Azərbaycan
tibb elmi və tibb təhsilinin əzəmətli intellekt məbədi
"Azərbaycan Tibb Universitetinin
böyük tarixi vardır. Tibb Universiteti Azərbaycan Respublikası,
xalqı qarşısında böyük xidmətlər
göstərmişdir”.
Heydər ƏLİYEV
Bu il ATU-nun tarixi məqam nöqteyi-nəzərindən
rəsmi olaraq yaradılmasının 90 illik yubileyidir. Prezident
İlham Əliyev cari ilin may ayının 14-də "Azərbaycan
Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında” sərəncam
imzalayıb.
Hər
birimizi yeni əmək rəşadətlərinə
ruhlandıran sərəncamda deyilir: "Bakı Dövlət
Universitetinin Tibb fakültəsinin bazasında
yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin
zəngin ənənələrə malik ali
təhsil müəssisələrindəndir. Azərbaycan
səhiyyəsinin inkişafı tarixində xüsusi
mövqeyə malik universitet öz fəaliyyətində təhsili,
elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş,
ötən illər ərzində təbabətin ən
müxtəlif sahələri üçün yüksək
bilikli və bacarıqlı kadrların yetişməsində,
həmçinin mötəbər elmi mərkəz kimi
fundamental tədqiqatların aparılmasında əhəmiyyətli
rol oynamışdır. Tibb Universitetində
beynəlxalq əməkdaşlıq əlaqələrinin
davamlı genişləndirilməsi və tibb təhsilinin
müasir standartlara uyğunlaşdırılması istiqamətində
ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir”.
Azərbaycan Tibb Universiteti yarandığı gündən
indiyə qədər çox çətin, lakin şərəfli,
məhsuldar və işıqlı bir yol keçib. ATU 1930-cu il mayın
9-da Azərbaycan Dövlət Tibb İnstitutu adı
altında, indiki BDU-nun Tibb fakültəsinin bazası əsasında
yaradılıb. Həmin ilin iyun ayının
19-da isə ATİ-yə ilk tələbə qəbulunun
aparılması üçün qərar qəbul edilib.
Əsasən təşkilati məsələlərin
icrasının təmini ilə məşğul olan və
qısa müddətdə fəaliyyət göstərən
ilk rektorlardan Möhsün Qədirli həm də Azərbaycan
SSR XSK, Nadir Məmmədli isə ATİ-nin müalicə-profilaktika
fakültəsinin dekanı, eləcə də rektorun tədris
işləri üzrə müavini (prorektor) vəzifələrində
çalışıb.
İlk rektorlar ATİ-nin formalaşması
üçün nə mümkün idisə onu edə biliblər. 1932-ci ildə bu vəzifəyə
təyin edilən görkəmli dövlət və elm xadimi
professor Əziz Əliyev daha qlobal məsələlərlə
məşğul olub. Belə ki, o, təcili
olaraq ATİ-nin nəzdində tibb nəşriyyatı və
Azərbaycanda ilk dəfə tibbi kitabxana fondu yaradıb.
Professor Ə.M.Əliyev BDU-nun və digər
ölkələrin universitetlərinin Tibb fakültələrini
bitirmiş müəyyən qrup milli kadrları ana dilində
dərsliklər və dərs vəsaitləri yazmağa səfərbər
edib. Bir qrup müəllimlərə isə
rus dilində olan bəzi dərslikləri milli dilə
çevirmək tapşırığı verilib. Tədrislə paralel tibb elminin də inkişafı
ATİ-də diqqət mərkəzində olub. Əgər
1930-cu ilə qədərki 11 il ərzində, ümumiyyətlə,
ölkədə cəmi 7 nəfər azərbaycanlı
doktorluq dissertasiyası müdafiə etmişdisə,
1930-1940-cı illərdə təkcə ATİ-də 104 nəfər
dissertasiya işi müdafiə edənlərdən 65 nəfərini
milli kadrlar təşkil edirdi. 1930-cu ilə qədər Tibb
fakültəsinin 24 nəfər professoru arasında yalnız
1 nəfər (Mirəsədulla Mirqasımov) azərbaycanlı
olduğu halda 1940-cı ildə ATİ-də
çalışan 40 nəfər professordan 20 nəfərini
milli kadrlar təşkil edib. Bu həm də
xalqımızın fitri istedadının, milli qürurunun,
milli şüur potensialı yüksəkliyinin bariz nümunələrindəndir.
