İlham
Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi
Siyasi
nüfuzunu itirən Fransa Senatının qondarma qətnaməsi
isə adi bir kağız parçasıdır
"İndi
həqiqət anıdır. Sən kimin tərəfindəsən?
Haqqın, yoxsa şərin? Dostun, yoxsa düşmənin? Həqiqət anıdır - mənim
üçün, xalqımız üçün,
hamımız üçün. Əlbəttə ki, bu
günlərdə bizə dəstək olan ölkələri,
təşkilatları, insanları heç vaxt
unutmayacağıq” - Möhtərəm Prezident, Ali Baş
Komandan İlham Əliyevin bu müdrik kəlamı son dərəcə
düşündürücü olmaqla əcdadımızın
əsrlərboyu qazandığı zəngin dövlətçilik
təcrübəsinin dəqiq ifadəsidir.
Azərbaycan xalqının 30 ilə
yaxın müddətdə həsrətində olduğu
doğma Qarabağ və Qarabağ ətrafı 7 rayonumuzun
işğaldan azad olunması ilə nəticələnən
şanlı Vətən müharibəsi nəinki Cənubi
Qafqazda, ümumilikdə, yaxın və uzaq coğrafiyada
tamamilə yeni geosiyasi reallıqlar, güc nisbətləri, ikitərəfli və çoxtərəfli
siyasi və iqtisadi münasibətlər sistemi
formalaşdırdı. Dövlət başçısı,
Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
xalqı bu taleyüklü məqamlarda dostunu da, düşməninə
havadarlıq edənləri də bir daha gördü və tanıdı. Bu müharibə həm də Azərbaycan
xalqının birliyini, yenilməzliyini, əyilməz
qürurunu, ruhunu, müzəffər ordumuzun döyüş
qabiliyyətini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini
və qəhrəmanlığını bütün
dünyaya nümayiş etdirdi.
İkinci
Qarabağ müharibəsi Azərbaycanın parlaq hərbi və
diplomatik qələbəsi ilə başa çatdı və
Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə
qovuşdu. Dekabrın 1-də
Laçının işğaldan azad olunması ilə Azərbaycan
ərazi bütövlüyünü, suverenliyini, dövlət
sərhədlərini tam bərpa etdi və bununla da
Qarabağın Azərbaycana məxsus olması haqqında
tarixi, hüquqi, siyasi həqiqət de-fakto və de-yure təsdiqini
tapdı. Azərbaycan əzəli düşmənini həm
döyüş meydanında, həm siyasi-diplomatik arenada, həm
də informasiya müharibəsində diz çökdürərək
möhtəşəm tarixi və şanlı Zəfərə
imza atdı.
Xüsusi qeyd olunmalıdır
ki, münaqişə dövrü ərzində ən yüksək
beynəlxalq səviyyələrdə - BMT-nin Təhlükəsizlik
Şurası, ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti,
İslam Əməkdaşıq Təşkilatı, Qoşulmama
Hərəkatına üzv ölkələr, eləcə də
dünyanın əksər dövlətləri və müxtəlif beynəlxalq təşkilatlar
tərəfindən Ermənistan-Azərbaycan münaqişəsində
Azərbaycanın beynəlxalq hüquqa və tarixi, siyasi
faktlara əsaslanan haqlı mövqeyi birmənalı olaraq dəstəklənmiş,
erməni qoşunlarının qeyd-şərtsiz və dərhal
işğal edilmiş ərazilərdən çıxarılması haqda qətnamələr və digər rəsmi
sənədlər qəbul edilməsinə baxmayaraq, Ermənistan
bu sənədlərə məhəl qoymadı və beynəlxalq
hüququ ayaq altına atdı. Paşinyanın ikiillik üzdəniraq
hakimiyyəti dövründə isə ermənilər daha da
azğınlaşaraq danışıqlar prosesini
pozdular, həyasızcasına utanmadan
"Qarabağ Ermənistandır” - dedilər, Azərbaycanın
döyünən ürəyi, mədəni paytaxtı olan qədim
Şuşanı "paytaxt” elan etdilər, "yeni müharibə
və yeni torpaqlar” iddiası ilə həm bizə, həm də
beynəlxalq hüquqa meydan oxudular. Nəticəsi
nə oldu? İşğalçı Ermənistan tam məğlubiyyətə
uğradı, "məğlubedilməz ordusu”
darmadağın edildi, ermənilər yalnız
döyüş meydanında deyil, bütün dünya
qarşısında özlərini rüsvay etdilər və
çıxışı olmayan dalana düşdülər.
