İqtisadiyyatı güclü olan dövlətin
ordusu müzəffər olur
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən respublikamızı zaman çox sınağa çəkdi. Həmin vaxt ölkəni idarə edən səbatsız, səriştəsiz vəzifə sahiblərinə kabinet, kreslo şəxsi mənafeyi üçün lazım idi. Ona görə də aralarında bunlar uğrunda mübarizə getdikcə şiddətlənirdi. Nadanların hərəkətlərinin ağrı-acısını isə Azərbaycan xalqı çəkirdi.
Vəzifə kürsüsü uğrunda canfəşanlıq artdıqca ölkə iqtisadiyyatı çökür, hər yanda hərc-mərclik, anarxiya hökm sürür, hərənin ağzından bir avaz gəlirdi. Bunları görən nankor, namərd qonşumuzun - Ermənistanın torpaqlarımızı əldə etmək iştahası da günbəgün artırdı.
Beləliklə, ərazimizin 20 faizini itirdik, bir milyon soydaşımız öz yurd-yuvasından, tikib-qurduğu rahat ev-eşiyindən didərgin salındı. Çox müsibətlər çəkdi başımız, çox. Elə təkcə Yer üzündə tarixboyu törədilmiş ən dəhşətli faciələrdən olan Xocalı soyqırımını göstərmək kifayətdir.
Torpaqları işğal edilən, böyük problemlər yaşayan, iqtisadi imkanları, güclü ordusu olmayan, daxilində münasibətlər gərginləşən Azərbaycan sanki hər yandan təcrid olunmuşdu. Lakin müdrik Azərbaycan xalqı öz müqəddəratını həll etmək üçün çox düzgün çıxış yolu tapdı - xilaskarını səslədi, imdada çağırdı. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi!
Ümummilli Liderin gördüyü təcili, çoxşaxəli və uzaqgörən tədbirlər nəticəsində Azərbaycan dirçəldi, inkişaf yoluna qədəm qoydu, xalqımızın qəddi düzəldi. Xüsusilə "Əsrin müqaviləsi”nin imzalanması ölkədə vəziyyəti böyük sürətlə yaxşılığa doğru dəyişdi. 1999-cu ildə Ulu Öndərin yaratdığı ARDNF-də (Azərbaycan Respublikası Dövlət Neft Fondu) toplanan vəsaitlər ən ümdə problemlərin həllinə yönəldildi. Qarşıda duran mühüm məsələlərdən biri də güclü ordu yaratmaq idi.
Heydər Əliyev ideyalarına sadiq qalan, Ulu Öndərin siyasətini uğurla davam etdirən və bütün sahələrdə onu günün tələbləri baxımından inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü, ən nümunəvi ordularından birinə çevirdi! Buna ölkəmizin həyata keçirdiyi nəhəng neft, qaz, nəqliyyat layihələri, məqsədyönlü islahatlar imkan verdi.
Azərbaycan qlobal layihələr gerçəkləşdirdi və bu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salındı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkildi.
BTC Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verdi. Bu, ümumiyyətlə, bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Yeri gəlmişkən qeyd edək ki, belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.
Daha sonra Azərbaycan qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum kəməri
fəaliyyətə başladı. Qonşu
Gürcüstan və Türkiyə ilə
birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu
çəkdik. "Şərq-Qərb nəqliyyat dəhlizi”nin
tərkib hissəsi olan bu
yolla daşımalar ildən-ilə
artır.
Ölkəmiz Rusiya və İranla "Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə uğurlu iş aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) üçüncü ildir ki, Azərbaycan qazını uğurla Türkiyəyə nəql edir. İndi layihələrimizin yolu daha uzaq ünvanlaradır. TAP (Trans-Adriatik Qaz Boru Kəməri) artıq hazırdır və tezliklə TANAP-dan qəbul etdiyi mavi yanacağı Avropaya çatdıracaq.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və hərbi qüdrətinin artmasında həyata keçirilən nəhəng layihələrin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.
Azərbaycanın iqtisadi qüdrəti özünü ordusunun gücündə göstərdi. Ordu üçün lazım olan bütün hərbi texnika, silahlar alındı. Mənfur düşmənə məğlubiyyət yaşadan, onu torpaqlarımızdan həmişəlik qovan da bax, bu müzəffər ordu oldu. Başqa sözlə, Vətən müharibəsində qazandığımız Qələbənin əsas səbəblərindən biri məhz iqtisadi müstəqilliyimiz, iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmamağımızdır.
Yeri gəlmişkən, ölkəmizin özünün də güclü müdafiə sənayesi var. Ordumuzun tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin edilir. Belə ki, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul, o cümlədən ən müasir məhsullar buraxılır.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun Prezident kimi fəaliyyətində önəm verdiyi bir nömrəli məsələ ordu quruculuğudur. Bu il noyabrın 8-də - Şuşanın düşmən tapdağından alındığı gün Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərkən Prezident bunu bir daha bildirdi: "Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz”.
İqtisadi imkanlarımız işğaldan azad edilmiş şəhər və kəndlərimizi yenidən qurmağa da kömək edəcək. Biz o yerlərə artıq yeni layihələrlə üz tuturuq. Evlərdən əlavə, yeni müəssisələr, məktəblər tikəcək, infrastruktur yaradacaq, yollar çəkəcək, körpülər salacağıq. Aqrar sahədə geniş layihələr gerçəkləşdiriləcək. "Biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin Ehtiyat Fondundan müvafiq vəsait ayrılmışdır”, deyir hər sözünə, hər vədinə sadiq olan müdrik Prezidentimiz.
Flora SADIQLI
Azərbaycan.-2020.- 12 dekabr.- S.5.