tərəfi zor
gücü ilə Azərbaycanın dinc əhalisinə
qarşı hərbi cinayət törətmişdir, Xocalı
soyqırımını törətmişdir. Ondan sonra
1992-ci ilin may ayında Şuşa şəhərinin
və Laçın şəhərinin işğala məruz
qalması Ermənistanla Dağlıq Qarabağ arasında
coğrafi bağlantı yaratmışdı. 1993-cü
ilin aprel ayında Kəlbəcər rayonunun işğal
altına düşməsi bizim vəziyyətimizi daha da
ağırlaşdırdı və faktiki olaraq sonrakı
işğalçılıq siyasətinin davam etdirilməsinə
səbəb oldu.
Biz uzun
illər bütün beynəlxalq tədbirlərdə bu məsələ
ilə bağlı həqiqətləri
çatdırırdıq, böyük iş
aparılmışdır və bu işin səmərəsi
oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü
döyüş meydanında qazandıq, hesab edirəm ki, son
illər ərzində apardığımız siyasi və
diplomatik səylər öz bəhrəsini verdi,
bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi,
BMT Baş Assambleyasının qətnamələri, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı,
Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın
haqq işini dəstəklədi. Beləliklə
münaqişənin həlli üçün hüquqi zəmin
yaradılmışdır. Eyni zamanda, bizim
məqsədyönlü səylərimiz nəticəsində
münaqişə ilə bağlı, Qarabağın tarixi ilə
bağlı dünya ictimaiyyətinə dolğun məlumat
çatdırıldı, Ermənistanın yalançı təbliğatına
son qoyuldu və bütün dünya gördü ki, Qarabağ
bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda
yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya
görüb ki, beynəlxalq hüquq baxımından
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Biz bu illər ərzində güc toplayırdıq, həm
siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində,
həm də ölkə daxilində iqtisadiyyatımızı
gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində
Azərbaycan son illər ərzində çox uğurlu
inkişaf yolu keçmişdir və ildən-ilə bizim
üstünlüyümüz özünü daha qabarıq
şəkildə büruzə verirdi. Ermənistan
bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə
demişdim ki, Ermənistan öz xoşu ilə bizim
torpaqlarımızdan işğalçı qüvvələrini
çıxarmasa, biz bu məsələni hərbi yollarla həll
edəcəyik. Mən 2003-cü ildə Prezident
vəzifəsinə seçiləndə Konstitusiyamıza və
müqəddəs Qurani-Kərimə əl basaraq and
içmişdim ki, Azərbaycanın ərazi
bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm
ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti,
beynəlxalq hüququ bərpa etdi.
Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik
və görürdük ki, son illərdə beynəlxalq
hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi
ölkələr güc tətbiq edərək öz məqsədlərinə
çatırlar, beynəlxalq hüquq kağızda qalır,
BMT Təhlükəsizlik Şurasının qətnamələri
kağızda qalır. Belə olan halda
münaqişənin hərbi yollarla həll edilməsi
qaçılmaz idi. Bundan əlavə, son illər ərzində,
xüsusilə son 2 il ərzində Ermənistanın
təxribatçı addımları, bəyanatları, hərəkətləri
müharibəni qaçılmaz etmişdi. Ermənistan
rəhbərliyinin çox zərərli və təhlükəli
bəyanatları demək olar ki, danışıqlara son
qoymuşdu. "Qarabağ Ermənistandır”
deməklə Ermənistan rəhbərliyi
danışıqlara son qoymuşdu. Bizim
tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri
məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq
konvensiyalara ziddir. Bu, faktiki olaraq danışıqlara son
qoyurdu, danışıqları mənasız edirdi və biz
bunu görürdük, hiss edirdik və
öz sözümüzü beynəlxalq kürsülərdən
dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin
sentyabr ayında, müharibəyə 3 gün qalmış mən
BMT Baş Assambleyasının kürsüsündən
demişdim ki, Ermənistan yeni müharibəyə
hazırlaşır, Ermənistan
dayandırılmalıdır. Belə də oldu və bu il bizə qarşı 3 dəfə hərbi təxribat
törədildi. İyul ayında Ermənistan-Azərbaycan
dövlət sərhədində hərbi təxribat törədildi
və Ermənistan bizim torpaqlarımızı işğal etmək
istədi. Amma biz layiqli cavab verərək
onları yerinə oturtduq. Avqust ayında
Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu
da zərərsizləşdirildi. Nəhayət
sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz
artilleriya atəşinə məruz qalmışdır,
mülki şəxslər, hərbçilər arasında
itkilər olmuşdur. Biz dedik yetər
artıq, bu işğala son qoyulmalıdır və son
qoyulacaqdır. Mən Ali Baş Komandan kimi
əmr verdim ki, Azərbaycan əsgəri irəli,
torpağımızı azad etməliyik, işğala son
qoymalıyıq, işğalçını cəzalandırmalıyıq
və belə də oldu. Azərbaycan 44 gün ərzində
istədiyinə nail oldu, ədaləti bərpa etdi.
