KİMDİR
GÜNAHKAR?!
BİRİNCİ
QARABAĞ MÜHARİBƏSİNDƏN VƏTƏN
MÜHARİBƏSİNƏDƏK KEÇİLƏN YOLA
NƏZƏR
Sanki
hər şey 30 il əvvəlki kimidir:
*
Xalq həmin xalq;
*
Torpaq həmin torpaq;
*
Düşmən həmin düşmən;
*
Havadarları və diasporu olduğu kimi qalır;
*
İddialar və əməllər dəyişməyib.
Əslində
isə hər şey tam dəyişərək bambaşqa
olub.
*
Xalq həmin olsa da, düşüncəsi və əhvali-ruhiyyəsi
dəyişib, gördükləri və yaşadıqları
onu 360 dərəcə çevirərək yetkinləşdirib.
*
Torpaq onda bizim idi, qurulu evlər, xoş və firəvan
yaşayış vardı.
İndi
isə torpağı qaytarmışıq: xaraba
yaşayış məntəqələri, minalanmış
sahələr, təhqir edilərək
dağıdılmış müqəddəs məbədgahlar
yiyəsi olmuşuq.
*
Dəyişməyən düşməndir: faşist xislətli,
yaşadığı yerləri xarabazara çevirən,
öz tutduğu əraziləri xoşluqla boşaltmaq istəməyən.
*
Yenə Ermənistan silahlandırılır, gizli,
dolayısı və açıq şəkildə müdafiə
olunur, beynəlxalq hüquq işləmir, ikili standartlar
hökm sürür, erməni diasporu dəridən-qabıqdan
çıxır.
* Kapitulyasiya sənədinə
qol çəkib işğal ərazilərini tərk edərək
evləri və meşələri yandırır, mal-qaranı
qırır, havadarlarının yaxasını buraxmır,
statusu qaytarmaq üçün məkrli planlar qurur,
Laçın , Kəlbəcər və Şuşanın
"itirilməsi ilə” heç cürə barışmaq istəmir,
düşmənçilik və qisasçılıq niyyətindən
əl çəkmir.
***
Dağlıq
Qarabağ münaqişəsi davam edən dövrdə:
*
20 mindən çox Vətən övladını şəhid
vermişik.
* 100 trilyon
dollardan çox zərərə düşmüşük.
* 1 milyondan
çox vətəndaşımız
30 ildən çox maddi və mənəvi əziyyət
çəkib, bəziləri illərlə qeyri-insani şəraitdə
yaşayıb, minlərlə azərbaycanlı dünyanı
vaxtından əvvəl tərk edib.
* On illərlə
müddətdə "torpağın itirmiş qorxaq millət”
damğası ilə gəzmiş, sıxılmış,
sınmış, gözükölgəli olmuşuq...
İstər-istəməz
özünə sual verirsən:
Bütün
bunlar niyə baş verdi?
Fəlakətdən vaxtında qurtarmaq olardımı?
Ən nəhayət, kimdir müqəssir?
Həm də:
* Biz heç
zaman ermənidən qorxmamışıq, təkbətək
döyüşlərdə həmişə onları məğlub
etmişik.
* Erməni
hücuma keçən kimi kəndləri boşaldıb
qaçmamışıq, Xocalı soyqırımı da
göstərir ki, sona qədər müqavimət göstərmişik.
* Vətən
müharibəsindəki qələbəmiz isə
bütün dünyaya göstərdi ki, biz ən yüksək
səviyyədə müharibə aparmağı da, əlbəyaxa
döyüşlərdə düşməni məhv etməyi
də, ermənini diz çökdürərək təslim sənədinə
qol çəkdirməyi də bacarırıq.
***
Nə vaxtlarsa jurnalistləri kəşfiyyatçılara
bənzədirdilər.
Hadisələri
başqalarına nisbətən daha əvvəl gördüklərinə,
bəzi gizlinlərdən xəbər tuta bildiklərinə
görə!
Bəli, peşə vəzifələrini icra edən
jurnalistlər bəzi hadisələrin şahidinə
çevrilir, yazıları isə qəzet səhifələrində,
arxivlərdə, kitablarda uzun illər boyu "yaşayır”.
Mövzuda qaldırılan məsələləri və
verilən sualları gördüklərim, şahidi
olduqlarım və bildiklərim faktlar əsasında
cavablandırmağa çalışacağam.
27 il bundan
öncə baş verənlərə isə bu günün nəzərləri
ilə baxsam da, həmin dövrdə "Həyat” və
"Azərbaycan” qəzetlərində yazdığım
(müharibə dövrü bu qəzetlərin Qarabağ
bölgəsi üzrə xüsusi müxbiri olmuşam)
yazılardan gətirdiyim parçalardan istifadə edəcəyəm.
Zaman dəyişsə
də, haçansa baş verənlər, deyilənlər, edilənlər
və yazılanlar dəyişməz olaraq qalır!
***
Erməni
heç vaxt öz ağzı ilə hürməyib!
Erməni həmişə marıqda yataraq hücuma
keçməyə fürsət gözləyib.
Erməni
tarixi təbəddülatların sərt dəyişmələrində
bizdən torpaq qoparmağı bacarıb!
Elə öz dövlətini də bizim torpaqların
hesabına yaradıb.
Bəs niyə qırmızı imperiya çökməyə
başlayanda, erməni "miatsum” deyə Dağlıq
Qarabağ Muxtar Vilayətinə yiyə durmağa başlayanda
sayıqlığımızı itirdik?
