Qəhrəmanlar
yurdu işğaldan azad edildi
Azərbaycan xalqının
öz qəhrəman övladlarını unutması, hətta
yeni nəsillərin onları heç tanımamaları
üçün sovet hakimiyyəti çox
çalışdı. Kimilərinsə adını çəkmək
yasaq edildi, kimiləri isə yanlış tanıtdı. Sultan
bəy Sultanov da Azərbaycanın belə qəhrəmanlarından
biri idi.
Əslən indiki Laçın
rayonunun Kürdhacı kəndindən olan Əlipaşa bəyin
oğlu idi Sultan bəy. 1871-ci ildə dünyaya gəldiyi bu kəndin
ilk adı Qurdgəzi olub. Əvvəlcə çar
Rusiyasının yeritdiyi milli ayrı-seçkilik siyasətinə
uyğun olaraq məqsədli şəkildə Qurdgəzi
(Qurdqajı) kəndi
Kürdhacı adlandırılıb. Sonradan bolşevik
hökuməti qurulduqda bu adla da sənədləşdirilib.
Mahalın
sayılıb-seçilən, sözünün üstünə
söz deyilməyən ağsaqqallarından olan Əlipaşa
bəy oğluna öz ana babası Əsəd Sultanın
adını verib. Ancaq hamı onu Sultan bəy
çağırıb. Elə tariximizdə də
bu adla qalıb. Əsilzadə atasından mərdanəliyi,
sözübütövlüyü, səxavəti, yurdsevərliyi
görüb-götürüb Sultan bəy.
Övladlarının tərbiyəsi ilə ciddi məşğul
olan Əlipaşa bəy onların mükəmməl təhsil
almalarının da qayğısına qalıb. Sultan bəy
ilk təhsilini elə öz obalarında, molla Xudaverdi
Tanrıverdidən alıb. Atası bir neçə il sonra onu
Şuşa şəhərində, qəza məktəbinə
yazdırıb. Daha sonra Sultan bəy təhsilini Gəncə
şəhərində gimnaziyada davam etdirib. Ali təhsil almaq
üçün isə Sankt-Peterburq şəhərinə
yollanıb. Həmin şəhərdə Hərbi Akademiyaya
daxil olsa da onu tamamlamayıb. Laçına dönüb.
Bu
o dövr idi ki, çar Rusiyası siyasi
iğtişaşların cəngində idi. İmperiyanın əksər
ərazilərində olduğu kimi, Azərbaycanda da inqilabi hərəkat
genişlənməkdəydi. Belə bir zamanda çar
hökuməti milli münaqişəni alovlandırmaq məqsədilə
pusquda dayanmış erməni daşnaklarına hər cür
yardım göstərirdi. Bundan cəsarətlənmiş,
azğınlaşmış ermənilər - 1905-1907-ci illərdə
azərbaycanlılara qarşı qətliamlar törətməyə
başladılar. Ağır zamanda Azərbaycanın qeyrətli
övladları öz ana vətənlərinin harayına,
soydaşlarının fəryadına yetişdilər. Sultan bəy
Sultanov da qəddar və namərd ermənilərin
hücumlarından Azərbaycan xalqını müdafiə edənlərin
ön sırasında idi. O, mərd olduğu qədər də
ağıllı, iti fəhmli olması ilə seçilirdi.
Sultan bəy mükəmməl hərbi biliyə malik
olduğundan hərbi taktikalardan məharətlə istifadə
edirdi. Hələ qırğınlar başlamamış sərhədlərin
təhlükəsizliyi məqsədilə erməni tərəfə
mühafizə məntəqələri qoydurmuşdu. Ermənilər
yerli əhaliyə qarşı qətliamlara başlayanda isə
Zəngəzur qəzasının müsəlman əhalisini
ayağa qaldırıb, silah toplayıb, varlılara məcburi
silah aldırıb, yerli camaatdan döyüşçü dəstəsi
yaratmışdı.
Mərdliyi,
mübarizliyi, qorxmazlığı ilə Sultan bəy
bütün silahdaşlarına nümunəydi. Hücuma
keçərkən döyüş yoldaşları onu
qorumağa, öndə getməsinə mane olmağa
çalışırdılar. Amma Sultan bəy həmişə
qoşunun qabağında gedirdi.
