Azərbaycan yeni tarix yazdı

 

Azərbaycanı ucaldan qələbə

 

Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq və bu dəfə qalib dövlət, qalib xalq kimi...

Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur. İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında səfərbərliyi Vətən müharibəsində Qələbəni təmin etdi. Dekabrın 10-da keçirilən Zəfər paradı ilə xalqımız öz tarixi qələbəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu parad hər birimizi qürurlandırdı, duyğulandırdı, qələbəmizlə fəxr etdik. Bu parada səbəb olan qələbə Azərbaycanın bir dövlət olaraq gücünü, qüdrətini, xalqımızın öz haqqı uğrunda mübarizə aparmaq əzmini beynəlxalq ictimaiyyətə bir daha yaxından tanıtdı. Bu qələbə ilə dünya erməniliyinin onilliklər boyu Azərbaycana qarşı apardığı saxta təbliğat iflasa uğradı, "məzlum erməni” obrazı darmadağın edildi.

Bu paradı biz şəhidlərimizin canı, qanı hesabına qazandığımız qələbənin sayəsində keçirdik. Xalqımız, 44 gün davam edən müharibədə 2783 şəhid verdi. Onların hər biri müqəddəs şəhidlik zirvəsinə yüksəlməklə, Azərbaycan xalqının tarixində ən şərəfli səhifə yazdılar. Döyüş yolu izə azad olunmuş torpaqlarımız şəhidlərimizin qanı ilə qarışaraq daha müqəddəs oldu.

Vətən müharibəsi həm də xalqımızın milli birliyinin, öz rəhbəri ətrafında yumruq kimi birləşməsinin təsdiqi oldu. Milliyyətindən, dilindən, dinindən, sosial statusundan asılı olmayaraq xalqımız həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Bu həmrəylik həm də azərbaycançılıq ideyasının təntənəsi idi. Bu cür ideya, milli düşüncə və dünyagörüşü ilə silahlanmış Azərbaycan əsgərlərinin döyüş meydanındakı fədakarlıqları qürurverici idi. Onların hər biri qəhrəmandır, qələbəmizin müəllifidir. İlham Əliyevin sərəncamları ilə qələbənin qazanılmasında əməyi olanların bir qrupu ordenadlarla təltif olundular. "Vətən Müharibəsi Qəhrəmanı” adını alan hərbi qulluqçularımızın sırasında 5 nəfər balakənlinin də olması məni çox sevindirdi.

Azərbaycan Ermənistanı yalnız hərb meydanında məğlub etmədi. Bu müharibə ilə işğalçı dövlət həm də tarixinin ən böyük siyasi, iqtisadi və mənəvi zərbəsini aldı. Artıq bir aydan çoxdur ki, Azərbaycan xalqı böyük qələbəni təntənə ilə qeyd edir. Ermənistanda isə bir aydan çoxdur məğlubiyyətdən irəli gələn siyasi qarşıdurma gündən-günə daha da dərinləşməkdədir. Dekabrın 10-da biz ordumuzun Zəfər paradını izləyəndə, Ermənistanda etiraz edən kütlələr hökumət binasına soxulmağa çalışırdılar. Görünən odur ki, Ermənistan siyasi ziddiyyət burulğanından hələ uzun müddət xilas ola bilməyəcək. Onu bu vəziyyətə salan isə Azərbaycandır. Bu ölkə öz işğal siyasətinin nəticəsi olaraq indi öz tarixinin ən əzablı və həm də rüsvayçı dövrünü yaşayır. Bir neçə ay bundan əvvəl Ermənistan rəsmiləri deyirdilər ki, müharibə başlasa, erməni tankları Bakıya gələcək. Bəli, gəldilər, amma qalib Azərbaycan Ordusunun hərbi qəniməti kimibu baxımdan 10 dekabr paradı həm də Ermənistanın hərbi məğlubiyyətinin nümayişi kimi tarixə düşdü.

Azərbaycan ATƏT-in Minsk qrupunun danışıqlar masası ətrafında edə bilmədiyini 44 gündə döyüş yolu ilə gerçəkləşdirdi. Ərazi bütövlüyünü təmin edən Azərbaycan xalqı indi torpaqlarına geri dönür. Şuşaya çəkilən avtomobil yolu, Ağdama çəkilən dəmir yolu hələlik başlanğıc olmaqla, İlham Əliyev iradəsinin göstəriciləridir. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar.

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2020.- 12 dekabr.- S.6.