İtaliya
Azərbaycanın birinci ticarət tərəfdaşıdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də
İtaliya Deputatlar Palatasının sədr müavini Ettore
Rosatonun başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qonaqları salamlayan Prezident İlham
Əliyev dedi:
-Xoş
gəlmisiniz. Mən sizi ürəkdən salamlayıram. Şadam ki, siz Azərbaycana səfər
edirsiniz. Müharibədən sonra Azərbaycana
səfər edən ilk Avropa nümayəndə heyətisiniz.
Yəqin ki, bu, təsadüfi deyil,
çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr
çox sürətlə inkişaf edir və bu gün ən
yüksək səviyyədədir. Hesab
edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir.
Mənim bu ilin əvvəlində İtaliyaya
etdiyim dövlət səfəri bunun bariz nümunəsidir.
Səfər zamanı bir çox önəmli sənədlər
imzalanmışdır. Onların
arasında Çoxölçülü Strateji Tərəfdaşlıq
haqqında sənəd xüsusi yer tutur. Bu
sənəd bizim strateji tərəfdaşlığımızı
bir daha təsdiqlədi. Səfər
zamanı həm Prezident, həm Baş nazirlə
görüşlərim əsnasında bir çox önəmli
məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr
Palatasının rəhbərləri ilə mənim
görüşlərim də çox gözəl keçdi.
Bildiyiniz kimi,
iki il bundan əvvəl İtaliya Prezidenti
cənab Mattarella Azərbaycanda rəsmi səfərdə idi. Bu səfərlər ikitərəfli əlaqələrimizin
çox möhkəm zəmində olmasını göstərir.
Bu gün İtaliya-Azərbaycan əlaqələri
həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə
çox uğurla inkişaf edir. Siz də
bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Keçən il ticarət dövriyyəmiz
6 milyard dollara çatmışdır. Bunun
böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə
qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə
malik olacaq. Energetika sektoruna gəldikdə,
bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi
istismara veriləcək və şübhəsiz ki, bu,
İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.
Bizim humanitar sahə ilə bağlı da böyük
planlarımız var və artıq bir çox reallaşan
layihələrimiz var. İtaliyaya dövlət səfərim
çərçivəsində, eyni zamanda, təhsil sahəsində
əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan
Universitetinin yaradılması ilə bağlı
razılığa gəlmişik. Bakıya
qayıdandan sonra mənim tərəfimdən bu məsələ
ilə bağlı müvafiq göstərişlər
verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə
universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə
saxlayıram və mənə müntəzəm olaraq bu məsələ
ilə bağlı məlumatlar verilir. Onu
da bildirməliyəm ki, mənə verilən məlumat əsasında
orada bir neçə fakültə fəaliyyət göstərəcək.
O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi
yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri
dəyərdir və ölkəmizdə geniş vüsət
almış tikinti sektorunun əlbəttə ki, müasir
görkəmi olmalıdır. Əlbəttə,
İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər
iki ölkə arasındakı əlaqələrə
xüsusi töhfə verəcəklər.
Mən, eyni zamanda, sizə təşəkkürümü
bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm
Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin
törətdiyi hərbi cinayətləri
görmüsünüz. Ermənistan tərəfindən törədilmiş
hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə
uğrayarkən Ermənistan mülki vətəndaşları
atəşə tutub. Gəncəni Ermənistan
ərazisindən ballistik raketlərlə atəşə
tutmuşdur. Bu, hərbi cinayətdir və
bu cinayətə görə Ermənistan rəhbərliyi cavab
verəcək. Müharibə zamanı 94
mülki şəxs həlak olmuşdur, 400-dən çox
yaralanmışdır. Ballistik raketlərlə
bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü
şəkildə məhz mülki vətəndaşların
yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir
ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini
də gördünüz. Daha doğrusu,
artıq şəhərdən bir şey qalmayıb, orada
bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini
göstərən cinayətdir. Onlar hesab
edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt
qayıtmayacaqlar. Amma biz
qayıtmışıq, döyüşə-döyüşə
onları torpaqlarımızdan qovduq. Onlar
bizim qabağımızda diz çökdülər.
İndi ölkəmizin yeni dövrü başlayır,
biz bütün o bölgələri yenidən
quracağıq. Artıq ilkin addımlar atılır, ilkin
infrastruktur layihələrinə start verilib. Amma demək olar ki, Ağdamda
gördüyünüz mənzərə azad edilmiş
bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə
salamat bina qalmayıb, Cəbrayıl şəhərində də.
Zəngilan, Qubadlı eyni vəziyyətdədir.
