TARİXƏ QIZIL
HƏRFLƏRLƏ YAZILAN TARİXİ QƏLƏBƏ
Böyük Zəfər Gününü də
gördük!
Bu sevinci və xoşbəxtliyi də yaşadıq!
Ordusunu
məhv etdiyimiz düşmənin kapitulyasiyasında
gücünü və qüdrətini təsdiq edən Azərbaycan
Ordusunun Qələbə paradının qürurunu da duyduq!
Xalqımızın,
dünya azərbaycanlılarının, Azərbaycansevərlərin
aşıb-daşan sevincini Azadlıq meydanına cəmləyərək
buradan Yer üzünün hər tərəfinə yaydıq!
Hamı
bildi ki, Azərbaycan qalibdir!
Hamı
gördü ki, Azərbaycan Ordusu erməni
işğalçı ordusunu diz çökdürdü!
Hamı
gördü ki, Azərbaycan əsgəri qəhrəmanlıqla
döyüşərək faşist xislətli düşməni
öz torpaqlarından sürətlə qovdu, bir qarış ərazisini
belə özgədə qoymadı!
Bu,
Azərbaycan xalqının möhtəşəm Qələbəsidir!
Bu,
Azərbaycan Ordusunun hünər və şərəfli
çarpışmasının məntiqi və qanuni nəticəsidir!
Bu,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ikiəsrlik
münaqişəyə əbədilik nöqtə qoyan və
tarixə qızıl hərflərlə həkk edilən
tarixi Qələbəsidir!
Bu, həm
də Azərbaycan - Türkiyə
qardaşlığının, bir millətin iki dövlətinin
rəhbərləri olan İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğanın sarsılmaz dostluğunun və
birliyinin təntənəsidir.
***
İki il bundan qabaq - 15 sentyabr 2018-ci ildə bu iki qardaş və qalib sərkərdə Bakının bolşevik-daşnak əsarətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş təntənəli hərbi paradın tribunasında da qoşa dayanmışdılar!
O zaman cənab İlham Əliyev tezliklə Şuşada qaldırılacaq Qələbə bayrağının Bakıya gətirilərək Azadlıq meydanında dalğalandırılacağına söz verdi!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işi uğrunda mübarizəsinə daim dəstək verəcəklərini bəyan etdi!
Bu gün hər iki Sərkərdə dediklərinə əməl etdiklərini də birlikdə nümayiş etdirdilər!
Bəli, Şuşada ucaldılan Qələbə bayrağı Azadlıq meydanında dalğalandırılır!
Dost və qardaş ölkələrin rəhbərləri isə möhtəşəm paradı seyr edərək haqlı və şərəfli qələbələrindən məğrurcasına qürur duyurlar!
Qələbə dostluğundur və qardaşlığındır!
Qarabağ Azərbaycandır!
***
Zəfər paradını Müzəffər Ali Baş Komandan İlham Əliyev qəbul edirdi!
Azərbaycan Ordusunun qurucusu, müharibənin baş qəhrəmanı, xalqımızı möhtəşəm qələbəyə çatdıran Prezident İlham Əliyev!
Bu gün onun hamıdan çox sevinməyə, hamıdam çox zəfər sevincini yaşamağa, hamıdan çox qürur duymağa haqqı var!
Zəfər paradını qardaş Türkiyəni dünya dövlətinə çevirən, haqq işi uğrunda mücadiləsində Azərbaycanı birmənalı və hərtərəfli şəkildə dəstəkləyən, daim yanında olan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan qəbul edirdi!
Onun sevinci dost sevincidir, dostunun qələbəsinə verdiyi töhfələrdən doğan məmnunluq sevincidir, Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsindən duyduğu qanuni iftixar hissindən yaranan sevincdir!
Bu məqamda sevinməyən, qürur və iftixar duymayan insan yoxdur!
Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının tarixi qələbəsindən fərəhlənməyən azərbaycanlı da tapa bilməzsən!
Budur birlik, budur qüvvət, budur milli birliyimizdən doğan möhtəşəmlik!
***
Əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyev təntənəli nitq söylədi!
Qalib Sərkərdəyə məxsus sevinc və qürurla!
Xalqının etimadını doğruldan Rəhbər, düşməni məğlub edərək rəzil günə salan Ali Baş Komandan kimi!
Hər sözü dosta bir sevinc və fərəh, düşmənə qurğuşun ağırlığında!