Axı Ulu
Öndər Heydər Əliyev hadisələr başlayanda Ali
Sovetdə (indiki Milli Məslis - B.S.) çıxış edərək
gözümüzü açmaq istədi, bəlaya
qarşı xüsusi konsepsiya hazırlayaraq onun əsasında
mübarizə aparmağın vacibliyini söylədi! Təəssüf ki, salondakıların bəziləri
ona qulaq asmaq istəmədilər və çox keçmədən
bunun ağrı-acısını yaşadılar.
Doğrudur, sonradan Ulu Öndərimizi Naxçıvandan geriyə
yalvara-yalvara çağırdılar, xaos və anarxiyadan
yalnız onun rəhbərliyi ilə çıxa, problemlərin
yalnız onun göstərdiyi yolla həllinə nail
olacaqlarını dərk etdilər!
Bəlkə
də böyük rəhbəri eşitmədiyimizə
görə Tanrı bizə bu cəzanı verdi!
Hər halda məğlubiyyətimizin səbəbləri
çoxdur və indi, tarixi qələbəni qazandıqdan
sonra bu haqda danışmaq, keçilən yolu təhlil edərək
müəyyən nəticəyə gəlmək
mümkündür.
***
Birinci Qarabağ müharibəsi 22 fevral 1988-ci ildə
başladı. Həmin
gün ağdamlı iki gəncin - Əli və Bəxtiyarın
ermənilər tərəfindən öldürülməsi
ilə ilk şəhidlərimizi verdik!
Qəzəblənmiş kütlə ermənilərin
başına ağıl qoymaq üçün Xankəndiyə
doğru yürüş edirdi. Əsgərana yaxınlaşanda
düşmənin açdığı atəş onun bu
münaqişəyə həm də silahlanaraq
hazırlaşdığını göstərdi.
Həmin
dövrdə Azərbaycana başçılıq edənlər
- Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz
Mütəllibov Moskvanın dediyi ilə durub-oturur, müstəqil
addım atmağa cürət etmirdilər. Mərkəz
isə separatçılıq hərəkətlərinə qəti
yox deməməklə, əslində erməni mövqeyi sərgiləyirdi.
Məsələn, Qorbaçovun Yerevana göndərdiyi
yüksək-çinli emissarlar orada "Dağlıq
Qarabağ Ermənistana veriləcək” söyləyərək
separatçıları qızışdırır, Bakıya
gələnlər isə "Qarabağ Azərbaycanındır”
deyərək bizi arxayınlaşdırırdılar.
SSRİ-ni
dağıtmağa xidmət edən M.Qorbaçovun erməni
diasporunun təşəbbüsü ilə qaldırılan və
"Böyük Ermənistan” sərsəm ideyasına dəstək
verən "miatsum hərəkatı”na hər cürə dəstəyi
vardı (həm də havayı yox). Faktiki olaraq
qırmızı imperiyanın çöküşü
Qarabağ hadisələrindən başladı.
Bütün bu dərinlikləri o dövrdə Azərbaycana
başçılıq edənlər qədərincə dərk
edə, qarşısını ala bilmədilər.
Ulu Öndər Heydər Əliyev isə böyük
siyasətdən kənarda idi.
Bu məqamda "KQB”-nin razılığı ilə
müttəfiq respublikalarda eyni ssenari ilə "xalq cəbhələri”
yaradılmağa başladı. Xalq cəbhələri "demokratiya”
adı ilə etiraz aksiyaları keçirir, idarəetməni
pozur, mitinq və piketlərlə iqtisadiyyatı
çökdürürdülər.
Azərbaycanda da belə "cəbhə” yarandı və
ozamankı Lenin meydanı onların ixtiyarına verildi.
Bu məqamda
bir faktı da qeyd edək: 1988-ci ildə Sovet hökuməti elə
zəif və gücsüz deyildi ki, kimsə, yaxud kimlərsə
onun əleyhinə iş apara, mitinq keçirə, dövlətin
müvafiq strukturları onun qarşısını ala bilməyə!
Üstəlik,
Qazaxıstanın paytaxtı Alma-Atada və 1990-cı ilin 20
yanvarında (buna qədər isə Çexoslovakiya hadisələrində)
hamı açıq-aşkar gördü ki, SSRİ
maraqlarına təhlükə gördüyü məqamda
utanıb-çəkinmədən dinc əhaliyə
qarşı zor tətbiq edir, hətta belə halda ordunun da
gücündən istifadə edir!
Əgər 1988-ci illərin mitinqlərində güc tətbiq
olunmayıbsa, faktın özü dövlətin buna gizli
razılığının təsdiqidir.
Xalqın meydana çıxma səbəbi isə
demokratiya və aşkarlıqla, hətta "yenidənqurma”
ilə bağlı deyildi.
İnsanlar mərkəzin ədalətsizliyinə, ermənilərin
separatçı hərəkətlərinə, Ermənistan və
Dağlıq Qarabağ ərazisindəki kəndlərdən
azərbaycanlıların zorla qovulub
çıxarılmasına etirazlarını bildirir, qəzəblərini
ifadə edirdilər.
Azərbaycan Xalq Cəbhəsi yarananda onun tərkibi əsasən
uğursuzlardan ibarət idi. Xalqın sevdiyi, hörmət etdiyi
ağıllı elm adamları, ziyalılar aşkarda o qədər
də görünmürdülər. Sonralar
onları müxtəlif üsul və vasitələrlə bu
qurumdan kənarlaşdırdılar.
Əsasən Elmlər Akademiyasının bazasında
yaranmışdı. Bir qədər keçmiş "uğursuz laborantlar”,
"müdafiə edə bilməyən çoxillik
aspirantlar” aparıcı qüvvəyə çevrildilər.
İqtidara gələndə dövlətdə
"əsas postları” belələri tutdu. "Yağlı vəzifə” ala bilməyənlər
isə AXC-dən qoparaq müstəqil partiya yaratdılar,
müxalifətə keçdilər.
