Ermənilərin
Qarabağda demoqrafik saxtakarlığı
Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi altında Azərbaycan
Ordusu Qarabağın azadlığı uğrunda müharibədə
tarixi qələbə qazandı. Qondarma (artıq mövcud
olmayan) rejimi heç bir ölkə tanımadı və
uğursuz "ekzistensial təhdid” mifi darmadağın oldu.
Paşinyanın
xarici mediaya müsahibələrində ortaya qoyduğu
yalanlardan biri də Qarabağın erməni əhalisinin
"ekzistensial təhdid” mifidi. Ermənilərin demoqrafik tənəzzülünü
ört-basdır etməyə hesablanan bu mifə görə Azərbaycanın
"işğalçılardan azad Qarabağ” ifadəsi,
"ermənilərsiz Qarabağ” anlamına gəlir. Artıq
bu yalan da tarixə qovuşduğuna görə ermənilər
yenisini icad etməyə məhkumdurlar.
Növbəti
uydurma: saxta "erməni qaçqın” sayı
Ermənistan
prezidenti Aram Sarkisyan qeyd edir ki: "Biz nəinki
bu müharibədə, demoqrafik müharibədə də məğlub
olmuşuq. 90-cı illərdə əhalinin sayı necə
100 min nəfər idisə, 30 ildə elə də qaldı.
Halbuki bu rəqəmi müxtəlif yollarla ən azı 500
minə çatdırmaq bizim borcumuz idi”.
Beləliklə, son otuz ildə
bölgədə azalaraq iflas həddinə çatan erməni
əhalinin məhv olacağı ilə bağlı saxta
hay-küyün yerinə yenisi ortaya atıldı. Guya bölgədən
90 min erməni qaçqın düşməsi ilə
bağlı yeni erməni yalanı gündəmə gətirilib.
İşğalın
davam etdiyi son 3 onillikdə Ermənistanda və Dağlıq
Qarabağda baş verən demoqrafik kollaps və iflas proseslərinin
sübuta ehtiyacı yoxdur. Baxmayaraq ki, qondarma rejimdə obyektiv
demoqrafik tədqiqatların aparılması imkanı
olmayıb, proseslərlə bağlı BMT-nin, erməni rəsmilərinin,
alimlərinin və xarici ekspertlərin təhlillərinə nəzər
salmaq kifayətdir. Buradan Dağlıq Qarabağın iflasa
uğramış demoqrafik mənzərəsi tam
aydınlığı ilə görünür.
Qarabağdan
gedən ermənilərin sayının
saxtalaşdırılması cəhdlərini, ilk növbədə,
erməni rəsmilərinin açıqladığı
bir-birinə zidd rəqəmlər ifşa etdi. XİN-in
keçmiş rəhbəri Z.Mnasakanyan oktyabr ayının
24-də 90 min qaçqın olduğunu dediyi halda, bilavasitə
aidiyyətli qurum - Ermənistanın əmək və sosial məsələlər
nazirinin müavini Tatevik Stepanyan noyabrın 5-də,
döyüşlərin bitməsi ərəfəsində xarici
mediaya bildirib ki, Qarabağdan Ermənistana təxminən
40 min adam gəlib. Yəni 50 min qaçqın sayının
XİN tərəfdən aşkar şişirdilməsi kimi
saxtakarlıq rüsvayçı şəkildə göz
önündədir.
Atəşkəs
razılaşması nəticəsində sülhməramlıların
bölgəyə qaytardığı qaçqınların
sayı ilə bağlı yeni saxtakarlıq çapalarına
başlanıb. Bu dəfə qayıdan ermənilərin
sayı ilə bağlı fərqli məlumatlar, rəsmilərin
açıqlamaları o dərəcədə ziddiyyətlidir
ki, ermənilər özləri də bunun fərqindədir.
Rusiya
Müdafiə Nazirliyinin "Rusiyanın Dağlıq
Qarabağdakı sülhməramlı kontingenti”nin rəsmi
internet saytında 23 noyabr tarixinə qayıdanlar haqda məlumat:
Laçın dəhlizindən 14 noyabr 2020-ci il
tarixdə 250 nəfər, 15 noyabrda 475 nəfər, 16 noyabrda
482 nəfər, 17 noyabrda 502 nəfər, 18 noyabrda 936 nəfər.
