Şəhidlər
Dağılar duman da, dağılar çən də,
Həm Allah sevinər, həm də ki, bəndə.
Dava qurtaranda, üzlər güləndə
Şəhidlər qayıdar yenə bu yurda.
Torpaq rahatlanıb nəfəs alanda,
Durular əhval
da, durular qan da.
Arzu cücərdikcə ürəkdə,
canda
Şəhidlər qayıdar yenə bu yurda.
Bir oğul evlənsə, bir gəlin köçsə,
Aşıq sinəsində sazıyla
ötsə,
İgidlər, ərənlər girəndə
bəhsə
Şəhidlər qayıdar yenə bu yurda.
Bir dəli gülüşün
uğultusunda,
Körpə bir uşağın
qığıltısında,
Elin toy günündə, elin yasında
Şəhidlər qayıdar yenə bu yurda.
Yananda hər evdə toy-bayram şamı
Sevinər el-oba, sevinər
hamı...
Həftədə bir dəfə
- cümə axşamı
Şəhidlər qayıdar yenə bu yurda.
Yayılsın bu sədam şəhərə, kəndə,
Dedim sözlərimi ürək
dinəndə.
Bütün Azərbaycan bütövləşəndə
Şəhidlər qayıdar yenə bu yurda.
Seyran CAVADOV
Azərbaycan.-2020.- 27 dekabr.- S.16.