Belə vətənpərvər Azərbaycan alimləri
sırasında Mirəsədulla Mirqasımov, Mustafa bəy
Topçubaşov, Əziz Əliyev, Cahangir Abdullayev, Cəlil
Hüseynov, Kamil Balakişiyev, Ümnisə Musabəyli, Məmmədəmin
Əfəndiyev, Fuad Əfəndiyev, Rüstəm Əliyev,
İbrahim İsmayılzadə, Mirmehdi Mirsəlimov, Əlibəy
Əlibəyov, Hüseyn Əliyev, Əbdüləhəd Həsənov
və başqaları kimi milli dildə ilk dərslik və dərs
vəsaitləri yazan görkəmli kadrlar olub. 1939-1945-ci
illərdəki II Dünya müharibəsi dövründə
ATİ-də ildə iki dəfə buraxılış
keçirilib. Bu çətin anlarda alman
faşizminə qarşı müharibədə Azərbaycan həkimləri
də qələbəyə öz dəyərli töhfələrini
veriblər. Onların həm ön cəbhədə, həm
də Bakıdakı təxliyə hospitallarında
yaralılara göstərdikləri yüksəkixtisaslı
tibbi yardım, həmçinin Mirəsədulla Mirqasımov,
Mustafa bəy Topçubaşov, Fuad Əfəndiyev, Həmid bəy
Mahmudbəyov, Hüseyn Əliyev, Aslan Tahirov, Zülfüqar Məmmədov
və başqaları kimi dünya şöhrətli alimlərin
ixtiralarının cərrahi praktikaya tətbiqinin parlaq nəticələri
bunun bariz nümunələrindəndir.
1945-ci ildə
yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15
nəfər üzvündən üç nəfərinin
(M.M.Mirqasımov, M.A.Topçubaşov,
İ.İ.Şirokoqorov) ATİ-ni təmsil etməsi, onlardan
da bir nəfərin (M.M.Mirqasımov) EA-nın ilk prezidenti
seçilməsi, bir nəfərin (M.A.Topçubaşov) isə
uzun illər akademiyanın vitse-prezidenti vəzifəsində
çalışması qürurverici hallardandır.
1957-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna
görkəmli dövlət xadimi, məşhur həkim və
yazıçı Nəriman Nərimanovun adı verilib.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəldikdən sonra, hər sahədə
olduğu kimi, Azərbaycan Dövlət Tibb İnstitutunun da həyatında
yüksəlişə doğru böyük dönüş
yaranıb. Onun qayğısı
sayəsində digər ali məktəblərlə
birlikdə, ATİ-nin də gənc kadrları keçmiş
SSRİ-nin müxtəlif ali tibb təhsili müəssisələrində
məqsədli aspirantura və doktoranturaya göndərilir,
tibb kadrları hazırlığının həm kəmiyyət,
həm də keyfiyyət göstəriciləri
yaxşılaşdırılırdı. Bununla
paralel olaraq Ulu Öndər tərəfindən ATİ-nin
maddi-texniki bazasının genişləndirilməsi və
möhkəmləndirilməsinə xüsusi diqqət
yetirilirdi. 1980-ci ildə Ümummilli Liderin iştirakı
ilə ATİ-nin yaradılmasının 50 illik yubileyinin
keçirilməsi bu ali məktəbin həyatında
böyük tarixi hadisəyə çevrilib. Məhz
həmin ildə Ulu Öndər Heydər Əliyevin diqqət
və qayğısı sayəsində ATİ-nin fədakar
professor-müəllim heyətindən böyük bir qrup fəxri
adlara, orden və medallara, mükafatlara layiq görülüb.
