Dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün tədbirlər davam etdirilir

 

 

"Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir

 

2015-ci ildə "Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil etmiş, 2016-cı ildə bu rəqəm 10%, 2017-ci ildə 9,9%, 2018-ci ildə 9,8%, 2019-cu ildə 9,7%, 2020-ci ildə isə 0,8% olmuşdur.

Bu barədə cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün "Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir. Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə, 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilmişdir ki, bunun da 1 milyon 157 mini əhali, 142 min 309-u isə qeyri-əhali abonentlərinə aid uçot nöqtələri təşkil etmişdir. 2020-ci ilin 10 ayında isə, ümumilikdə, 196 436 abonent yeni sayğacla təchiz edilmiş bunun da 185 543-ü əhali, 10 893-ü isə qeyri-əhali abonentlərinə aiddir. Görülən tədbirlər nəticəsində, ümumilikdə, "Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5 faizədək azalmasına nail olunub”, - deyə Vaqif Mustafayev əlavə edib.

O, qeyd edib ki, "Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir: "Son 5 ildə 500-dən çox kənd qəsəbədə, cari ilin 10 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə, minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub”.

 

Azərbaycan. - 2020.- 4 dekabr.- S.7.