Milli Məclisin plenar
iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsi
birinci oxunuşda qəbul olunub
Dekabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, dünənki iclasda gündəliyin birinci məsələsinin, yəni “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanıldı. İndi isə həmin müzakirələr davam etdiriləcək. Spiker deyib ki, büdcə zərfinə daxil olan qanun layihələri ardıcıl surətdə müzakirə edilərək axırda hamısı sıra ilə səsə qoyulacaq.
Məsələ ətrafında çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, Sadiq Qurbanov, deputatlardan Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Razi Nurullayev, İlham Məmmədov, Tahir Kərimli, Soltan Məmmədov, Elnur Allahverdiyev, Malik Həsənov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva, Səttar Möhbalıyev, Azay Quliyev, Rauf Əliyev, Aydın Hüseynov, Rəşad Mahmudov, Etibar Əliyev 2021-ci ilin büdcə layihəsini yüksək qiymətləndirib, sənədin peşəkarlıqla hazırlandığını bildiriblər. Qeyd olunub ki, növbəti ilin büdcəsində sosialyönümlülük saxlanılıb. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, ölkənin müdafiə məsələləri, ordu quruculuğu, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması sahələrinə də lazımi diqqət yetirilib. İşğaldan azad olunan rayonların infrastrukturunun bərpasına geniş yer ayrılıb. Layihədə ölkəmizin iqtisadi uğurları və perspektiv imkanları nəzərə alınıb. Millət vəkilləri 2021-ci ilin dövlət büdcəsini Qələbə büdcəsi kimi dəyərləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsidir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı (birinci oxunuş) çıxışında diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin prioritet istiqamətidir. Müzakirəyə təqdim olunan qanun layihəsi də bu niyyəti rəhbər tutaraq tərtib edilib. Qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb. Azərbaycan Respublikasının Hesablama Palatası qanunu ətraflı təhlil edib, barəsində müsbət rəy verib.
Fondun 2021-ci il üçün gəlir və xərcləri
bərabər olmaqla 5 146 030 160,0 manat məbləğində
proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə
nisbətən 361,134 milyon manat, və ya 7,55 faiz çoxdur.
Fondun gəlirlərinin 68,4 faizi məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar, 31,6 faizi isə
dövlət büdcəsindən transfer hesabına təmin
ediləcək. Məcburi dövlət sosial sığorta
haqları üzrə daxilolmaların 61,59 faizi və yaxud 2
milyard 157 milyon manatı qeyri-büdcə sektorunun payına düşür.
Büdcədən maliyyələşən təşkilatlar
tərəfindən ödəniləcək məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmaların
proqnozu 1 milyard 345,43 milyon manat təşkil edir. 2021-ci ildə dövlət büdcəsindən
transfertin məbləği 1 milyard 631 milyon 530 min manat nəzərdə
tutulub. Büdcədən maliyyələşən təşkilatlar
tərəfindən ödəniləcək məcburi dövlət
sosial sığorta haqları üzrə daxilolmaların cari
ilə nisbətən az, büdcə
transfertinin isə cari ilə nisbətən yüksək
proqnozlaşdırılmasını koronavirus
pandemiyasının iqtisadi fəallığa göstərə
biləcəyi mənfi təsirləri nəzərə almaqla
ehtiyatlı büdcə siyasəti kimi izah etmək olar.
Qeyd edilib
ki, 2021-ci ildə Fondun xərclərinin əsas istiqamətlərini
əhaliyə əmək pensiyalarının və məcburi
dövlət sosial sığorta haqları hesabına
müavinətləri üzrə ödənişlər, o
cümlədən əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə, hamiləliyə və doğuma
görə, uşağın anadan olmasına görə, 3
yaşına çatanadək uşaqlara qulluqla əlaqədar,
dəfn üçün xərclər, habelə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə
sığortaolunanların sanatoriya-kurort müalicəsi və
sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi üzrə ödənişlər, pensiya və
müavinətlər üzrə bank əməliyyatlarının
aparılması üzrə xərclər, Dövlət Sosial
Müdafiə Fondunun mərkəzi aparatının və onun
yerli orqanlarının, habelə DOST agentliyinin əhaliyə
sosial sahədə xidmətinin təşkili üzrə fəaliyyətinin
xərcləri təşkil edir.
