Görkəmli
alim, tanınmış yazıçı
Azərbaycan
dilçilik elminin və bədii fikrinin zirvələrindən,
parlaq simalarından olan akademik, Əməkdar elm xadimi, Xalq
yazıçısı Kamal Abdullayevin 70 yaşı tamam olur.
Görkəmli dilçi-türkoloq alimin Azərbaycan
filologiyasının, xüsusilə də
qorqudşünaslığın, sintaksisin nəzəri
problemlərinin, mətn dilçiliyinin hərtərəfli
öyrənilməsi və inkişafında mühüm xidmətləri
var.
Kamal Mehdi oğlu Abdullayev
(Abdulla) 1950-ci il 4 dekabrda Bakıda anadan olmuş, 1968-ci ildə
burada 190 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində
ali təhsilini başa vurduqdan sonra SSRİ Elmlər Akademiyası
Dilçilik İnstitutunun aspirantı olmuşdur. 1977-ci ildə
Moskvada "Sintaktik paralelizm” ("Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə)
mövzusunda namizədlik, 1984-cü ildə Bakıda "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyaları
müdafiə etmişdir. O, 1993-cü ildə professor
elmi adı almış, 2007-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) müxbir üzvü, 2014-cü ildə
isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə
1977-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunda başlayan Kamal Abdullayev
burada kiçik elmi işçi, baş elmi işçi,
şöbə müdiri vəzifələrində
çalışmışdır. 1984-1987-ci illərdə
Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan
dilçiliyi kafedrasının müdiri, sonrakı
üç ildə isə Azərbaycan Mədəniyyət
Fondunun (hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin
birinci müavini olmuşdur. Akademik Kamal Abdullayev
Bakı Slavyan Universitetinin rektoru, AMEA Humanitar və ictimai elmlər
bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Prezidentinin
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri kimi məsul vəzifələrdə
çalışmışdır. 2017-ci ildən Azərbaycan
Dillər Universitetinin rektorudur.
Akademik
Kamal Abdullayevin dilçiliyə dair əsərləri ilk
növbədə aktuallığı və
sanballığı, yeniliyi və yüksək elmi dəyəri
ilə seçilir. Onlar sırasında "Azərbaycan dili
sintaksisinin nəzəri problemləri”, "Türk dillərinin
müqayisəli tədqiqi”, "Sintaktik paralelizm”, "Mətn
sintaksisi, mürəkkəb sintaktik bütövlər”
monoqrafiyaları xüsusi yer tutur. Qeyd edim ki, müəllifin
elmi əsərlərinin çoxu Azərbaycan dili ilə
yanaşı, rus dilində də nəşr olunmuşdur.
Akademik
Kamal Abdullayevin elmi yaradıcılığında 34
yaşında ərsəyə gətirdiyi "Azərbaycan
dili sintaksisinin nəzəri problemləri” əsəri xüsusi
yer tutur. Müəllifin Azərbaycan dilçiliyində hadisə
sayılan bu sanballı əsəri bir sıra yeni elmi
araşdırmalara cığır açmış, onlar
üçün başlıca istiqamətverici qaynaq rolunu
oynamışdır.
Böyük dilçi alim,
akademik Kamal Abdullayevin qələmindən çıxan
çoxsaylı əsərləri sırasında
"Dilçiliyə səyahət” adlı elmi-kütləvi
və bədii-fəlsəfi əsərini də ayrıca qeyd
etmək lazımdır. Əsər ilk növbədə
müəllifin dilimizə olan böyük sevgisi, azərbaycançılıq
məfkurəsinə ürəkdən
bağlılığı ilə yadda qalır. Kitabda eyni zamanda
müəllifin dilçilik tarixinə, müxtəlif dillərə,
müqayisəli dilçiliyə dair dərin bilikləri də
qabarıq şəkildə özünü göstərir.
Maraqlı bir üslubda qələmə aldığı bu əsərini
alim həm də "Dilçi olmayanlar üçün dərslik”
adlandırır.
Akademik
Kamal Abdullayev çalışdığı bütün məsul
vəzifələrdə özünü bacarıqlı rəhbər
və yenilikçi təşkilatçı kimi göstərmişdir.