"Meydan hərəkatı” 20 Yanvar faciəsindən
sonra Ulu Öndər Heydər Əliyevin təsiri ilə
milli-azadlıq hərəkatına çevrildi.
Lakin AXC milli
azadlıq hərəkatının gücündən və
dalğalarından istifadə edərək hakimiyyətə gəlməklə
əslində bu hərəkatı gözdən saldı,
iqtidarda olduğu qısa bir dövrdə torpaqların
işğalına, bir milyondan çox qaçqın və məcburi
köçkün ordusunun yaranmasına, ölkədə xaos,
anarxiya və özbaşınalığın baş alıb
getməsinə, iqtisadiyyatın dağılmasına səbəb
oldu!
Hətta
xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər
Əliyev yenidən ölkə rəhbərliyinə
qayıtmasaydı, Azərbaycan bir dövlət kimi məhv
olaraq əvvəlki tək kiçik xanlıqlara
parçalanacaqdı!
1992-ci ilin martında Bakıda parlament çevrilişi
yolu ilə A. Mütəllibovun hakimiyyətdən qovulması
və AXC-nin iqtidara gəlməsi prosesində
Şuşanı və Laçını müdafiə edən
bir sıra hərbçilərin və zirehli texnikanın
paytaxta gətirilməsi torpaqların müdafiəsini pozdu.
AXC-nin səriştəsiz iqtidarı isə erməni
separatçılarının qalibiyyətinə münbit
şərait yaratdı.
Aralıqda
itirən xalq, işğala məruz qalan isə ərazilərimiz
oldu!
Həmin dövrlərdə Qarabağdan Bakıya,
Bakıdan isə Qarabağa baxanda görünən nə idi?
Qarabağlılar
Bakıya baxanda gördülər ki, qorxaq və qətiyyətsiz
A.Mütəllibov iqtidardan qovuldu, onun yerinə gələnlər
isə:
* Prezident
Ə. Elçibəy və baş nazir Pənah Hüseynov nəinki
ömürləri boyu 3-5 işçisi olan bir "JEK”-ə
müdirlik etməyiblər, heç "elmlər namizədi”
dissertasiyasının da müdafiəsini bacarmayıblar;
* Dövlət
katibi Əli Kərimli BDU-nun Hüquq fakültəsini bitirsə
də, ən böyük vəzifəsi müxalifət qəzetinin
şöbə müdirliyi olub;
* Xarici
işlər naziri Tofiq Qasımov diplomatiyadan xəbərsiz, bu
sahədə bir gün də işləməyən, heç
bir dil bilməyən fizika müəllimidir.
* Daxili
işlər naziri İsgəndər Həmidov keçmiş
"OBXSS” işçisi (indi elə qurum və vəzifə
yoxdur) olmaqla fəaliyyəti dövründə jurnalistləri
döyüb maşının "bağajına” basmaq, tənqidi
məqaləni zorla müəllifinə yedirtmək,
Rusiyanın ölkədəki səfirinin "başına
bir güllə çaxacağı” ilə hədələmək,
Azərbaycanda "atom bombası” olduğunu söyləməklə
gündəmi zəbt edirdi.
* Müdafiə
naziri Rəhim Qazıyev xəyanətkar, Rusiyanın
ozamankı müdafiə naziri Şapoşnikovun "dostu”,
Şuşanın işğalından sonra "başına
güllə çaxmaq” vədinə əməl etməyə
kişiliyi çatmayan ortabab riyaziyyat müəllimiydi.
* Bu
iqtidarın torpaqları müdafiə üçün
yaratdığı ordu küçələrdən
yığılaraq əllərinə avtomat verilib
döyüşə göndərilən gənclərdən,
yaxud həbsxanalardan buraxılaraq silahlandırılan
keçmiş məhkumlardan ibarət idi.
İqtidarda
olduqları on bir ay ərzində gördükləri işlərin
hesabatını isə 25 may 1993-cü ildə verdilər.
Bu barədə
bir qədər sonra...
O vaxtlar
Qarabağda yaşayanlar nə görür, nə söyləyir,
nə istəyirdilər?!
Bununla
bağlı həmin dövrdə cəbhə bölgəsində
yaşayan və çalışan hərbi müxbir kimi
öz yazılarıma istinad edirəm: "Bu matəm
sonuncudurmu?” məqaləsindən:
* "İki
yüz min azərbaycanlı Ermənistandan qovulanda, yolda
öldürülüb qırılanda yas tutmağı
heç ağlımıza da gətirmədik.
"Rəhbər”lərdən heç kim
bu barədə dinib-danışmadı. "Milli ədavəti
qızışdırmamaq”, "Bakıda sabitliyi pozmamaq”,
"emosiyaları coşdurmamaq” üçün öz qəzetlərimizdə
bu mövzuda "kəskin yazmaq” qadağan edilmişdi. "Daimi yaşayış yerini müvəqqəti
tərk etmiş şəxslər” - qeyrətimiz bu ifadəyə
çatırdı. "Köçkün”,
"didərgin”, nəhayət, sonradan "qaçqın”
sözünü işlətməyə icazə verdilər.
Özümüz belə, özgələrinin
isə vecinə də gəlmirdi ki, azərbaycanlılar zorla
qovularaq ata-baba yurdlarından çıxarılır. Bunu açıb-ağartmaq onlara sərf eləmirdi.
Beləliklə, indi cidd-cəhdlə yarmaq istədiyimiz
informasiya blokadasını ən əvvəl özümüz
yaratdıq özümüz üçün” ("Həyat” qəzeti,
3 mart, 1992-ci il).