O,
Vətən torpağını müdafiə edən
özü kimi igid döyüşçülərə
başçılıq edirdi. Sultan bəy bu yolda həm də
böyük səxavətlə var-dövlətini sərf
edirdi.
Ermənilər
hələ İrəvan və Naxçıvan ərazilərində
qırğın törədəndə Sultan bəy Dərələyəzdə,
İstisuda və bir neçə kənddə ermənilərin
hücumlarının qarşısını aldı.
Sultan bəy ermənilərin
problemə çevirdikləri daha bir məsələnin də
həllində fəallıq göstərdi. 1917-ci ilin
yazında o, Cicimli kəndi ərazisində yerləşən
Məlik-Əjdər türbəsi
yaxınlığındakı çadırda Araz
çayı ətrafı bölgələrdən gələn
nümayəndələrlə
yaylaq məsələsini müzakirə etdi. Görüş
Qafan, Zəngilan, Cəbrayıl, Qubadlı bölgələrindən
olan bəylərin iştirakı ilə keçdi. Sonda Sultan
bəy döyüşün planını
açıqladı.
1917-ci
il mayın 10-da onun rəhbərliyi ilə döyüş
başladı. Müqaviməti qırılan daşnaklar
qaçmağa üz tutdular. Qaragöl döyüşündə
Sultan bəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40 pulemyotdan, 3 min
müxtəlif növ tüfəngdən, 120 qılıncdan,
50-dən çox gürzdən və minlərlə canlı
qüvvədən istifadə etdi. Axşamadək davam edən
döyüşdə daşnakların xeyli hərbi sursatı
və canlı qüvvəsi məhv edildi, bir çoxu əsir
düşdü.
1917-ci
ilin sonları və 1918-ci ildə Naxçıvanı talan edən
Andronik Ozanyan dəstəsi ilə Zəngəzura doğru irəliləməkdəydi.
Zəngəzura keçən Andronik azərbaycanlı əhaliyə
divan tutmağa, onların yaşadıqları kəndləri
xarabazara çevirməyə başladı. Ermənilərin
qəddarlığının həddi-hüdudu yox idi. Onlar
Ağdu kəndində məscidə adamları
yığıb çıxışları bağladılar
və od vurub yandırdılar.
1918-ci ildə indiki
Laçın rayonunun sərhəd kəndləri də
daşnakların vəhşi hücumlarına məruz
qaldı. Onlar azərbaycanlıların yaşadığı
Cağazur, Malıbəy, Mollaəhmədli, Zabux və digər
kəndləri dağıtdılar, evləri
yandırdılar.
Zəngəzurun
kəndlərini Andronikin quldur dəstəsinin hücumundan
xilas etmək üçün Sultan bəy qeyri-bərabər
döyüşə atıldı. Mahir hərbçi məğlubiyyətə
uğramamaq üçün taktikanı dəyişib geri
çəkilməli oldu. Hərbi qərargahı
Hoçaz kəndində yerləşdirdi. Ətraf kəndlərdən
gələn könüllülərdən ibarət dəstələrə
Sultan bəy ən yaxın silahdaşlarını - Seyid Həmid
və Cağazurlü Ağaməmmədi rəhbər təyin
etdi. Həmin döyüşdə ermənilərin xeyli
canlı qüvvəsi və silah-sursatı məhv edildi.
Ermənilərin
məqsədi Qarabağa daxil olmaq idi. Andronikin
göstərişi ilə 300 nəfərlik təlim
görmüş daşnaklardan ibarət dəstə Minkənd-Şəlvə-Murovdağ,
sonra da Sarıbaba dağının arxasından Şuşa
rayonunun Xəlfəli, Şırlan və Zarıslı tərəfə
hücuma keçməli, oradan da Qarabağa daxil olmalı idi.
Andronik məqsədinə çatmaq üçün hərbi
sursatını Qaragölün ətrafına toplayıb,
yaylaq mövsümünün bitməsini, ərazinin
boşalmasını gözlədi. Ancaq onun bu yolla da zəfər
qazanmaq arzusunu Sultan bəy gözündə qoydu...
Döyüş üç gün davam etdi. Və Andronik layiq
olduğu məğlubiyyətlə üzləşdi.