19 noyabrda 1235 nəfər, 20 noyabrda 1900 nəfər, 22 noyabrda
1400 nəfər, 23 noyabrda 1300 nəfər. Beləliklə,
14-24 noyabr tarixlərində, son 10 gündə cəmi 8480 nəfər
qaçqın qayıdıb.
Bu
rəqəmlərdən bixəbər olan, mövcud olmayan
rejimin "rəhbəri” Araik Arutyunyan noyabrın 22-də
Paşinyanla görüşündə nə desə
yaxşıdır: "Son 5 gündə 25.000 qaçqın
qayıdıb!?” Yəni Rusiya sülhməramlı kontingenti 10
günə - 8000, A.Arutyunyan isə 5 günə 25.000 deyir!
Ali
Baş Komandan İlham Əliyevin xalqa müraciətində
erməni qaçqınlarla bağlı dediyi, "yeni erməni
saxtakarlığı və uydurmasının” bariz nümunəsi
budur! Acınacaqlı olan həm də Arutyunyanın bu məlumatının
dünya mətbuatında məqsədyönlü
tirajlanmasıdır.
Beləliklə,
gedən və qayıdan erməni qaçqın sayı ilə
bağlı yalanlar Ermənistan rəhbərliyini çox pis
vəziyyətdə qoyub. Gedənlərlə bağlı rəqəmləri
qayıdanlarla bağlı rəqəmlər, bir rəsminin
dediyini digəri ifşa edir. Bunların da hamısını
müharibə gedişində xarici mediada gedən süjet və
xəbərlər ifşa edir.
Xankəndi
merinin sabiq müavini "müharibədən əvvəl
burada yaşayan 50 min əhalinin 50 %-i hələ şəhərdə
qalıb” deməklə saxtakarlığı ört-basdır
etməyə çalışır. Lakin müharibənin son
günlərində şəhərdən yayımlanan reportajların
hamısında "şəhərdə kimsənin
qalmadığı” ilə bağlı kadrlar yer alıb.
Vəziyyət o qədər
tragikomikdir ki, ermənilərin Qarabağa 150 min nəfər
bir tərəfə qalsın, 90 min nəfəri haradan və
necə tapıb gətirəcəkləri üzərindən
hələ hansı yalanları uyğuracağını təxmin
etmək olar.
Son 30 ildə separatçı rejimdə
yaşanan demoqrafik kollapsın dinamikası
Son 30 ildə Ermənistanın
işğalçılıq siyasəti - Qarabağın erməni
əhalisinə qarşı "demoqrafik soyqırımı”
siyasətinə necə çevrilməsini faktlar və rəqəmlərdə
aydın görmək olar.
30 il əvvəl Qarabağda azərbaycanlıları
etnik təmizləməyə məruz qoyan təcavüzkar Ermənistanın
işğalçılıq siyasəti, bölgənin erməni
əhalisinə qarşı da demoqrafik soyqırımla nəticələnib.
Ermənistanda demoqrafik kollapsın
yaşanması BMT səviyyəsində bəyan edilib. Bundan fərqli olaraq, Qarabağın
işğalından sonrakı üç onillik müddətində
burada demoqrafik vəziyyətlə bağlı tədqiqatlar
demək olar ki, aparılmayıb. Səbəb
odur ki, Ermənistan qondarma qurumda məhz özünün
işğalçılıq siyasətinin səbəb
olduğu demoqrafik proseslərin faciəli durumu ilə
bağlı acınacaqlı reallığın
açıqlanmasını istəməyib. Əksinə, hər vəchlə saxta statistika
formalaşdırıb.
Ermənistanın demoqrafik çöküşü
Qarabağda ikiqat əks-səda verib. Ermənistanda BMT-nin təsdiqlədiyi dərin
demoqrafik böhranın olmasını nəzərə alsaq,
qondarma rejimdə onun 5-10 qatının yaşanmasını əminliklə
demək olar. Rəsmi olaraq Ermənistanda
depopulyasiya proseslərinin intensivləşməsi elmi təsdiqini
tapıb. Depopulyasiya - müharibə, xəstəlik,
zorla köçürülmə, yaxud yanlış sosial siyasət
nəticəsində əhali sayının kəskin şəkildə
azalmasını əks etdirir. "Depopulyasiya”
anlayış olaraq, bir ölkədə əhali
sayının mövcud iqtisadi sistemin varlığını təmin
etmək iqtidarında olmayacaq dərəcədə
azalmasını ifadə edir.