Fondun
növbəti ilə proqnozlaşdırılan ümumi xərclərinin
97,26 faizini əhaliyə ödənişlər
təşkil edəcək. Bu məbləğin 4 milyard 880
milyon 40 min manatı əmək pensiyaları, 124,74 milyon
manatı isə məcburi dövlət sosial sığorta
haqları hesabına verilən müavinətlər
hesabına təmin ediləcək. Əmək
pensiyalarının sığorta hissəsinin
artırılması üçün 338 milyon manat məbləğində
vəsait nəzərdə tutulub. Aparılan
uğurlu sosial siyasət nəticəsində əmək
pensiyalarının orta aylıq məbləği ilbəil
artır. 2019-cu ildə bu məbləğ 263,59 manat,
2020-ci ilin birinci yarımilliyində 297,85 manat təşkil
edib, 2020-ci ilin sonunda 301,1 manata çatması, 2021-ci ildə
338,89 manat təşkil edəcəyi
proqnozlaşdırılır.
Bildirilib ki, qanun layihəsi qanunvericiliyin tələblərinə
uyğun hazırlanıb, sosial və büdcə siyasətinin
ümumi məqsədlərinə, Azərbaycan
Respublikasının büdcə sisteminin prinsiplərinə
müvafiqdir və növbəti ildə vətəndaşların
sosial rifahının yaxşılaşdırılması
üçün etibarlı təminat yaradacaq.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi
haqqında” qanun layihəsi barədə palatanın rəyini təqdim
edib. Bildirilib ki, qanun layihəsi “Büdcə sistemi
haqqında” Qanunun tələblərinə uyğun şəkildə
tərtib edilib. Sənəddə əks
etdirilmiş gəlir və xərclərin strukturu “Sosial
sığorta haqqında” Qanunda müəyyən edilmiş
istiqamətlərə uyğundur. Qeyd
edilib ki, dövlət büdcəsindən ayrılan transfertin
məbləği 2021-ci ilin dövlət büdcəsinin
müvafiq parametrlərinə uyğundur. Növbəti il üçün Fondun büdcəsinin layihəsi
üzrə parametrlərin təhlili göstərir ki, 2021-ci
ildə nəzərdə tutulan tədbirlərin icra müddəti
cari ildə bitməli olan pensiya konsepsiyası üzrə tədbirlərin
məntiqi davam etdiriləcəyinə imkan verir ki, bu da
müsbət addım olaraq qiymətləndirilməlidir.
Diqqətə
çatdırılıb ki, Fondun gəlirləri, cari illə
müqayisədə 7,6 faiz çox olmaqla
proqnozlaşdırılıb. Bu, indiyədək
Fondun gəlirlərinin ən böyük göstəricisidir.
Növbəti ildə Fondun xərclərinin əsas
hissəsinin əhaliyə ödənişlərə yönəldilməsi
nəzərdə tutulub. Pensiyanın
ödənilməsi xərclərinin son illərdə
artım meyli də həmin xərclərin ümumi daxili məhsulun
xüsusi çəkisinə təsir göstərir.
Cari və növbəti illər üzrə pensiyanın orta
aylıq məbləği üzrə artım dinamikası
müvafiq olaraq 14,2 faiz və 9,3 faiz səviyyəsində
qiymətləndirilir.
Bildirilib ki, Fondun xərclərinin bir istiqaməti də
müavinətlərin ödənilməsi ilə
bağlıdır. Qanun layihəsinə əsasən 2021-ci ildə məcburi
dövlət sosial sığorta haqları üzrə ödənilən
müavinətlərin maliyyələşdirilməsi
üçün Fondun ümumi xərclərinin 2,4 faizi qədər vəsait nəzərdə
tutulub. Məcburi dövlət sosial
sığorta haqları üzrə ödənilən müavinətlərin
maliyyələşdirilməsi üçün nəzərdə
tutulan vəsaitin 23 faiz artırılması
proqnozlaşdırılıb.
