Tarix yazan tarixçi
Vətən müharibəsi döyüşçüləri
... Lal sükutdan qulaqları cingildəyir, səsini çıxarmaq, əllərini,
ayaqlarını tərpətmək
istəsə də bacarmırdı. Sadəcə, uzanıb qaldığı
yerin sümüklərinə
işləyən buz kimi soyuğunu hiss edirdi.
Axı, nə olub mənə? Nə vaxtdan
burada uzanıb qalmışam? Bəlkə yuxu
görürəm? Yox-yox, heç
gözüaçıq da
yuxu görmək olar? Payız günəşinin qamaşdırdığı
yarıyumulu gözlərini
çevirib bir-birinə
yapışmış kirpiklərinin
arasından zor-bəla
göy üzünə
baxdı və yaddaşına ilişib qalmış o son mənzərəni,
karvan-karvan qara bulud topalarını axtardı, amma artıq onlar səmada deyildi...
Birdən-birə həmin qara bulud topaları beynində peyda olmuş və toqquşub şimşək
kimi çaxaraq, bir az öncə yaşananları
gözlərinin önünə
sərmişdi. Budur ətrafı atəş səsləri bürüyüb,
qradlardan, toplardan, minomyotlardan açılan
mərmilər ölüm
qəhqəhəsi çəkərək
havada uçur, fit çalaraq sağdan-soldan
şığıyan güllələr
torpağa sancılıb
qalır.
Oğullar döyüşür, qəhrəmanlar
çarpışır, "Haydı, aman verməyin düşmənə,
qovun onları axıracan”, "vurun, əzin-keçin onları,
irəli!!!”- deyən
hayqırışlar titrədir
yeri-göyü, cəsur
igidlər atılır
irəli, qarşıda
üçrəngli, ay-ulduzlu
müqəddəs bayraqlar
dalğalanır...
Zaman irəlilədikcə
biixtiyar gözləri
yumulur, gördüyü
mənzərələr sürətlə
ondan uzaqlaşırdı. Birdən kiminsə
onu səslədiyini eşitdi, "Elnur, Elnur”, amma dayanmadan
təkrarlanan bu çağırışa hay verə
bilmirdi. Sonra addım səsləri gəlirdi, onu nəyinsə üstünə
qoyub tələsik hara isə aparırdılar,
"Elnur ağır yaralanıb, tez olun həkimə çatdırın”, deyə
təşvişli səslər
cingildəyirdi qulaqlarında...
Sonra...
Daha nələr olduğunu xatırlamır... Bir də gözünü açanda görür ki, Füzulidə xəstəxanadadır...
"Canım da, son damla qanım da Vətənimə qurbandır”
O da 44 günlük Vətən müharibəsinin
mərd savaşçılarındandır.
Ehtiyatda olan hərbçi, baş leytenant, Vətən müharibəsinin
qazisi Elnur Bayramov "Canım da, son damla qanım
da Vətənimə qurbandır” deyərək,
torpaqlarımızın düşmən
tapdağından azad edilməsi üçün
çarpışan minlərlə
qəhrəman Azərbaycan
oğlundan biridir.
Bakıda dünyaya göz açan Elnuru, məktəb, tələbə
yoldaşlarının hər
biri gülər üzü, mehribanlığı,
sakitliyi ilə xatırlayırlar. Uşaqlıqdan futbola böyük
marağı olsa da, tarixə olan sevgisi onu
bu sahəyə yönləndirir və
1996-cı ildə Bakı
Dövlət Universitetinin
Tarix fakültəsinə
qəbul olur. Amma o zaman heç
Elnur özü də xəyalına gətirməzdi ki, bir gün gələcək
özü də Vətənimizin yeni tarixini yazan tarixçilərdən olacaq…
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətində şöbə
müdiri olan Elnur da ehtiyatda
olan zabit kimi, şanlı Azərbaycan Ordusunun sıralarına çağırılır. Oktyabrın
5-də döyüş yoluna
Füzulidən başlayan
taqım komandiri şanlı ordumuzun tərkibində xeyli ərazimizin yağı tapdağından azad edilməsində şücaətlə
iştirak edir: "Əvvəlcə, Füzuli
istiqamətində döyüşə
yollandıq, oradan da Cəbrayıla yola düşdük, ermənilərin minamyot atəşi altında çox böyük çətinliklərlə Hadrut
qəsəbəsinə girdik
və orada yerləşdik. Sonra isə Hadrut
qəsəbəsindən yavaş-yavaş
Xocavəndə irəlilədik.
Xocavəndin Tuğ və
bir neçə digər kəndini keçərək Şuşa
ətrafı kəndlərdə,
Qırmızı Bazar
deyilən yerin yaxınlığında mövqelərimizi
möhkəmləndirdik”.
Yarımçıq qalan yoluna davam edəcəyi,
Şuşaya gedəcəyi
günü səbirsizliklə
gözləyir
Elnur söyləyir ki, döyüşlər zamanı qəhrəman ordumuzun hər bir üzvü yüksək əhvali-ruhiyyə ilə düşmənlə döyüşüblər və onların bütün müqavimətini qıraraq daim irəliləyiblər. Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək olub: "Bu günlər ərzində, elə bir hal olmadı ki, azad etdiyimiz torpaqlarımızdan bir addım da olsun geri çəkilək”.
Bütün hərbçilərimiz kimi, arzusu Şuşaya ayaq basmaq olan Elnur Bayramov, təəssüf ki, bu istəyinə nail ola bilməyib. Şuşaya cəmi 15 kilometr qalmış, Qırmızı Bazarda düşmənlə savaşda minomyot qəlpələri ilə hər iki ayağından yaralanır. Yaralanandan sonra, çoxlu qan itirdiyi üçün bir müddət özündən gedən qazimizi əsgər yoldaşları döyüş meydanından çıxarırlar və sanitar maşınla Füzuliyə göndərirlər. Füzulidə əməliyyat ediləndən sonra isə Bakıya hərbi hospitala göndərilən Elnur daha bir əməliyyat keçirir. Hazırda qazimizin ayağının biri sağalıb, digəri də getdikcə yaxşılaşır. İndi Elnur Bayramov sağalaraq evə dönməyi və oğulları Naib və Nihadla birlikdə, yarımçıq qalan yoluna davam edəcəyi, Şuşaya gedəcəyi günü səbirsizliklə gözləyir.
Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız, soyuq səngərlərdə ölümlə burun-buruna dayandılar, amma ondan qorxmadılar, düşmənə meydan oxudular, qarşılarında diz çökdürdülər. Həyat dolu gənclərimiz əli-ayağı oynaya-oynaya, gülə-gülə yollandılar döyüşə. Canlarıyla sipər oldular vətənə, Qarabağda qanlarıyla yazdılar Azərbaycanın yeni qürurverici tarixini. Yazdılar ki, min illərin o tayında belə, övladlarımız bu günlərin əzmkar tarixini fəxarətlə vərəqləsinlər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 10 dekabr.- S.6.