Almaniyanın “ZDF” kanalında işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj
yayımlanıb
Almaniyanın "ZDF” telekanalında Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb.
Kanalın Qarabağ bölgəsinə ezam olunmuş müxbiri Yörq Braze Azərbaycanın 1990-cı illərdə itirdiyi əraziləri bu yaxınlarda geri qaytardığını qeyd edir. Ağdam və Füzuli rayonlarında yerli sakinlərlə söhbət edən müxbir bildirir ki, getdikcə daha çox azərbaycanlı bu regiona qayıdır. Həmin sakinlərdən biri, hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş Hamlet İbrahimov ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliklərdən və Vətən müharibəsinin gedişindən bəhs edir. "Bu dəfə biz qələbə qazana bildik”, - deyən Hamlet qənimət götürülmüş iki erməni tankını fəxrlə göstərir. İyirmi səkkiz il bundan əvvəl Qarabağda ermənilərə qarşı döyüşən və həmin müharibəni uğursuzluqla başa vuran Hamletin indiki məmnuniyyəti göz qabağındadır. O deyir: "Baxın, mərmilər də içəridədir, biz tankları bütün sursatı ilə birgə ələ keçirmişik. Ermənilər nələri var idisə, atıb qaçıblar”.
Reportajda Ağdam şəhərinin dağıntıları da göstərilir. Jurnalist qeyd edir ki, razılaşmaya əsasən Azərbaycanın döyüşsüz nəzarətə götürdüyü üç rayondan biri olan Ağdamın şəhər mərkəzi "ruhlar şəhəri” təəssüratını yaradır. Bura 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, yerli əhalisi tərk etdikdən sonra talan olunmuş və indiyədək kimsənin yaşamadığı bir ərazidir. Bu şəhəri, həmçinin "Qafqazın Xirosiması” adlandırırlar.
Reportajda vurğulanır ki, 27 ildən sonra geri qayıdan şəhər sakini Məryəm İsmayılova da qürurludur. O, məscidin minbərindən öz yaşadığı məhəlləsini göstərir və evlərinin tamamilə dağıdıldığını söyləyir. Bildirir ki, şəhərdə yeganə salamat qalan tikili məsciddir. M.İsmayılova göz yaşları içində deyir ki, vaxtilə Ağdam çox gözəl şəhər olub, lakin indi həmin gözəllikdən əsər-əlamət qalmayıb. O qeyd edir ki, ermənilər şəhərə hücum edəndə evlərindən heç nə götürə bilməyib, bütün əşyalarını orada qoyaraq canlarını xilas etməyə çalışıblar. Qardaşı və həyat yoldaşı həmin vaxt yaralanaraq itkin düşüblər, onlardan indiyədək heç bir xəbər yoxdur. Onlar minlərlə itkin düşəndən yalnız ikisidir: "O vaxt bizi niyə öldürürdülər, mənim həyat yoldaşımın günahı nə idi? Oğlum mənə ermənilərin əsirləri qətlə yetirdikləri videoları göstərir. Haradan bilim, bəlkə mənim də həyat yoldaşımı o cür işgəncələrə məruz qoyub və qətlə yetiriblər?”.
Reportajda deyilir ki, 1990-cı illərə aid digər bir "ruhlar şəhəri” olan Füzulidə Hamlet dağıdılmış məscidin xarabalığı arasında gəzişir. O, alman jurnalistə vaxtilə Ağdam məscidi böyüklükdə olan Füzuli məscidinin yerini və həmin məsciddən qalan minarənin qalığını göstərir: "Bu, məscidin minarəsi də Ağdam məscidinin minarəsi kimi hündür olub. Lakin ermənilər onu məhv ediblər. Füzuli məscidi böyük olub, lakin ona qarşı edilənlərin nəticəsi budur, daş-daş üstündə qalmayıb”.
Hamlet onu da bildirdi ki, Azərbaycan Prezidentinin dediyi kimi, ermənilər bizimlə bizim ölkəmizdə bizim dövlətin vətəndaşı kimi bizim bayrağımızın altında və bizim pasportla yaşaya bilərlər.
Sonda
müxbir hələ müharibənin acısının təzə
olduğunu və ətrafda dağıntıların çox
olduğunu qeyd edir.
Azərbaycan.-2020.- 10
dekabr.- S.4.