Dövlətimizə edilən
bütün siyasi təzyiqlərə baxmayaraq,
Xalq-İqtidar-Ordu birliyinin təcəssüm etdirdiyi müzəffər
Ali Baş Komandanımızın "dəmir yumruğu” və
Azərbaycan Ordusu ölkəmizin ərazi
bütövlüyünü bərpa etməyə və
bununla bağlı qəbul olunmuş bütün beynəlxalq
qətnamələri icra etməyə müvəffəq oldu. Daha dəqiq desək, 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasının Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü ilə bağlı qəbul
etdiyi və ATƏT-in Minsk qrupunun yerinə yetirə bilmədiyi
4 qətnaməni Azərbaycan özü təkbaşına
icra etdi və Ermənistanı kapitulyasiya sənədini
imzalamağa məcbur etdi. Başqa sözlə, 10 noyabr
tarixində üçtərəfli Bəyanatın qəbul
edilməsi ilə Ermənistan-Azərbaycan münaqişəsinə
son nöqtə qoyuldu.
Cari ilin sentyabrın 27-də
başlayan Vətən müharibəsi dövründə ən
çox müzakirə olunan mövzulardan biri məhz
münaqişənin həlli ilə məşğul olan
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
ötən dövr ərzindəki fəaliyyəti, daha
doğrusu, fəaliyyətsizliyi olmuşdur. Hamı tərəfindən görünən və
qəbul edilən həqiqət odur ki, ATƏT-in Minsk qrupunun həmsədr
ölkələri 28 illik fəaliyyətləri dövründə
sanki danışıqlar xatirinə danışıqlar
aparmış, hər vəchlə status-kvonun
saxlanılmasına cəhd göstərmiş, Ermənistanın işğalçı, aqressiv siyasətinə
göz yummuş və dünya ictimaiyyətini münaqişənin
hərb yolu ilə həllinin mümkünsüzlüyünə
inandırmağa çalışmışlar. Ötən
illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev ən
ali beynəlxalq tribunalarda, platformalarda bu məsələlərə
dəfələrlə diqqət çəkmiş, Azərbaycanın
münaqişədəki haqlı, ədalətli və
prinsipial mövqeyini dünya ictimaiyyətinə lazımi səviyyədə
çatdırmışdır.
Xüsusilə Ermənistan
silahlı qüvvələrinin növbəti təxribatına
qarşı əks-hücum əməliyyatlarının
başlandığı ilk gündən etibarən Ali Baş
Komandanımız dünyanın aparıcı
telekanallarına verdiyi 30-a yaxın müsahibələrində
işğalçı Ermənistanın, erməni diasporunun və
onun
havadarlarının Dağlıq Qarabağla
bağlı yalançı, uydurma təbliğat və
dezinformasiyalarını bütün mənalarda ifşa etməklə
yanaşı, döyüş meydanında baş verənlər
və ölkəmiz haqqında, Qarabağın tarixi və gələcəyi
ilə bağlı dəqiq, düzgün məlumatları
real faktlara və tarixi mənbələrə
əsaslanmaqla sistemli şəkildə bütün dünya
ictimaiyyətinə və daxili auditoriyaya çatdırmaqla,
bir daha bəyan etdi ki, Azərbaycan öz torpağında və
öz torpaqları uğrunda haqlı mübarizə aparır,
bizim işimiz beynəlxaq hüquqa uyğun haqq işidir,
döyüş meydanında Azərbaycan Ordusu, onun əsgər
və zabitləri düşmənin yalnız canlı qüvvəsini,
hərbi obyektlərini və texnikasını hədəfə
alır. Döyüşdə yalnız Azərbaycan
vətəndaşları iştirak edir, biz böyük, cəsur
və qəhrəman xalqıq, Azərbaycan dövləti
güclü və qüdrətli dövlətdir, Azərbaycanda
sarsılmaz Xalq-İqtidar-Ordu birliyi mövcuddur, biz milli
maraqlarımıza uyğun müstəqil siyasət
aparırıq və bizi bu yoldan heç bir qüvvə
döndərə bilməz.