* "Ən çox narahatlıq doğuran Əsgəran
əməliyyatının baş tutmamasıdır. Əsgəran vaxtında
alınsaydı, Xocalı faciəsi baş verməz, növbəti
dəfə matəm saxlamazdıq. Görəsən
Ağdamdakı silahlı dəstələrin birləşməsinə
mane olan hansı gözəgörünməz qüvvədir?
Niyə milli müdafiə qüvvələrinin
döyüş hazırlığı yüksəldilmir?
Bu gün Qarabağa bütün respublika maddi
yardım göstərir (bəzən yardımın lazım
olan yerə çatmaması başqa söhbətin mövzusudur).
Ev-eşiyini, hər cür azuqəsini
itirmiş adamlar üçün bu, son dərəcə qiymətlidir.
Bəs nə vaxt Qarabağ bütün
respublikadan HƏRBİ YARDIM görəcək? Axı Qarabağ Azərbaycanın bir
parçasıdır və əslində müharibə Azərbaycan
uğrunda gedir” (yenə orada).
"Azərbaycan”
qəzetinin 28 iyul 1993-cü il nömrəsində
dərc edilmiş "Müharibə ya qeyrətlə udulur,
ya siyasətlə” yazımdan iki iqtibas:
* "Dörd ildə altı müdafiə naziri dəyişmişik,
bizə qarşı kimlərin
döyüşdüyünü bilsək də, öz tərəfimizdən
müharibənin aparılmasını qeyri-peşəkarlara,
hərbi işdən xəbəri olmayanlara etibar etmişik. Heç görün bu qədər
generalı və Milli Qəhrəmanı olan xalq da bu qədər
torpaq itirər? Kim vicdanına, qeyrətinə
and içib ki, Qarabağı azad edəcək -
inanmışıq. Kim Qurana əl basıb ki, buranı
düşmənə verməyəcəyik - etibar etmişik! Özümüzdən çox başqalarına
arxayınıq, istəyirik ki, kimsə bizim yerimizə gəlib
düşməni məhv edib getsin. Biz də
azad və suveren respublikamızda "kresloları” bölək!
Unuduruq ki, hərənin öz niyyəti, öz məqsədi
var! Ən qüdrətli dövlətlər belə
iki cəbhədə müharibə apara bilməyiblər.
O vaxt Almaniyanı məğlub etmək üçün
müttəfiqlər birləşərək ikinci cəbhəni
açmışdılar.
Azərbaycan
isə beş ildir ki, iki cəbhədə
vuruşur. Bakıda hakimiyyət uğrunda,
Qarabağda isə torpaq uğrunda "ağır
döyüşlər” gedir.
Bakı öz "havası” ilə nəfəs alıb
yaşayır, Qarabağ isə od-alovun pəncəsində
çapalayır. "Özfəaliyyət qaydasında” gedən bu
müharibədə xalqın ən qeyrətli və mərd
oğulları həlak olur”.
("Qeyrət
və xəyanət” kitabı, səh.107-108)
* "Torpağı yad əllərə keçən, əsirlikdə
yüzlərlə oğlu-qızı zillət çəkən,
ev-eşiyini itirərək yaşamaq üçün
heç nəyi olmayan bir xalqın küçələrdə
demokratiya tələb etməsi gülüncdür!
İndi bütün siyasi partiyalar, cəmiyyət və
hərəkatlar birləşib xalqı fəlakətdən
qurtarmaq yollarını tapmaq əvəzinə hakimiyyətdən
"öz paylarını” umurlar. İmperiyalar dağılsalar da,
imperiyanı sevən qüvvələr yaşayırlar və
onu yenidən başqa formada bərpa etmək üçün
fürsət gəzirlər!” (yenə
orada, səh. 109)
Ən nəhayət,
daha iki sitat:
Biri
1994-cü ildə Bakıda, "Şərq-Qərb” nəşriyyatında
çıxan "Qeyrət və xəyanət” adlı
kitabımdandır:
*
"Müharibənin başlandığı vaxtdan beş ildən
artıq müddət keçsə də, onun dövlət səviyyəsində
aparılması qətiyyən hiss olunmur.
"Qarabağın xilası” - adı altında gündə
bir siyasi partiya, hərəkat peyda olur. Müharibənin
maliyyələşdirilməsində xalqa, ayrı-ayrı
pullulara istinad edilir. Yaxud
"Laçını laçınlılar”,
"Şuşanı şuşalılar” və s. müdafiə,
yaxud azad etməlidir fikrinə rəvac verilir. Dəstəbazlıq, mənəm-mənəmlik
azarı sağalmaq bilmir. "Qarabağ
kartı” ilə vəzifəyə gəlmək, siyasi kapital
toplamaq istəyənlərin sayı və iştahası
günbəgün artır. Xalq isə
bundan əziyyət, olmazın məşəqqət çəkir.
Nə qədər ağrılı və
acınacaqlı olsa da, etiraf etməliyik ki, respublikada yeni bir
zümrə - qaşqınlar ordusu yaranmışdır”.