Vətənin dar günlərində
adı dillərdə dastan olmuş xalq qəhrəmanları
sırasında Sultan bəylə yanaşı qardaşı
Xosrov bəy də vardı. Gənc yaşlarından siyasi hərəkata
qoşulmuş Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də
İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. O, Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən
təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir
vəzifəsini tutdu. 1918-ci il iyunun 17-də təşkil edilən
İkinci hökumət kabinetində isə əkinçilik
naziri oldu. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti
Ermənistan daşnak hökumətinin Zəngəzur
bölgəsində azərbaycanlılara qarşı dövlət
səviyyəsində həyata keçirdiyi
soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin
Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında
törətdiyi kütləvi qətllərin, qarətlərin
qarşısını almaq məqsədilə Müvəqqəti
Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy Sultanov 1919-cu ilin 29 yanvarında
Qarabağın general-qubernatoru təyin olundu. Bu
xəbər Androniki qəm dəryasına qərq etdi. Xosrov bəy bütün imkanlara əl atır,
müsəlmanlar yaşayan kəndlərin daşnakların
hücumlarından qorunması üçün silah-sursat
göndərirdi.
Qarabağa keçə bilməyəcəyinə əmin
olan Andronik hiylə işlətmək qərarına gəldi. Din xadimlərinin
toxunulmazlığından istifadə edərək
keşiş Mesrofu və Sultan bəyin kirvəsi Saşanı
danışığa yolladı. Keşiş
Andronikin məktubunu Sultan bəyə təqdim etdi. Məktubda
yazılırdı: "Sultan bəy, bizə Abdallar
oylağından keçib Şuşaya, oradan da keçib Dərbənd
tərəfdən gələn rusların
qarşısını almağa və ermənilərin təsərrüfat
işlərinə kömək etməyə getməyimizə
icazə versəniz, keçməyimizin təhlükəsizliyini
təmin etsəniz sizə istədiyiniz qədər
qızıl verərəm: Andronik paşa”.
Keşişə
Sultan bəyin cavabı kəskin oldu: "Elə cavab məktubunu
da özün yaz. Yaz ki, türk hərbi adı
"paşa” sizə yaraşan ad deyil. Bu ad
türklərə məxsusdur. Siz isə
eşitdiyimə görə, ermənisiniz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini
pula satmayıblar”.
Əlipaşa bəyin müdrik, uzaqgörən
oğulları Xosrov bəy və Sultan bəy erməni
daşnaklarının hiylə işlətdiklərindən xəbərdar
idilər. Odur ki,
qabaqcadan düşünüb-daşınmış, hiyləgər
ermənilərə layiq olduqları cəzanı vermək qərarına
gəldilər. Beləliklə, azərbaycanlıları
aldatmaq istəyən ermənilər özləri tələyə
düşdülər. Andronikin gecə
vaxtı gizlicə qoşunu ilə Şuşaya daxil olmaq planı
puça çıxdı. Andronikin silah-sursat karvanı
Abdallar poçtuna az qalmış Sultan bəyin
pusquçuları tərəfindən tərksilah olundu.
Xəbər gecəyarısı Andronikə yetişdi. O, orduya geri çəkilmək əmrini
versə də, artıq gec idi. Geri dönüb
Zabıx dərəsindən Dığ tərəfə
qayıtmaq istəyən Andronikin ordusunu Sultan bəyin dəstələri
mühasirəyə aldı və hücuma keçdilər.
Döyüşdə Andronikin qoşunu məhv
edildi. O, yenə hiyləyə əl atdı,
keşişi öldürüb paltarını geyindi. Balaca uşağın əlindən tutub gedərkən
Sultan bəylə qarşılaşdı. Andronik ona
yalvardı: "Bəy, başına dönüm, bu
uşağın heç kəsi yoxdur, yaxın kəndlərdəndir,
atası Zabıx döyüşündə
öldürülüb, yazıqdır, azıb eləyər,
aparıb onu o tərəflərə ötürmək istəyirəm”.
Sultan bəy dedi: "Keşiş, biz uşaq
öldürmürük, gəl keç”.
Çox keçmədi ki, atlılar Andronikin
keşiş paltarında aradan çıxdığı xəbərini
gətirdilər.