Beləliklə, əminliklə
deyə bilərik ki, çox qısa müddətdə, cəmi
44 gün ərzində Prezidentimiz, müzəffər Ali
Baş Komandan İlham Əliyev həm döyüş
meydanında, həm də informasiya məkanında mənfur
işğalçının və onun havadarlarının illərlə
hazırladıqları və həyata
keçirməyə çalışdıqları xain
planlarını boşa çıxartdı, böyük səbir,
təmkin və qətiyyətlə döyüş
meydanında misilsiz hərbi zəfər qazandı, erməni
ordusunu darmadağın etdi və xalqımızın əzəli
düşməninin, sözün əsl mənasında, belini
qırdı. İllərlə formalaşdırılan
erməni miflərini, yalanlarını bütün dünya
ictimaiyyəti qarşısında ifşa etdi və
işğalçıya layiq olduğu yerini göstərdi. Azərbaycan bu möhtəşəm qələbəsi
ilə işğalçını elə bir vəziyyətə
saldı ki, ermənilər nəinki uzun müddət özlərinə
gələ bilməyəcəklər, hətta Azərbaycan
torpaqlarına tərəf baxmağa belə cəsarət etməyəcəklər.
10 noyabr tarixli Bəyanatdan sonra
Azərbaycan və dost-qardaş ölkələr,
bütün sülhsevər ictimaiyyət xalqımızın,
dövlətimizin bu tarixi nailiyyətini və şanlı qələbəsini
sevinclə qeyd edərkən təəssüf ki,
işğalçı Ermənistanın havadarları yenə
də özlərinə xas olan tərzdə xain, heç
bir məntiqə, haqqa, ədalətə
sığışmayan yanlış əməllərini davam
etdirirlər. Bu kimi fəaliyyətlərin ən
utancverici və rüsvayedici nümunəsi isə bir neçə
gün öncə, noyabrın 25-də Fransa Senatı tərəfindən
qondarma "Dağlıq Qarabağ respublikası” haqqında qərəzli
qətnamənin qəbulu və dekabrın 3-də Senatdan sonra
Fransa Parlamentinin digər palatası olan Milli Assambleyada qondarma
"Dağlıq Qarabağ”ın müstəqilliyinin təcili
tanınması zərurəti ilə bağlı qərar qəbul
etməsi oldu.
Bu
addımlar və qərarlardan öncə də Azərbaycanın
hərb meydanında təkbaşına mübarizə
apardığı 44 günlük şanlı zəfəri
dövründə Minsk qrupunun həmsədr ölkələrindən
Rusiya Federasiyasının və ABŞ-ın nisbi
neytrallığı, balanslı yanaşması və
münaqişənin diplomatik həlli üçün səyləri
fonunda Fransa dövlətinin qərəzli mövqeyi, məsələyə
açıq-aşkar ermənipərəst yanaşması və
münaqişənin həllindən daha çox tərəflər
arasında ciddi mübahisə və münaqişə
mövzularının alovlandırılmasına səbəb
olan təxribatçı bəyanatları Azərbaycan cəmiyyətində
haqlı narazılığa səbəb olmuşdur. Münaqişənin
həllində iştirak edən həmsədr ölkə kimi
Fransa bitərəf, ədalətli mövqe tutmaq əvəzinə,
işğalçı Ermənistanı dəstəkləyən
və anti-Türk, anti-Azərbaycan mövqe nümayiş
etdirirdi. Noyabrın 25-də Fransa Senatı tərəfindən
sözdə "Dağlıq Qarabağ”dakı qondarma,
separatçı xunta rejiminin tanınmasına
çağırış edən, heç bir sağlam məntiqə
sığmayan absurd qətnamənin qəbulu isə bu ölkənin
ermənipərəst mövqeyinin əsl simasını
açıb göstərdi.
