Dünya ölkələri Azərbaycanın təşəbbüslərini
dəstəklədi
Bu il martın 11-də Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) koronavirusu pandemiya
elan etdi. İndiyədək dünya
ölkələri bu qlobal bəlaya qarşı mübarizə
aparmaqdadır. ÜST dünyada
qeydə alınan koronavirusa yoluxma hallarının ötən
hər həftə ərzində təxminən
4 milyon artdığını
açıqlayıb. Milyon
yarıma yaxın insan bu xəstəlik
səbəbindən vəfat
edib. Yüz min nəfərdən çox koronavirus xəstəsinin vəziyyəti
isə ağır qiymətləndirilir.
Qlobal bəlanın kabus kimi Yer kürəsini
dolaşdığı bir
zamanda dünyanın qabaqcıl ölkələri
ondan qurtulmaq üçün çıxış
yolları axtarır. Dekabrın 3-də Nyu Yorkda BMT Baş Assambleyasının koronavirus
xəstəliyi - COVID-19-la mübarizəyə
həsr edilən xüsusi sessiyası keçirilib. Azərbaycan
Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev sessiyada videoformatda çıxış edib.
Dövlət başçısı
Qoşulmama Hərəkatının
üzvü olan 120 dövlət adından çıxış etməkdən
şərəf duyduğunu
bildirib.
Prezident
İlham Əliyev aktual qlobal məsələlərə
və çağırışlara
cavab vermək üçün çoxtərəfli
mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz
bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını
təəssüf hissi
ilə diqqətə çatdırıb. Vurğulayıb ki, həmin narahatlıqlar BMT
Nizamnaməsinin və
"Dayanıqlı İnkişaf
üzrə 2030 Gündəliyi”nin
təməlində duran
beynəlxalq əməkdaşlıq
dəyərlərinə kollektiv
sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir. Azərbaycan Prezidenti deyib: "Bunun
bariz nümunəsi Qoşulmama Hərəkatı
tərəfindən irəli
sürülmüş BMT Baş
Assambleyasının COVID-19 pandemiyasına qarşı
xüsusi sessiyasının
keçirilməsi təşəbbüsünə
BMT-nin üzv dövlətlərinin böyük
dəstəyidir. Digər
məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının
üzv dövlətlərinin
möhtəşəm uğurudur.
Çünki biz bu il
həm də beynəlxalq əməkdaşlığın
təşviqini özündə
ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının
65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə
verdikləri dəstəyə
görə mən Hərəkat adından
BMT-nin üzv dövlətlərinə və
Baş Assambleyanın
Sədrinə səmimi
təşəkkürümüzü bildirmək istərdim”.
COVID-19
bütün dünyada
çoxsaylı insan tələfatı ilə nəticələnib. Həyatımızın
bütün sahələrində
onun dərin izlərini, zərbələrini
görürük. Pandemiya
səhiyyə, ictimai,
iqtisadi və maliyyə sahələrində
fəsadlara yol açıb. Koronavirusun yaratdığı böhran
cəmiyyətlərə, iqtisadiyyata,
qlobal ticarət və səyahətə böyük zərər vurub, insanların yaşayışına sarsıdıcı
təsir göstərib.
Bu faktları nəzərə çatdıran
Prezident İlham Əliyev 2020-ci il ərzində dünya ictimaiyyətinin müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşdiyini vurğulayıb.
Dünyanın ağır
problemlərlə qarşı-qarşıya
dayandığı bu
ildə dövlətimiz
bir çox tədbirlər həyata keçirib. Dövlət başçısı qeyd edib ki,
pandemiyanın misli görünməmiş universal
fəsadlarının aradan
qaldırılması üçün
qlobal səylərə
töhfə vermək
və Qoşulmama Hərəkatına üzv
dövlətlərə operativ,
adekvat və əhatəli yardımın
göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının
sədri qismində
2020-ci il mayın
4-də
Qoşulmama Hərəkatının
COVID-19-a qarşı Təmas
Qrupunun onlayn Zirvə görüşünü
təşkil edib. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə
mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının
üzv dövlətlərinin
əsas humanitar, tibbi ehtiyac və
tələblərinə dair
məlumat bazasının
yaradılması üçün
işçi qrupun təsis edilməsi qərarına gəliblər.
