“YAŞAT” humanizm
prinsiplərinə sadiqliyin təzahürüdür
30 ilə yaxındır Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması və ərazi bütövlüyü uğrunda apardığımız 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə misligörünməmiş savaş kimi düşərək tək Azərbaycan Ordusunun gücünü deyil, xalqımızın da qüdrətini bəşəriyyətə sübut etdi.
Haqq savaşımız başladığı gündən etibarən Azərbaycanda hər kəs bir amal - Qələbə uğrunda Ali Baş Komandanın ətrafında birləşdi. Siyasi düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!” çağırışına "İrəli” deməklə dəstək verdi. Müharibə yaşından, pulundan, siyasi baxışlarından, dünyagörüşündən, yaşadığı bölgədən asılı olmayaraq hamını səfərbər etdi. Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da haqq savaşı uğrunda bir oldu. Ön cəbhədə vuruşan mərd oğullarımızın Qələbə sorağı gəldikcə arxa cəbhədə insanların əsgərlərimizə olan dəstəyi də durmadan artdı.
Ürəyi vətənlə döyünən həkimlərimiz, tibb işçilərimiz hərbçilərimizə can vermək, həyatlarını xilas etmək üçün cəbhə bölgəsinə yollandı. Xalqımızın vətənpərvər oğul və qızları Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə növbəyə düzüldü.
Hər kəs bacardığı qədər, imkanı daxilində orduya, əsgərə dəstək göstərməyə, bacardığı köməyi etməyə, haqq savaşına bir qatqı verməyə tələsdi.
Yaralı döyüşçülərə ilkin və zəruri yardım etmək üçün xəstəxanada ehtiyac duyulan tibbi ləvazimatlar tədarük edildi. Cəbhəyə maşınlarla dolu müxtəlif növ əsgər payı göndərildi. Damarlarında Azərbaycan qanı axan hər kəs maddi imkanı çatdığı qədər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürdü.
Artıq bir aydır Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, bu gün də xidməti davam edən əsgərlərimizə, eləcə də şəhid və qazilərimizin ailələrinə yardımlar edilir. Ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti, biznes dairələri bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.
Məhz
bu reallığı nəzərə alaraq şəhid ailələrinin,
hərbi əməliyyatlar nəticəsində əlilliyi
müəyyən olunmuş şəxslərin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata
keçirilən tədbirlərə əlavə dəstək
verilməsi istiqamətində vətəndaş cəmiyyəti
təşəbbüslərinin reallaşdırılması,
bunun üçün müvafiq platformanın
yaradılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralananların və
şəhid ailələrinin təminatına dəstək
fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında” Fərman
imzaladı.
Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə müvafiq yardım göstərəcək.
Məlumdur ki, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin sosial siyasətinin mərkəzində duran əsas məsələlərdən biri məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır. Hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələrinə, müharibə əlillərinə və digər bu kateqoriyadan olan şəxslərə birdəfəlik yardım da daxil olmaqla, maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da icra edilir. Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir.
Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edir ki, yeni yaradılan "YAŞAT” Fondu da məhz bu funksiyanı yerinə yetirəcək.
Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq.
Fondun vəsaitinin sərəncamçısı olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu 11 nəfərlik Himayəçilik Şurası yaradılıb. Lakin elə bir sistem, portal qurulacaq ki, 50 milyonluq azərbaycanlının hər birinin bu fonda nəzarət etmək imkanı olacaq: "Fonda ictimai nəzarət bütün azərbaycanlıların iştirakı ilə olacaq. İstənilən şəxs fondun rəsmi internet səhifəsinə daxil olub, onun fəaliyyəti ilə bağlı hesabatı görə biləcək. İstəyərsə sorğu göndərib hesabatla bağlı daha detallı məlumat alacaq. Elektron sistem, portal elə qurulacaq ki, hər bir vətəndaş bu fondun ictimai nəzarətçisi olsun. Çünki bu fonda göndərilən ianələrin təyinatı bizim üçün son dərəcə məsuliyyətlidir. "ASAN xidmət” olaraq bu işi maksimum dərəcədə şəffaflıqla həyata keçirəcəyik. Fondun xərcləri tam şəffaf formada müəyyən edilməli, ünvana çatmalı və bunu hər kəs görə bilməlidir”.
Fondun vəsaitləri şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.
"YAŞAT” Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür. "YAŞAT” Fondunun yaradılması, sadəcə, belə ailələrin sosial problemlərinin həllinə deyil, cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə də töhfə verəcək.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 10 dekabr.- S.1;5.