Paşinyanın öz
komandası da ona etimad göstərmir
Ermənistanın müharibədə məğlubiyyəti,
eləcə də ölkənin sosial-iqtisadi
vəziyyətinin daha
da ağırlaşması
baş nazir N.Paşinyanın reytinqini
aşağı salıb.
Hətta öz komandasının üzvləri
belə artıq ona etimad göstərmirlər.
Elə buna görə də Paşinyan qeyri-sabit daxili siyasi vəziyyətin uzun sürə bilməyəcəyini başa
düşərək "Mənim
addımım” fraksiyasından
olan bir qrup deputatla görüşü zamanı
etimad referendumunun keçirilməsi məsələsini
müzakirə edib.
"4rd.am”
saytının yazdığı
xəbərə görə,
referendumda ictimai qarşıdurmanı aradan
qaldırmaq üçün
bir vasitə olaraq baş nazirə etimad məsələsi gündəmə
gətiriləcək. Lakin
Paşinyanın tərəfdarları
referendumun uğursuz ola biləcəyindən ehtiyat etdikləri üçün əvəzində
erkən parlament seçkilərinin qısa
müddətdə keçirilməsini
təklif edirlər. Sayt yazır ki, ölkədə daxili siyasi gərginlik
səngiməsə, seçkilərin
bir neçə aya keçirilməsi mümkündür. Vəziyyət
sabitləşərsə, seçkilər
başqa tarixdə keçirilə bilər.
Məhz belə vəziyyətdə
iqtisadi problemlər içində boğulan Ermənistan əhalisi Paşinyan hökumətinə
etibar etmir. Xüsusilə müharibədə
məğlubiyyət Ermənistanda
kütləvi narazılığı
daha da artırıb.
Paşinyana qarşı
çıxanların sayının
sürətlə artdığı
müşahidə edilib.
Elə bu günlərdə keçirilən rəy sorğusu da baş nazirin nüfuzunun daha sürətlə aşağı
düşdüyünü növbəti dəfə göstərib.
Gallup Beynəlxalq Assosiasiyasının
Ermənistandakı ofisinin
nümayəndəsi Aram
Navasardiyan bildirib ki, Ermənistan vətəndaşlarının təxminən 50 faizi baş nazir Nikol Paşinyanın istefasını tələb
edir. Vurğulayıb ki, respondentlərin 45,3 faizi Paşinyanın istefasını dəstəkləyib,
37,8 faizi onun vəzifəsini davam etdirməli olduğunu bildirib, 16,9 faizi cavab verməkdə çətinlik çəkib.
Navasardiyanın sözlərinə görə,
respondentlərin 28,8 faizi
birmənalı olaraq ölkədə növbədənkənar
parlament seçkilərinin
keçirilməsini istəyir.
16,9 faizi isə buna kifayət qədər ehtiyac olduğunu bildirib. Bundan əlavə, anket iştirakçılarının
14,3 faizi erkən seçkilərin lazımsız
olduğuna inanır və 27,2 faizi birmənalı olaraq erkən seçkilərin
keçirilməsinə qarşı
çıxıb. Qeyd
olunub ki, sorğuya əsasən, respondentlərin 41,5 faizi baş nazir tərəfindən təklif
olunan "yol xəritəsi” ilə tanışdır, 56,3 faizi
isə bu barədə məlumatlı
deyil.
Mövcud vəziyyətdən keçmiş
hərbi xunta da öz məqsədlərini
güdür. Onlar yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünür.
Müharibədki məğlubiyyətdən
sonra Ermənistanın
sabiq rəhbərləri
baş nazirə qarşı daha şiddətli hücuma keçiblər. Keçmiş
prezident, hərbi cinayətkar Robert Koçaryan "5-ci kanal”a
müsahibəsində deyib
ki, baş nazir Paşinyanın siması Qarabağ müharibəsində ölkənin
biabırçı məğlubiyyətinin
rəmzidir. Qeyd edib ki, təslim
sənədinə imza
atan, məğlub olan hakimiyyət xalq naminə dəyişdirilməlidir. "Paşinyan hər dəfə peyda olanda, hər ekranda görünəndə
və ya "Facebook”da nəsə yazanda itirən bir millət olduğumuzu göstərir.Erməni
xalqını və dövlətini bu yükdən azad etmək üçün Paşinyan, sadəcə, getməlidir ki, insanlar özlərini məğlub hiss etməsinlər”, - deyə
o bildirib.
Sabiq
prezident İkinci Qarabağ müharibəsi
haqda danışarkən
deyib ki, ordu rəhbərliyi oktyabrın əvvəlində
birbaşa Nikol Paşinyanın göstərişi
ilə cənub cəbhəsində hərbi
əməliyyatla bağlı
qərar qəbul etdi, hansı ki, bu, o zaman
effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi. O vurğulayıb ki, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat
idi. Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri darmadağın edildi: "Biz elə bir yol
seçdik ki, o, faciəyə aparırdı.
Azərbaycan Ordusu cəbhəni yararaq 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın
sayəsində Hadrut,
Qubadlı, Zəngilan,
Xudafərin və s. ərazilərə gəlib
çıxdı. Azərbaycan
niyə barışığa
razılıq vermirdi?
Çünki ordusu hər gün irəliləyirdi. Uğur
qazanan heç bir tərəf isə atəşkəsə
razı olmaz”.
Koçaryan onu da əlavə
edib ki, bundan sonra səmərəli
müdafiəni təmin
edə biləcək döyüş qabiliyyətli
bölmələr yox
idi.
Ermənistanda vəziyyəti ağırlaşdıran
digər bir cəhət isə işsizlik səviyyəsinin
durmadan yüksəlməsidir.
Araşdırmalara görə,
əmək qabiliyyəti
olan əhalinin yarıya qədəri hazırda işsizdir. Dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir.
Böhran nəticəsində
kütləvi şəkildə
işdən çıxarılma
halları vəziyyəti
daha da ağırlaşdıracaq.
O da vurğulanır ki, tədbir görülməsə, anarxiya
artacaq, Ermənistanda cinayətkarlığın baş
alıb getməsi dövrü başlanacaq.
Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət
qədər çətin
günlər gözlədiyini
deməyə əsas verir. İstər siyasi, istər iqtisadi sferada gərginlik durmadan artacaq.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1; 8.