Əbədiyyət məqamı

 

 

Sükut...

 

Ecazkar səssizlik...

 

Xəzərin, Kürün, Arazın xırçın dalğalarının sakit-sakit axdığı an...

 

Badi kubədən, uca Şəhidlər xiyabanından qanad açan coşqun rüzgarların, Şahdağda, Murovda, Kəpəzdə, Kirsdə, Qoşqarda həzin laylaya çevrildiyi zaman...

 

Vətən fədailərinin ölməz ruhları qarşısında səcdəyə durduğumuz müqəddəs məqam...

 

Susduq, səssizliyə qərq olduq zaman üçün çox qısa olan bu vaxt dilimində əbədiyyətin özü qədər sonsuz bir aləmdə var olduq...

 

İgidlər nərə çəkdi qulaqlarımızda, oğullar od saçdı baxışlarıyla qəlbimizə, üçrəngli bayrağa sarılıb, ayaq basdığı qaraca torpağı laləzar Vətənə çevirən ərlər-ərənlər keçdi gözlərimiz önündən...

 

"Vətən, sənə canım fədahayqıraraq ölümə atılan bir daha dönməyən minlərlə qəhrəman gördük...

 

Həm son anda Vətən analarının qucağında uyumağı seçən həmin mərd oğulları dünyaya gətirən anaların gözlərindən kədər yaşı axsa belə, elə onların da "Vətən sağ olsun, Vətən var olsundediklərinin şahidi olduq...

 

Ey cənnət ətirli şəhidim, öz qanınla tarixin qızıl səhifələrinə min illərin o üzündə belə şərəflə xatırlanacaq bir salnamə yazdın. Milyonların Vətən nisgilinə məlhəm çəkdin, Qarabağ düyününü bir yumruğunun zərbəsiylə bilmərrə çözdün. Bu torpaq uğrunda canından keçən şəhidlərimizin, Xocalıda soyqırıma məruz qalan məsumlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı da şərəflə yerinə yetirdin, düşmən əsirliyində zülm görən, işgəncə yaşayan soydaşlarımızın yarasına məlhəm çəkdin.

 

Bütün elimə-obama illərdir həsrətində, arzusunda olduğu sevinci yaşatdın, gələcək övladlarımızın daha xoşbəxt yaşayacağı bütöv xoşbəxt bir Azərbaycan bəxş etdin.

 

Ey müqəddəs şəhidim, biz firavan yaşayaq, bölünməz Vətənin övladları olaq deyə, bir an belə tərəddüd etmədən ölümün gözünə dik baxaraq özünü qurban verdin.

 

etsək , desək , qanınla imza atdığın bu qəhrəmanlıq salnaməsinin qarşısında sönük qalar, haqqını ödəyə bilmərik!

 

Fəth etdiyin uca şəhidlik zirvən qarşısında baş əyirik!

 

Əsrlər, minilliklər keçsə belə, bu fədakarlığını unutmayacaq, qəlbimizə, könlümüzə həkk edib, dualarımızla yad edəcəyik.

 

İlahi, necə bəxtəvər yaratmısan bu yurdu ki, hər qarışı üçün çarpışıb canını heçə sayan igidləri var!

 

Can Azərbaycanım, necə xoşbəxtsən ki, uğrunda şəhadət şərbəti içib torpağına qarışmağı ən uca zirvə sayan oğulların, qızların var...

 

Özünü Vətənə qurban deyən milyonların var...

 

İndi isə Vətən uğrunda çarpışan daha 2783 övladın bir-birinə qovuşaraq ölməz ruhlarıyla üz tutdular Tanrının müqəddəs dərgahına doğru...

 

Zirvədə olanlar əbədiyyətdə yolculuğa çıxdılar...

 

 

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,

 

Şəhidlər gedən yolu tufanlar bağlamazlar.

 

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!..

 

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2020.- 5 dekabr.- S.1; 6.