Azərbaycan qlobal pandemiyaya qarşı hərtərəfli mübarizəni davam etdirir

 

 

Koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Təəssüf ki, indiyə qədər dünyada COVID-19-a qarşı aparılan mübarizə tədbirləri nəticəsiz qalıb.

Ölkələrin pandemiyaya qarşı ən effektiv vasitə olan karantin rejimləri tətbiq etmələri sayəsində yoluxmada müəyyən azalma tendensiyaları müşahidə olunsa da, sonradan yumşaldılmalar zamanı virus yenidən alovlanmağa başlayıb. Hazırda vəziyyət ürəkaçan deyilyüz minlərlə insanın bu təhlükəli infeksiyaya yoluxması barədə rəsmi açıqlamalar verilir. Yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür, digər yerləri isə Avropa, Cənub-Şərqi Asiya bölüşür.

Eyni zamanda koronavirusun mutasiya etmiş yeni növünün sürətlə yayılması da böyük təşviş yaradıb. Buna görə Böyük Britaniya koronavirusa qarşı maksimum məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə qərar verib. Ölkənin səhiyyə naziri Mətt Henkok bildirib ki, Milad dövrü və 2021-ci ilin başlanğıcı çətin olacaq. Koronavirusun yeni variantı sürətlə yayılır və bu COVID-19 ilə mübarizəni daha da çətinləşdirir.

 

 

Görülən tədbirlər əhalinin sağlamlığının etibarlı təmininə yönəlib

 

 

Azərbaycanda da qlobal pandemiyaya qarşı hərtərəfli mübarizə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün ilk zamandan etibarən qətiyyətli və çevik addımlara start verilib. Ölkəmizdə qlobal böhranın aradan qaldırılması istiqamətində görülən işlər infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib.

Ölkəmizdə qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi pandemiyaya qarşı mübarizədə tədbirləri gücləndirib. Belə ki, virusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmasında vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsi baxımından böyük rol oynayan modul tipli xəstəxanaların inşasının müstəsna əhəmiyyəti olub.

Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, eyni zamanda maska istehsalı müəssisəsinin açılması, yeni təcili tibbi yardım avtomobillərinin təminatı kimi mühüm əhəmiyyətli işlər həyata keçirilib.

Azərbaycan çevik şəkildə ümumi bəlaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa zaman ərzində laboratoriyaların sayı 8 dəfə artırılıb. Ötən müddət ərzində yeni koronavirusun aşkarlanması üçün ümumilikdə 2 milyondan çox test aparılıb.

Respublikamızda 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Bunun sayəsində virusa yoluxan xəstələr üçün 10 mindən çox çarpayı yeri yaradılıb.

Paralel olaraq həkim çatışmazlığının qarşısının alınması istiqamətində mühüm işlər görülüb. Bəzi ölkələrlə bu sahədə əməkdaşlıq üçün operativ danışıqlar aparılıb, 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət edilib ki, bu da xəstələrin müalicə olunaraq sağaldılmasında müstəsna rol oynayıb.

Görülən tədbirlərin nəticəsidir ki, indiyə qədər virusa yoluxan 150 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb.

 

Vətəndaşlara dövlət dəstəyi göstərilir

 

Qlobal böhranın ölkəmizdə daha az hiss olunması üçün bütün istiqamətlərdə lazımi qabaqlayıcı tədbirlər davam etdirilir. Karantin dövrü ərzində vətəndaşlara göstərilən maddisosial yardımlar bu xüsusda əhəmiyyətli rol oynayır. Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən böyük dəstək göstərilir.

Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib.

Vaxtaşırı ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək lazımi qərarlar qəbul olunur. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son aylarda yaşanan yoluxma səviyyəsini nəzərə alaraq virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verib. Qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin 31 yanvarınadək uzadılıb. Eyni zamanda 2021-ci ilin yanvarın 18-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Tətbiq edilən karantin rejimi və digər koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində hazırda ölkəmizdə yoluxma hallarında azalma tendensiyası müşahidə olunur, sağalanların sayı artır.

 

 

Vaksin vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq

 

 

Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar hazırlıq işləri görülüb, GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Vaksinasiya isə pulsuz həyata keçiriləcək.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuata müsahibəsində məlumat verib ki, əhalinin maarifləndirilməsi üçün çoxlu sayda materiallar hazırlanacaq və onlar ictimaiyyətə paylanacaq. Qeyd edib ki, ilk növbədə, risk qrupuna daxil olan insanların COVID-19 virusuna qarşı vaksinasiyası aparılacaq. Həmçinin Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Hazırda mütəxəssislər bu proqram üzərində çalışırlar.

Göründüyü kimi, dövlətimiz bütün imkanlarını qlobal pandemiyaya qarşı səfərbər edib, infeksiyanın nəzarət altında olması, idarəolunan səviyyəyə çatdırılması, lokallaşdırılması və tamamilə yox edilməsi istiqamətində zəruri tədbirlər görür.

Vətəndaşlar da bu istiqamətdə hökumətə dəstək verməli, pandemiyanın tələb etdiyi şərtlərə maksimum əməl etməlidirlər.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 27 dekabr.- S.1;15.