1991-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna
universitet statusu verilib.
Ümummilli Lider həm dövlət müstəqilliyinin
bərpasından əvvəlki, həm də müstəqillik
dövründə daha üç dəfə Azərbaycan Tibb
Universitetində olub. Onun 1976-cı ilin avqust ayında ATİ-nin rektoru
professor Zəhra Quliyeva ilə birlikdə qəbul imtahanı
auditoriyalarında abituriyentlərlə yaxından ünsiyyətdə
olması, onlarla səmimi söhbətlər aparması
böyük şəxsiyyətin təhsilə göstərdiyi
yüksək qayğısının nümunə rəmzinə
çevrilib. Ulu Öndər 1998-ci il sentyabrın 28-də
bu ali tibb təhsili ocağının 5 nömrəli tədris
binasının, 2000-ci ildə isə yeni unikal akt
zalının açılışlarında və ATU-nun
yaradılmasının 70 illik yubileyində iştirak edərək,
Azərbaycan Tibb Universitetinə olan böyük
qayğısını bir daha nümayiş etdirib. 2000-ci ildə
məhz Heydər Əliyevin diqqət və qayğısı
sayəsində ATU-nun ölkə üçün strateji əhəmiyyətə
malik Hərbi-tibb fakültəsi, 2002-ci ildə bu ali tibb təhsili ocağının ilk
klinikası - Tədris Stomatoloji Klinikası yaradılıb.
2003-2020-ci illər ATU-nun yeni müstəvidə yüksəliş
illərinə çevrilib. Dahi Heydər Əliyev ideyalarının sədaqətli
davamçısı Prezident İlham Əliyev ATU-ya olan
dövlət qayğısının davamı kimi daha
üç unikal klinikanın yaradılmasını təmin
edib. Bu illər ərzində cənab İlham Əliyev
və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç
dəfə bu qocaman ali tibb təhsili məktəbinin
tələbə-gəncləri, professor-müəllim heyəti
ilə görüşlərdə - ATU kollektivinə ərməğan
etdikləri klinikaların təməlqoyma mərasimində və
onların açılışlarında iştirak edərək
dəyərli tövsiyələr verib, perspektiv planlardan
danışıblar. Bu möhtəşəm
klinikalar hazırda həm də Azərbaycan xalqına ləyaqətlə
xidmət edən müalicə-profilaktika, müayinə-diaqnostika,
reabilitasiya mərkəzlərinə çevrilib. Prezident İlham Əliyevin öz
çıxışlarında da xüsusi olaraq
vurğuladığı kimi, COVID-19 pandemiyası
dövründə ATU-nun nəzdində olan və onun
özünün qayğısı sayəsində tikilib
istifadəyə verilən bu klinikalar ağır xəstələrin
müalicəsində ölkəmiz, xalqımız
üçün çox böyük sosial-strateji əhəmiyyətə
malik olmasını sübuta yetirib. Cənab Prezident hələ
2010-cu ildə ATU-nun Tədris Terapevtik Klinikasının
açılışında çıxış edərkən
böyük uzaqgörənliklə deyib: "Bu gün bu korpusla
tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən
qəbul edilən qərar çox düzgün qərar idi,
vaxtında atılmış qərar idi. Burada həm
müalicə, həm diaqnostika, eyni zamanda tədris prosesinin
yüksək səviyyədə təşkili
üçün ən qabaqcıl texnologiyalar, avadanlıq və
bütün müasir imkanlar vardır”. Cənab
Prezidentin hələ 10 il bundan əvvəl
söylədiyi bu müdrik kəlamlar COVID-19
pandemiyasının dünyanı ağuşuna
aldığı bugünümüzdə də eyni güclə,
eyni nida ilə səslənir.