Qısa və parlaq nitqində 30 il davam edən işğala, dünyadakı proseslərə, Azərbaycan Ordusunun rəşadətli hərbi əməliyyatlarına dəqiq qiymət verdi.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan orijinal bir çıxış etdi.
Öz çıxışını Azərbaycan şairlərinin şeirləri ilə bəzədi!
Dünya çaplı dövlət rəhbəri, müdrik və təcrübəli insan, Azərbaycan xalqının böyük dostu kimi bu münaqişəyə və müharibəyə münasibətini bildirdi, daim yanımızda olduqlarını və olacaqlarını söylədi, xalqımızı səmimi-qəlbdən təbrik etdi.
Bu tarixi nitqlərin bəzi məqamlarını olduğu kimi diqqətinizə təqdim edirik.
PREZİDENT İLHAM ƏLİYEV:
* Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
* Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
* Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik.
* Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir.
* Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman
övladlarımız dağlardan, dərələrdən,
meşələrdən, cığırlardan keçərək,
sıldırım qayaları qət edərək, qayalara
dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa
döyüşdə düşməni məhv etdi, Azərbaycan
bayrağını Şuşada qaldırdı. Ondan bir
gün sonra daha 70 kənd işğalçılardan azad
edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq
qaldırdı, diz çökdü, öz layiqli cəzasını
aldı və imdad dilədi. Biz Ermənistanı
döyüş meydanında məhv etdik. Biz
ermənilərin uzun illər yaratdıqları mifi
darmadağın etdik.
* Cəmi
44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi
texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi
və Azərbaycan öz gücünü, öz qüdrətini
göstərdi.
* Həyat
göstərdi ki, vaxtında addımlar atdıq, bütün
gücümüzü səfərbər edərək bir dəmir
yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki,
bizim dəmir yumruğumuz həm birliyimizi, həm də
gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı,
düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd
edirik. Azərbaycanın müzəffər
Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı
məğlub etdi. Ermənistan ordusu demək
olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər
erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni
olacaq. Yenə Azərbaycanın dəmir
yumruğu onların belini qıracaq.
* Bundan
sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat
qayıdacaq.
PREZİDENT
RƏCƏB TAYYİB ƏRDOĞAN:
* Azərbaycanın
həm hərbi, həm də diplomatiya sahəsində əldə
etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz
ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə
aiddir. Qardaşım İlham Əliyev bununla mərhum
Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə
yetirmişdir.
*
Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə
özümüzə hər zaman böyük lider Heydər
Əliyevin "Bir millət, iki dövlət”
şüarını rəhbər tutduq. Qazi
Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın
kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu
anlayışla Qarabağı otuz il boyunca
sinəmizdə yara etdik. Bu gün də bu
yaranın sağalmasının sevincini paylaşmaq, bu
şanlı zəfəri birlikdə qeyd etmək
üçün aranızdayıq.
* Şəhidlərimizin fədakarlığı sayəsində
Azərbaycan ərazi bütövlüyünü, şükür
olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan
torpaqları illərdir həsrət qaldığı Tərtər
çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının
başındakı duman artıq dərdli deyil. Girov qalmış xarıbülbül artıq
azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun
axacaq. Araz nəğməsini daha
güclü oxuyacaq. Qarabağ şikəstəsini
oxuyan nəfəslər daha yüksək, daha güclü
olacaqdır.
* Bu
gün burada bütün qəlbimlə bir daha təkrarlamaq
istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ
artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət
sona çatmışdır.
*
Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz
bu torpaqları daha abad, daha inkişaf etmiş,
uşaqlarımızın daha yaxşı
yaşayacağı bir yerə çevirmək
üçün mübarizə aparmaqdır. Türkiyə
və Azərbaycan kürək-kürəyə verdikcə
Allahın izni ilə çətinliklərin öhdəsindən
gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.
Allah köməyimiz olsun!
***
Zəfər paradında təqribən üç min, Vətən
müharibəsi şəhidləri qədər hərbçi
iştirak edirdi.
Bunun rəmzi
mənası vardı: Şəhidlər ölməz, Vətən
bölünməz!
Bəli,
şəhidlik zirvəsinə yüksələn hər bir Azərbaycan
döyüşçüsü bu meydanda təmsil olunurdu!
Yəqin ki, onların ruhları da Azadlıq
meydanındaydı, qələbə paradında bu sayaq
iştirak edərək canlarını fəda etdikləri Zəfərin
sevincinə qoşulmuşdular.