Sonda Palatanın sədri sənəddə dövlət
öhdəliklərinin konkret müəyyənləşdirilməsinin
məqsədəmüvafiqliyini qeyd edib.
İclasda
iştirak edən əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev çıxışında bildirib ki, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi, hər bir
ölkə vətəndaşının layiqli həyat səviyyəsinin
təmin edilməsi və sosial rifah halının
yaxşılaşdırılması ölkə
başçısı tərəfindən həyata
keçirilən siyasətin əsas prioritetidir. Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar
proqramına uyğun olaraq əhalinin sosial müdafiəsi və
sosial inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilir. Dövlət Sosial
Müdafiə Fondunun 2021-ci il üzrə gəlirləri 5
milyard 146 milyon manat nəzərdə tutulub ki, bu da 2020-ci ilin
gəlirlərindən 361 milyon manat və ya 8 faiz çoxdur.
Fondun 2021-ci il üçün gəlirlərinin 68 faizi və
ya 3,5 milyard manatını məcburi
dövlət sosial sığorta haqları hesabına
daxilolmalar proqnozlaşdırılır. Büdcədən
maliyyələşən təşkilatlar üzrə
daxilolmalar 1 milyard 345 milyon manat, qeyri-büdcə təşkilatları
üzrə isə 2 milyard 157 milyon manat
proqnozlaşdırılır.
Fondun
növbəti il üzrə xərcləri
balanslaşdırılmış şəkildə 5 milyard 146
milyon məbləğində müəyyən edilib. Xərclərin 97 faizi və ya 5 milyard manatı əhaliyə
ödənişlərin payına düşür. Bu məbləğin
4,9 milyard manatı əmək
pensiyaları, 123 milyon manatı isə sosial sığorta
hesabına verilən müavinətlərin payına
düşür. 2021-ci il üzrə əmək
pensiyalarının maliyyələşdirilməsi
üçün ayrılan vəsait 2020-ci illə müqayisədə
337 milyon manat və ya 7 faiz artımla nəzərdə tutulub.
Növbəti il üçün
pensiyaların orta məbləği 338 manat, yaşa görə
pensiyaların isə orta məbləği 370 manat
proqnozlaşdırılır. Bu, cari ildəki
ödənişlərdən 13 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, Prezidentin fərmanı
ilə Fond yenidən təşkil olunaraq publik-hüquqi şəxs
statusunda yaradılıb. Bu, sosial sahədə inzibati idarəçilik
modelindən vətəndaşlara xidmət modelinə
keçidin təmin edilməsi, əhaliyə göstərilən
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş
məmnuniyyəti prinsipinin rəhbər tutulması məqsədi
ilə həyata keçirilən struktur islahatıdır.
Bu xidmət modeli DOST mərkəzlərinin timsalında bir ildən
çoxdur ki, tətbiq olunur və öz səmərəliliyini
sübut edib.
Çıxışının sonunda Sahib Babayev
müzakirələr zamanı deputatlar tərəfindən
qaldırılan məsələlərə münasibət
bildirib.
Müzakirələrdə
komitə sədrləri Siyavuş Novruzov, Qənirə
Paşayeva, deputatlardan Azər Badamov, Musa Qasımlı,
Əli Məsimli, Məlahət İbrahimqızı, Razi
Nurullayev Fondun fəaliyyəti ilə bağlı öz fikirlərini
səsləndiriblər.
Sonra əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi
haqqında” qanun layihəsi barədə (birinci oxunuş) məlumat
verib.
Bildirilib ki, fondun 2021-ci il büdcəsinin
gəlirləri və xərcləri bərabər olaraq 157 769
146 manat məbləğində nəzərdə tutulub.
