ASK ICCIA tərəfindən həyata
keçirilən işləri dəstəkləyir
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) təşəbbüsü ilə 8 dekabr 2020-ci il tarixində ICCIA Baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev arasında onlayn videogörüş keçirilmişdir.
ASK prezidenti M.Musayev bu görüşün keçirilməsi təşəbbüsünə görə İCCİA Baş katibinə öz dərin təşəkkürünü bildirmiş, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı - Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 27 sentyabrdan başlayaraq 44 günlük uğurlu Vətən müharibəsinin zəfər çalmasını, erməni işğalına son qoyularaq tarixi ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərqərar olunması barədə məlumat vermişdir.
ASK prezidenti bu qələbə ilə ölkəmiz üçün artıq yeni sosial-iqtisadi mərhələnin, quruculuq prosesinin başlanıldığını bildirmiş və bu prosesə digər ölkələrlə yanaşı, İslam ölkələrindən olan sahibkarların, xarici sərmayənin cəlb edilməsinin aktuallığını dilə gətirmiş, bu istiqamətdə birgə konfrans və digər tədbirlərin keçiliməsi təşəbbüsünü irəli sürmüşdür. Bununla yanaşı, M.Musayev qonaqları Azərbaycanın əlverişli coğrafi mövqeyi, iqtisadi sektorları, eləcə də ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının İslam ölkələrinə ixracı potensialı haqqında ətraflı məlumatlandırmışdır.
ICCIA Baş katibi cənab Yusif Həsən Xələvi Azərbaycan xalqını qələbə münasibətilə təbrik etmiş və bu müharibədə şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləmişdir.
Daha sonra Y.H.Xələvi hazırda ICCIA-nın effektiv beynəlxalq quruma çevrilməsi üzərində çalışdığını, bu qurumun İslam ölkələrində önəmli investisiya mühərriki rolunu oynaması, ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişafı üçün müvafiq siyasi, strateji sənədlərin hazırlanmasında dəstək verilməsini, habelə bu ölkələrdə özəl sektor, xüsusən də kiçik və orta sahibkarlığın inkişafı üçün təsirli platformaya çevrilməsinə səy göstərdiyini və bu sahədə qurum qarşısında 28 məqsədin müəyyən edildiyini bildirmişdir. O, bu məqsədlərə nail olunması üçün ICCIA-ya üzv ölkələrin potensialına və rəqabət üstünlüklərinə uyğun olaraq onların dünyada tanınmış biznes mərkəzlərə çevrilməsi üçün müxtəlif biznes forumların təşkil olunacağını, bu ölkələrin qlobal "hub”lara çevrilməsinin planlaşdırıldığını qeyd etmişdir. O, nümunə olaraq, məsələn, gələn ildən etibarən İordaniyanın Amman şəhərində rəqəmsal texnologiyalılara dair "hub”ın (mərkəzin) yaradılması üçün müvafiq mövzulu forumların keçiriləcəyini, eyni zamanda İndoneziyada kofe, çay və kakao istehsalı üzrə forumların, Pakistanda isə Dayanıqlı turizm hubının yaradılması üçün müvafiq forum və digər tədbirlərin keçiriləcəyini qeyd etmişdir. Y.H.Xələvi bu mənada Azərbaycan Respublikasının coğrafi mövqeyi və ənənəvi rəqabət üstünlüyü amillərini nəzərə almaqla qlobal "hub” rolunu oynaya biləcəyini söyləmiş və ASK prezidenti ilə bu xüsusda fikir mübadiləsi etmişdir.
ASK Prezidenti qeyd olunan məsələnin böyük əhəmiyyət kəsb etdiyini bildirərək erməni işğalından məhsuldar torpaqların azad edilməsi baxımından ölkəmizin orqanik kənd təsərrüfatının inkişafı üzrə qlobal "hub”a çevrilə biləcəyini ifadə etmiş və bu barədə aidiyyəti dövlət orqanları ilə bu məsələnin müzakirə olunacağını diqqətə çatdırmışdır.
Sonda
Y.H.Xələvi Türkiyə Respublikasının İstanbul
şəhərində yaradılacaq Arbitraj Mərəkəzi
barədə geniş məlumat vermiş və bu mərkəzin
bütün İslam ölkələrini əhatə edəcəyini
bildirmişdir.
M.Musayev
ICCIA tərəfindən həyata keçiriləcək bu
işin ASK tərəfindən tam dəstəkləndiyini
Yusif Həsən Xələvinin diqqətinə
çatdırmışdır.
Azərbaycan.-2020.- 10 dekabr.- S.5.