Bu 44 günün hər günü bizim şanlı
tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində
bir gün də olmamışdır ki, biz geri çəkilək.
Biz Ermənistanın 30 ilə yaxın müddət
ərzində qurduğu istehkamları yararaq keçmişik.
Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan
oradan keçə bilməsin, əsgərimiz oradan keçə
bilməsin. Eyni zamanda, Dağlıq
Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi
üçün daha əlverişli idi. Azərbaycan
əsgər və zabitləri böyük qəhrəmanlıq,
şücaət göstərərək şərəfli
missiyanı yerinə yetirdi və öz doğma
torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda,
Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi,
Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir
hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub
hissəsi, strateji yüksəkliklər döyüş
meydanında düşməndən azad edildi, orada Azərbaycan
bayrağı qaldırıldı. Şanlı müharibəmizə
Şuşa şəhərində yekun
vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin
azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa
işğal altına düşmüş birinci şəhərimiz
idi və işğaldan azad edilən sonuncu şəhər
oldu. Şuşa işğaldan azad ediləndən
sonra düşmənin beli qırıldı, düşmən
təslim olmağa məcbur qaldı. Şuşanın
azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman
övladlarımız dağlardan, dərələrdən,
meşələrdən, cığırlardan keçərək,
sıldırım qayaları qət edərək, qayalara
dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa
döyüşdə düşməni məhv etdi, Azərbaycan
bayrağını Şuşada qaldırdı. Ondan bir
gün sonra daha 70 kənd işğalçılardan azad
edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq
qaldırdı, diz çökdü, öz layiqli cəzasını
aldı və imdad dilədi. Biz Ermənistanı
döyüş meydanında məhv etdik. Biz
ermənilərin uzun illər yaratdıqları mifi
darmadağın etdik. Onlar öz ordusu
haqqında yalan məlumat ötürərək mif
yaratmışdılar, guya Ermənistan ordusu yenilməz
ordudur. Cəmi 44 gün ərzində Ermənistan
ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı
qüvvəsi məhv edildi və Azərbaycan öz
gücünü, öz qüdrətini göstərdi.
Mən demişəm ki, biz güc toplayırıq və
bu gücü toplamışıq. Biz bu qələbəni
həm peşəkarlıq, qəhrəmanlıq hesabına,
eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə
idi. Bizim əsgər və zabitlərimiz
hücuma keçəndə bir amalla yaşayırdı ki,
öz doğma torpaqlarını işğalçılardan
azad etsinlər. Noyabrın 10-da Ermənistan
məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə
atmadan Kəlbəcər, Laçın və Ağdam
rayonları Azərbaycana qaytarıldı, Azərbaycan
bayrağı orada qaldırıldı. Bu,
onu göstərir ki, biz müharibəni həm
döyüş meydanında, həm siyasi müstəvidə
qazanmışıq. Halbuki bir
çoxları, xüsusilə bu məsələ ilə məşğul
olan vasitəçilər dəfələrlə demişdilər
ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz
sübut etdik ki, münaqişənin hərbi həlli var.
Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti
bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik?
Biz nə qədər səbir göstərə
bilərdik? Mən dəfələrlə demişdim ki,
Azərbaycan xalqının səbri tükənib və əgər
Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə
çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd
olmalıdırlar bizim torpaqlarımızdan! Mən
bunu müharibədən əvvəl və müharibə
dövründə demişəm, xalqa müraciətlərimdə
demişəm, xarici mətbu orqanlara verdiyim müsahibələrdə
demişəm. Demişəm ki, Ermənistan
bizim torpaqlarımızdan öz xoşu ilə rədd
olmalıdır, etiraf etməlidir və
çıxmalıdır. Əks-təqdirdə
sona qədər gedəcəyik və sona qədər getdik.
Ona görə biz döyüş meydanında qələbə
qazandıq. Ondan sonra, siyasi müstəvidə
qələbə qazandıq, düşməni məcbur etdik
ki, Kəlbəcər, Laçın və Ağdam
rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk
etsin.
Bu zəfər tarixi zəfərdir. Azərbaycan
xalqı bu günü 30 ilə yaxın müddət ərzində
gözləyirdi, 30 ilə yaxın müddət ərzində
Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına
müraciət edərkən deyirdim ki, biz daha güclü
olmalıyıq və nəyi nə vaxt, necə etmək
lazımdır, biz bilirik. Həyat göstərdi
ki, vaxtında addımlar atdıq, bütün
gücümüzü səfərbər edərək bir dəmir
yumruq yaradıb düşmənin başını əzdik.
Müharibə dövründə mən deyirdim
ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də
gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini
qırdı, düşmənin başını əzdi.
Bu gün biz qəhrəman xalq kimi bu bayramı
qeyd edirik. Azərbaycanın müzəffər
Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı
məğlub etdi. Ermənistan ordusu demək
olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər
erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni
olacaq. Yenə Azərbaycanın dəmir
yumruğu onların belini qıracaq.
İndi isə bizim üçün yeni dövr
başlayır - quruculuq dövrü. Mənfur düşmən
işğal edilmiş bütün torpaqları yerlə-yeksan
edib. Bu məlumat artıq hər kəsdə
var, videogörüntülər var. Azad edilmiş ərazilərə
mənim səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr,
məscidlər, qəbirlər, məzarlıqlar mənfur
düşmən tərəfindən dağıdılıb.
Biz onların hamısını bərpa edəcəyik.
Artıq bərpa işləri
başlanmışdır.
Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını
dilə gətirmək istəyirəm. Mənfur
düşmən döyüş meydanında məğlubiyyətə
uğrayarkən mülki əhaliyə qarşı hərbi
cinayətlər törədib, bizim şəhərlərimizi
ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə
tutub. Bu namərd atəş nəticəsində
100-ə yaxın mülki vətəndaş, onların
arasında uşaqlar, qadınlar həlak olublar. Dörd
yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev
dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından
bir addım geri atmayıb. Deyirdilər ki,
öldü var, döndü yoxdur, sona qədər gedəcəyik.
Müharibə dövründə Ermənistan
ordusunda 10 mindən çox fərari olub. Azərbaycan
Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi
hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş
edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq
döyüş meydanına, biz öz missiyamızı
başa vurmalıyıq. Azərbaycan
xalqı öz böyüklüyünü göstərdi,
yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan
xalqıdır. Biz birlik, iradə, əzmkarlıq,
milli ruh göstərərək tarixi missiyamızı yerinə
yetirdik.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad
edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə
fəal olmalıyıq. Biz düşmən
tərəfindən dağıdılmış şəhər
və kəndlərimizi birlikdə bərpa edəcəyik.
Bizim iradəmiz də var, imkanlarımız da
var.
Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu
paradın xüsusi önəmi var. Bu, Zəfər
paradıdır. Bu, tarixi hadisədir.
