Evinizi taclı virusa qarşı möhkəm qalaya
çevirin
Epidemiyaya qalib gəlmək üçün
vətəndaşlar dövlətə dayaq
olmalıdırlar
Koronavirus xəstələrinin sayının azalması dövlətin gördüyü tədbirlərlə yanaşı, hər bir kəsin həyat tərzindən, gigiyenik qaydalara riayət etməsindən və ailə sağlamlığını qorumasından ciddi asılıdır.
Əgər ölkədə bu bəlaya yoluxanların sayı sürətlə artırsa və statistik rəqəmlər ciddi təhlükələrdən xəbər verirsə, deməli, hər birimizin bu bəla ilə mübarizədə buraxdığı səhvlər var. Onları müzakirə etmək, yanlışlıqları aradan götürmək hamımızın borcudur.
Azərbaycan dövləti işğalçı Ermənistanla müharibədən qalib çıxdı. Bu Qələbənin əldə edilməsi üçün neçə-neçə igidimiz canından keçdi, şəhidlik zirvəsinə yüksəldi, qazilərimizin yaraları hələ tam sağalmayıb. Amma onu da unutmayaq ki, dövlətimiz əsgər itkilərinin mümkün qədər az olmasına çalışdı. Bunun üçün ordumuz ən müasir, böyük vəsaitlərə alınan silahlarla təchiz edilmişdir. Bu müharibə dünyanın hərb tarixinə misilsiz və bənzərsiz nümunə kimi həkk edildi.
İşğalçıya qarşı müharibə aparan Azərbaycan dövləti paralel olaraq taclı virusa yoluxan vətəndaşlarını taleyin ümidinə buraxmadı. Bu gün də epidemiyaya yoluxan bütün xəstələrin müalicəsi dövlətin diqqət mərkəzindədir.
Onu da qeyd edək ki, əksər dövlətlər taclı virusun epidemiyası qarşısında acizdir və insanların müalicəsini tam təşkil etməkdə ciddi çətinliklərlə üzləşir. Uzağa getməyək, elə şimal qonşumuz Rusiyanın paytaxtında xəstələrin müalicəsi nisbətən yaxşı təşkil edilsə də, Moskvadan əyalətlərə çəkildikcə problemlər artır, xəstəxanaların təchizatı çətinləşir, dərman preparatları çatışmır. Lipetskdə yaşayan həmyerlimiz deyir ki, yaxın qohumu kritik vəziyyətdən çıxmaq üçün bir neçə sistemin vurulmasına 300 dolları öz cibindən ödəmək məcburiyyətində qalıb. Belə nümunələr az deyil.
Bizdə necədir? Qubada yaşayan, 15 ildən çoxdur dializ xəstəsi olan Elnur Qasımovla danışırıq. Deyir ki, taclı virusa yoluxduğu aydın olan kimi onu təcili surətdə Qusar rayonuna gətirərək xəstəxanada taclı virus xəstələri üçün ayrılan xüsusi şöbəyə yerləşdiriblər. Dializ xəstələrinin immun sisteminin həddən ziyadə zəif olduğundan onların bu virusdan sağalması digər xəstələrə nisbətən qat-qat çətindir. Belə ki, daha çox dərman preparatları tələb olunur, daha mürəkkəb və bahalı müalicənin aparılması lazım gəlir. Elnur deyir ki, onun müalicəsi üçün vacib olan bütün tədbirlər görülüb, həkimlərin sayəsində səhhətində ağırlaşmalar baş verməyib və o, sağalmağa doğru gedir. Etiraf edir ki, müalicəsi ailəsinin öhdəsinə buraxılsaydı, bu məsrəfləri çəkmək onlar üçün o qədər də asan olmazdı. Elnur dövlətindən, eləcə də təmənnasız qayğısını çəkən həkimlərdən razıdır.
Qubanın Xucbala kəndinin sakini, sağalıb evinə dönən Seyfəddin müəllim isə yarızarafat-yarıgerçək deyir ki, vallah, xəstəxanada günlər necə keçdisə bilmədim, müalicə öz yerində, amma yeməyimiz-içməyimiz evdəkindən də yaxşı idi. Evdə xanım nə qədər çalışsa da, vaxtlı-vaxtında belə süfrə aça bilməz. Başı qarışar həyət-bacaya, mal-qaraya, yeməyimizi verincə mədəmiz nalə çəkər, Allah bilir.