Fəxrlə
deyə bilərik ki, müasir dövrdə də Azərbaycan
Tibb Universiteti möhtəşəm tarixə malik əzəmətli
ali tibb müəssisəsi kimi tibb elmi,
tibb təhsili sistemlərinin, müalicə-profilaktika işlərinin
yerinə yetirilməsinin yenilməz bayraqdarıdır. Hər sahədə olduğu kimi, bu möhtəşəm
tibb təhsili ocağının da zəngin tarixini bilmək və
yaşatmaq, onu gələcək nəsillərə olduğu
kimi çatdırmaq görüləcək xeyirxah işlərin
tərkib hissəsini təşkil edir. ATU
son onillikdə müasir layihələr üzrə aparılan
yeni islahatlarla əsaslı surətdə dinamik inkişaf mərhələsinə
qədəm qoyub. Təhsil, elm və
müalicə-profilaktika sahələrində əldə olunan
müvəffəqiyyətlər birbaşa beynəlxalq əlaqələrin
intensivliyinin, innovativ texnologiyaların geniş tətbiqinin,
dünya standartlarına cavab verən yeni dövrə aid
yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasının
nəticəsi kimi qəbul edilir. Bu
baxımdan ATU-da aparılan əsaslı dəyişikliklər
təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşdırılmasına möhkəm zəmin
yaradıb.
Son illərdə
islahatlar yolu ilə elektron jurnalın tətbiqinə
keçid, kafedralarda tələbələrin yekun və
aralıq qiymətləndirilməsinin ATU-nun İmtahan mərkəzində
aparılması, test suallarının yeni qaydalar üzrə tərtibi,
dərsliklərin, plan və proqramların müasir tələblər
səviyyəsinə uyğunlaşdırılması, beynəlxalq
standartlara müvafiq olaraq bəzi kafedraların və
ixtisasların ləğvi, identik kafedra və kursların birləşdirilməsi
və s. kimi məqsədyönlü tədbirlər həm
müəllimlər, həm də tələbələr tərəfindən
rəğbətlə qarşılanır. Bütün
bunlar Prezident İlham Əliyevin ATU-nun klinikalarının
açılışındakı çıxışlarında
söylədiyi proqram xarakterli nitqlərinin motivləri rəhbər
tutularaq yerinə yetirilir.
ATU hələ yenicə təşəkkül
tapdığı ilk illərdə qısa müddətdə
- 1938-ci ildə tədris və elm sahələrində əldə
etdiyi nailiyyətlərə, sağlam düşüncəli
kollektivin novatorluq entuziazmı ilə yerinə yetirdiyi işlərin
nəticələrinə görə keçmiş
SSRİ-nin I dərəcəli qabaqcıl ali təhsil məktəbləri sırasına
daxil edilib, 1980-ci ildə Sovetlər İttifaqının
"Qırmızı Əmək Bayrağı” ordeninə
layiq görülüb, 1996-cı ildə ilk dəfə Londonda
nəşr olunan Dünya Ali Məktəbləri reyestrinə
salınıb, 1998-1999-cu illərdə Avropa Ali Məktəblər
Birliyinin və Beynəlxalq Universitetlər
Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Son illərdə ATU-nun əməkdaşlarının
dünyanın inkişaf etmiş ölkələrinin ali tibb
təhsili müəssisələri ilə
qarşılıqlı inteqrasiyaları və onların təhsil,
elm, müayinə, müalicə-diaqnostika, tələbə-rezident
mübadiləsi və s. sahələrdəki məhsuldar
praktik nəticələri təsdiq edir ki,
Azərbaycan Tibb Universitetinin beynəlxalq aləmdəki reytinqi
hazırda ən yüksək göstəricilərə
malikdir. 2018-ci ilin fevral ayında Azərbaycan Tibb Universiteti nəzdində
"İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə
Mərkəzi” yaradılıb, həmçinin 2019-cu ilin
oktyabr ayında "Tədris metodik və innovasiya”
şöbəsi bazası əsasında yenidən qurulan
"Təhsilin keyfiyyətinin təminatı və innovasiya
şöbəsi” fəaliyyətə başlayıb. Bu mərkəzin
və şöbənin fəaliyyəti sayəsində ATU-da
bir çox sahələrdə işlərin tamamilə
elektronlaşmasına, eləcə də innovativ islahatlar,
inteqrativ layihələrin həyata keçirilməsi yolu ilə
təhsilin keyfiyyətinin təmininə nail olunub.