BMT-nin
hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına
malikdir. Bu cür davam edərsə, Ermənistan
əhalisi 2030-cu ildə 3 milyona, 2100-cü ildə isə 1
milyona düşəcək.
Demoqrafik problemlərlə bağlı müzakirələrdə
bəzi tədqiqatçılar erməni əhalinin
sayının davamlı azalmasının başlıca səbəbinin
- Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi,
ermənilərin xaricə miqrasiyasının əsas səbəbinin
gec-tez hərbi əməliyyatların baş verəcəyindən
qorxması kimi izah edib.
Erməni əhalinin sayı ilə bağlı mifi
işğalaqədərki "demoqrafik dinamika” ifşa edir. Qısa deyilsə, Qarabağın erməni
əhalisi Azərbaycan tərkibində olanda davamlı
artım, ilbəil müsbət dinamika nümayiş etdirdiyi
halda işğalçı Ermənistanın qurduğu
qondarma rejimdə əhalinin kütləvi şəkildə
azalması, yerli azərbaycanlı əhalinin etnik təmizləməyə
məruz qalması ilə yanaşı, on illər boyu
demoqrafik iflası - depopulyasiyası baş verib.
Dağlıq Qarabağın
işğalına qədər bölgədə erməni əhalinin
demoqrafik dinamikası
Bölgədə 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə
əhalinin siyahıyaalınması aparılıb. Sovet siyahıyaalınmasında Qarabağ
bölgəsi üçün ən son rəsmi demoqrafik məlumatlar
1979-cu ildə açıqlanıb: ümumi əhalisi 162,200 nəfər
olub. Ermənistan əhalisinin 1993-1995-ci illərdən
başlayaraq sayı hər il 3% azalan
dinamika üzrə gedib, demoqrafik disbalans artıb. Demoqrafiyanın qanunları işə
düşüb, "demoqrafik kaskad” fenomeni reallaşıb.
Məlum olduğu kimi, demoqrafiya elmində
ağır tənəzzül mərhələlər,
obyektiv-tarixi, dövri-tsiklik olaraq baş verən "demoqrafik
kaskad reaksiyaları”nın ortaya çıxmasına səbəb
olur.
Belə ki, əgər
doğum sayı kəskin azalarsa, təxminən 20 il sonra faciəvi nəticələr ortaya
çıxır. Məsələn, 20 ildən
sonra 20 yaşlıların sayı ən kəskin həddə
azalır. Müvafiq olaraq, sonrakı illərdə
gənclərin sayı ən aşağı həddə
düşür və 2-ci kaskad baş verir. Növbəti 3-cü kaskad baş verərsə, hər
hansı ölkə, dövlət geosiyasi olaraq subyekt rolunu
itirir. Belə ki, cüzi əhali ilə
mövcud ərazini idarə etmək qeyri-mümkün olur.
"Demoqrafik kaskad” qanunauyğunluqları təbii
avtomatik sosial texnologiya kimi işə düşür və
qisası çox ağır olur. Deyilənlər
tətbiq edilərsə, Dağlıq Qarabağda artıq 2-ci
kaskad mərhələsi başlanğıcını
götürüb. Ermənilər orduya
göndərməyə əsgər tapmayaraq, terrorçu və
könüllülərdən istifadə etməsi, Suriya və
İraqdan ermənilərin gəlməsini
stimullaşdırması və onları işğal edilən
ərazilərdə yerləşdirməsi buna dəlalət
edib.
Qarabağda erməni əhalinin demoqrafik
kollapsının baş verməsini seçici
siyahıları da göstərə bilər. Baxmayaraq ki, bu siyahılar
saxta və uydurma rəqəmlərlə olduqca
şişirdilib, yenə də erməni əhalinin məhvini
- demoqrafik soyqırımı mənzərəsini gizlətmək
mümkün deyil.
1991-ci ildə qondarma "müstəqillik” səsverməsində
108.615 nəfər seçici səs verib. 2017-ci ildə seçici
sayı 103.818 nəfər olub. 2020-ci il
qondarma prezident seçici siyahısında 76 728 nəfərin
adı olub. Beləliklə, diqqət etsək,
1991-ci ildən bəri səsvermə hüququ olanların
sayı nəinki artıb, əksinə azalıb.
"Qondarma” siyahıyaalmalara, uydurma statistik məlumatlara
nəzər saldıqda 2015-ci ilin sonuncu saxtakar
separatçı statistikanın nəticələrinə
görə, daimi əhali 145 053 nəfər (ölkədə
müvəqqəti olmayanlar da daxil olmaqla) təşkil edib.
