“Zəfər və qürur günü

 

 

Vətən müharibəsində Qələbəyə həsr olunmuş parad Türkiyə mediasının əsas gündəm mövzusu oldu

 

 

 

Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığı Vətən müharibəsi timsalında bir daha təsdiqini tapdı. Türkiyə dar günün dostu olduğunu, ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda qardaş Azərbaycanı heç zaman yalnız qoymayacağını növbəti dəfə nümayiş etdirdi.

Dekabrın 10-da paytaxtın Azadlıq meydanında Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan möhtəşəm parada türk mediası da xüsusi diqqət ayırdı. İki ölkənin liderlərinin Zəfər paradındakı çıxışları Türkiyədə tirajlanan bütün qəzetlərin manşet mövzusu oldu. Onlardan bəzilərini diqqətə çatdırırıq.

"Yeni Şafak” qəzeti "Zəfər və qürur günü” başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduqlarını həmişə göstəriblər. İki ölkənin prezidentlərinin Zəfər paradındakı çıxışlarından sitatların yer aldığı məqalədə İlham Əliyevin "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, R.T.Ərdoğanın isə "Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə inşallah, dastan yazmaqda davam edəcək” fikirləri xüsusi olaraq diqqətə çatdırılıb.

"Milliyet” qəzeti "Qürur günü” başlıqlı xəbərində parad haqqında oxuculara ətraflı məlumat verib. Qəzet yazır ki, dekabrın 10-da Azərbaycan paytaxtının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminümayiş etdirildi. Məqalədə qeyd olunur ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

"Türkün gücü” başlıqlı məqalə isə "Sabah” qəzetinin manşetində yer alıb. Dövlət başçılarının çıxışlarına geniş yer ayrılan məqalədə qeyd olunub ki, Zəfər paradı qardaşlığın, sədaqətin rəmzinə çevrildi. Prezident İlham Əliyevin "Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi” fikirlərini oxuculara çatdıran nəşr Azərbaycanın 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etməsini tarixi hadisə kimi qiymətləndirib.

"Hürriyet” qəzeti "İki dövlət tək zəfər” başlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının Zəfər paradı barədə çıxışlarını ön plana çıxarıb. Qeyd olunub ki, 44 günlük müharibədə əldə olunan möhtəşəm Qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilmiş yolun nəticəsidir. Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raketartilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu parad bütün dünyanın diqqət mərkəzində oldu.

"Akşam” qəzeti "Türkün Zəfər günü” başlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac yoxdur. Bunun növbəti dəfə möhtəşəm Zəfər paradında şahidi olduq.

R.T.Ərdoğanın "İnanıram ki, Allahın izni ilə Qarabağ da gecikmədən, 3-5 il ərzində tamamilə fərqli vəziyyətə gətiriləcəkdir. Bu qüdrət, bu güc İlham qardaşımda var. Çünki bunu sübut edib” fikirlərinə yer ayıran nəşrdə 44 günlük müharibənin yekununda Qarabağın azad edilməsinin tarixi hadisə olduğu diqqətə çatdırılıb.

"Türkiyə” qəzeti isə Azərbaycanın müharibədəki qələbəsindən "Türk birliyinin Zəfəri” başlıqlı məqaləsində bəhs edir. Yazılır ki, bu gün Azərbaycan çox şərəfli tarixi anları yaşayır. Uzun illərdən sonra Qarabağ işğaldan azad olunub. Prezident İlham Əliyevin "Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur "Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı” fikirlərinin yer aldığı məqalədə Zəfər paradının möhtəşəmliyindən bəhs olunur. Yazılır ki, paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin təntənəli keçidi olub. Həmçinin 150-dək hərbi texnika, o cümlədən raketartilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib.

"Yeni akit” qəzetinin "Bakıda Zəfər coşqusu” adlı məqaləsində ölkəmizdə yaşanan qələbə coşqusu, Ordumuzun müzəffər birliklərinin paraddan keçidi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərindən mühüm məqamlar əksini tapıb.

"Aydınlık” qəzeti "Zəfər, güvən, sevinc” başlıqlı xəbəri ilə Azərbaycanın müharibədəki uğurlarını oxuculara çatdırıb. Məqalədə Zəfər paradı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğanın çıxışlarına yer ayrılıb. Qeyd edilib ki, Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Təkcə Bakı yox, bütün Azərbaycan şəhərləri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib.

Qəzetlərdən "Türkgünün "Türkün Qarabağ qüruru”, "Sözcünün "Azərbaycanda zəfər günü”, "Karar”ın "Azadlıq mərasimi”, "Takvimin "Zəfər və qürur günü”, "Diriliş postası”nın "Azərbaycanda tarixi gün”, "Cümhuriyyetin "Bakıda tarixi gün”, "Posta”nın "Yaşasın qardaşlıq”, "Milat”ın "Hilalın zəfəri”, "Yeni sözün "Azərbaycan dastan yazmağa davam edəcək”, "Dokuz sütunun "Dastan yazmağı davam edəcək”, "Anayurtun "Bakıda Zəfər qutlaması”, "Yeni mesaj”ın "Qardaşların zəfəri”, "Yeni çağ”ın "Bakıda zəfər keçidi” və "Yeni birlikin "Ermənistan sürprizi” başlıqlı xəbərlərində Zəfər paradının möhtəşəmliyindən oxuculara bəhs olunub.

Məqalələrdə Azərbaycanın əldə etdiyi uğurlar, ordumuzun şücaəti barədə ətraflı yazılır, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 44 günlük müharibə barədə fikirləri diqqətə çatdırılır. Bildirilir ki, bu parad növbəti dəfə sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğustrateji müttəfiqliyi sarsılmaz və əbədidir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 12 dekabr.- S.8.