Koronavirusdan qorunmaq üçün sadə qaydalara əməl olunmalıdır
Pandemiya ilə əlaqədar dünyanın bir çox ölkəsində
tətbiq olunan qadağalar daha da sərtləşdirilir.
Çünki açıq
şəkildə etiraf
olunur ki, koronavirusun yayılması
ilə bağlı vəziyyət son dərəcə ciddidir. Bununla əlaqədar olaraq, insanlar arasında təmasları
maksimal dərəcədə
azaltmaq və infeksiya zəncirlərini qırmaq üçün
məhdudiyyətləri sərtləşdirmək
məcburiyyəti yaranıb.
Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) dünyada qeydə
alınan koronavirusa yoluxma hallarının ötən həftə təxminən 4 milyon artdığını açıqlayıb.
ÜST-ün məlumatlarına
görə, dünyada
23-29 noyabr tarixlərində
ümumilikdə 3 milyon
935 min 330 koronavirusa yoluxma faktı qeydə alınıb və 69 min 916 nəfər isə xəstəlik səbəbindən
həyatını itirib.
Bundan əvvəlki həftə
ərzində isə
4 milyon 60 min 891 yoluxma faktı və 67 min 221 ölüm halı qeydə alınmışdı.
ÜST son zamanlarda görülən cüzi azalmaya baxmayaraq qlobal infeksiya nisbətinin yüksək olduğunu və ölüm hallarının
artmaqda davam etdiyini nəzərə çatdırıb.
Azərbaycanda
da vəziyyət gərgin olaraq qalır.
TƏBİB-in infeksion xəstəliklər
üzrə İşçi
Qrupunun üzvü Nəzrin Mustafayeva brifinqdə ürək-damar,
şəkərli diabet,
xərçəng xəstələrində
ağırlaşma və
ölüm hallarının
daha yüksək müşahidə edildiyini
vurğulayıb: "Yoluxma
sayı panikaya səbəb olub. Ancaq onların 81 faizi yüngül simptomları keçirirlər.
Lakin bəzi həssas olan şəxslər xəstəxanalara
axın edirlər. Ev şəraitində tətbiq olunan müalicədən əlavə
həkim məsləhəti
olmadan digər vasitələrdən istifadə
edirlər. Daha da ağırlaşmış
hallarda xəstəxanaya
müraciət edirlər.
Həyəcanı və
panikanı üstələyərək
ətrafımızdakıları düzgün idarə edə bilərik. Bəziləri yaşadıqları
məkanı tərk edirlər. Bu, digər vətəndaşlar
üçün təhlükə
yaratmaqdadır”.
Mütəxəssislər koronavirusla əlaqədar yaranmış vəziyyətin
mürəkkəbliyini qeyd
etməklə yanaşı,
həyəcanlı proqnozlar
da verirlər. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev brifinqdə bildirb ki, elə məqam
gəlib çatıb
ki, sərt addımlar atılmalıdır,
belə olmasa, çətin vəziyyət
yaranacaq: "Heç
olmasa 2 həftəlik
bir mərhələ olmalıdır. Dünyanın
bütün ölkələrində
sərtləşdirmə baş
verir”. Mütəxəssis
son aylarda baş verən hadisələrin təsirindən
də danışıb.
O, açıqlayıb ki,
son zamanlar yumşalmalar oldu, daha sonra müharibə
başladı. Bildirib
ki, insanların stres və həyəcan
keçirməsi immun
sisteminə təsir etdi. Adil Allahverdiyev
qeyd edib ki, buna görə
də xəstəlikdə
yoluxma sayı
4000-ü aşıb: "Avqust
ayında 135 xəstə
var idi. Sadəcə 2 nəfər
vəfat etmişdi. Xəstəlik daşıyıcıları
20 yaşa qədər
insanlardır. Ancaq evdə 65 yaşüstü
olan insanlarla təmasda olurlar. Bilməlidir ki, onlar ölüm daşıyıcılarıdır. Əgər siz ailənizin yaşamasını
istəyirsinizsə, bunları
diqqətə almalısınız.
Burun açıq olmamalıdır. Taksilər
pəncərə qapalı
bütün günü
sərnişin daşıyırlar.
Taksiyə oturan kimi maska tələb
etməli, pəncərəni
açıb havanı
dəyişmək lazımdır”.
Bu günlər
dünyanın diqqəti
peyvənd barədə
gələn xəbərlərdədir.
