Azərbaycan-İtaliya əlaqələrindən məmnunluq ifadə edilib

 

 

Dekabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İtaliya arasında mövcud olan sıx dostluq əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov cari il fevralın 19-21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladıb. Nazir səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannaməilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini, bununla siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək yolu ilə qarşılıqlı istəklərini ortaya qoyduqlarını bildirib.

C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə də qarşı tərəfə ətraflı məlumat verib, uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyini minnətdarlıqla vurğulayıb.

Sədr müavini Ettore Rosato görüşə görə təşəkkürünü bildirib, Azərbaycana xüsusi rəğbət bəslədiyini, belə ki, COVID-19 pandemiyasına baxmayaraq, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini, səfər çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam şəhərini, habelə Ermənistan hərbi qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəni ziyarət etdiklərini söyləyib. Azərbaycanın mövqeyinin ədalətli olduğunu vurğulayan sədr müavini İtaliyanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi qeyd edib. Eyni zamanda, Ettore Rosato İtaliya hökumətinin hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

Görüş zamanı İtaliya Azərbaycan parlamentlərinin xarici əlaqələr komitələri dostluq qrupları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

 

Azərbaycan. - 2020.- 8 dekabr.- S.4.