(səh.113)
İkincisi isə
"Azərbaycan” qəzetinin 21 avqust 1993-cü il
nömrəsində dərc olunmuş "Sən kimsən,
qaçqın?!” adlı məqalədəndir:
* "Neyləməli, bizim xalq sadə qəlbli olub,
unutqan olub, inanan olub! Amma qeyrətsizliyi özünə
sığışdırmayıb. Bu
inanmağının və qəlbigenişliyinin altını
çəkməliydi. Elə çəkdi də! Ağıllı başçısı, uzaqgörən
siyasətçisi olmadı. Siyasət aləmində ağ və qara rəngdən özgə
çalarları seçmədi. Şirin
nağıllara, dadlı xülyalara uydu. Elə
bildi ki, meydanda yığışıb "A-zad-lıq!”
deyib bağırmaqla azadlıq olur. Pərdə
arxasındakı personajları, onların məkrli niyyətlərini
irəlicədən görüb anlamadı. Bir də uydu "şirin-şəkər” nemətə”
- vəzifə ehtirası, kreslo davası hər şeyi
unutdurdu ona! Hətta Vətənin
bütövlüyünü, torpaqların müqəddəsliyini
də! İtirilən hər parça torpaq kimlər
üçünsə "böyük kresloya doğru” bir
addımı əvəz etdi. Vəzifə ehtirası
alovlanıb gurladıqca, Vətən "kiçildi”, torpaq
daraldıqca, sənin sayın, həmdərdlərin artdı,
çoxaldı...”
Bu, xalqın həmin dövrün ictimai-siyasi, hərbi
müstəvidə baş verən hadisələrinə və
Azərbaycana başçılıq edənlərə verdikləri
qiymətdir.
Bəs ölkədə idarəsizlik və xaos
yaranmasında, torpaqların müdafiəsinin pozulmasında,
diletant və xəyanətkar insanın müharibə
dövründə müdafiə naziri təyin edilməsində
birbaşa rolu və məsuliyyəti olan AXC iqtidarının
komandası (komandanın hər bir üzvünün işinə
və əməlinə onun rəhbəri birbaşa cavabdehlik
daşıyır) özü-özünə hansı qiyməti
verib?
Bunu
1993-cü ilin məşhur may konfransında "rəhbər
şəxslərin” özlərinin etirafından öyrənmək,
zənnimizcə, daha doğru olar.
İndi isə
özünəqiymətə nəzər salaq:
Prezident
Əbülfəz ELÇİBƏY:
"Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər
oğurlanan maldan gözətçinin xəbəri yoxdursa,
demək, gözətçinin orada əli var. Burada milis
orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə
orqanıdır. Burada oturan orqanların əli
həmin cinayətdə var”.
***
"Rüşvət
alanda milyonlarla dollar alırsınız, alırsan heç
olmasa yüz minlərlə al, beş manat al, insafla al”
***
"Biz, doğrudan da, dövlətimizi itirəcəyik. İtirməyəcəyik,
bu dövlət yenə də bir vaxt yaşayacaq. Amma biz qanın içində gedəcəyik”.
***
Dövlət
katibi Əli KƏRİMLİ:
"Xalqın böyük narazılığına səbəb
olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın
baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq
elə bir vüsət alıb ki, dövlət əmlakının
açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni
yollarla xaricə satılması, həmin vəsaitin xaricdə
saxlanılması və bir sözlə, dövlət əmlakının
talan edilməsi adicə hala çevrilib”.
***
"İqtisadiyyatın bütün sahələrində
cinayətkarlıq iri miqyas alıb və hətta
ayrı-ayrı cinayət faktları göstərir ki,
hüquq mühafizə orqanlarının da müəyyən
vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət
orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr
formalaşmaqdadır”.
***
"Bu gün Azərbaycanın maddi sərvətləri
qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə
iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər
maddi sərvətləri sərhəddən
qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına
sarsıdıcı zərbə vurur”.
***
"Respublikada
bütövlükdə nəinki qan
unçuluq, hətta
icra intizamı xeyli dərəcədə
aşağıdır. Prezident fərman və sərəncamlarının
icrası qənaətbəxş səviyyədə deyil.
Bəzən elə ab-hava yaradırıq ki,
qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya
ilə eyniləşdirilir. Çox təəssüf
ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə
istənilən nəticəni vermir. Qarşıya qoyulan
nəticəyə nail olunmur”.
***
Baş
prokuror İxtiyar ŞİRİNOV:
"Respublikada mafioz qüvvələr get-gedə
güclənməkdə, baş qaldırmaqdadır. Belə qüvvələr
müxtəlif fırıldaqla dövlət əmlakını
çapıb talayır, iqtisadiyyata böyük zərbə
vururlar. Bakı, Gəncə, Sumqayıt və digər
şəhərlərdə böyük mafiya fəaliyyət
göstərir”.
***
"1991-ci
illə müqayisədə indi qeydə alınan cinayətlərin
sayı böyük sürətlə - 43,8 faiz artaraq 22450
hadisəyə çatmış, ağır cinayətlərin
sayı isə iki dəfədən çox artmış və
6009 belə cinayət hadisəsi qeydə
alınmışdır”.
***
"Cinayət işlərinin qeydiyyatdan gizlədilməsi
halları müəyyən edilmişdir. Qanunsuzluqların nəticəsidir ki,
banditizmin 98, qəsdən adamöldürmənin 55,2, zorlamanın 52, dövlət əmlakının
mənimsənilməsinin 61,8, soyğunçuluğun
79,7,quldurluğun 81,4 faizi açılmamış
qalmışdır. Bu, prokuror nəzarətinin
zəif olması deməkdir”.
***
"Respublikamızda rüşvətxorluğun belə
tüğyan etməsi, bu cür baş alıb getməsi
hüquq mühafizə orqanlarının özünün həmin
hallara şərait yaratması nəticəsində baş
vermişdi. Dövlət aparatında, hüquq mühafizə
orqanları arasında rüşvətxorlar həddindən
artıq çoxdur. Bunu açıq qeyd
etmək lazımdır və biz hələ də belələrinə
qarşı mübarizə aparmaqda zəiflik göstəririk.
