İlham Əliyev: “Laçın bizimdir!”

 

Laçından Qarabağ daha işıqlı görünür

 

 

Dağların "quşqonmaz” zirvəsində əsrlərin "dizini qatlayan”, minilliklərdən soraq verən qalalar məskəni Laçının vəsfi şeirin, musiqinin ritminə köklənib.

Amma son illər bəstələnən bir mahnı da vardı: Laçının təkcə təbiətini deyil, taleyini də ifadə edir. Laçından uzaq düşüb xiffət çəkərək, sevilən mahnıları ilə xatirələrdə yaşayan Məhəbbət Kazımovun haraylı səsində "Laçınım... Laçınım... Laçınım mənim” mahnısı təkcə o yurdda doğulanları deyil, ümumiyyətlə, bu dağların həsrətində olanları yandırıb-yaxaraq qartalları illərlə qıy vurmayan qayalı-daşlı, dağıdılan, talan edilən yurdlara səsləyib.

Laçın düşmən məkrinin, çirkin siyasətin qurbanı olub. 1992-ci il may ayının 18-də işğala məruz qalıb. Ona görə də o ildən 1 dekabr 2020-ci il tarixinədək dağlarımızın zirvəsi sayılan Laçında doğulmuşların qəlbindən qara qanların necə axdığını təsəvvür etmək çətin deyildi.

Laçının işğalı da gözlənilməz, qəfil olmuş, əslində, siyasi oyunların qurbanına çevrilmişdi. Laçın və laçınlılar təklənmişdi. Düşmənə atəş açmaq əvəzinə, Bakıya, üzügeri dönən ağır texnikalara, tank və BTR-lərə sanki qayalar yol vermir, onları bənd-bərəyə salırdılar. Elə ona görə də Laçın kimi qartallar yuvasını itirənlərin ürəyində o qayalar, dağlar boyda yara vardı.

 

 

28 illik ayrılığın sonu

 

 

Laçın işğal olunanda Qarabağı Ermənistanla birləşdirən dəhliz də ermənilərin əlinə keçdi. Bu, onlara hava-su kimi lazım idi. Bu işğalda 262 nəfər laçınlı şəhid oldu, 67 nəfər itkin düşdü. 48 sənaye və 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı dağıdılıb yerləyeksan olundu. 60 mindən artıq laçınlı odsuz- ocaqsız qaldı.

İyirmi səkkiz il idi ki, beləcə ulu dağlarına boylanıb həsrət çəkə-çəkə dünyasını dəyişən laçınlılar, təəssüf ki, böyük qələbənin şahidi olmadılar. Milli Ordumuzun zəfər yürüşləri ilə düşmən tapdağından azad edilən yerlərə dinclik, əmin-amanlıq gəldiyini görməsələr də, oğul-qızları, nəvə-nəticələri yağıya layiq olduğu cavabı verdiyi üçün, heç şübhəsiz, onların ruhlarını şad edirlər.

Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayardı... Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçının bir tərəfi də Kəlbəcər idi... Vaxtilə Soltan bəyin qarşısında baş əyən erməni qaçaq-quldurlarının törəmələri 28 il idi ki, o yerlərdə "at oynadır”dı!

Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimiz daşnakların əlinə keçdi, talandı. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada min illərin yadigarı olan maddi-mənəvi sərvətlərimiz də bəs deyincən idi. Təəssüflər olsun ki, humanizmin təbliği ilə məşğul olan beynəlxalq təşkilatlar o talanların qarşısını almaq istəmədilər.

Laçından ayrıldığımız ötən illərdə burada ermənilərin məskunlaşdırılması dəfələrlə müzakirə mövzusu olsa da, buna beynəlxalq birlik göz yumdu.

Laçının strateji əhəmiyyətini yaxşı bilən daşnaklar vaxtilə ora dəfələrlə hücum etsələr də, "burunları ovulub”, geri qaçmağı qənimət bilmişdilər. Sultan bəyin ər igidlərinin hər biri bir qaya idi! Bunu daşnaklar 1905-1915-ci illərdə dədə-babaları bu dağlarda qarğa-quzğuna yem olandan bilirdilər. Hər qayası bir igid ərən olan Laçın dağlarına ayaq basmaq istəyən daşnakların son aqibəti məlum idi: "tayqulaq AndronikOzanyan kimi, diz çöküb, yalvarmışdılar. Təəssüf ki, 1992-ci ildə Laçının işğalı Dağlıq Qarabağdakı separatçı rejimə can verdi. "Laçın koridoru” ifadəsi də məhz bu qalalar səltənəti düşmən əsarətinə keçdikdən sonra leksikonumuza daxil oldu.