Koronavirusdan çıxış
yolu axtaran mütəxəssislər hələ
ki, insanların ümidlərini tam doğruldan cavabı verməyiblər. TƏBİB-in
infeksion xəstəliklər
üzrə İşçi
Qrupunun üzvü Nəzrin Mustafayeva da dünənki brifinqdə təəssüflə
qeyd edib ki, bir ilə
yaxın müddətdə
effektiv peyvənd təsdiqlənməyib. Azərbaycan
Tibb Universitetinin professoru Akif Qurbanov isə bildirib ki, yaxın
aylarda kütləvi vaksinasiya tədbirləri başlayacaq. Azərbaycan dövləti ən zərərsiz vaksinlərin
ölkəyə gətirilməsi
üçün tədbirləri
bitirib. Vaksinlər hazır olanda ölkəyə gətiriləcək:
"Gəlin səhiyyə
sistemimizi yükləməyək.
Bilirsiniz ki, xəstəxanalarda yaralı
əsgərlərimiz müalicə
alır. Biz özümüzü qorumaqla
həmin əsgərləri
də qorumuş olarıq”.
Mütəxəssislər koronavirusdan qorunmaq üçün sadə qaydalara - gigiyenik qaydalara əməl etməyi, maska taxmağı, sosial məsafəni gözləməyi
tövsiyə edirlər.
Ancaq doğru taxılmadığı halda
maskanın da heç bir faydası olmur. Akif Qurbanov deyib
ki, əgər koronavirusdan qorunmaq üçün maska taxılırsa, bu, düzgün formada taxılmalıdır. Azərbaycan
Tibb Universitetinin professoru bildirib ki, maska tənəffüs
yollarını tamamilə
bağlamalıdır. İnsanlar
arasında məsafə
saxlanmasına fikir verilməlidir. Digər qaydalara düzgün riayət etmək də eyni dərəcədə
zəruridir: "Əllərin
gigiyenası, tez-tez sabunla yuyulması bu virusu əlimizdən
apara bilər. Hökmən dezinfeksiyaedici
məhlulun istifadəsinə
ehtiyac yoxdur”. O vurğulayıb ki, yoluxma saylarında əsas artım faktoru ailədaxili yoluxma ilə bağlıdır. Bir nəfər yoluxaraq bütün ailə üzvlərini yoluxdura bilir. Akif Qurbanov
bildirib ki, koronavirusa yoluxan şəxs həkim nəzarəti ilə evdə müalicə alıb sağala bilər. Bir şərtlə ki, ətrafdakıları qorusun
və tam özünütəcrid rejiminə
əməl etsin.
Hazırda ev şəraitində müalicə olunan çoxsaylı xəstələr
var. Təəssüf
ki, onların bir çoxu üzərinə düşən
məsuliyyəti dərk
etmir. Hər gün belə onlarca xəstənin icazəsiz yaşayış
yerlərini tərk etdikləri, hətta başqa şəhərə
getmək üçün
yola çıxanların
olması barədə
məlumatlar verilir. Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov dünənki
brifinqdə hazırda
ev şəraitində
müalicə alan çoxsaylı xəstələrin
infeksiya mənbələri
olduqlarını haqlı
olaraq diqqətə çatdırıb: "Təcrid
olmasa, ailədaxili yoluxanların sayı artacaqdır” deyib.
Koronavirusdan xilasın ən ümdə yolu onun haqqında zəruri məlumatlara malik olmaqdır. O zaman gözəgörünməz
düşmənlə mübarizə
aparmaq bir qədər asanlaşır.
Lakin bugünkü vəziyyət ölkə
əhalisinin COVID-19 barədə
çox da bilgili olmadığını
açıq-aydın göstərir.
A.Qurbanov bildirib ki, vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı
deyillər: "Bir çox şəxs soyuqlama halı olan kimi dərhal
xəstəxanaya müraciət
edir. Gedib ağciyərlərini müayinədən
keçirir. Müayinə
zamanı məlum olur ki, ciyərlərində
heç nə yoxdur. O zaman həmin şəxs arxayınlaşır. COVID-də
ağırlaşma zamanı
ciyərlərdə problemlər
yaranır. Həkimlər
də bəzən düzgün müayinə
etmirlər. Xəstələri
KT etdirirlər. Bəzən
isə bu xəstəlik yüngül
soyuqlama halı ilə müşahidə edilir”.
Həkim vurğulayıb ki, virus aşkarlanan şəxs özünü
təcrid etməli, işə bu barədə məlumat verməlidir: "Hər kəs soyuqlama əlaməti hiss edərsə, sanki "məndə COVID var” kimi fikirləşməlidir.
Onda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək
olar. Bəzən xəstəliyin bütün
əlamətləri göz
qabağında olur, lakin PSR analizi mənfi gəlir. Bu halda da
özünü təcrid
rejiminə riayət etməliyik. Lazım olmadığı halda ictimai nəqliyyatdan istifadə olunmamalı, mümkün qədər evdə qalmalıyıq. Daha sıx münasibətləri
- əllə görüşməyi,
qucaqlaşmanı tərgitmək
lazımdır. Bu halda yoluxma sayını
azaltmağa nail ola bilərik”.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan. - 2020.- 4 dekabr.- S.6.