Paradların birində mən demişdim ki,
parada 2016-cı ildə Lələtəpə yüksəkliyində
qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu
gün işğaldan azad edilən torpaqlarda qaldırılan
Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək
və bu gün gəldi. Bu tarixi günün
şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Öz çıxışımı məşhur kəlamla
yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi
bir il bundan əvvəl demişdi ki,
"Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, "Qarabağ Azərbaycandır
və nida”. Bu gün bütün dünya görür
ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ
Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna!
Yaşasın Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!
X X X
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan çıxış etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğanın çıxışı
- Hörmətli
cənab Prezident, əziz Qardaşım.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman
şəxsi heyəti.
Azərbaycanlı
can qardaşlarım.
Sizləri ən səmimi hisslərimlə, məhəbbətlə,
hörmətlə salamlayıram.
Bu Zəfər Gününüzdə sizlərlə
birlikdə olmaqdan böyük məmnunluq duyuruq.
Qardaşım İlham Əliyevə bu yüksək dəvəti
və qonaqpərvərliyi üçün təşəkkürümü
bildirirəm.
Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində
şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə
tezliklə sağalmalarını arzulayıram.
Şair Bəxtiyar
Vahabzadənin dediyi kimi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla
verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
xxx
İsa
bulağının zümzüməsini,
Cabbarın,
Seyidin, Xanın səsini,
Dalğalı
Qarabağ şikəstəsini,
Babək
türbəsini necə pay verim?
Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən
ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini
təbrik edir, onları dualarla cəbhəyə göndərən
anaların əllərindən öpürəm.
20 Yanvarda şəhidlərin məzarları üzərinə
qoyulan qərənfillər müstəqilliyi necə
xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə
xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının
azadlığının rəmzinə çevrilmişdir.
Azərbaycanın həm hərbi, həm də diplomatiya
sahəsində əldə etdiyi bu uğurda ən
böyük paylardan biri şübhəsiz ki, əziz
qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım
İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət
olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək
güclü Azərbaycanın əsasını qoyan
ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə
yad edirəm. Azərbaycan qardaşım
İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə,
inşallah, dastan yazmaqda davam edəcək.
Hörmətli
Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə
Azərbaycanın apardığı mübarizəyə ilk
günlərdən bütün qurum və təşkilatları
ilə dəstək vermiş, bütün imkanları ilə
azərbaycanlı qardaşlarının yanında olmuşdur.
Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə
özümüzə hər zaman böyük lider Heydər
Əliyevin "Bir millət, iki dövlət”
şüarını rəhbər tutduq. Qazi
Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın
kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu
anlayışla Qarabağı otuz il boyunca
sinəmizdə yara etdik. Bu gün də bu
yaranın sağalmasının sevincini paylaşmaq, bu
şanlı zəfəri birlikdə qeyd etmək
üçün aranızdayıq.
Azərbaycanın torpaqlarını işğaldan azad
etməsi heç də mübarizənin başa
çatması demək deyildir. Bu günə qədər
siyasi və hərbi sahələrdə davam etdirilən
mübarizə bundan sonra çox fərqli cəbhələrdə
davam edəcəkdir. Otuz illik işğal
müddətində bu bölgələrin viranəyə
çevrildiyini, daş üstündə daş
qalmadığını hamımız birlikdə
gördük. Qardaşım İlham
Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq
asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tarmar edilmiş,
bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar
belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr
eynilə tarmar olmuşdur. Ermənilər
hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni
abidələri də, təbii sərvətləri də qarət
etdilər. Bütün bu ziyanın
hesabı sorulmalıdır.
Müharibə zamanı Gəncə, Tərtər,
Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan
torpaqları da hədəfə alınmışdır. Yüz məsum
mülki şəxs şəhid edilib, analar balasız,
uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416
qardaşımız da yaralanmışdır. Müharibə qanunları kobud şəkildə
pozulub, insanlıq şərəfi ayaqlar altına
atılıb. Bunları görməzliyə
vuranların gözləri kimi vicdanları da kor olmuşdur.
Hər məcrada bunun hesabını sormalıyıq.