Azərbaycan Tibb Universiteti
hazırda inzibati binaya, 5 tədris korpusuna, 4 möhtəşəm
tədris klinikasına, zəngin tibbi ədəbiyyata malik əsaslı
kitabxanaya, 5 tələbə yataqxanasına, 400 və 200 yerlik
2 akt zalına, 6 fakültəyə, o cümlədən Ulu
Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində yaradılan və
strateji əhəmiyyət kəsb edən Hərbi-tibb
fakültəsinə, 61 kafedraya, Elmi-Tədqiqat Mərkəzinə,
"Təbib” idman-sağlamlıq klubuna, örtülü
üzgüçülük hovuzuna, İmtahan mərkəzinə,
İnformasiya sistemlərinin təşkili və idarəetmə
mərkəzinə, Treninq mərkəzlərinə, Elektron
mikroskopiyası laboratoriyasına, "Təbib”
nəşriyyatı və "Təbib” qəzeti
redaksiyasına, Nabranda yerləşən "Şəfa”
istirahət-sağlamlıq düşərgəsinə,
Problem Elmi-Tədqiqat və kliniki müayinə
laboratoriyalarına, eləcə də beynəlxalq aləmdə
də şöhrət qazanmış "Çinar” xalq rəqs
ansamblına və digər mədəni-kütləvi
strukturlara malikdir.
2020-ci ilin əvvəllərinə
olan məlumata görə, ATU-da çalışan 1300 nəfər
əməkdaşdan 1100 nəfəri professor-müəllim heyətinə
aiddir ki, onlardan da 183 nəfəri elmlər doktoru, 143 nəfəri
professor, 3 nəfəri AMEA-nın, 1 nəfəri Polşa Tibb
EA-nın həqiqi üzvü, 1 nəfəri RF EA-nın
üzvü, 4 nəfəri RF EA-nın akademiki, 7 nəfəri
AMEA-nın müxbir üzvü, 26 nəfəri Əməkdar
elm xadimi, 45 nəfəri Əməkdar həkim, 41 nəfəri
Əməkdar müəllim, 1 nəfəri Əməkdar
jurnalist, 823 nəfəri fəlsəfə
doktoru, 369 nəfəri dosent, 660 nəfəri assistent, 149 nəfəri
baş müəllim, 56 nəfəri müəllim, 4 nəfəri
fəxri bədən tərbiyəsi və idman
işçisi, 2 nəfəri Əməkdar bədən tərbiyəsi
və idman xadimidir. ATU-da həmçinin 268 nəfər
baş laborant fəaliyyət göstərir.
Son
onillikdə ATU-ya 10558 nəfər tələbə qəbul
olunub (7988 nəfər - yerli, 2570 nəfər - xarici), 9889 nəfər
(8791 nəfər - yerli, 1098 nəfər - xarici) məzun
diplomuna layiq görülüb; həmin dövrdə qəbul
olunan hərbi-feldşerlərin sayı - 354 nəfər olub,
1300 nəfər rezident, 184 magistr yeni qaydalar əsasında
diplomdan sonrakı təhsilini başa çatdıraraq
yüksəkixtisaslı mütəxəssis diplomuna layiq
görülüb. Hazırda ATU-da 8 mindən çox tələbə,
rezident və magistr təhsil alır. Ümumiyyətlə, bu
vaxta qədər ATU-da, Tibb fakültəsi də daxil olmaqla,
75 mindən çox həkim və əczaçı
hazırlanıb.
