Həmişə qaliblər cərgəsində olasınız

 

Ön cəbhəyə könüllü gedən oğulların Qələbəyə inamları böyük idi

 

 

Ataların "Dövlətdə dəvə, övladda nəvə” misalı heç də ötəri yerə yaranmayıb. Bunun arxasında böyük bir hikmət var. Babanın öz nəvəsindən qürurla söz açması isə özgə bir hissdir. Elə bu məqaləni də həmin hisslə qələmə alıram.

Ailəmizin ilk övladı olan Aida Kəlbəcərdə orta məktəbi əla qiymətlərlə bitirib o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil oldu. Ali təhsil aldığı müddətdə ailəmizin razılığı ilə ixtisasca mühəndis olan Bahadur Hadı oğlu Hüseynovla ailə həyatı qurdu. 1993-cü ilin 21 aprelində dünyaya gələn ilk ovladına da babası Hadının adını qoydular.

Bəri başdan deyim ki, bu, həmin Hadıdır ki, Vətən müharibəsində o da kənarda qalmayaraq ön cəbhədə, düşmənlə üz-üzə döyüşən ordumuzun sıralarındadır.

Hadının necə döyüşməsi haqqında ətraflı söz açmağa ehtiyac duymuram. Çünki böyük Qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, qətiyyəti ilə düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun sıralarında olanların hər birinin payı var, o cümlədən nəvəm Hadı Hüseynzadənin də.

Hadının atası Bahadur Rusiyanın Kaluqa şəhərində əsgərliyini keçirdiyindən, hələ sovet dövləti dağılmamışdan orada qalıb yaşamağa qərar verdi. Hadıdan sonra onların Vüqar adlı bir övladları da dünyaya göz açdı. Hər iki qardaş bağçada, körpələr evində rus uşaqları ilə birgə böyüyüb məktəb yaşına çatsalar da, doğma Azərbaycana Vətən sevgiləri günbəgün artırdı. Hər iki qardaş Kaluqada orta məktəbi bitirib Moskva Humanitar İqtisadiyyat Universitetinə qəbul oldular: Hadı Hüquqşünas, Vüqar isə İnşaat fakültəsinə.

2012-ci ildə universiteti bitirdikdən sonra Kaluqa şəhərində inşaat briqadası yaradaraq ona rəhbərlik edən Hadının ürəyi doğma Kəlbəcərinə qırılmaz tellərlə bağlı olduğunu son günlər daha çox hiss etdikcə qürur duydum.

Sovet dövlətinin dağılmasından istifadə edən mənfur qonşularımız 1987-1988-ci illərdən etibarən Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu, daha doğrusu, Azərbaycanın 20 faiz torpaqlarını zəbt etdilər. Bu vəziyyət 27 ildən artıq davam etdiyindən, 23 yaşlı Hadı da dərindən düşünməli oldu. O, Vətənə olan övladlıq borcunu qaytarmaq istədi. Beləliklə də işini, sakit, rahat həyatını kənara ataraq həqiqi hərbi xidmətə getmək üçün Azərbaycana qayıtdı. Həqiqi hərbi xidmətinə 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında başladı. 2016-cı ildə tərxis olunaraq anadan olduğu Samux rayonunun Sərkar kəndinə qayıtdı. Elindən-obasından olan qonşu qızı ilə də ailə həyatı qurdu. Hələ bir yaşı tamam olmayan Ləman adlı bir qız balası var. Qəhrəman döyüşçü atanın görüşünə tələsən oğlu da tezliklə dünyaya göz açacaq. İnşallah, onun da ayağı ruzi-bərəkətli, düşərli olar.

Hadı Hüseynzadə Moskva Humanitar Universitetin Hüquq fakültəsini bitirdiyindən, Vətənə qayıtdıqdan sonra işləmək üçün respublikanın ədliyyə orqanlarına müraciət etdi. Müsabiqə yolu ilə biliyi yoxlanıldı. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə hakim köməkçisi kimi işə götürüldü. 2020-ci il Vətən müharibəsi başlayandan bir həftə əvvəl isə məhkəmənin baş məsləhətçisi vəzifəsinə irəli çəkildi.

Vətən müharibəsinə qəlbinin hokmü, ürəyinin səsi ilə getdiyindən, Tanrı onun yolunu anasının, babasının doğulduğu torpaqlar istiqamətinə saldı. Onda olan həvəs, torpaq, Vətən sevgisi birə-beş özünü göstərdi: komandirləri onu dəyanətli, cəsur döyüşçülərdən biri kimi tanıdılar.

Alqış gəncliyimizə, müzəffər qalib ordumuza, Ali Baş Komandanımıza! Gecəli-gündüzlü arxasını qartallı dağların əlçatmaz, quşsəkməz qayalarına söykəyib, yorğanını buludlar, döşəyini vətən torpağı hesab edən nəvəm Hadı kimi vətənsevər gənclərin qoruduğu ərazilərdə - dağlarda dünyaya göz açan körpələrin də mayası o sudan, o vətən torpağından, o havadan yoğrulduğundan, inanmalıyıq ki, Ülfətlər, Mübarizlər, Poladlar, Sərdarlar, Şahlarlaryetirmiş Azərbaycanda XXI əsrə layiq hərbi texnikaların dilini bilən, beşinci nəsil hərbi sirlərə yiyələnmiş dünyanı heyrətə gətirənlər doğulmaqdadır.

İşğalçı Ermənistanın baş naziri noyabr ayının 10-da təslim aktına imza atsa da, Hadı kimi övladlar hələ onlara tapşırılan vəzifələrin içrası ilə məşğuldurlar. İndi onlar düşmənlə sərhədlərimizi müəyyənləşdirir, torpaqlarımıza basdırılmış minaları təmizləyir, yandırılmış meşələri, yaşayış evlərini söndürürlər…

Bunu da deməliyəm ki, haqqında ürəklə söz açdığım Hadı da düşmən gülləsindən yayınmayıb. Sinəsini irəli verən döyüşçü dostlarına arxa-dayaq olub. Bunu bizdən, ailədən, qohum-əqrabadan gizlətməyə çalışıb. Düşmən qabağında olan hər bir balamız əzizdir Hadı kimi. Tezliklə sağalıb döyüşçü dostlarının yanına qayıdacağını deyib.

Yolunuz açıq olsun, igid balalarımız. Həmişə qaliblər cərgəsində olasınız. Hadının Xeyrənsə nənəsi ömrünün yüzünü çoxdan keçib. Kəlbəcərdə ən uzunömürlü hesab edilir. Kəlbəcərə dönmək arzusu ilə Ali Baş Komandan İlham Əliyevə ailəsinə, balalarına, eləcə bütün əsgər komandirlərimizə dua edir. Ata-anan, nənə-babanın 85-108 yaşlı anaları yolunuzu gözləyir. Körpə Ləmanın isə əsgər şəklinə baxıb qığıldanır, gülümsəyir

 

 

Əli ABDULLAYEV,

Kəlbəcər rayonu, ağsaqqal

Azərbaycan.-2020.- 10 dekabr.- S.6.