Sözümüzün canı odur ki, Azərbaycanda nəinki paytaxtda, hətta ən ucqar bölgələrdə belə, taclı virusa yoluxanların hamısına yüksək səviyyədə qayğı göstərilir. Yəni dövlət epidemiyaya yoluxan bütün insanları, harada yaşamasından asılı olmayaraq, qayğı ilə əhatə edir.
İndiki vəziyyətdə hər birimizin borcudur ki, bu qayğını dəyərləndirək və özümüzü elə qoruyaq ki, dövlətimizin yükü azalsın. Lakin statistik rəqəmlər bizi xəbərdar edir ki, insanlar sağlamlıqlarına laqeyd yanaşsalar, yoluxanların sayı arta bilər. Ölkədə elə epidemik vəziyyət yarana bilər ki, dərman qıtlığı olar, çarpayıların sayı kəskin surətdə çatışmaya bilər.
Ona görə də bu məsələyə hər birimizin daha diqqətlə yanaşması, karantin qaydalarına daha dürüst əməl etməsi vacibdir. Əgər dövlətimizi seviriksə, bir-birimizin qayğısına qalmağa hazırıqsa, sadəcə, bir həqiqəti anlamalıyıq. Xəstələrin sayının azalması, ilk növbədə, sağlam insanların bu xəstəliyə yoluxmamasından asılıdır. Yəni biz özümüzü qoruduqca, qaydalara əməl etdikcə, yeni yoluxanların sayı azalacaq.
Bəs bunu necə etmək lazımdır? İlk növbədə evinizi taclı virusa qarşı yenilməz qalaya çevirin. Bu, çətin deyil. Qonaq getməyə can atmayın və çalışın ki, evinizə gəlib-gedənlərin də sayı az olsun. İndi hamının mobil telefonu var və sevdiyiniz insanlarla, qohum-qardaşla hətta görüntülü danışa bilərsiniz. Ad günlərini ixtisara salın, ziyafətləri və yubileyləri ləğv edin və kimsədən inciməyin ki, ailə bayramlarında qapınızı açmadı.
Mütəxəssislər vurğulayırlar ki, bir nəfər yoluxanda arxasınca ətrafdakıları, qohum-əqrəbasını da bu bəlaya salır. İndi Bakıda elə bir bina tapmaq olmaz ki, orada xəstə olmasın! Xəstələnib analiz verənlərin bir çoxunun taclı virusa yoluxduğu məlum olur. Elə həyətlər var ki, hər gecə oraya bir neçə dəfə təcili yardım maşını gəlir... Epidemiya kiçiyə, böyüyə baxmır.
Özümüzü diqqətlə qorusaq, dövlət bizə sərf olunacaq gücünü yaralı əsgərlərimizin sağlamlığına yönəldər. Odur ki, özümüzü qorumağa borcluyuq!
Yoluxanlara fikir verəndə aydın görünür ki, sağlam, immun sistemi güclü olanlar bu xəstəliyə tutulmur, yaxud onu yüngül keçirir. Ona görə də ailə sağlamlığı, immun sisteminin gücləndirilməsi günün ən vacib məsələsinə çevrilməlidir. Bu sahədə müəyyən biliklərə sahib olmaq və zəruri addımlar atmaq lazımdır. Hər kəs öz evini, ailəsini qorumalıdır. Sadəcə, çalışın düzgün qidalanın, vacib vitaminləri qəbul edin və sağlam həyat tərzinin sirlərinə yiyələnin, uşaqlarınıza da bunu öyrədin. Bu barədə internet resurslarında məlumatlar kifayət qədərdir. Oxuyun, öyrənin və əməl edin. Həyəcanlanmayın, bədbinliyə qapılmayın, sağlam, nikbin və gümrah yaşayın ki, bu düşmənə də qalib gələk!
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 15 dekabr.- S.1;4.