Andronikin ordusunun Zabıx dərəsində məhv edilməsi
xəbəri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərində
böyük sevinclə qarşılandı. Xosrov bəy və Sultan bəy
qardaşlarının hazırladıqları birgə plan əsasında
daşnaklara unudulmaz dərs verildi. Şuşa, onun kəndləri
- Zarıslı, Xəlifəli, Şırlan, eləcə də
Ağa körpüsü yanında və Xankəndi ətrafında
yaşayan Azərbaycan kəndlərinin və
bütövlükdə Aran Qarabağın əhalisi dəhşətli
qətliamlardan xilas edildi. Qələbədən
arxayınlaşmayan Sultan bəy dəstəsini gücləndirməkdə,
döyüşçülərin sayını artırmaqda
davam etdi. Çünki ermənilərin məkrli
planları bitmək bilmirdi.
Hərbi təlim
keçmiş daşnak partiyasının liderləri, general Qaregin Njdenin və general Karo
Hamparsumyanın hazırladıqları hərbi taktiki plan
üzrə daşnakların Laçın, Qubadlı və Zəngilan
rayonlarının kəndlərinə növbəti hücumu
1919-cu ilin yayında başladı. Bu hücum
Zabıx məğlubiyyətindən sonra ermənilərin Azərbaycan
xalqına qarşı ən dəhşətli, ən məkrli
hücumu oldu. Ermənilərin çox
güvəndikləri planları barədə qabaqcadan məlumat
əldə edən Sultan bəy düşməni məğlub
etmək üçün tədbirlər
görmüşdü. Daşnakların
hücumundan qorunmaq üçün bir sıra sərhədyanı
kəndlərdən qocaları və uşaqları arxa kəndlərə
köçürmək barədə ağsaqqallarla məsləhətləşmiş,
lazımi işlər görmüşdü.
Daşnaklar daxil olduqları Zabıx, Sümüklü,
Xallanlı, Cağazur, Kosalar, Malıbəy və Sultanlar kəndlərini
talan edərək yandırdıqları xəbəri Sultan bəyə
çatdı. Düşmənin niyyəti Mərkiz, Sus,
Qızılca, Hoçaz, Avazlar, Tatdərəsi, Abdallar kəndlərinə
doğru irəliləmək idi. Sultan bəyin
qoşunu yerli dəstələrlə birlikdə müdafiəyə
qalxdı. Gorusdan Şuşaya gedən
şose yol nəzarət altına alındı. Gözləmədikləri müqavimətlə
üzləşən daşnaklar xeyli itki verərək geri
çəkildilər. Andronik kimi Njde və
Karo da arzularına çatmadılar.
Sultan bəy və qardaşı Xosrov bəyin igidliyi sayəsində
Zəngəzurun dağlıq bölgələrində
kütləvi qırğınların qarşısı
alındı, çoxsaylı erməni silahlıları məğlub
edildi. XX əsrin əvvəllərində
yalnız Zəngəzurun deyil, Şuşanın, Kəlbəcərin
və Basarkeçərin azərbaycanlı əhalisinin erməni
basqınlarından qorunmasında, talanların
qarşısının alınmasında Sultan bəy və
Xosrov bəy Sultanovlar misilsiz xidmətlər göstərdilər.
Onlar vətəni, soydaşlarını qorumaq naminə
çox ağır sınaqlardan keçdilər, çox
vuruşdular. Sultan bəyin, Xosrov bəyin və onların
silahdaşlarının qəhrəmanlıqları cild-cild
kitablara sığmaz. Elə buna görə
də adları hər zaman uca tutuldu. Onlar
xalqın əbədi qəhrəmanlarına çevrildilər.
Sovet hakimiyyətinin bütün cəhdləri
bu həqiqətin qarşısında məğlub oldu.
Zaman keçdi. Sultan bəyin at oynatdığı məkanları
XX əsrin sonunda işğal etdilər. Otuz
ilə yaxın yağıların tapdağı altında inləyən
o torpaqlar azad ediləcəkləri günləri soraqladıqca
qəhrəmanlarımızın ruhları da rahatlıq
tapmadı.
İndi o yurdlar yenə qəhrəmanlarımızın
səsi, nərəsi ilə sevinir. Mərd babaların igid nəvə-nəticələri
vətən torpaqlarının xilaskarı olublar. Bu gün Azərbaycan bayrağı Laçında
dalğalanır. Sultan və Xosrov bəyin
yurdları düşməndən xilas edilib. İndi
onların da ruhu şaddır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan. - 2020.- 6 dekabr.- S.5.