Etiraf edək ki, sadəcə
kağız parçası olan və heç bir əhəmiyyət
kəsb etməyən bu qərəzli qətnamənin qəbulu
bizim üçün sürpriz olmadı. Çünki Fransa
hökumətinin, xüsusilə Makron hakimiyyəti
dövründəki ermənipərəst mövqeyi beynəlxalq
diplomatiyaya, xalqların birgəyaşayış,
birlik, həmrəylik, multikulturalizm, dini
dözümlülük, mədəniyyətlər və dinlərarası
dialoq, qarşılıqlı əməkdaşlıq və
birgə inkişaf dəyərlərinə qətiyyən
uyğun olmayan nümayişkaranə "hücum” cəhdləri
hər kəs tərəfindən
görünən, bilinən həqiqətdir. Şübhəsiz
ki, bu "faşist” ritorikasını dövlət siyasətinə
çevirən hökuməti təmsil edən Makron-Senat
tandeminin uğursuz fəaliyyəti, Senatın və Fransa Milli
Assambleyasının qondarma qətnaməni dəstəkləməklə
nümayiş etdirdiyi siyasi, tarixi,
hüquqi savadsızlığı, beynəlxalq hüququ
növbəti dəfə gözardı etməsi və erməni
lobbisinin əlində oyuncağa çevrilməsi Avropada
söz sahibi olan dövlətlərdən biri kimi Fransa
üçün növbəti utanc nümunəsi yaradaraq
dövlətin nüfuzuna, beynəlxalq imicinə ciddi zərbələr
vurur.
Bu məqamda bir çox suallar yaranır. Görəsən, Fransa
dövlətinin bu məsələdə rəsmi mövqeyi
necə olacaq? Niyə Avropanın güc mərkəzlərindən
biri olan Fransa işğalçı və aqressiv siyasət
yürüdən, regionda sülhə, təhlükəsizliyə,
inkişafa təhdid olan Ermənistana havadarlıq edir?
Dünya birliyi, o cümlədən Fransa hökuməti tərəfindən
tanınan və beynəlxalq hüquq çərçivəsində
təsdiqlənən Azərbaycanın tarixi, əzəli ərazisi
olan Dağlıq Qarabağda separatçı, kriminal, xunta
rejimini dəstəkləməklə Fransa regionda nə kimi məqsədlər
güdür? Səbəb nədir ki, Fransa iqtisadi, hərbi
gücü, siyasi nüfuzu, müsbət beynəlxalq imici ildən-ilə
yüksələn, regionun ciddi siyasi-iqtisadi aktoru olan və dünyada
özünü etibarlı tərəfdaş kimi təsdiqləyən,
xalqlar, dövlətlər, dinlər, müxtəlif
konfessiyalar arasında konstruktiv, tolerant, multikultural və mədəniyyətlərarası
dialoqu dəstəkləyən, bu münasibətlərə
hörmətlə yanaşan müstəqil, demokratik Azərbaycanı
deyil, rəzalət içində olan və illərdir ki,
dövlət siyasətini yalanlar, tarixi faktların
saxtalaşdırılması, faşizm ideologiyası və
terrorizm üzərində quran işğalçı Ermənistanı
dəstəkləyir? Aşkar ermənipərəst
mövqe nümayiş etdirən Fransa, görəsən,
regionda Azərbaycan kimi tərəfdaşı itirmək və
bu qərəzli münasibət qarşılığında
Azərbaycandan gözlənilən adekvat, kəskin reaksiya
riskini nəzərə alırmı?
Suallar çoxdur, təhlil olunacaq məqamlar da
çoxdur. Məlum olan
budur ki, 10 noyabr 2020-ci il tarixində imzalanan
üçtərəfli Bəyanatla münaqişə tərəfləri
arasında birmənalı sülh əldə olundu. Bu sülh, ilk növbədə, münaqişə tərəflərini
qane edir. Lakin nə qədər təəccüblü
görünsə də, tədricən aydın olur ki,
regionumuzda əldə olunan sülhdən narazı qalan
dördüncü tərəflər meydana çıxır.
Bu tərəflərdən biri də xüsusilə
Makron hakimiyyəti dövründə türk-müsəlman
dünyasına aşkar qərəzli münasibət
nümayiş etdirən Fransadır. Bəzi
məqamların aydınlaşması üçün
Fransanın ənənəvi olaraq ermənipərəst
mövqe nümayiş etdirməsinin fərqli aspektlərini
bir daha nəzərdən keçirməkdə fayda vardır.
İlk
növbədə, qeyd olunmalıdır ki, hazırda son məlumatlara
əsasən, Fransada 600 minə yaxın erməni əsilli
Fransa vətəndaşı yaşayır və Fransa
hökumətinin, Senatının qərəzli mövqeyi əsasən
daxili auditoriyaya hesablanmış addım olmaqla böyük
bir ehtimalla bu kütlənin dəstəyinə güvənmək,
seçkilərdə erməni lobbisinin səsini qazanmaq
düşüncəsinin nəticəsidir.
