Azərbaycan yeni tarix yazdı

 

Qalibiyyətimizin və milli qürurumuzun təntənəsi

 

 

Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarixboyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürurdoğuran taleni indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin şərəfli səhifəsini yazdı.

Biz bu qələbəni döyüş yolu ilə qazandıq. Müharibə isə itkisiz olmur. Döyüşlərdə şəhid olan 2873 hərbçimizin xatirəsi qarşısında baş əyirik, onlara Tanrıdan rəhmət diləyirik. Şəhidlərimizin ruhu şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardıqları, uğrunda canlarından keçdikləri Vətən torpaqları artıq işğaldan azaddır. 44 günlük müharibədə Azərbaycan döyüş meydanında Ermənistanı darmadağın etməklə 30 ilə yaxın davam edən işğala son qoydu. Bu qalibiyyətinin fonunda bütün dunya güclü Azərbaycan dövlətini gördü. Beynəlxalq ictimaiyyət xalqımızın öz haqqı uğrunda əzmlə mübarizə aparmaq bacarığına şahidlik etdi. Prezident İlham Əliyev bu Qələbə ilə qalib Azərbaycan dövlətini dünyaya təqdim etdi.

Ona görə də dekabrın 10-da keçirilən Zəfər paradının böyük siyasi, tarixi və rəmzi mənası var. Öncə onu qeyd edim ki, indiyə qədər xalqımız bir neçə dəfə ordumuzun Azadlıq meydanında keçirilən hərbi paradlarına şahidlik edib. Bu paradların hər birində Silahlı Qüvvələrimizin artan hərbi imkanları, qüdrəti nümayiş etdirilib. Həmin paradlar göstərmişdi ki, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq. Bütün dünya bilirdi ki, sülh danışıqları baş tutmasa, Azərbaycan hərb yolu ilə torpaqlarını azad edəcək. Və həmin gün gəldi, Azərbaycan işğal altındakı torpaqlarını güc yolu ilə, Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraqazad etdi.

Bu baxımdan dekabrın 10-da keçirilən hərbi parad fərqli idi. Çünki bu, qələbə paradı idi. Bu, hünər meydanında düşmənin başını əzən Azərbaycan Ordusunun Zəfər keçidi idi. Bu parad bizim tək qalibiyyətimizi deyil, həm də milli qürurumuzu dünyaya nümayiş etdirdi. Başqa qürurverici məqam bu paradda qardaş Türkiyə hərbçilərinin keçidi idi. Bəli, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı Vətən müharibəsində bir daha tarixi sınaqdan çıxdı. Türkiyə əsl qardaşlıq nümunəsi ortaya qoyaraq müharibənin ilk günündən Azərbaycanın yanında oldu, dövlətimizin haqq işini özünün milli marağı kimi birmənalı dəstəklədi.

2018-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsinə həsr olunmuş paradda Prezident İlham Əliyev demişdi: "Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.

Bəli, Prezident İlham Əliyev öz müdrik siyasəti ilə zamanı yetişdirdi və rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Qarabağın tacı Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızı ucaltdı və həmin qələbə bayraqları Zəfər paradında nümayiş etdirildi. Bizə, xalqımıza bu hissi, möhtəşəm qələbə sevincini yaşatdığı üçün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Artıq Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ problemi yoxdur. Cocuq Mərcanlıdan başlanan Böyük Qayıdış tezliklə işğaldan azad olunmuş bütün rayonlarımızı əhatə edəcək, onların hər biri yenidən qurulacaq və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıda biləcəklər.

 

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan.-2020.- 12 dekabr.- S.6.