O, Bakı Slavyan Universitetinin rektoru vəzifəsində
çalışdığı müddətdə (2000-2014)
bu ali təhsil ocağının nüfuzunu xeyli
artırmış, bir sıra yeni layihələri həyata
keçirməyə nail olmuşdur. Həmin layihələr
sırasında "Filoloqun kitabxanası”, "Dünya nəsri”,
"Tərcümə problemləri” elmi tədqiqat
laboratoriyasını xüsusi olaraq qeyd etmək
lazımdır. Görkəmli alimin ideya müəllifi
və baş redaktoru olduğu "Azərbaycan Tərcümə
Ensiklopediyası”nın bünövrəsi onun Bakı Slavyan
Universitetinə rəhbərlik etdiyi illərdə
qoyulmuşdur, Azərbaycanda ilk dəfə
hazırlanmış bu sanballı kitab 2018-ci ildə
işıq üzü görmüşdür.
Ensiklopediyada Azərbaycanda tərcümə tarixi ilə
bağlı məsələlər işıqlandırılmaqla
yanaşı, görkəmli mütərcimlər haqqında
da dəyərli bilgilər verilmişdir.
Akademik,
Xalq yazıçısı Kamal Abdullayevin elmi və bədii
yaradıcılığında oğuzların ana kitabı
"Dədə Qorqud” eposu qırmızı xətlə
keçir. Görkəmli dilçi alimin hələ 27 yaşında
Moskvada SSRİ EA Dilçilik İnstitutunda uğurla müdafiə
etdiyi "Sintaktik paralelizm” adlı dissertasiya işi dünya
folklorunun bu nadir incisinə həsr olunmuşdur. Alim sonralar da
bu mövzuya dönə-dönə qayıdaraq "Gizli Dədə
Qorqud”, "Sirr içində dastan və yaxud Gizli Dədə
Qorqud”, "Kitabi-Dədə Qorqud” dastanının
poetikasına giriş” adlı sanballı elmi əsərlərini
ortaya qoymuşdur. Kamal Abdullayev
qorqudşünaslıq sahəsindəki səmərəli
elmi fəaliyyətinə görə Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə
rəhbərliyi dövründə - 1999-cu ildə Əməkdar
elm xadimi fəxri adına layiq görülmüşdür.
Qeyd edim ki, "Kitabi-Dədə Qorqud” eposu və
almanların "Nibelunqlar nəğməsi” arasında bir
yaxınlıq və səsləşmə olduğunu müəyyən
edən görkəmli dilçi-türkoloq alim bu iki möhtəşəm
folklor nümunəsinin müqayisəli elmi araşdırmalara
cəlb edilməsi üzrə beynəlxalq layihənin təşkilatçılarından
və əsas müəlliflərindən biridir.
Akademik,
Xalq yazıçısı Kamal Abdullayevin istər elmi, istərsə
də bədii əsərləri müəllifin milli humanitar
elminə, xalqımızın qədim bədii təfəkkürünə
dərindən bələdliyini, eləcə də rus və Qərb
dilçiliyi, dünya ədəbiyyatı, mədəniyyəti
və folkloru sahəsində də yetkin bilik sahibi olduğunu
sübut edir.
Akademik
Kamal Abdullayev yeniliyə can atan, daim ideyalar
axtarışında olan yaradıcı insandır. Bir
çoxları alim-yazıçını "ideyalar
generatoru” adlandırırlar. Kamal Abdullayevi Azərbaycandan kənarda,
xüsusilə də Türkiyədə, Almaniyada tanıyanlar
da onun bu seçkin keyfiyyətinə yaxşı bələddirlər.
Akademik
Kamal Abdullayevin elmi-bədii
yaradıcılığının son böyük nailiyyətlərindın
biri müəllifin ürəkdən bağlandığı,
bütün həyatı boyu onun yol yoldaşı olan
"Kitabi-Dədə Qorqud” eposu ilə bağlıdır. Bu,
müəllifin "Kitabi-Dədə Qorqud”un poetikasına
giriş” (Bakı, 2017) monoqrafiyasıdır. Görkəmli
türkoloq alimin bu sanballı elmi əsəri ilk növbədə
oğuzların ana kitabı "Dədə Qorqud”
dastanlarına yeni yanaşma üsulu ilə diqqəti çəkir.