Büdcə gəlirləri cari ildəkinə nisbətən
4,3 faiz, xərcləri isə 10,4 faiz
çox olacaq. Layihəyə əsasən, ilin
sonuna İşsizlikdən Sığorta Fondunun (o cümlədən,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) aparatının və digər struktur
bölmələrinin) hesablarında ilin sonuna qalan vəsait
növbəti ilin xərclərinin maliyyələşdirilməsinə
yönəldilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev bildirib ki, İşsizlikdən Sığorta
Fondunun növbəti ildə fəaliyyəti məhz məşğulluq
sahəsində cari və növbəti islahatların həyata
keçirilməsinə yönələcək. Özünüməşğulluq
proqramı 16 mindən artıq ailəni əhatə edəcək.
Müzakirələrdə deputatlar Razi Nurullayev, Fəzail
Ağamalı və Aydın Hüseynov məsələyə
münasibət bildiriblər.
Sonra “Azərbaycan Respublikasında 2021-ci il
üçün yaşayış minimumu haqqında” qanun layihəsi
barədə (birinci oxunuş) iqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat
verib. Bildirib
ki, 2021-ci il üçün
yaşayış minimumunun müxtəlif sosial qruplar üzrə
yuxarı həddinin artırılması təklif olunur. Belə
ki, növbəti ildə ölkə üzrə
yaşayış minimumu 190 manatdan 196 manata, əmək
qabiliyyətli əhali üçün 201 manatdan 207 manata,
pensiyaçılar üçün 157 manatdan 162 manata,
uşaqlar üçün 170 manatdan 175 manata
qaldırılması planlaşdırılır.
İclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədr müavini Əli Məsimli məsələyə
dair öz fikirlərini bildirib.
Sonra əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev “Azərbaycan Respublikasında 2021-ci il
üçün ehtiyac meyarının həddi haqqında”
qanun layihəsi barədə (birinci oxunuş)
danışıb. Qeyd edilib ki, ehtiyac meyarı ünvanlı sosial
yardımı təyin etmək üçün hər il dövlət büdcəsi təsdiq olunarkən
müəyyən edilən bir həddir. Qanunvericiliyə
görə ilbəil bu hədd yaşayış minimumuna
yaxınlaşmalıdır, sonra isə biz artıq bundan
istifadə etməyəcəyik. Bu göstərici cari
ildəkinə nisbətən, gələn il daha 10 manat və
yaxud 6,2 faiz artaraq, gələn il üçün ehtiyac
meyarı 170 manat məbləğində nəzərdə
tutulur.
İclasda daha sonra "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə (birinci oxunuş) qanun layihəsi barədə
iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Tahir Mirkişili məlumat verib. Dəyişikliyə əsasən,
“Sosial təminatı və müdafiəni həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) büdcəsi”nin
adının dəyişdirilərək "Dövlət
Sosial Müdafiə Fondunun büdcəsi"
adlandırılmasını nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondu dövlətin
mülkiyyətində olan, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
idarəçiliyi həyata keçirilən dövlət
büdcəsindən kənar müstəqil büdcəyə
malik olan məqsədli dövlət maliyyə fondudur.
Qeyd edilib ki, “Sosial müdafiə sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında" Azərbaycan Respublikası
Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı
ilə Dövlət Sosial Müdafiə Fondunun “İcra hakimiyyəti
orqanı” statusu dəyişdirilərək “Publik hüquqi
şəxs”ə çevrildiyindən qanuna müvafiq dəyişiklik
təklif olunur.
Komitə sədri deputat Tahir Kərimli məsələ
barədə səsləndirdiyi fikirlərə də
aydınlıq gətirib.
Sonra əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev mahiyyətcə bir-birinə yaxın olan növbəti
üç məsələni birinci oxunuşda təqdim edib. Bildirilib ki, “Sosial
sığorta haqqında” Qanunda “Sosial təminatı və
müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
büdcəsi”nin adının dəyişdirilərək
“Dövlət Sosial Müdafiə Fondunun büdcəsi”
adlandırılması nəzərdə tutulur.
