Ölkə əhalisi Prezidentin fəaliyyətini yüksək dəyərləndirir

 

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri bunu bir daha təsdiqləyir

 

Sosial Tədqiqatlar Mərkəzi "Prezidentin fəaliyyəti ictimai rəydə: Vətən müharibəsi və 2020-ci ilin yekunları” adlı rəy sorğusu keçirib. Respondentlərin 96,4 faizi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə Azərbaycan Prezidentinin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib.

Prezident İlham Əliyev adını tarixə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edən və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi yazdı. Bununla da dünyada sayılıb-seçilən görkəmli siyasi lider olduğunu bir daha təsdiqlədi.

Prezidentimizin "Qarabağ Azərbaycandır və nida” ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır.

Bu Qələbə bir daha onu göstərdi ki, Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərə sadiqdir. Qələbəmiz dövlət başçısı, Ali Baş Komandanın səbir, təmkin və dərin siyasi-diplomatik zəkası ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti sayəsində, xalqımızın öz müdrik lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində mümkün oldu.

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticəri də bu deyilənlərə əsaslanır. Sorğunun nəticələrini Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc keçirdiyi brifinqdə təqdim edib. Onun bildirdiyinə görə, rəy sorğusunda respondentlərə Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəliliyinin dəyərləndirilməsi, Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin öyrənilməsi, Vətən müharibəsində Qələbəmizi təmin edən əsas hansı amillərin olması, müharibə və pandemiya dövründə əhalinin hiss etdiyi əsas təhlükələrin öyrənilməsi və s. istiqamətlər üzrə suallar ünvanlanmışdı. Respondentlərin 96,4 faizi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını cari ildə Prezidentin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib.

Bununla yanaşı, respondentlərin 75,2 faizi dövlət başçısının müharibə veteranları və yaralı hərbçilərlə görüşlərini və işğaldan azad olunmuş torpaqlara səfərlərini təqdir edib. İl ərzində Prezidentin daha çox insan tərəfindən (68,5 faiz) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksək vəzifəli şəxslərin qanunazidd fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılması olub. Respondentlərin 65,6 faizi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1 faizi dövlət başçısının xarici kütləvi informasiya vasitələrinə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib.

Prezidentin korrupsiyaya qarşı mübarizəni gücləndirməsini və sərt mövqe göstərməsini respondentlərin 60,2 faizi xüsusi qeyd edib. 60,1 faiz respondent tərəfindən isə dövlət başçısının pandemiyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti təqdir olunub.

Pandemiyaya qarşı mübarizənin idarə edilməsində Prezident İlham Əliyevin strateji qərarlar qəbul etməsi 58,8 faiz respondent tərəfindən təqdir edilib. 57,1 faiz respondent Prezidentin beynəlxalq tədbirlərin təşəbbüskarı olmasını, 55 faiz respondent isə cari ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin ictimailəşdirilməsini qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti - 83,3 faizi 2020-ci ildə Prezidentin fəaliyyətində təqdir etmədiyi məqamın olmadığını göstərib.

Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsi departamentinin məlumatına görə, sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi əvvəlki dövrlərlə müqayisədə müharibə zamanı ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqeyini müsbət qiymətləndirib. Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin çox yaxşı olduğunu bildirən 78,6 faiz respondentin 66,5 faizi Prezidentin xarici KİV-ə müsahibələrini müntəzəm izlədiklərini qeyd edib. Dövlət başçısının xalqa müraciətlərini respondentlərin 72,2 faizi müntəzəm izləyib.

Vətən müharibəsindən sonra Prezidentin siyasi lider kimi şəxsi keyfiyyətlərinə ictimai münasibətə gəlincə, əhalinin mütləq əksəriyyəti - 81,6 faiz dövlət başçısında yeni şəxsi keyfiyyətlər müşahidə edib. Respondentlərin 93,7 faizi müharibədə göstərdikləri xidmətlərə görə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirib. Sentyabrın 27-nin Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olanlar rəyi öyrənilənlərin 96,7 faizini təşkil edir. Noyabrın 8-nin Qələbə günü kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99 faiz civarındadır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətində görülən işləri respondentlərin 94,6 faizi çox səmərəli, 1 faizi əsasən səmərəli qiymətləndirir. Sorğuda iştirak edənlərin 85,1 faizi Prezidentin xarici siyasət istiqamətindəki fəaliyyətinin çox səmərəli, 10,4 faizi isə əsasən səmərəli olduğunu qeyd edir. İşğaldan azad olunmuş ərazilərin yaxın dövrlərdə bərpası ilə bağlı bəyanatlara sorğuda iştirak edənlərin 97,7 faizi inam bəsləyir.

Qeyd edək ki, sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon - Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ rayonları üzrə şəhər, rayon və kənd əhalisi arasında aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1217 respondent iştirak edib. Seçmədə hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.

Sorğunun nəticələri bir daha göstərir ki, Prezident İlham Əliyevin həm Vətən müharibəsi dövründə, həm də ümumilikdə 2020-ci ildəki fəaliyyəti əhali tərəfindən yüksək qiymətləndirilir. Müsbət haldır ki, ölkə əhalisi Prezidentin fəaliyyətini dərindən təhlil edir və lazımınca dəyərləndirir.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 27 dekabr.- S.1;3.