İşğalçı Ermənistanın bölgədə
demoqrafik kollaps vəziyyətini yaratması onun
çoxsaylı beynəlxalq cinayətləri sırasına
daha birini əlavə edib. Torpaqlarımızda İraq, Suriya ermənilərinin
yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait
ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından
qovulan soydaşlarımızın nə fəaliyyətini
kompensasiya etmək, nə də erməni icmasının
"nəslinin tədrici yoxa çıxmasının”
qarşısını almaq mümkün olmayıb.
Rusiyalı
müəllifin yazdığına görə: "Bölgə
və Ermənistan rəhbərliyi Qarabağ əhalisinin 50
min nəfərdən çox azalmasının qarşısını
ala bilməyib. Bu dəhşətli rəqəm
sayılmalıdır və Qarabağın Azərbaycan
daxilində Böyük Vətən müharibəsi illərində
cəbhədə verdiyi böyük itkilərlə müqayisə
edilə bilər”. Rusiyalı müəllif
davam edərək yazır ki, 2005-ci ildə
aparılmış siyahıyaalma bölgədəki erməni
əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb,
əksinə, 145 mindən 137 min nəfərə
düşüb. Nəinki Azərbaycan əhalisi
tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında
da kəskin azalma qeydə alınıb. Qarabağda
yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər
qalıb.
"Demoqrafik
kaskad” - işğalçı siyasətin qisası kimi
Qarabağdan
1 milyona yaxın soydaşımızın etnik təmizlənməyə
məruz qalması və torpaqların işğalı ilə
Ermənistanın işğalçı rəhbərliyi bu ərazidə
erməni əhalinin
1-ci
demoqrafik kaskadının əsasını qoyub. Sonrakı 20
il müddətində hazırkı faciəli vəziyyət
- 2-ci demoqrafik kaskad baş verib və demoqrafik iflas vəziyyəti
yaranıb. Qarabağda 30 illik işğalın demoqrafik nəticəsi
Ermənistanın işğalçılıq siyasətində
daha bir cinayətin - demoqrafik cinayətin tam sübutuna
çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv
edilməsi, əhali artımının dayanması,
münaqişənin həllində maraqlı olmaması ilə
Ermənistanın işğalçı rəhbərliyi
Qarabağda erməni xalqını "demoqrafik
soyqırımı”na uğradıb.
Saxta
qaçqın sayı ilə bağlı rəqəmlərin,
işğal nəticəsində Qarabağın erməni əhalisinin
Ermənistan tərəfindən demoqrafik
"soyqırımın”a məruz qalması elmi təhlilini
gözləyən məsələlərdəndir. Bu
separatçıların işğaldan əvvəl malik
olduğu sosial-iqtisadi şəraitlə müqayisədə
erməni rəhbərliyinin öz xalqına qarşı qəddar
siyasətinin dərin məqamlarını aşkara
çıxarmağa imkan vermir.
Qarabağdan
gedən qaçqın əhalinin qaytarılması prosesində
saxtakar rəqəmlər getdikcə hələ çox
ifşa olunacaq. Erməni əhalinin vur-tut 25-30 min nəfər
həddində olmasını tam əsasla söyləmək
olar.
Son 30 ildə Ermənistan rəhbərliyinin
etnik, dini, mədəni müxtəlifliyə
dözümsüzlüyü, nəinki azərbaycanlıların,
həmçinin bölgədəki 2 min nəfər rus
xristian əhalidən kimsənin qalmamasının əsl
günahkarının - işğalçılıq siyasətinin
olması
sübut olunur.
Beləliklə,
müharibədən əvvəlki dövrdə Dağlıq
Qarabağda pozitiv demoqrafik dinamika mövcud olduğu halda
işğal siyasətinin demoqrafik əks-sədası, son 30
ildə erməni əhalinin demoqrafik artım proseslərinə
çöküş - kollapsla cavab verməsi olub.
Bundan
fərqli olaraq, Azərbaycanda etnik təmizləməyə məruz
qalan 1 milyon qaçqın və köçkün əhalinin
sayında davamlı artım, müsbət demoqrafik proseslər
baş vermişdir.
Tahirə
ALLAHYAROVA,
Sosial Tədqiqatlar
Mərkəzinin İdarə Heyətinin üzvü, professor
Azərbaycan. - 2020.- 6 dekabr.- S.6.