Bu dalan daşnaklara Ermənistandan Qarabağa daşınmaq və orada möhkəmlənmək üçün strateji əhəmiyyət kəsb edirdi. Buna görə ikiüzlü siyasəti ilə bu gün də Ermənistanın arxasında dayandığını təsdiqləyən himayədarları, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa "Laçın koridorunun əhəmiyyətini birə-min artırırdılar. Guya ki, bu dəhliz olmasa, Dağlıq Qarabağdakı daşnaklar mühasirəyə düşəcəkdi. Beləliklə, işğaldan azad ediləcək beş rayondan söhbət gedəndə Laçınla Kəlbəcərin adı çəkilmirdi.

 

 

Yurdda qalanlar - talan olanlar

 

 

Laçının ərazisindəki maddi mədəniyyət nümunələrimizin hansı səviyyədə olması işğal altında qalan torpaqlarımıza vaxtaşırı səfər edən beynəlxalq faktaraşdırıcı missiyanın üzvlərinə də məlumdur: daşı daş üstə qalmayıb. Tarixin yaddaşı olan abidələr bu yerlərdə saxtalaşdırılıb - erməniləşdirilib. Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal altında qalan maddi mədəniyyət abidələrimizi tamamilə və qəddarlıqla məhv etmişlər. Rayonun yüzlərlə mədəni-məişət obyekti, onlarca qəsəbə, kənd və tarixi abidələri dağıdıldı. İşğal nəticəsində 63 min 341 nəfər Azərbaycan vətəndaşı öz yurdundan didərgin salındı. 300-dən artıq hərbi və mülki şəxs həlak olduya itkin düşdü.

Şuşanın Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən geostrateji mövqeyə malik olan Laçını işğal etməsi ilə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Təbii sərvətlərlə zəngin Laçında Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var idi. Ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), 4457 min ton əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olanistismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, mişardaşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli ərazilərində), 2 əlvan bəzək daşı, vulkan külü yataqları və s. var idi.

Laçındakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da işğal altında qalmaqla məhvə məhkum edildi. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. 1961-ci ilin noyabr ayında yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, dağkeçisi, çöldonuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir növlər olub. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağkeçisi 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda digər vəhşi heyvanlarquş növləri qeydə alınmışdı.

 

 

 

Əsrlərin, minilliklərin şahidləri

 

 

Laçın dağlarında qədim mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) bu torpaqlarda min illər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi.

Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, rayon tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi.

 

 

 

"Ay Allahı” da burada...

 

 

 

Laçında təcavüzə məruz qalanlardan birisaxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsidir. Böyük Vətən müharibəsi iştirakçılarının xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə - "Qala qapısı” (üzərində erməni xaçı) və s. dediklərimizə sübutdur.

Laçın ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə doktoru M.D.Axundov "Qafqaz Albaniyasının stellalarında dini simvolika” və "Dünyanın mənzərəsi” adlı məqalələrində göstərirlər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə işlənilən qadın, güman ki, Ay allahı kimi təsvir olunmuşdur. Göstərilən bu abidə-stella bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədimlərə aiddir. Tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində idi.

Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində idi. Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmiş, məzarı üstündə sərdaba tikilmişdi. Ən ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı sayılırdı.

Həmin kənddə daha iki müqəddəs ocaq var idi: Seyid Hüseyn ziyarətgahı ilə "Güllü qəbir” piri. Həmin pirdə dəfn edilmiş Hacı İbrahim ağa, deyilənlərə görə, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudavəndə Xəlifənin nəvəsi imiş...

 

 

 

Uca dağlar al şəfəqə bürünür

 

 

Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür bir yerdədir. Cicimlidə məbəd, anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə və Piçənisdəki alban məbədləri, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları - Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı, həmçinin Şeyx Şamillə dostluq etmiş Cəbrayıl bəyin, Araflıda Murtuza Sultanın anasının türbələri, Pircahan çayı üzərindəki Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edildi.

Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud olmuş tarixi abidə və məbədlər yalnız adları çəkilənlər deyil. Heyif ki, qalalar, məbədlər diyarında təbii sərvətlər ermənilər tərəfindən vəhşicəsinə talan olundu.

...Lakin Laçın dağları da rəşadətli tarix yazan Milli Ordumuzun müzəffər yürüşləri ilə işğaldan azad edildi. 30 ilə yaxın idi ki, bu dağlara deyirlər, heç yazda da bahar gəlmir, təbiət öz donunu dəyişmirdi...

Budur, payız fəsli olsa da, Ordumuz dağlara da bahar müjdəli Qələbə gətirdi. Məşhur mahnıda deyildiyi kimi, "...uca dağlar al şəfəqə bürünür, hara baxsan, şadlıq, sevinc görünür”... Çünki biz Laçındayıq!

 

Rəhman SALMANLI,

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 12 dekabr.- S.10.