“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə əsasən,
qanunun 19-cu maddəsi ləğv edilir. Həmin maddədə
əks olunmuş pensiya əlavələrinin ləğv edilərək
mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
ilə birləşdirilməsi təklif olunur. Belə
ki, bu maddədə nəzərdə tutulan şəxslərin
əksər hissəsi (Azərbaycanın Milli Qəhrəmanlarının,
şəhid ailələrinin üzvləri, müharibə əlilləri,
Böyük Vətən müharibəsi
iştirakçıları, I dərəcə əlilliyi olan
şəxslər və sair) Azərbaycan Respublikası
Prezidentinin təqaüdləri ilə əhatə olunur və
bu pensiya əlavələrinin ləğv edilərək,
Prezident təqaüdlərinin artırılması həmin
pensiya və Prezident təqaüdləri alan şəxslərin
sosial rifahının yaxşılaşdırılmasına təsir
edəcək, eyni zamanda, bu növ sosial təyinatların elektron
icrasını sürətləndirəcəkdir. Prezident təqaüdü ilə əhatə olunmayan
şəxslər üzrə isə yeni təqaüdlərin
təsis olunması nəzərdə tutulur. Eyni zamanda, bu maddədə nəzərdə tutulan
şəxslər Prezident təqaüdü ilə
yanaşı hüquqları yarandığı halda aylıq əsasda
sosial müavinət və ya əmək pensiyası da
alacaqlar.
Növbəti dəyişikliyə görə,
sığorta davamiyyəti əmsalı əlilliyə görə
əmək pensiyası üçün tələb olunan
sığorta stajı aylarının sayının 200-ə
olan nisbəti şəklində müəyyənləşdiriləcək. Hazırda
qüvvədə olan mətndə ayların sayı 192-dir. Bu
II və III qrup əlillərə əlilliyə görə əmək
pensiyası təyinatı zamanı pensiya kapitalı tələbinin
bir qədər də yumşaldılmasına və pensiya məbləğinin
yüksəlməsinə gətirib çıxaracaq.
Qanuna edilən
başqa bir dəyişikliyə əsasən, e-pensiya təyinatı
sisteminin tətbiqi ilə fərdi şəxsi hesabında
kapitalı olan şəxslərə 25 il
staj amnistiyasının qüvvədə olma müddətinin
2023-cü ilin yanvarın 1-dək uzadılması təklif
edilir. Həmin tarixdən sonra isə bu müddət hər il 1 il azaldılmaqla tətbiq ediləcək.
Qeyd edilib ki, qanunun 39.2-ci maddəsində əmək
pensiyasından tutulmalı olan məbləğin maksimal məbləği
(20 faiz) göstərilsə də, minimal məbləğ
göstərilmədiyindən bəzi hallarda hətta məhkəmə
qərarları ilə pensiya məbləğlərindən
kifayət qədər kiçik məbləğlərin
tutulmasına gətirib çıxarır. DSMF büdcəsinin
maliyyə dayanıqlılığının təmin edilməsi,
eləcə də vətəndaşa əsassız ödənilmiş
məbləğlərin mümkün qədər tez büdcəyə
bərpa edilməsi üçün tutulmanın minimum məbləğinin
10 faiz olması təklif edilib.
Musa Quliyev “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik
edilməsi barədə sənədi təqdim edərək
qeyd edib ki, layihə sosial müavinətlərin məbləğlərinin
optimallaşdırılması və növlərinin
unifikasiya edilməsi istiqamətində son illərdə
aparılan islahatların davamı olaraq hazırlanıb. Qanuna əsasən, bəzi
kateqoriya şəxslərin uşaqlarına (şəhid
uşaqlarına, müharibə, 1990-cı il
20 Yanvar və Çernobıl AES əlillərinin
uşaqlarına) sosial müavinətlər ödənilir ki,
həmin müavinətlər 2021-ci il yanvarın 1-dən ləğv
edilərək, onun məbləği müvafiq kateqoriya
üzrə şəxslər üçün Azərbaycan
Respublikası Prezidentinin təyin etdiyi təqaüdlərin
artırılması yolu ilə həmin təqaüdün məbləğində
nəzərə alınacaq. Bununla da
ayrı-ayrı həssas kateqoriyalar üzrə sosial təminatların
daha aydın və unifikasiya olunmuş şəkildə onlara
çatdırılması, eləcə də qanunvericiliyin
daha da sadələşdirilməsi təmin ediləcək.