Müəllif dərindən bələd
olduğu eposun yaranma tarixi ilə bağlı tutarlı dəlillər
gətirərək diqqəti əsərdə baş verən
hadisələrin insan oğlunun ilk yaranış dövrünə
aid olması kimi qlobal bir məsələyə yönəldir,
bununla da Azərbaycan folklorunun qədimliyini,
dərin köklərini sübuta yetirir. Əsər
bütövlükdə götürdükdə elmi üslubda
yazılmasına baxmayaraq, burada yazıçı qələminin
izləri, özünəməxsus bədiilik də göz
qabağındadır ki, bu mühüm amil də onun
özümlüyünü və təsir gücünü
artırmış olur. Alim-yazıçının iş
otağındakı yazı taxtasında onun öz xəttilə
"Dədə Qorqud” eposundan bir cümlə
yazılmışdır ki, bu maraqlı fakt sözügedən
möhtəşəm əsərin
alim-yazıçını daim
düşündürdüyündən xəbər verir.
Akademik
Kamal Abdullayevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
fəaliyyətində də böyük əməyi
vardır. Mərkəzin Himəyadarlar
Şurasının sədri olan Kamal Abdullanın bilavasitə
təşəbbüsü və rəhbərliyi ilə
dünyanın bir sıra qabaqcıl universitetlərində Azərbaycan
multikulturalizmi fənni tədris olunur ki, bu da
bütövlükdə Vətənimizin xarici ölkələrdə
daha yaxşı tanıdılması və təbliği
işinə öz töhfələrini verir. Mərkəzin təşkil
etdiyi yay məktəbi və bu məktəblərdə xarici
ölkə tələbələrinin iştirakı
ideyası da akademik Kamal Abdullayevə məxsusdur.
Akademik
Kamal Abdullayev artıq bir neçə ildir ki, Azərbaycan
Dövlət Dillər Universitetinin rektoru vəzifəsində
çalışır. Bu zaman kəsiyində universitetin
nüfuzu nəzərəçarpacaq dərəcədə
artmışdır. Kamal müəllim rəhbərlik etdiyi
universitetdə bir sıra maraqlı layihələr həyata
keçirmişdir və bu iş uğurla davam etdirilir.
Akademik Kamal Abdullayevin
"Türkologiya” beynəlxalq elmi jurnalının fəaliyyəti
dövründəki xidmətlərini də ayrıca olaraq
qeyd etmək lazımdır. Əsası 1970-ci ildə qoyulan
bu jurnala (o vaxtlar "Sovetskaya türkologiya” adlanırdı)
2016-cı ildən akademik Kamal Abdullayev rəhbərlik edir. Bu müddətdə dörd dildə (Azərbaycan,
rus, ingilis, türk) nəşr olunan jurnal məhz baş
redaktor Kamal Abdullayevin gərgin əməyi sayəsində
özünün mövzu və əhatə dairəsini daha da
genişləndirmiş, nüfuzlu elmi jurnallara məxsus
göstəricilərinə görə bir sıra beynəlxalq
indekslərə layiq görülmüşdür.
20-dən
çox monoqrafiya və dərs vəsaitinin, 300-ə yaxın
elmi və publisistik məqalənin müəllifi olan akademik
Kamal Abdulla eyni zamanda qüdrətli qələm sahibidir,
dünya şöhrətli Azərbaycan
yazıçısıdır. Xalq
yazıçısının bədii
yaradıcılığının ilk böyük nümunəsi
sayılan "Yarımçıq əlyazma” romanı müəllifinə
böyük şöhrət qazandırmış və
qısa zamanda dünyanın bir çox dillərinə
(türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak,
portuqal, ərəb, yapon və s.) tərcümə
edilərək böyük tirajla nəşr olunmuşdur.
Özümlüyü və çəkiciliyi, bənzərsiz
üslubu və yüksək ustalığı ilə
seçilən "Yarımçıq əlyazma” romanı
Azərbaycan ədəbiyyatı üçün yeni olan
postmodernizmin uğurlu nümunələrindən biri kimi dəyərləndirilir.
Xalq
yazıçısı Kamal Abdullanın digər
romanlarında da ("Sehrbazlar dərəsi”, "Unutmağa
kimsə yox”, "Sirlərin sərgüzəşti”) eyni bənzərsiz
üslub özünü göstərir. Yeri gəlmişkən,
qeyd edim ki, müəllifin "Yarımçıq əlyazma”,
"Sehrbazlar dərəsi”, "Unutmağa kimsə yox”
romanları haqqında ölkə xaricində elmi əsərlər
yazılmışdır. Bədii əsərləri xarici
ölkə dillərinə ən çox tərcümə
olunan Azərbaycan yazıçılarından biri də Kamal
Abdulladır. Xalq yazıçısının pyesləri Azərbaycan,
Gürcüstan və Estoniya teatrlarında uğurla səhnəyə
qoyulmuş və yüksək qiymətləndirilmişdir.