Azərbaycan
tibb təhsili sisteminin beynəlxalq təhsil sisteminə tam
uyğunlaşdırılması prosesinin uğurlu göstəriciləri
özünü büruzə verməkdədir. Bunun pozitiv nəticələrindən
biri də ondan ibarətdir ki, ATU-da tibb təhsili almaq istəyən
xarici tələbələrin sayı ildən-ilə
artır. Belə ki, 2020-ci ilin əvvəllərinə
olan məlumata görə, bu tədris ocağında 2404 əcnəbi
tələbə təhsil alır, onlardan 563 nəfəri
hazırlıq kursu müdavimləridir ki, bu da Tibb
Universitetinin beynəlxalq reytinqinin yüksəkliyinin göstəricilərindəndir.
Hazırda ATU-da dərslər Azərbaycan və rus dili ilə
yanaşı, ingilis dilində də müvəffəqiyyətlə
davam etdirilir.
Son onillikdə
Tibb Universitetində 55 elmlər doktoru, 307 fəlsəfə
doktorluğu dissertasiyaları müdafiə edilib, əməkdaşlar
tərəfindən 120 monoqrafiya (110-u respublikada, 10-u xaricdə),
182 dərslik, 291 dərs vəsaiti, 289 metodik ədəbiyyat,
51 elmi əsərlər məcmuəsi, 14065 elmi iş
çap olunub, 61 patent, 85 qrant alınıb.
2019-cu
ildə ölkəmizin təhsil sisteminin bayraqdarı olan
Bakı Dövlət Universitetinin 100 illik yubiley təntənələrini
ATU kollektivi də böyük ruh yüksəkliyi ilə qeyd
etdi. Bu yubiley həm də Azərbaycanda tibb elmi
və tibb təhsili sistemlərinin 100 illik yubileyidir. 1919-cu il
sentyabrın 1-də BDU-nun təşkilində fəal
iştirak edən möhtəşəm həkimlər qrupu tərəfindən
100 il bundan əvvəl onun tərkibində həm də Tibb
fakültəsi yaradılıb və bununla da Azərbaycanda
tibb elmi və tibb təhsili sistemlərinin möhkəm əsası,
bünövrəsi qoyulub. Təsadüfi deyildir ki, BDU-nun ilk
rektoru da görkəmli cərrah-anatom, professor Vasili Razumovski
olub. Tibb fakültəsi bütün maddi-texniki
bazasını, mövcud kafedralarını, digər
strukturlarını, eləcə də ən vacibi sayılan
intellekt potensialını saxlamaqla Azərbaycan Dövlət
Tibb İnstitutu, sonra isə Tibb Universiteti adı altında
öz çoxillik səmərəli fəaliyyətini
qürurla davam etdirir və 2019-cu ildə ölkəmizin
tibb təhsili sisteminin yaranmasının 100 illik yubileyini fəxrlə
qeyd etməyi bizə də haqq edib.
Ulu Öndər Heydər
Əliyevin qoruyub saxladığı müstəqillik illərində
də Azərbaycan Tibb Universitetinə, onun simasında Azərbaycan
tibb elmi və tibb təhsilinə, müalicə, müayinə,
diaqnostika və reabilitasiya işlərinə dövlət tərəfindən
davamlı şəkildə göstərilən səmimi diqqət
və qayğıya, möhkəm dayaq rolu oynayan
ardıcıl köməyə görə möhtərəm
Prezident İlham Əliyevə və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevaya Tibb Universitetinin
bütün əməkdaşları, bütün tələbə-gəncləri
adından, həmçinin öz adımdan dərin minnətdarlığımızı,
səmimi təşəkkürlərimizi yetirirəm.