Lakin unutmaq
olmaz ki, bəzən həddən artıq siyasi emosionallıq
müasir XXI əsr diplomatiyası ilə heç cür
uzlaşmayaraq, ölkələrarası
qarşılıqlı siyasi, iqtisadi, mədəni və s.
münasibətlərə və əməkdaşlığa
gərəksiz, ciddi zərbələr vura bilir. Qeyd olunmalıdır ki, Azərbaycan ilə Fransa
arasında illərlə möhkəmlənmiş iqtisadi əlaqələr
mövcuddur. Son statistik məlumatlara əsasən,
Fransanın 59 şirkəti Azərbaycanda fəaliyyət
göstərir. Fransa şirkətləri enerji (Total), nəqliyyat
(Alstom, Thales, İveco, Systra), ətraf mühit (Suez CNİM), kənd
təsərrüfatı və qida (Lactalis, Danone), mehmanxana
işi (ACCOR), bank biznesi (Societe Generale), aviasiya və kosmik
(Airbus, Thales) kimi əsas sahələrdə fəaliyyət
göstərərək əhəmiyyətli dərəcədə
mənfəət əldə edirlər və Azərbaycan
iqtisadiyyatının diversifikasiyasına da müəyyən
töhfə verirlər.
1995-2017-ci illər
ərzində fransız şirkətləri tərəfindən
ölkəmizə yatırılan sərmayələrin həcmi
2,2 milyard ABŞ dolları təşkil
etmişdir. Bu dövrdə Azərbaycanın Fransaya
yatırdığı investisiyaların həcmi 224,7 milyon ABŞ dolları məbləğində
olmuşdur. 2019-cu ildə iki ölkə arasında ticarət
dövriyyəsi 787,4 milyon dollar təşkil
etmişdir ki, bunun da 250,7 milyon dolları idxalın, 536,6 milyon
dolları ixracın payına düşmüşdür.
Fransanın tanınmış "Total” şirkəti
1996-cı ildən Azərbaycanda neft kəşfiyyatı layihələrində
iştirak etməyə başlamışdır. Şirkət nəhəng transmilli enerji layihəsi
olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından
biridir və burada 5%-lik paya malikdir. İlk
qaz hasilatının 2021-ci ildə əldə edilməsi nəzərdə
tutulan "Abşeron” yatağının işə
başlaması "Total”ın Azərbaycandakı fəaliyyətini
daha da genişləndirəcək. Hazırda
layihənin iştirakçıları SOCAR (50%) və
"Total” (50% - operator) şirkətləridir. Müqavilə
2016-cı ildə 30 il müddətinə
imzalanıb və s.
İki ölkə arasında bir çox sahələrdə,
eləcə də sosial, humanitar, mədəniyyət, təhsil,
elm və texnologiya, digər istiqamətlərdə geniş
spektrli əməkdaşlıq mövcuddur. Azərbaycan-Fransa
arasında xüsusilə də mədəniyyət və təhsil
sahəsində bugünədək mühüm birgə layihələr
həyata keçirilmişdir. Azərbaycanda
2014-cü ildən Fransa Təhsil Nazirliyinin proqramı əsasında
yüzdən çox şagirdə bağçadan bakalavr
pilləsinədək təhsil almaq imkanı verən Bakı
Fransız Liseyi və 2016-cı ildən Fransa-Azərbaycan
Universiteti (UFAZ) fəaliyyət göstərir. Fransız dilinin tədrisi Azərbaycanda ingilis və
rus dillərindən sonra üçüncü sırada yer
alır. Ümumilikdə, 50 minə
yaxın şagird və tələbə xarici dil olaraq
fransız dilini öyrənir. Fransanın Azərbaycandakı
səfirliyinin dəstəyi ilə Bakı Slavyan Universitetində
Viktor Hüqo adına Fransız Dili və
Ədəbiyyatı Mərkəzi və Azərbaycan Dillər
Universitetində "Fransa Mərkəzi”
yaradılmışdır. Təhsil Nazirliyinin "SABAH” layihəsi
çərçivəsində Fransa səfirliyinin dəstəyi
ilə 2015-ci ildən etibarən fransalı müəllimlər
tərəfindən Azərbaycanın 4 ali məktəbində
(Azərbaycan Dillər Universiteti, Bakı Dövlət
Universiteti, Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Azərbaycan Texniki Universiteti) fransız dili ikinci
xarici dil kimi "SABAH” qruplarında tədris edilir. Bundan əlavə,
hər il çoxsaylı azərbaycanlı
gənclər təhsillərini davam etdirmək
üçün Fransanın ali məktəblərinə
yollanır. Artıq uzun illərdir ki, Parisin
Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda
(INALCO) Azərbaycan dilinin tədrisi həyata keçirilir.
