Ermənistan vətəndaş
müharibəsinə gedir
Müxalifət hakimiyyətə qarşı mübarizəni
qiyama çevirməyə
çağırış etdi
Bu günlərdə
Ermənistanda siyasi qarşıdurmanın daha
da dərinləşməsi,
müxalifətlə hakimiyyət
arasında ziddiyyətlərin
kəskinləşməsi müşahidə
olunur. Baş nazir Nikol Paşinyanın
istefası tələbi
ilə Yerevanda etiraz aksiyaları davam edir.
Paşinyana istefa üçün vaxt verilib
Növbədənkənar
parlament seçkilərinin
keçirilməsini tələb
edən müxalifət
Paşinyana istefa verməsi üçün
üç gün vaxt verib. Əks
təqdirdə kütləvi
aksiyaların dayanmayacağı
və vətəndaş
qarşıdurmasının baş verəcəyi bildirilir.
Ermənistanda N.Paşinyanın yerinə
müxalifətin vahid
namizədi isə sabiq baş nazir və müdafiə
naziri Vazgen Manukyandır. Vazgen Manukyan 1990-1991-ci illərdə
Ermənistanın baş
naziri, 1992-ci ildən
1993-cü ilə qədər
müdafiə naziri olub, eyni zamanda
ölkənin hərbi
- sənaye kompleksinə
başçılıq edib.
O, müharibənin davam etdiyi günlərdə
N.Paşinyan hökumətini
hakimiyyəti hərbçilərə
verməyə çağırmışdı.
Manukyan öz müraciətində ölkədəki
vəziyyəti erməni
tarixinin ən rüsvayçı və
dağıdıcı səhifələrindən
biri kimi qiymətləndirmişdi. Bu, Paşinyanın hakimiyyətdən dinc yolla kənarlaşdırılması
ilə bağlı ikinci cəhd idi. Birinci cəhd
oktyabrın 17-də (müharibənin
20-ci günündə) olmuşdu.
Öncə 13 partiya, sonra isə 16 partiya birgə bəyanatla çıxış
etmişdilər. Bəyanatda
Ermənistanın və
Qarabağ separatçılarının
keçmiş və indiki prezidentləri, baş nazirlər və xarici işlər nazirlərinin
iştirakı ilə
operativ qərargahın
formalaşdırılması təklif olunurdu. O zaman Paşinyan 16 partiyanın hücumuna reaksiya verməyib, "Qarabağı xilas etməyə” hazırlaşan
eks-prezidentlər Robert
Koçaryan və Serj Sarkisyanın fəal hərəkətlərinə
qarşı çıxmışdı.
Erməni politoloq Nikolay Petrosyan bildirib ki, müxalifətin mitinqi ilə bağlı təəssüratlar
bununla bitir və qalan hər
şey tam məyusluq doğurur. Vazgen Manukyan Rusiya ilə müttəfiqlik əlaqələrinin
möhkəmləndiyini, antitürk
koalisiyasına daxil olmağa çalışdığını
bəyan edir, halbuki bu, əslində,
bir-birini inkar edən hərəkətlərdir.
Təəssüf ki, bu, müxalif namizəd üçün
aydın deyil. Yenə təəssüf ki, Vazgen Manukyan
hökumətə namizədlərin
adlarını çəkməyib
və Ermənistanın
çoxsaylı problemlərinin
necə həll ediləcəyinə dair fikirlərini açıqlamayıb.
Nikol Paşinyanın mahiyyətinə görə
boş olan "yol xəritəsi” müxalifətin deklarativ bəyanatlarından daha məzmunlu sənəd kimi görünür.
Politoloq deyib ki, Paşinyan
istefa verməlidir, amma əvəzinə Manukyan gəlsə, Ermənistanda yenə hər şey əvvəlki kimi olacaq: "Güman edirəm ki, intellektual elitanın nümayəndələrinin iştirakı
ilə hüquqi sahədə geniş siyasi və ictimai müzakirələrə
ehtiyac var. Kütlənin dəyişən
əhvali-ruhiyyəsinə güvənmək
yetər”.
Ter-Petrosyan vəziyyətin təhlükəli
olduğunu bildirir
Ermənistanın
ilk prezidenti Levon Ter-Petrosyan isə Nikol Paşinyanın
istefası tələbi ilə keçirilən mitinqi şərh
edərkən yazıb ki, Vazgen Manukyanın rəhbərlik
etdiyi etirazlar ölkədə vətəndaş müharibəsinin
təhlükəsi ilə bağlı narahatlığı
artırıb.
Sabiq prezident "ilur.am” saytında
dərc olunan məqaləsində qeyd edib ki, onu
bu fikrə düşməyə Manukyanın
mitinq zamanı səsləndirdiyi bir sıra bəyanatlar sövq edib. Nikol Paşinyan da başa düşməlidir
ki, o, nə qədər tez istefaya gedərsə, bir o qədər yaxşıdır. Manukyan
Paşinyanı qovmağın
iki üsulunu nəzərdə tutur: könüllü və ya zorla. O, zorakılıq barədə
bəyan etdi. Əgər bunlar sadəcə söz olsaydı, narahat olmağa xüsusi ehtiyac olmazdı. Ancaq Manukyanın rəhbərlik etdiyi izdihamlı yürüşlə
baş nazir iqamətgahının yarım
saatlıq mühasirəsi
və Paşinyan ailəsini qorxutmaq kimi bir hərəkət,
zorakılığa açıq
hazırlıq nümayişindən
başqa bir şey deyil. Əgər bu, münaqişə tərəflərindən
yalnız birinin mövqeyi olsaydı, yenə böyük təhlükə doğurmazdı.
