Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

 

2020-ci ilin sonlarına doğru Azərbaycan xalqı dövlətçilik və müstəqillik tarixini möhtəşəm bir hadisə ilə şərəfləndirdi.

44 gün davam edən Vətən savaşında rəşadətli ordumuz təcavüzkar Ermənistanı döyüş meydanında məğlub edərək işğala son qoydu, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi.

 

 

İlham Əliyev: "Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

 

 

2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Heydər Əliyevin ən böyük arzuları işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtması idi. Heydər Əliyev Azərbaycanı daha güclü etmək, xalqımızın daha gözəl günlərini görmək istəyirdi.

Ulu Öndərin ruhu bu gün şaddır, çünki Azərbaycan bu gün onun ən layiqli siyasi davamçı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən güclü dövrünü yaşayır. İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. "Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.

 

 

Tarixi yaradan şəxsiyyət

 

 

Bu gün - dekabrın 12-də xalqımız Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Xalqımız həm də Ulu Öndərə sonsuz minnətdarlığını ifadə edir. Çünki bu Qələbənin təməli illər əvvəl Heydər Əliyev tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsasları möhkəmləndiriləndə, tənəzzülün qarşısı alınanda, xarici neft şirkətləri ilə tarixi müqavilələr imzalananda, ordu quruculuğuna başlananda qoyulmuşdu.

Ümumiyyətlə, böyük şəxsiyyətlər, öz əməlləri ilə tarix yaradır, onu zənginləşdirir və dəyişdirirlər. Heydər Əliyevin 1993-cü ildə başlatdığı xilaskarlıq missiyası da bu deyilənləri təsdiq edir. Hələ sovet hakimiyyəti dövründə Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxaran Heydər Əliyev müstəqilliyimizin bərkimədiyi 1993-cü ildə də tarixin gərdişini dəyişdi. Öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dəyanəti ilə müstəqilliyimizi qorudu. Ulu Öndərin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları yaradıldı.

Beləliklə, Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidməti budur ki, o, ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanmaq təhlükəsindən xilas etdi. Bu gün xalqımızın bəhrəsini gördüyü uğurlu neft strategiyasının müəllifi Heydər Əliyev oldu. Eyni zamanda Heydər Əliyev hər bir sahə üzrə islahatın təməlini qoydu. Böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün uğurları ilə qürur duyduğumuz Azərbaycan dövlətinin yaranması ilə nəticələndi.

 

 

 

Vətən müharibəsində Qələbə Ulu Öndərin ideyalarının təntənəsidir

 

 

Azərbaycanın müasir ordusunun yaradılması Heydər Əliyevin dövlət quruculuğunun ən parlaq səhifələrindən biridir. Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra əsası qoyulan ordu quruculuğunun diqqətçəkən əsas cəhəti yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Ulu Öndər Heydər Əliyev öyüd-nəsihətlə demişdir: "...Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir”.

Ötən 17 ildə Heydər Əliyev siyasətini inamla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu məsələlərini xüsusilə diqqət mərkəzində saxlayıb. Bu illərdə Azərbaycan Ordusu ən müasir standartlar səviyyəsində gücləndirilib, döyüş imkanlarını hərb sənayesinin yeniliklərinə uyğun artırıb. Yenilikçi rəhbər olan İlham Əliyev Ali Baş Komandan kimi ordumuzun da müasir çağırışlarla ayaqlaşmasını təmin edib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır.

 

Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 12 dekabr.- S.1;7.