İllərdir doğulduqları yerlərdən uzaq
qalaraq, yurd həsrəti ilə alışıb yanan bir milyon
qaçqın və məcburi köçkün
qardaşımız doğulduqları torpaqlara
qayıdacaqlarını səbirsizliklə gözləyir. İnşallah,
bu qardaşlarımızın həsrətinin ən qısa
vaxtda sona çatacağına inanırıq.
Əziz qardaşlarım, Dağlıq Qarabağa fəlakət,
qətliam və göz yaşından başqa heç nə
gətirməyənlər də artıq
ağıllarını başlarına toplamalıdırlar. Ermənistan rəhbərləri
xalqın sərvətlərini Azərbaycanın
torpaqlarını işğal atında saxlamaq
üçün sərf etmişlər. Halbuki
bu potensial mənasız müdafiə xətlərinə,
silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin
ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə
çox fərqli olardı. Erməni siyasətçilərin
bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında
gələcəyi qurmaq məsələsində cəsarətli
addımlar atmalarını arzu edirik.
Ermənistan xalqının da özlərini
keçmişin yalanları ilə ovunduraraq yoxsulluğa məhkum
edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb
imperialistlərinin təhriki ilə bir yerə çatmağın
mümkün olmayacağını görməli, düşmənçilik
əvəzinə mehriban qonşuluğa əsaslanan əlaqələr
yenidən nəzərdən keçirilməlidir. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs
götürərsə, bu, bölgədə yeni bir
dövrün başlanğıcı olacaqdır.
Qardaşım İlham Əliyev Azərbaycan
xalqının yaşadığı bu qədər faciəyə
baxmayaraq, dayanıqlı sabitlik üçün təqdirəlayiq
bir mövqe ortaya qoymaqdadır. Cənab Prezidentin bu
xoşniyyətli cəhdlərini biz də dəstəkləyir,
həmsöhbətləri tərəfindən dəyərləndirilməsini
arzu edirik.
Şəhidlərimizin fədakarlığı sayəsində
Azərbaycan ərazi bütövlüyünü,
şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan
torpaqları illərdir həsrət qaldığı Tərtər
çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının
başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq
azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun
axacaq. Araz nəğməsini daha
güclü oxuyacaq. Qarabağ şikəstəsini
oxuyan nəfəslər daha yüksək, daha güclü
olacaqdır.
Arazı
ayırdılar,
Lil ilə doyurdular.
Mən səndən
ayrılmazdım
Zülm ilə ayırdılar.
Ay
Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.
Gözəlliyinə qurban olduğumuz Laçın
artıq azaddır. Laçın kimi, Şuşa kimi
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və
Kəlbəcər də artıq azaddır.
Bu gün Azərbaycanın milli şairi, böyük
mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu
gündür.
Bu gün Nuru paşanın, Ənvər
paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin
ruhunun şad olduğu gündür. Bu
gün Azərbaycan şəhidlərinin sərdarı
Mübariz İbrahimovun ruhunun şad olduğu gündür.
Bu gün hamımız üçün,
bütün türk dünyası üçün zəfər
və qürur günüdür.
Rəbbimə bizlərə bu günləri
yaşatdığı üçün sonsuz şükür
edirəm. Bu
gün burada bütün qəlbimlə bir daha təkrarlamaq
istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ
artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət
sona çatmışdır. Türkiyə
və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu
torpaqları daha abad, daha inkişaf etmiş,
uşaqlarımızın daha yaxşı
yaşayacağı bir yerə çevirmək
üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə
verdikcə Allahın izni ilə çətinliklərin
öhdəsindən gəlməyə, uğurdan-uğura
çatmağa davam edəcəkdir. Allah köməyimiz
olsun!
Bu düşüncələrlə
çıxışımı yekunlaşdırarkən
bütün Azərbaycan xalqını, əziz qardaşım
Prezident İlham Əliyevi və şanlı Azərbaycan
Ordusunu, Türk Ordusunu ürəkdən təbrik edirəm. Əziz şəhidlərimizi
bir daha rəhmətlə yad edir, qazilərimizə tezliklə
sağalmalarını arzu edirəm. Sağ olun, var olun,
Allaha əmanət olun!