Xalq
yazıçısı Kamal Abdullanın romanlarının,
ümumiyyətlə, bədii əsərlərinin bir özəl
keyfiyyətini, seçkin xüsusiyyətini ayrıca olaraq
qeyd etmək istəyirəm. Müəllifin qələmindən
çıxmış bədii əsərləri özünəməxsus
dil-üslub özəllikləri ilə seçilir.
Yazıçının işlətdiyi bir sıra cümlələri
və cümlə quruluşları, ayrı-ayrı deyim və
ifadələr olduqca orijinal səslənir və özündə
dilimizin əski qatının xüsusiyyətlərini
daşıyır. Maraqlıdır ki, bu qabarıq özəllik
müəllifin bədii əsərləri üçün
seçdiyi adlarda da özünü göstərir: "Sirr
içində dastan və yaxud Gizli Dədə-Qorqud”,
"Sehrbazlar dərəsi”, "Sirri-zəmanə”, "Sirlərin
sərgüzəşti”.
Akademik,
Xalq yazıçısı Kamal Abdullayevin Azərbaycan dili və
mədəniyyətinin, multikulturalizm dəyərləri və
tolerantlığın təbliği sahəsindəki səmərəli
fəaliyyətini də ayrıca olaraq qeyd etmək
lazımdır. Müəllifin "Gəlin azərbaycanca
danışaq” kitabının Fransada fransız dilində
(2008), Rumıniyada rumın dilində (2010) nəşr edilməsi
dilimizin ölkə xaricində tanıdılması və təbliği
baxımından mühüm əhəmiyyət
daşıyır. Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmə çatdırılmasında
böyük işlər görən alim-yazıçı
Kamal Abdulla elmi və bədii yaradıcılığı ilə
də Azərbaycanı xaricdə böyük ləyaqətlə
təmsil edən, yetərincə tanıdan vətənpərvər
ziyalılarımızdan biridir.
Akademik
Kamal Abdullayevin təşəbbüsü və bilavasitə
iştirakı ilə "Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı üç dildə (Azərbaycan, rus,
ingilis) nəfis şəkildə nəşr olunmuşdur.
Görkəmli alim eyni zamanda "Multikulturalizmə giriş” və
"Azərbaycan multikulturalizmi” adlı sanballı dərsliklərin
elmi redaktoru və əsas müəlliflərindən biridir.
Akademik
Kamal Abdullayevin ölkəmizdə gənc
dilçi-türkoloq kadrların yetişməsində də
böyük əməyi var. Qeyd etmək lazımdır ki,
akademikin rəhbərliyi altında aparılan elmi-tədqiqat
işləri orijinallığı, sanballığı və
yüksək elmi səviyyəsi ilə seçilir.
Tanınmış
dilçi-türkoloq alim Kamal Abdullayev Türk Dil Qurumunun həqiqi
fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr
Akademiyasının həqiqi üzvü, eləcə də
Rusiya, Gürcüstan və Bolqarıstan universitetlərinin fəxri
doktoru, Rusiya Federasiyasının Poltava İqtisadiyyat və
Ticarət Universitetinin fəxri professorudur.
Akademik,
Əməkdar elm xadimi Kamal Abdullayevin Azərbaycan elmi və mədəniyyəti
sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir.
O, 2015-ci ildə "Şöhrət” ordeninə, keçən
il isə Xalq yazıçısı fəxri adına layiq
görülmüşdür. Görkəmli alim eyni zamanda
Rusiya Federasiyasının "Puşkin” medalı və
Macarıstanın "Zabit xaçı” ali xidmət ordeni ilə
təltif olunmuşdur.
Kamal
Abdullayevi 70 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, hörmətli həmkarıma möhkəm
cansağlığı və yeni yaradıcılıq
uğurları arzulayıram.
Möhsün
NAĞISOYLU,
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun direktoru, akademik
Azərbaycan. - 2020.- 4 dekabr.- S.7.