Nə qədər ki, dövlət aparatında
sağlam əhvali-ruhiyyə yaratmamışıq, nə qədər
ki, dövlət aparatında, o cümlədən hüquq
mühafizə orqanlarında rüşvətxorları
ifşa edib kənarlaşdırmamışıq, belə
şərait davam edəcəkdir. Dövlət
aparatı özü iflic vəziyyətindədir, daha
doğrusu, özü rüşvətxorluqla məşğul
olur. Ona görə də rüşvətxorluqla
məşğul olan dövlət aparatı rüşvətxorluqla
mübarizə apara bilməz və biz bu məsələnin həllini
dövlətdən başlamalıyıq”.
***
Daxili işlər
naziri Abdulla ABDULLAYEV:
"Cinayətkar
əlaqələrin zorakılığı və qəddarlığı
güclənir, silahlı formalarda cinayətkar terrorizm
yayılır, iqtisadi sahələrin kriminallaşması davam
edir, mütəşəkkil cinayətkarlığın və
korrupsiyanın kriminal-siyasi təhlükəsi
böyüyür...
***
Ədliyyə
naziri İlyas İSMAYILOV:
"Cinayətkarlar öz içimizdədir. Ona görə də onun
dağıdıcı qüvvəsi çox
böyükdür. Ümumiyyətlə isə,
ölkədəki cinayətkarlıqla bağlı mübarizədə
biz heç nə edə bilməmişik. Cinayətkarlıq
bizim fəaliyyətimizi üstələyir, bu, çox
acı gerçəklikdir”.
***
"Hakimiyyətimiz dövründə rüşvətxorluq
kommunistlərin dövründəkindən dəfələrlə
çoxalıb. Bu, faktdır. Vəzifəli
şəxslər içərisində təmizləmə
aparılmalıdır”.
***
"İqtisadi sahədə böyük
dağıntılar gedir. Guya ki, apardığımız
"mübarizə” ilə əslində cinayətkarları
cinayətlərə daha da həvəsləndiririk. Məhkəmələr, doğrudan da, işləmir.
Bu sistemdə yoxlama aparmışıq, adamı
dəhşət bürüyür. Adi fakt: məhkəmə
prosesi olmadan hökm çıxardırlar. Bu, ən
böyük biabırçılıqdır”.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hər
dəfə yaşayış məntəqələrindən
biri düşmən işğalından azad olunanda xalqa
müraciət edirdi.
Bu müraciətdə xalqımıza şad xəbərin
çatdırılmasının nikbin notları və təbriklə
yanaşı, dərin təhlil və qiymətləndirmələr
də olurdu.
Belə qiymətləndirmədən biri
xalqımızın bu bəlaya düşməsində və
torpaqların itirilməsində özünəməxsus
"xidmətləri” olan AXC – Müsavat cütlüyü
iqtidarının fəaliyyəti ilə bağlı idi.
Beləliklə,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa 25
noyabr 2020-ci il tarixli müraciətindən
parçalar:
* "İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər
ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı
bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi
yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş
adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə
heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə
rəhbərlik etməmişdilər. Onlar
ölkəni, xüsusilə böhranlı vəziyyətdə
olan ölkəni necə idarə edə bilərdilər?
Amma onların vəzifə hərisliyi,
tamahı, iştahası, görməmişliyi Azərbaycanı
bax, bu vəziyyətə gətirib çıxardı.
* "Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi
ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini
doldursunlar, öz yaxın adamlarını vəzifələrə
təyin etsinlər və öz hakimiyyətinin
ömrünü uzatsınlar”.
* "Kəlbəcər rayonunun işğal altına
düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan
Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə
torpaqlarımızın işğal altına düşməsində
əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz
yollarla hakimiyyətə gəlməsəydilər, əgər
dövlət çevrilişi etməsəydilər, bəlkə
də torpaqlarımız işğal altına düşməyə
bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə
ola bilərdi, nə olmaya bilərdi demək
çox çətindir. Ancaq hər halda
torpaqlarımızın işğal altına düşməsində
onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti
onlar daşıyır”.
*"Onlardan hansı idarəçilik gözləmək
olardı?! Onlardan
hansı vətənpərvərlik gözləmək
olardı?! Hansı peşəkarlıq
gözləmək olardı?! Xarici işlər
naziri. Heç bir dildə bilməyən təsadüfi
bir adam, fizika müəllimi. Hansı ki,
ümumiyyətlə, başa düşmürdü xarici
münasibətlər nədir, beynəlxalq norma,
prinsiplər nədir? Sadəcə olaraq, turist
kimi ora-bura gedirdi və ağzına gələni
danışırdı. Müdafiə
naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi
müdafiə naziri ola bilərmi? Məhz
bu riyaziyyat müəllimi Şuşanı düşmənə
təhvil verdi. Deyirdi ki, Şuşa
əldən gedərsə, başıma bir güllə
vuracağam. Bu günə qədər
orada-burada sülənir. Şuşanı
biz qaytarmışıq, biz. Siz
satmısınız onu, xalq xainləri. Daxili
işlər naziri. Quldurluq baş alıb
gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü,
canlı efirdə maşınların yük yerinə
atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin
rəhbərləri”.
* "Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi
adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz
yollarla qəsb etdilər və ölkəmizi uçuruma
apardılar”.
* "Bilməyənlər bilsinlər və gənc nəsil
bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır?
Kim bir milyon insanın ağır vəziyyətə
düşməsinin səbəbkarıdır? Ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti.
Əslində, indi paralel aparsaq, onların obrazı elə bil
kollektiv Paşinyandır - savadsız, biliksiz, idarəsiz,
qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi
olmayan, xarici dairələrin təsiri altında olan,
onların əli ilə idarə olunan və öz ölkəsini
məhv edən. Bax, kollektiv Paşinyandır
onlar. Onları tanımayanlar, əgər
onlar haqqında hər hansı bir təsəvvür yaratmaq
istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun
simasında ovaxtkı Azərbaycan Xalq Cəbhəsinin və
ölkə rəhbərliyinin simasını görəcəklər”.