X X X
Dövlət başçılarının
çıxışlarından sonra Zəfər paradı
başladı.
Silahlı Qüvvələrimizin şəxsi
heyəti Azərbaycan Respublikasının Dövlət
bayrağı və şanlı hərb tariximizə
qızıl hərflərlə yazılmış 44
günlük Vətən müharibəsinin Zəfər
bayrağı altında tribunaya doğru irəlilədi.
Dövlət bayrağı və Zəfər
bayrağının ardınca Azərbaycan Ordusunun qoşun
növlərinin bayraqları Azadlıq meydanına gətirildi.
Vətən Müharibəsi Qəhrəmanı
general-mayor Zaur Məmmədovun başçılıq etdiyi
döyüş bayraqdarları qrupu Böyük Qələbənin
qazanılmasında müstəsna xidmətləri olan hərbi
hissələrin döyüş bayraqlarını Azadlıq
meydanına gətirdi.
Sonra Vətən müharibəsində müqəddəs
döyüşlərdə əsl qəhrəmanlıq,
şücaət, rəşadət və yüksək peşəkarlıq
nümunələri göstərərək xalqımıza
Böyük Qələbənin sevincini yaşadan Müdafiə
Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi
qulluqçuları tribunanın önündən keçdilər. Üç
kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı
Qüvvələrin komandanı, Vətən Müharibəsi
Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev
başçılıq edir.
Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz
piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin
başçılığı ilə tribuna önündən
keçdilər.
Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından
ibarət parad heyətləri tribunanın önündən
addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin
parad heyətinə general-mayor Rövşən Muxtarov
başçılıq edirdi.
Daha sonra
polkovnik Səid İsayevin başçılığı ilə
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları,
polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə
Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik
Nemət Müseyibovun başçılığı ilə
İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi
ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun
başçılığı ilə Dördüncü Ordu
Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi
ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları
tribuna önündən keçdilər.
Raket və Artilleriya Qoşunlarının hərbi
qulluqçuları da tribuna önündən mətin
addımlarla irəlilədilər. Parad heyətinə
polkovnik İsmixan Məmmədov başçılıq
edirdi.
Zəfər paradında qardaş Türkiyə
Respublikası Silahlı Qüvvələrini təmsil edən
hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi
ilə tribuna önündən keçdilər.
Dövlət
Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul
Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının parad heyəti general-mayor İnqilab
Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik
Xidmətinin Milli Qvardiyasının hərbi
qulluqçularından ibarət parad heyəti isə mayor Eldar
Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq
meydanına daxil oldular.
Sonra
general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun
başçılığı ilə Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin
keçidi oldu.
Naxçıvan
Muxtar Respublikasındakı Heydər Əliyev adına
Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq
meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun
başçılığı ilə tribuna önündən
keçdilər.
Vətən müharibəsində Böyük Qələbəyə
həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət
xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu
ilə birləşmiş hərbi orkestr müşayiət
edirdi.
Daha sonra hərbi texnikaların keçidi başladı.
Vətən
müharibəsində Qələbəyə həsr olunan Zəfər
paradına Hərbi Dəniz Qüvvələrinin və
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin
döyüş gəmiləri və katerləri dənizdən
dəstək verdi. Dənizdə
fəxri keçid edən hərbi gəmilərimiz yüksək
döyüş hazırlığı nümayiş etdirdi.
"Dəmir yumruq” əməliyyatının – Vətən
müharibəsinin qazilərinin Zəfər paradında tribuna
önündən keçidi oldu.
Azadlıq meydanına 44 günlük Vətən
müharibəsində düşməndən qənimət
götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən
müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin
işğaldan azad olunan ərazilərdə ermənilərdən
qənimət götürdüyü və sıradan
çıxardığı 2 mindən çox avtomobilin
nömrə nişanlarından hazırlanan kompozisiya paradda
nümayiş olundu. Dağlıq
Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı
olduğu kompozisiyanın üzərinə həkk olunan
"Qarabağ Azərbaycandır!” şüarı ilə bir
daha bəyan edilib.