Zəfər
paradında qazilərimiz də iştirak edirdilər!
Bəzisi
əlağacına dayanaraq gəlmişdi...
Bu qələbədə onların hər birinin payı,
şəxsi töhfəsi vardı.
Həm də təkcə döyüşərək qələbənin
qazanılmasında iştirak etməmişdilər.
Onlar öz sağlamlıqları ilə də qələbəyə
xüsusi paylarını əlavə etmişdilər.
Qazilərimiz həm də şəhidlərlə bu
gün orduda xidmət edənlər arasında bir fəxarət
körpüsü bağlantısını yerinə yetirirdilər.
Onların bu paradda iştirakı dövlətin bu qəbilədən
olan insanlara xüsusi münasibətinin, hörmətinin,
qayğı və diqqətinin daha bir təzahürüdür.
Bütün qoşun növləri təmsil olunurdu.
Qalib Azərbaycan
Ordusunun əsgər və zabitləri ritmik marşın sədaları
altında vüqarla, nizamla addımlayır, boy-buxunları,
geyimləri, zəhmli görkəmləri ilə qəlbləri
riqqətə gətirirdilər:
Bunlar
bizim igidlərdir!
Torpağı
işğaldan bu cəngəvərlər azad edib!
Düşməni
torpaqlarımızdan bu igidlər qovub!
Şəhidlərin
və qazilərin qisasını bu oğullar alıb!
Belə
ordu ilə, belə qəhrəmanlarla fəxr etməyə dəyər!
...Təntənəli
marşın sədaları altında bir anda meydanda canlanma
yaranır.
Qalib Azərbaycan Ordusunun Qələbə paradında
iştirak edən qəhrəman əsgər və zabitlər,
onların ardınca hərbi texnika hərəkətə
başlayır.
Silahlı Qüvvələrimizin şəxsi heyəti
Azərbaycan Respublikasının Dövlət Bayrağı və
şanlı hərb tariximizə qızıl hərflərlə
yazılmış 44 günlük Vətən müharibəsinin
Zəfər bayrağı altında tribunanın önündən
keçir.
Dövlət bayrağı və Zəfər
bayrağının ardınca Azərbaycan Ordusunun qoşun
növlərinin bayraqları Azadlıq meydanında
dalğalanır.
Vətən Müharibəsi Qəhrəmanı
general-mayor Zaur Məmmədovun başçılıq etdiyi
döyüş bayraqdarları qrupu Böyük Qələbənin
qazanılmasında müstəsna xidmətləri olan hərbi
hissələrin döyüş bayraqlarını Azadlıq
meydanından keçirirlər.
Zəfər paradında qardaş Türkiyə
Respublikası Silahlı Qüvvələrini təmsil edən
hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi
ilə tribuna önündən fəxrlə
addımlayırlar.
Silahlı Qüvvələrdən sonra meydana hərbi
texnika daxil olur.
Düşmənin
vurulub sıradan çıxarılmış, habelə qənimət
götürülmüş hərbi texnikası, Azərbaycan
Ordusuna məxsus müxtəlif adda və çeşiddə ən
yeni silahlar, erməni ordusunu vahiməyə salan, məhv edən
pilotsuz uçuş aparatları, raket kompleksləri bir-birini əvəz
edir.
Bəli,
Zəfər paradında hər şey var: qəhrəmanlıqla,
cəsarət və ruh yüksəkliyi ilə
döyüşən şanlı Azərbaycan əsgər və
zabitləri, onların ixtiyarına verilmiş ən yeni
texnologiyaya əsaslanan silahlar, qardaş Türkiyənin dost
münasibəti...
Bir də
hamımızın həsrətlə gözlədiyimiz
böyük Qələbə, Qələbə sevinci və
bayramı!
***
Meydana erməni tankları "daxil olur!”
Lakin onlar
özləri gəlməyib, gətiriblər!
Bir
zamanlar erməni başbilənləri kimlərəsə
arxalanaraq yeni müharibənin başlayacağı təqdirdə
tanklarının və zirehli texnikalarının
Bakının küçələrində görünəcəyi
ilə lovğalanırdılar!
Bu
lovğalıq onlara baha başa gəldi, Müzəffər
Ali Baş Komandan İlham Əliyev ordularını məhv
etdi, özlərini diz çökdürdü, indi isə
dağılmış ordunun zirehli texnikalarının
"nümunə”lərini dünyaya göstərir: bir qismi
Azərbaycan əsgərinin dəqiq atəşləri nəticəsində
sıradan çıxarılaraq dağıdılmış
halda, bir hissəsi isə hərbi qənimət kimi!