***
Bütün
Azərbaycan xalqının və Azərbaycanı yaxından
tanıyanların yekdil bir qənaəti var: Əgər Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi dövründə
Azərbaycana Ulu Öndər Heydər Əliyev rəhbərlik
etsəydi, nə vəziyyət gəlib bu həddə
çatar, nə bu qədər ərazi itirilər, nə də
bir belə şəhid verərdik!
Bəli, müdrik və uzaqgörən rəhbər, təcrübəli,
iradəli və qətiyyətli, nüfuzlu, ən nəhayət,
xalqın sevdiyi rəhbər xalqını və dövlətini
tarixin sınaqlı dövrlərində bəlalardan
qurtarmağa qadirdir.
Təsadüfi şəxslərin hakimiyyətə gəlməsi
isə çox zaman faciə və fəlakətlə nəticələnir.
İnsanlar zülm və əzab çəkir, evsiz,
işsiz, çörəksiz, ümidsiz qalır.
Dədə-baba torpaqlarından qovularaq düzlərə
düşür, düşmənə qalan evləri isə
yandırılıb - dağıdılaraq xarabazara
çevrilir.
Ağdam Qarabağın mərkəzi, ən çox əhalisi
olan rayonu, varlı-imkanlı yaşayış məntəqəsi
idi. Bu müharibənin insanlara
vurduğu maddi və mənəvi zərbələri onun
timsalında daha aydın görmək mümkündür.
22 fevral
2015-ci ildə Ağdamın düşmən
işğalından sonra salındığı ağır
durumu ürək ağrısı ilə yazıb "Azərbaycan”
qəzetində dərc etdirdiyim "Ruhlar şəhərinin
sakinləri” yazısını yenidən diqqətinizə təqdim
edirəm:
Bu şəhər
o şəhərlərdən deyil!
Həm də o şəhərlərə bənzəyir.
Küçələri
və səkiləri...
Evləri,
meydanları, parkları...
Bazar və
mağazaları...
Məktəbləri,
uşaq bağçaları...
Qəbiristanlığı...
Hər
şey var!
Amma
küçələr dağılıb, səkiləri ot basıb...
Evləri və
meydanları boşdur, parklarındakı ağaclar çoxdan
quruyub, həyətlərdə adam boyundan
uca qanqal, alaq otları bitib.
Bazarda, meydan
və mağazalarda ins-cins gözə dəymir, mal alıb,
mal satan görünmür.
Məktəbləri
və bağçaları uşaq səsinə həsrət
qalıb...
Daha qəbiristanlıqlarda "Yasin” oxunmur!
Bura
Ağdamdır!..
Bura ruhlar
şəhəridir!..
***
Ruhlara
işıq və istilik gərək deyil!
Heç
sökülüb dağıdılmış, xaraba
qalmış evlərdə işıq yandırıb ocaq
qalamaq da mümkün deyil!
Ruhlar yemək
yemirlər!
Odur ki, bir zamanlar qaynayıb daşan, hətta "atom
bombası belə satmağa” qadir olan Ağdam bazarına,
bütün günü dolub-boşalan mağazalara ehtiyac
yoxdur!
Məktəblilər böyüyüb
döyüşçüyə, şəhidə, məcburi
köçkünə, uşaqlar isə qaçqın şəhərciklərindəki
yeni məktəblərdə oxuyan şagirdlərə
çevriliblər.
Təkcə ölülərin "Yasin”ə ehtiyacı
var!
Onlar Allah kəlamını
eşitməkçün darıxırlar!
Bu
aclığı isə yalnız ulu Tanrı özü, Onun
sözü dəf edə bilər!
Ona yalvaraq!
***
Ruhlar şəhərinin
öz qanunları var!
Bu qanunlar
pozulmazdır!
Ruhlar bu şəhərin
hüdudlarını tərk edə bilməzlər!
Ruhlar
gördüklərini yadda saxlayır və heç zaman
unutmurlar!
Sonradan bu
şəhərin həndəvərinə gələrək
bu yolda şəhid olanların ruhları da burada qalır!
Ruhlar
qocalmırlar, güllə və mərmidən qorxmurlar!
Onlar insan bədənini
tərk etdikləri vaxt necədirlərsə, eləcə də
qalırlar!
Özlərinə xas tərzdə sevinir, kədərlənir
və ağrıyırlar.
Eşidir,
görür, qiymətləndirirlər!
Bunların
arasında uşaq, qoca, qadın və keçmiş
döyüşçülər var...
Şəhid
sayıldıqlarından onlara əzab-əziyyət verilmir!
Onları bura
bağlayan Vətən sevgisi, torpaq məhəbbətidir! Elə bilirlər ki, ruhlar şəhərinin
hüdudlarını tərk etsələr, ermənilər həmişəlik
bura yiyələnəcəklər. Odur ki, gecə-gündüz
ayıq-sayıqdırlar!
Düşmən
ruhlar buralara gələ, dolaşa bilməz! Burada
güc silahla, kimin "arxalı” olması ilə
ölçülmür!
***
Ruhun
gücü onun müqəddəs dəyərlərə
tapınmağındadır!..
Ruhun
gücü onun torpağın əzəli və əbədi
sahibi olmasındadır!
Ruhun
gücü onun ədalətə və Tanrının
böyüklüyünə, gec-tez haqlını müdafiə
edəcəyinə inamındadır!
***
RUHLARIN
KƏDƏRİ VAR!
Onların ailə üzvləri respublikanın
bütün kənd və şəhərlərinə səpələniblər. Uzun müddət əziyyət və
ehtiyac çəkiblər...
