Dəmir yumruğun Zəfər zərbəsi

 

44 gün ərzində hər gün qələbə müjdəsi aldıq

 

 

İgidlər yan-yana, qəhrəmanlar çiyin-çiyinə qürurla addımladılar möhtəşəm "Azərbaycan fanfarasının” qələbə sədaları altında...

Mərd oğullar başlarını dik tutaraq məğrur-məğrur salamladılar Ali Baş Komandanı, bütün Azərbaycan xalqını, şəhidlərimizin ruhunu...

Xəzərin üzərindən fəxarətlə göylərin ənginliklərinə şığıyan Azərbaycan şahinləri qələbə müjdəsini hayqırdılar bütün dünyaya...

Azadlıq meydanı hələ bu günə qədər belə bir təntənəyə şahidlik etməmiş, belə sevinməmişdi...

"Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaqancaq irəli gedəcəyik”.

Bəli, zaman 10 dekabr 2020-ci ildə həmin tarixi günü yetişdirdi...

Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin Azadlıq meydanında Zəfər paradında bəyan etdiyi kimi, hər birimiz bu möhtəşəm anlara şahidlik etdik, Vətəni canlarından çox sevən qəhrəmanlarımızın torpaqlarımızın hər qarışı uğrunda çarpışaraq Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandırdıqları müqəddəs bayraqlarımızı görüb fəxarət hissi keçirdik.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən qurtuldu. Bu möhtəşəm qələbəni xalqımıza Azərbaycan Ordusu ərməğan etdi. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan qəhrəman oğullarımız, gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxunu, ölüm xofunu xəyallarına belə gətirmədən mərd-mərdanə yürüdülər yağının üzərinə... İllərdir işğal altında olan dədə-baba torpaqlarımızın üzərindən düşmənin nəfəsini kəsdilər, yaralı yurdumuza məlhəm oldular.

Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...

Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi.

And içmişdilər, öldü vardı, döndü yox!

Daim irəli atıldılar, sıldırımlar aşdılar, silah-sursat olmadıqda belə, yalın əllə düşmənin nəfəsini kəsdilər, yaralansalar belə döyüşməkdən vaz keçmədilər, mənfurları diz çökdürdülər, dəmir yumruqlarının bir zərbəsi ilə məhvə məhkum etdilər.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı...

İndi isə növbə bu qəhrəman oğullarımızı görmək, onlarla yaxından tanış olmaq idi...

Dekabrın 10-da bütünlüklə Azərbaycan xalqı bu şir ürəkli qəhrəmanlarını fəxr, qürur hissi ilə seyr etdi, hər birinə minnətdarlıq duydu...

Sıra-sıra, cərgə-cərgə qələbə əzmiylə addımlayan qartal baxışlı igidlərimiz gözlərimizin önündən keçib getdikcə, sanki biz də 30 illik o zülməti yararaq, onlarla bərabər işıqlı sabahlara irəlilədik. Xocalının qisasının alındığı, günahsız insanlarımızın, körpələrimizin qanının yerdə qalmadığı üçün mənəvi dinclik hiss etdik...

Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olduğunu bildik...

Qorxmaz oğullarımızın darmadağın etdiyi düşmən texnikalarının nümayişi isə bir başqa zövq verdi hər birimizə...

Azərbaycan dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Cənab Prezident İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: "...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirdi, eyni zamanda bütün beynəlxalq aləmə mesajını çatdırdı və bildirdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var...

Və bütün dünyaya bir daha hayqırdı ki, "Qarabağ Azərbaycandır və nida”...

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 12 dekabr.- S.1;5.