Prezident
İlham Əliyev pandemiya ilə bağlı tədbirlərin
görülməsi zamanı
Ümumdünya Səhiyyə
Təşkilatının Qoşulmama
Hərəkatına üzv
dövlətlərin mövcud
ehtiyaclarının müəyyənləşdirilməsi
üçün Hərəkatın
məlumat bazasını
istinad mənbələrindən
biri kimi istifadə etdiyini diqqətə çatdırıb.
Vurğulayıb ki, Qoşulmama Hərəkatı
BMT sisteminin COVID-19 ilə
mübarizədə fəaliyyətini
yüksək qiymətləndirir.
O qeyd edib: "Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin
fəaliyyətinə rəhbərlik
edən, onun əməliyyatlarının davamlılığını
təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla
mübarizədə beynəlxalq
ictimaiyyət tərəfindən
təsirli tədbirlərin
görülməsi üçün
təlimatların verilməsi,
təlimlərin və
avadanlıq, konkret xilasetmə xidmətlərinin
təşkili sahəsində
Ümumdünya Səhiyyə
Təşkilatının
və onun rəhbərliyinin mühüm
rolunu tam şəkildə dəstəkləyir”.
Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev çıxışında bir
çox vacib məqamlara da diqqətləri çəkib.
Bildirib ki, pandemiya istər
inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə
zəiflikləri və
bərabərsizliyi aşkara
çıxararaq onları
daha da kəskinləşdirib,
habelə yoxsulluğu
dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini
daha da ağırlaşdırıb.
Pandemiya ən yoxsul və zəif vəziyyətdə
olan ölkələrə
daha çox zərbə vurub. "Həmçinin narahatlıq
hissi ilə onu da qeyd
etmək istərdik ki, pandemiya ədalətli
və bərabərhüquqlu
dünya nizamına nail olmaq üçün
mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə
Bakıda keçirilmiş
18-ci Zirvə toplantısında
da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf
etməkdə olan ölkələrin əksəriyyətində
resurs qıtlığı
və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri
və inkişaf etmiş ölkələrin
kifayət qədər
əməkdaşlıq etməməsi,
onların bəziləri
tərəfindən birtərəfli
və məcburedici tədbirlərin tətbiqi,
habelə gücdən
istifadə və ya gücdən istifadə ilə hədələmə və
digərlərindən ibarətdir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Bütün koronaviruslu xəstələr
üçün müalicənin
əlçatan olması,
bu ağır bəlanı dəf etmək qüvvəsinə
malik vaksinlərin hazırlanması indi ən zəruri məsələlərdir.
Uzaqgörən
siyasətçi, müdrik dövlət
başçısı İlham Əliyev qeyd edib ki, beynəlxalq
ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq,
həmrəylik və insan hüquqlarına hörmət əsasında
COVID-19-un fəsadlarının aradan qaldırılması və
indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq
üçün strategiyalar hazırlaya bilər.
Azərbaycan
Prezidenti, Qoşulmama Hərəkatının sədri
İlham Əliyev çıxışının sonunda bu
Xüsusi Sessiyanın beynəlxalq əməkdaşlıq və
multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və
gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin
vurğulanması kimi geniş məqsədlərə xidmət
edəcəyini bildirib.
Xüsusi
Sessiyada pandemiyaya qarşı mübarizədə
üzv dövlətlərin
üzləşdiyi çağırışlar
nəzərdən keçirilib
və üzv dövlətlər, müşahidəçi
dövlətlər BMT-nin
aidiyyəti agentlikləri,
qurumları və digər maraqlı tərəflər arasında
açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir
mübadiləsi aparılıb.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan. - 2020.- 6 dekabr.- S.1; 7.