Çadırda,
şəraitsiz yerlərdə yaşayıb, işsiz
qalıblar...
İndi hər şey axarına düşüb. Övladları təhsil
alıb, ailə qurub.
İndi dövlətin tikdirib təmir etdirdiyi evlərdə
və mənzillərdə yaşayırlar.
Artıq hər şeyləri var.
Təkcə
torpaq həsrəti çəkirlər!
Ruhlar qoyub
getdikləri doğmalarını və əzizlərini daim
görə bilmədiklərinə görə kədərlənirlər...
***
RUHLAR
AĞRIYIRLAR!
Onların gözəl və abad şəhərləri,
topdağıtmaz evləri xaraba və kimsəsiz qalıb.
Yadlar gəlib
evləri talan edib daşıyır, dəmirini,
daşını, taxtasını dinini və Allahını
unudanlara satırlar!
Məscidlər
dağıdılır, tarixi abidələr məhv edilir!
Bura gələn
başqa millətin nümayəndələri nədənsə
gördüklərini yox, onlara deyilənləri yazıb yayırlar!
Burada torpaqlar əkilmir, bağlar becərilmir.
Düşmən
düşmənliyini davam etdirir!
***
RUHLARIN
TƏSƏLLİSİ DƏ VAR!
Düşmən
burada məskunlaşmağa qorxur!
Bilir ki, bu
torpaq onunku deyil və haçansa yiyəsi gəlib ona sahib
duracaq!
Heç
düşmən istəsə də, məskunlaşmaq
imkanı yoxdur!
Əvvəla, sayı azdır və azalmaqda davam edir.
İkincisi,
tikib qurmaq, abadlaşdırmaq onun xislətinə xas deyil!
Üçüncüsü, əkib-becərməyə,
tikib-qurmağa imkanı və vəsaiti yoxdur.
Erməni bayquş kimi xarabalıq sevir.
Ermənidə vətən hissi yoxdur, harada yaxşı
yaşasa, oranı özünə "vətən”
seçir.
***
RUHLAR
SEVİNƏ BİLİRLƏR
Cəbhə
xəttinin o tayında məskunlaşan, tikib-quran, əkib-becərən,
düşmənə meydan oxuyan həmkəndlilərini
görəndə!
Hər dəfə
Azərbaycanın Mübariz İbrahimov və Fərid Əhmədov
kimi igidlərinin təmas xəttini keçərək
düşmən hərbçilərini gəbərtdiklərinin
şahidinə çevriləndə!
Düşmən
cəbhə xəttində təxribat törədərək
vahimə yaratmaq istəyəndə özü ciddi tələfata
uğradılaraq onlarca əsgəri leş-leşə
söykənəndə!
Azərbaycan
hərbçisi tərəfindən erməni vertolyotu vurularaq
keçirdikləri təlim gülünc vəziyyətə
salınmaqla burnu ovulanda!
Ruhlar
nikbindirlər, ruhlar ümidlərini itirmirlər!
Ruhlar xaraba
şəhərləri, dağıdılmış qəbiristanlıqları
tərk etmək niyyətində deyillər!
Ruhlar tezliklə
şəhərə qayıdacağımıza və onu yenidən,
əvvəlkindən də yaxşı tikib
quracağımıza inanırlar!..
***
Hərb dahisi
Napoleonun maraqlı bir fikri var: "Sərkərdəsi şir
olan qoyun sürüsü hər şeyə qadirdir. Sərkərdəsi qoyun olan şir dəstəsi
heç nədir!”
Azərbaycan
20 min övladını şəhid versə də,
torpaqlarını qoruya bilmədi!
Müxtəlif millətləri təmsil edən
özünümüdafiə batalyonlarının və hərbi
birləşmələrinin üzvləri şir kimi
döyüşsələr də, canlarını qurban versələr
də, istəklərinə çata bilmədilər.
Çünki bu orduya səriştəsizlər,
naşılar, şəxsi maraqlarını hər şeydən
üstün tutanlar başçılıq edirdilər.
Təqsir məğlub
orduda yox, onu qələbəyə çatdıra bilməyən
başçılarda idi!
Bəli, xalq
həmin xalqdı!
Düşmən
həmin düşməndi!
Onun
havadarları yenə müdafiəsindədir!
Müdafiə
mövqeləri isə ötən 30 ildə qat-qat gücləndirilmişdi!
Azərbaycan Ordusunda da yenə həmin cəngavər
oğullar döyüşürlər.
Şir kimi,
canlarını və qanlarını əsirgəmədən!
Amma bu dəfə
qalib gəldilər!
Şərəfli
qələbə qazandılar!
Düşməni
diz çökdürdülər, torpaqlarımızdan
qovdular!
Çünki
Sərkərdəmiz də Aslan idi!
Xalqını,
dövlətini, torpağını və əsgərini sevən
əsl rəhbər!
Belə Ali
Baş Komandanla fəxr etməyə dəyər!
Torpağı
azad edərək ərazi bütövlüyünü bərpa
etdi!
Azərbaycan
Ordusunu bütün dünyada şöhrətləndirdi!
Xalqın üzərindən "məğlub”
damğasını sildi!
"Məcburi
köçkün” adını tarixin arxivinə verdi!
Azərbaycan
vətəndaşını ən böyük istəyinə,
ən müqəddəs arzusuna çatdırdı!
Eşq
olsun belə Sərkərdəyə, Rəhbərə,
Prezidentə!
İndi
hamımız ona qoşularaq birlikdə və bir səslə,
sevinc və vüqarla ucadan deyirik:
Qarabağ
bizimdir!
Qarabağ
Azərbaycandır!
Bəxtiyar
SADIQOV
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1-3.