Jan-Lük Reitzer: Milli Assambleyada qətnamənin əleyhinə
olan deputatlara söz verilmədi, yalnız yalanlar səsləndirildi
Fransa Milli Assambleyasında "Avropada və Şərqdə erməni
xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” üzrə debatlarda çıxış üçün
yalnız bu sənədin lehinə olan deputatlara söz verildi. Qətnamənin əleyhinə
olan deputatlara söz verilmədi. Heç bir dəyəri, heç bir hüquqi əhəmiyyəti olmayan,
yalnız rəmzi xarakter daşıyan bu qətnamə layihəsinin əleyhinə
səs verdim.
Bu sözləri
Fransa Milli Assambleyasının deputatı Jan-lük Reitzer
Assambleyada "Avropada və Şərqdə erməni
xalqının və xristian icmalarının müdafiəsinə
dair qətnamə layihəsi” adlı sənədin
debatları ilə bağlı AZƏRTAC-a müsahibəsində
deyib.
Deputat bildirib ki, layihə
ilə bağlı çıxışçılar siyasi qruplar tərəfindən təyin
edilirdi. Mən çıxış üçün
vaxt istədim, ancaq mənə söz verilmədi. Parisdən olan deputat Brijit Kulster qətnamənin mətni ilə bağlı izahat verdi, onun çox
sayda erməni seçiciləri var.
Mənə isə çıxış
üçün söz
vermədilər. Çünki,
mən həmin sənədin əleyhinə
olanlardan idim. Bu, böyük səhvdir. Fransa Minsk qrupunun həmsədridir, o, öhdəsinə
götürdüyü vasitəçi
roluna uyğun olaraq bitərəf olmalı idi, ancaq aydın şəkildə Ermənistana
tərəfkeşlik etdi.
İndi Fransanın hansısa rol oynayacağını görmürəm.
Qeyd edib ki, xarici
işlər naziri Jan-İv lö Dryan fikrini çox
aydın ifadə etdi. O, açıq şəkildə mövqeyini
bildirdi. Düzdür,
o, "ermənilərin faciəsini
bölüşürəm” dedi, ancaq deputatlara
müqayisədə daha
balanslı danışdı,
Fransanın bitərəf
qalmaq istəyini qeyd etdi.
"Deputatlar təzyiq altındadırlar, onlar düz danışmadılar.
Xarici işlər komissiyasının iclasında
onlara Bakıda erməni kilsəsi olmasından, onun dövlət hesabına bərpa edilməsindən,
oradakı kitabların
qorunub saxlanmasından
danışdım. Ancaq
həqiqəti eşitməzliyə
vurdular”, - deyə Jan-lük Reitzer diqqətə çatdırıb.
Vurğulayıb
ki, qətnamə layihəsi ilə bağlı debatlarda diqqət
çəkən əsas məqam Türkiyə idi. Debatlarda
çıxış edənlər yalnız Türkiyənin
adını çəkirdilər, hamı Türkiyədən
danışırdı.
Mən həmkarlarımla danışanda
dəfələrlə qeyd
etmişəm ki, Azərbaycan dünyəvi
ölkədir, bu ölkədə dini münaqişə yoxdur. Bütün dinlərə
hörmətlə yanaşılır.
Həmkarlarıma deyirəm,
mənimlə Azərbaycana
gəlin və reallığı öz gözlərinizlə görün,
söylənilənlərə inanmayın. İllərdir
reallığın saxtalaşdırılması
son günlərin faciəvi nəticələrinə
səbəb olub.
Azərbaycan. - 2020.-5 dekabr.- S.3.