ATU-nun 90
illik yubiley tədbirlərinə hazırlığın
yüksək səviyyədə həyata keçirilməsinin
təşkilinə göstərdikləri mühüm və hərtərəfli
köməklərinə, ölkəmizin bu qocaman ali tibb təhsili
ocağının nüfuzunu daha da artırdıqlarına
görə Azərbaycan Respublikası Səhiyyə və Təhsil
nazirliklərinə səmimi-qəlbdən təşəkkür
və minnətdarlıq etməyi özümə borc bilirəm.
Bu günlər Yer kürəsinin
müxtəlif guşələrində yaşayan 50 milyondan
çox Azərbaycan xalqı üçrəngli
bayrağımıza sarılaraq Ali Baş Komandan, möhtərəm
İlham Əliyevin bəxş etdiyi Zəfər
Bayramının sevincini yaşayır.
Qürurlu və məğrur Sərkərdə
- Ali Baş Komandan "Qarabağ Azərbaycandır!” deyərək
rəşadətli Silahlı Qüvvələrimizlə
birlikdə hamını ayağa qaldırdı,
xalqımız haqq, ədalət diplomatiyasını sinəsinə
qalxan edərək müqəddəs torpaqlarımızın
- doğma Qarabağımızın erməni
işğalından azad edilməsi uğrunda döyüş
meydanına atıldı və qalib gəldi. Böyük
Sərkərdəmiz dünyanın müxtəlif ölkələrinin
30-dan artıq jurnalistlərinə verdiyi möhtəşəm
müsahibələri ilə Azərbaycana qarşı yönələn
ideoloji müharibədə də qalib gəldi, dosta da,
düşmənə də sübut etdi ki, Qarabağ əzəli
və əbədi Azərbaycan torpağıdır.
Beynəlxalq aləmdə
böyük nüfuza malik dövlətimizin rəhbərliyini
- Qarabağın erməni işğalından azad edilməsi
uğrunda Qəhrəmanlıq Tarixi yazan, bu yolda xarüqələr
yaradan Ali Baş Komandanımızı, xalqımıza,
Silahlı Qüvvələrimizə mənəvi
dayağı, dəstəyi ilə
seçilən və sevilən Birinci vitse-prezidentimiz Mehriban
xanım Əliyevanı, Rəşadətli və Müzəffər
Ordumuzu, qədirbilən, vətənsevər Azərbaycan
xalqını, bütün səhiyyə və təhsil
işçilərini, həkim və əczaçıları,
Azərbaycan Tibb Universiteti kollektivini, tələbə,
rezident, doktorant, dissertant, magistr və
bakalavrları, ATU-nun dünyanın müxtəlif
regionlarına səpələnmiş və həkimlik
andına sədaqətlə əməl edən bütün məzunlarını
hamımızın əzəmətli intellekt məbədi
olan bu ali tibb təhsili ocağının yaranmasının 90
illik yubileyinin qədəmlərinin dövlətimiz və
xalqımız üçün düşərli və
sayalı olması münasibətilə ürəkdən təbrik
edir, hamıya yeni uğurlar, yeni nailiyyətlər, yeni qələbələr
arzulayıram.
Doğma Vətən uğrunda
şəhidlik, ölməzlik zirvəsinə yüksələn
və şanlı qəhrəmanlıq nümunəsi göstərən
bütün şəhidlərimizin müqəddəs ruhu
şad olsun deyirəm. Şəhidlər ölmür, şəhidlər
ölməzliyə qovuşur! Daim hər bir canlıdan
daha canlı olan qalib və məğrur şəhidlərimizin
də ruhu bizimlə birlikdə deyir: Qarabağ bizimdir! Qarabağ
Azərbaycandır!
Gəray
GƏRAYBƏYLİ,
ATU-nun rektoru,
professor
Azərbaycan. - 2020.- 4 dekabr.- S.6.