Kəlbəcər və Laçın
rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma
siyasəti aparmışdır. Bu da hərbi
cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan
bir addımdır. Ona görə bu
rayonlarda bəzi yaşayış məntəqələrində
bəzi evlər qalıb. Orada ermənilər
yaşayırdılar. Ancaq noyabrın
10-dan dekabrın 1-nə qədər - o vaxt çərçivəsində
onlar bu bölgələri tərk etməli idilər - onlar
orada da vəhşilik törətdilər, evləri
yandırdılar, sökdülər. Halbuki o evləri
onlar yox, o vaxta qədər - 30 il bundan əvvəl
orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər,
yəni, dünyanın gözü qarşısında vəhşilik
törətdilər. Beynəlxalq media
qurumları da bu barədə reportajlar hazırlayıb mətbuata
vermişlər. Bütün dünya indi
gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə
qalmışdır və bu vandallara qarşı təkbaşına
müharibə apararaq öz ərazi
bütövlüyünü bərpa etmişdir.
İndi bərpa dövrü
başlayır, genişmiqyaslı quruculuq işləri
aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri,
ilk növbədə, bu işlərdə iştirak edəcək
və bizim üçün dost olan ölkələrin
şirkətlərini də biz dəvət edəcəyik,
daha doğrusu, artıq dəvət etmişik. Mən
çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə,
yəni, bərpa, yenidənqurma işlərində fəal
iştirak etsinlər. İtaliya tərəfinə artıq bu
təkliflər verildi. Yaxın günlərdə videokonfrans
vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir
daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri
bu işlərdə iştirak edəcəklər. Əsl
dostluq isə özünü çətin anlarda büruzə
verir. Bizim üçün də bu müharibə, eyni zamanda,
onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir,
hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən
xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir
ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz.
İtaliya
Deputatlar Palatasının sədr müavini Ettore Rosato dedi:
- Cənab
Prezident, bizi qəbul etdiyinizə görə sağ olun. Sizin ölkəniz üçün olduqca xüsusi əhəmiyyət
kəsb edən belə bir dövrdə burada olmaqdan məmnunluq
hissi duyuruq. Buna görə də Sizə
olan dostluq hisslərimizi ifadə etmək üçün əslində,
bu səfərə çoxdan hazırlaşırdıq.
Dedik ki, belə bir əhəmiyyətli dövrdə biz
mütləq Sizin ölkənizə gəlməliyik.
Zati-aliləri, Sizin də söylədiyiniz kimi,
bizim aramızdakı dostluq, onun əlamətləri son illərdə
xüsusi olaraq öz təzahürünü tapıb. Əslində, ölkələrimiz arasındakı
səfərlərə gəldikdə, bu səfərlər
çox yüksək səviyyədə təşkil
olunmuşdur. İtaliya Respublikası
Prezidentinin Sizin ölkənizə rəsmi səfəri
münasibətlərimizin inkişafında çox
mühüm bir addıma çevrildi. Sizin
də Romaya etdiyiniz dövlət səfəri də bizim tərəfimizdən
strateji əhəmiyyət kəsb edən bir hadisə kimi qəbul
olunur. Biz də Sizə dost olaraq bilirik ki, səfər
çərçivəsində bir çox razılaşmalar
və xüsusən də, strateji tərəfdaşlıq
haqqında mühüm sənəd imzalanıb. Əslində, bunlar elə sazişlərdir ki,
onlarda çox konkret öhdəliklər və olduqca vacib
mahiyyət əks olunubdur.
Azərbaycan İtaliya üçün enerji
daşıyıcılarının ilk
ixracatçısıdır. Belə bir keşməkeşli vaxtlarda
enerji təhlükəsizliyini etimad göstərib o ölkəyə
həvalə edə bilirik ki, o ölkə ilə həqiqətən
dostluq münasibətləri olsun. Biz bu
dostluğu daha da gücləndirmək istəyirik və
münasibətlərimizi daha da şaxələndirmək
fikrindəyik.
X X X
İtaliya
parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore
Rosato Azərbaycanın münaqişədə həyatını
itirən mülki şəxslərinə görə
başsağlığı verdi, Gəncə
və Ağdama səfərlərinə toxundu. O qeyd etdi ki, 30
illik işğal dövründə Ağdamda törədilmiş
viranəliyin şahidi olublar. "Hətta inanmaq belə
çətin idi ki, burada nə zamansa insanlar yaşayıb”, -
deyə vurğuladı.
Ettore Rosato Prezident İlham Əliyevə İtaliya
Nümayəndələr Palatası və İtaliya
Senatının sədrinin salamlarını
çatdırdı.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1-2.