Ter-Petrosyan baş nazirin mövqeyini də eyni dərəcədə
təhlükəli hesab
edir. Sonuncunun ritorikası və davranışı onun getmək istəmədiyini
və qarşıdurmaya
hazır olduğunu göstərir. Hər iki tərəf qətiyyətli mövqedədirsə,
münaqişə qaçılmazdır.
Məgər aydın deyil ki, Paşinyan
da, Manukyan da öz intellektinə
görə olmasa da, inadkarlığına,
təbiətinə, avantürist
meyillərinə və
sona qədər getmək maniyasına görə əkizdirlər?
Bəyəm ictimaiyyət
unudub ki, onların hər ikisinin parlamentə "hücum” təcrübəsi
var - 1996-cı ildə
Manukyanın, 2018-ci ildə
isə Paşinyanın?!
2018-ci ildə Serj Sarkisyan güzəşt edərək hakimiyyəti
leqal yolla Nikol Paşinyana verdi. Yeri gəlmişkən, təəssüf ki, bununla Qarabağ probleminin kompromis həlli üçün daha bir şans
qaçırıldı, çünki
Serj Sarkisyan yenidən seçildikdən
dərhal sonra Lavrovun planını imzalamağa hazır idi, bu da
Paşinyan tərəfindən
imzalanmış üçtərəfli
bəyanata nisbətən
böyük bir qələbə olacaqdı.
Sabiq prezident vurğulayıb ki, Vazgen Manukyanın
diqqətsiz şəkildə
ifadə etdiyi və Ermənistan üçün dağıdıcı
nəticələrə gətirib
çıxara biləcək
təhlükəli düşüncəsinə
istinad etməyə bilmərəm: "Türkiyəyə
qarşı ittifaq yaradılsa, biz bu ittifaqda olacağıq.
Sual yaranır: Bəs Rəfael İşxanyanın "Üçüncü
qüvvənin istisna edilməsi haqqında” qanunu hardadır? Belə çıxır ki, Antanta ölkələrinin
antitürk müttəfiqliyinə
güvənərək, Atatürkçü
Türkiyə ilə Rusiyanın yaxınlaşmasına
qarşı çıxaraq
yalnız Ermənistanı
deyil, digər torpaqları da itirdiyimiz vəziyyətə
qayıdırıq. Manukyan həqiqətənmi
başa düşmür
ki, Ermənistanın hələ qurulmamış
hər hansı bir antitürk müttəfiqliyinə qoşulmağa
hazır olduğunu ifadə edərkən, tamhüquqlu rus-türk qarşılıqlı anlaşma
həqiqətinə qarşı
çıxırıq və
bu, təkcə Türkiyəyə deyil, dostumuz - Rusiyaya da meydan
oxuduğumuzu göstərir?!
Bu yazı ilə Vazgen Manukyana qarşı çıxmıram və
Nikol Paşinyana dəstək olduğumu bildirmirəm. Ermənistanın
və Qarabağın
biabırçı və
alçaldıcı məğlubiyyətini
nəzərə alaraq
Paşinyan rejimi dərhal getməlidir”.
Ermənistan prezidenti "Hayastan” fondunun auditini tələb edir
Bu gün korrupsiya
Ermənistanın bütün
həyat sferalarında
kifayət qədər
dərin kök salıb və artıq ölkənin milli təhlükəsizliyinə
də böyük təhdid yaradır. Belə vəziyyət sadə
vətəndaşların mövcud
hakimiyyətdən duyduğu
narazılığın daha
kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər
yüksəlməsinə gətirib
çıxarır. Bütün məmur
ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir
və vaxtaşırı
verilən quru vədlərdən ibarətdir.
Korrupsiyaya qarşı strategiya
hazırlansa da, təbliğat
kampaniyaları aparılsa
da, məmur oliqopoliyası
reallıqda bu problemə qarşı hər hansı mübarizənin aparılmasına
imkan vermir, əksinə daha çox var-dövlət toplamaq üçün istənilən qanunsuzluğa
yol verməkdən çəkinmir.
Bu arada Ermənistan
prezidenti, "Hayastan”
Ümumerməni Fondunun
Qəyyumlar Şurasının
sədri Armen Sarkiskyan fondun xərclərinin beynəlxalq
auditinin təşkil edilməsinin vacibliyini vurğulayıb. Belə bir müraciətin
səbəbi fond rəhbərliyinin
Qarabağdakı müharibə
zamanı yığılan
vəsaitin böyük
hissəsini hökumətin
hesabına köçürməsi
barədə qərarı
olub. Noyabr ayında fondun səhiyyə xərclərini
maliyyələşdirmək, infrastrukturları bərpa
etmək və Qarabağdakı müharibədən
zərər çəkmiş
insanların sosial vəziyyətini yaxşılaşdırmaq
üçün Ermənistan
hökumətinə 52 milyard
dram və yaxud 104 milyon dollardan çox pul köçürdüyü məlum
olub.
Sarkisyanın müraciətində deyilib
ki, belə bir qərar insanlar arasında dünyadakı ermənilər
tərəfindən toplanan
vəsaitlərin xərclənməsinin
səmərəliliyi ilə
bağlı bir çox suallar yaratdı: "Bu isə fondun nüfuzunu sarsıda və quruma olan inam
itkisinə səbəb
ola bilər.
Ona görə də hesab edirik ki,
fondda beynəlxalq yoxlamaya ehtiyac var”.
Beləliklə, qeyd edilənlər
Ermənistanın üzləşdiyi
ümumi böhranın
daha da dərinləşəcəyindən
xəbər verir və işğalçı
ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2020.- 8 dekabr.- S.1; 6.