Döyüşlərdə
qənimət götürülmüş istifadəyə
yararlı texnikalar - "KamAZ” markalı avtomobilin qoşqusunda
D-30, "Ural” markalı avtomobilin qoşqusunda D-20 topları,
qoşqu üzərində zenit qurğuları,
"ŞİLKA”, "OSA-1T”, "KUB” zenit-raket kompleksləri,
piyadaların döyüş maşınları (PDM),
"T-72” tankları, eləcə də istifadəyə
yararsız texnikalar - zirehli "UAZ Patriot”, "UAZ Hunter” minik,
"ZİL-131”, "Ural”, "KamAZ” markalı yük avtomobilləri,
122 millimetrlik "Qvozdika” özüyeriyən artilleriya
qurğusu, BM-21 "Qrad” qurğuları, PDM-1 və PDM-2
texnikaları, T-72 tankları qəhrəman Azərbaycan
Ordusunun düşmənə sarsıdıcı zərbələr
vurduğunun əyani təsdiqidir.
Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika
və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona
"Qarabağ” ordenli general-leytenant Nizam Osmanov
başçılıq edirdi.
Azadlıq
meydanında keçid edən, üzərində 12,7
millimetrlik NSV pulemyotları, tank əleyhinə idarə olunan
"SPIKE-ER”, "NLOS”, "LAHAT” raketləri, 120 millimetrlik
"SPEAR” minaatanlar quraşdırılan "SandCat-Stormer”
zirehli idarəetmə, çevik hərəkət
maşınları, piyada daşıyan zirehli maşınlar,
"Kobra” və "BTR-82A” zirehli transportyorları, PDM-2 və
PDM-3 texnikaları, "T-72”, "T-90S” tankları Azərbaycan
Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.
Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə
silahları sistemləri kolonunun keçidi oldu. Kolona
müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin
komandanı, "Zəfər” ordenli general-leytenant Ramiz Tahirov
başçılıq edirdi. Tribuna önündən
modernləşdirilmiş "OSA-1T”, "S-125 TM”, "BUK-MB”,
"İldırım” zenit-raket komplekslərinin, "S-300
Favorit” sistemlərinin keçidi oldu. Ardınca Vətən
müharibəsində Qələbənin əldə edilməsində
çox mühüm rol oynayan "Orbiter-1KM” - "İti
qovan”, "Orbiter-2B”, "Orbiter-3B”, "Orbiter-4”,
"Aerostar–BP”, "Heron” pilotsuz uçuş aparatları
(PUA), eləcə də ən müasir PUA-lar -
"Bayraktar-TB2”, habelə "Hermes-450”, "Hermes-900”,
"Quzğun” və "Harop” PUA-ları nümayiş olundu.
Ardınca Azadlıq meydanına artilleriya silahları
sistemlərinin kolonu daxil oldu. Kolona "Zəfər”
ordenli general-mayor Ağamir Sultanov başçılıq
edirdi. Meydanda özüyeriyən haubitsa və artilleriya
qurğuları - 152 millimetrlik "Akasiya”, 152 millimetrlik
"MSTA-S”, 203 millimetrlik "Pion”, eləcə də 220
millimetrlik "TOS-1A” ağır odsaçan, tank əleyhinə
"Xrizantema-S” kompleksləri, "DANA” özüyeriyən
top-haubitsaları, "Qrad”, "RM-70/85”, "BM-21”,
"Smerç” yaylım atəşli reaktiv sistemləri,
"TR-300 Qasırğa”, "Ekstra” taktiki, "Polonez” və
"LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi
oldu.
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başladı. "Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi "Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamladı. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə "Mİ-35” hücum helikopterləri qrupunun uçuşu oldu. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə "LAHAT” və "SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış "Mİ-17” helikopterlərinin və "Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə "MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılandı. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş "Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamladı. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirdi.
Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Yaşasın, müstəqil Azərbaycan
Respublikası! Yaşasın, müzəffər Azərbaycan
Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə
qardaşlığı!
Azərbaycan.-2020.- 11 dekabr.- S.1-8.