Onların
sayı o qədərdir ki, hərbi paradda siyahısını
belə səsləndirmək mümkünsüzdür!
Yığcam
rəqəm isə belədir: Vətən müharibəsində
təcavüzkarın 3,8 milyard dollarlıq
hərbi texnikası məhv edilib və ya qənimət
götürülüb!
***
Parada
düşmən bayrağı da gətirilmişdir!
Məhv
edilmiş Ermənistan ordusunun endirilmiş bayrağı...
Bükülmüş, əzilmiş, əski
parçasına dönmüş vəziyyətdə.
Bu
bayraqlar əbədi olaraq Azərbaycan əsgərinin çəkmələri
altında olacaq, bir daha Qarabağı görməyəcək!
Daha Azərbaycan
ərazisində heç bir statuslu, yaxud qondarma qurum olmayacaq!
Münaqişəni
hərbi yolla həll edən Müzəffər Ali Baş
Komandan İlham Əliyevin və Azərbaycan xalqının
iradəsi budur!
vvv
Meydana
PUA-lar daxil olur!
Azərbaycan
Ordusunun qısa müddətdə düşməni təslim
etməsində mühüm rol oynayan pilotsuz uçuş
aparatları!
* Məhz
bu PUA-lar Azərbaycana XXI əsrin yeni müharibə nümunəsini
yaratmağa kömək etdi!
* Məhz
bu PUA-lar ən qısa vaxtda, ən az itki
ilə ən yüksək nəticə qazanılmasına
şərait yaratdı!
* Məhz
bu PUA-lar düşmənin ən əlçatmaz yerlərdə,
ən dərin səngərlərdə gizlənmiş
canlı qüvvəsinin və zirehli texnikasının
tapılıb məhv edilməsində başlıca vasitə
oldu!
Deyirlər
Qarabağ müharibəsində iştirak edən ermənilərin
indi də bir gözü göydədir və hər dəqiqə
Azərbaycanın pilotsuz uçuş aparatlarının
başlarına od ələyəcəyindən
qorxurlar.
Hərbi paradda bir çox yeni PUA-lar, raketlər, hava
hücumundan müdafiə sistemləri nümayiş etdirildi.
Silahların bir qismindən Vətən müharibəsində
istifadə edilmişdir.
Əgər
ermənilər ağıllarını başlarına
yığmasalar, qisasçılıq niyyətlərindən
əl çəkməsələr, dadına baxa biləcəklər!
***
Zəfər
paradının təşkili, canlı qüvvənin qoşun
növünə uyğun geyimi, şəxsi təchizatı,
yüksək səviyyədə sıra keçidi, texniki təminatın
müasirliyi və növ müxtəlifliyi qürur və heyrət
doğurur, təkcə hərbçilərin deyil,
tamaşaçıların da əhvali-ruhiyyəsini,
aşıb-daşan sevinc və şadlıq hisslərini isə
söz belə təsvir etməkdə acizdir!
* Bu tarixi
qələbənin tarixi paradını gözlə görmək,
kənardan müşahidə etmək özü bir ayrı
zövq, tam yeni fərəh hissləri doğuran nadir
tamaşa idi.
* Bu parad
Azərbaycanın bir dövlət olaraq iqtisadi
gücünün, siyasi nüfuzunun və diplomatik
uğurlarının nümayişi idi.
* Bu parad həm də Azərbaycan ilə Türkiyənin, dünya çaplı iki görkəmli dövlət və siyasi xadimin - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluğunun, qardaşlığının və əməkdaşlığının numayişi idi!
* Bu parad Azərbaycan Ordusunun - igid Azərbaycan əsgər və zabitlərinin peşəkarlığının, onların malik olduqları silahların nümayişi idi!
* Bu parad dünyaya yeni taktika və strategiya, müharibə nümunəsi göstərən Azərbaycanın malik olduğu yeni silahların, PUA-ların nümayişi idi!
* Bu parad Ermənistanın məğlubiyyətinin, döyüş meydanlarında qoyub qaçdıqları silah-sursatın, müxtəlif növlü zirehli texnikanın nümayişi idi!
* Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi qələbəsinin möhtəşəmliyini, Zəfərinin əzəmətini göstərən ümumxalq şənliyinin təntənəli nümayişi idi!
Qələbə bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 15 dekabr.- S.1-2.