Sonra iclasda büdcə zərfinə daxil olan sənədlər
ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul
edilib.
Daha sonra
iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası təqdim
edilib. Sənədi təqdim edən Milli Məclisin işlər
müdiri Firudin Hacıyev bildirib ki, Milli Məclisin və
parlament Aparatının 2021-ci il üçün xərclər
smetasının layihəsi qanunvericilikdə nəzərdə
tutulmuş qaydalara uyğun olaraq, ştat cədvəlləri,
inzibati binaların mühəndis qurğularına xidmət
göstərən təşkilatlarla bağlanmış
müqavilələr və proqnozlar əsasında tərtib
edilib. Dövlət büdcəsində Milli Məclis və
onun Aparatının saxlanılması üçün 42
milyon 270 min 400 manat vəsait nəzərdə tutulub. Xərclər
smetasının ümumi dəyərinin 81,6
faizini əməkhaqqı fondu və əməkhaqqı ilə
əlaqədar ayırmalar təşkil edir. Nəzərə
çatdırılıb ki, VI çağırış
Milli Məclisin deputatlarının xidməti otaqları
kompüter dəstləri ilə və tələb olunan digər
ləvazimatlarla təmin edilib. Bu işlər
bu gün də davam etdirilir. İnzibati
binaların bütün mərtəbələrində foyelərdə
bir mərkəzdən idarə olunan videonəzarət və
wi-fi sistemləri, həmçinin müasir tələblərə
cavab verən server otağı avadanlıqlar təchiz edilərək
istismara verilib. Qeyd edilib ki, Milli Məclisdə
elektron sənəd dövriyyəsi və elektron kadr
uçotu dövlət informasiya sisteminin yaradılması ilə
əlaqədar olaraq xüsusi avadanlıqların alınaraq
quraşdırılması nəzərdə tutulur. Parlamentin inzibati binalarında, iclas salonlarında, həyətyanı
sahədə, avtoparkda cari təmir işləri mütəmadi
olaraq davam etdirilir.
Komitə sədri Siyavuş Novruzov Milli Məclisin xərclər
smetası ilə bağlı öz fikirlərini söyləyib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2021-ci il üçün xərclər smetasını təqdim edib. Bildirilib ki, xərclər smetasında təqribən 9,1 milyon manat həcmində vəsait nəzərdə tutulub. Bu, cari ilin büdcəsindən 3 faiz çoxdur. Nəzərdə tutulan vəsaitin bir hissəsi icbari tibbi sığorta ilə bağlı 2021-ci ilin dövlət büdcəsinə tutulma ilə əlaqədardır. Vəsaitin 92,2 faizi əməyin ödənilməsi ilə bağlı xərclərə sərf ediləcək. Nəzərdə tutulmuş vəsait Palatanın növbəti il üçün funksional fəaliyyətini təmin etmək üçün kifayət qədər maliyyə təminatı verir.
Daha sonra “Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Milli Məclis sədrinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, müvafiq komitələrin birgə iclasında ikinci oxunuş zamanı parlamentdə təmsil olunan partiya təmsilçiləri tərəfindən sənədə irad bildirilməyib.
İclasda qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, müharibə şəraiti dövründə, ondan sonrakı dövrdə də adı çəkilən nazirliyin əməkdaşları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Bu medalın təsis olunması Azərbaycanın orden və medallarına yeni bir töhfə olacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin iclası başa çatıb.
Azərbaycan.-2020.-
26 dekabr.- S.2.