Bu tədris proqramında Fransa, eləcə də
digər ölkələrdən olan 120 tələbə Azərbaycan
dilini öyrənir. Həmçinin Parisdə
Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizi,
habelə onun tarixi və mədəni irsini fransız ictimaiyyətinə
təqdim edən çoxsaylı tədbirlər həyata
keçirilir və s.
Azərbaycan-Fransa arasında humanitar, mədəniyyət
sahəsində qarşılıqlı əməkdaşlığın
inkişafında ölkəmizin Birinci vitse-prezidenti xanım
Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyəti xüsusi
vurğulanmalıdır. Heydər Əliyev Fondunun dünya mədəniyyətinin
inciləri hesab olunan tarixi, dini abidələrin qorunması, bərpa
olunması və təmiri istiqamətində icra etdiyi nəhəng
layihələrdə Fransanın payı olduqca yüksəkdir.
Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə
həsr olunmuş yeni zalların yaradılmasında iştirak
etmiş, məşhur Notr-Dam kilsəsinin təmiri
üçün maliyyə yardımı göstərmiş,
Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin,
Versal Sarayının parkındakı "Amazonka”nın və
"Qulpları favn başları ilə bəzədilmiş
vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin təmirini
həyata keçirmişdir.
Azərbaycan regionda artıq özünü təsdiqləmiş
etibarlı beynəlxalq iqtisadi tərəfdaşdır, bir
çox transkontinental iqtisadi layihələrin təşəbbüsçüsü
və fəal iştirakçı aktorudur. Azərbaycanla bu dərəcədə
inkişaf etmiş iqtisadi, mədəni, siyasi əlaqələri
olan Fransa hökuməti yuxarıda qeyd olunan şübhəli
siyasi qərarları ilə nəinki Azərbaycan və ya
Türkiyə ilə diplomatik və digər çoxşaxəli
əlaqələrinə zərər vurur, eyni zamanda beynəlxalq
etibarlılığına da ciddi xələl gətirir.
İkincisi, bu qərəzli "qətnamə”nin qəbulu
zamanı Fransa Senatındakı vəziyyətə baxaq. Qətnaməyə səs
verən 336 senatordan 30 nəfər bitərəf qalıb, 305
nəfər "qətnamə”nin leyhinə səs verib və
sonradan Makronun partiyasını təmsil edən 7 nəfər
səsini geri götürüb. Qeyd edək
ki, hakimiyyət senatda cəmi 23 nəfərlə təmsil
olunur. Müxalifətin təşəbbüsü
ilə səsverməyə çıxarılan və əsasən
erməni əsilli vətəndaşların
yaşadığı regionları təmsil edən
senatorların dəstəklədiyi qətnamə Fransanın
erməni lobbisinin əlində oyuncağa çevrilməsinə
dəlalət etmirmi?
Üçüncüsü,
siyasi tarixin və beynəlxalq hüququn
saxtalaşdırılmasına xidmət edən, yalnız erməni
diasporunun maraqlarına cavab verən və Fransanın siyasi
imicinə, beynəlxalq etibarlılığına xələl
yetirən bu qərəzli qətnaməyə səs verən
senatorlara sual verən oldumu ki, siz hansı "respublikanı”
tanımağı tövsiyə edirsiniz?
İşğalçı Ermənistanın özünün
tanımağa cürət etmədiyi, münaqişə
haqqında Rusiya prezidenti Putinin və Makronun özünün
"Dağlıq Qarabağ və ətrafındakı 7 rayon
beynəlxalq hüquqa əsasən, suveren Azərbaycan
Respublikasının ərazisidir” dediyi ərazilərdə
separatçıların və terrorçu, kriminal, xunta
rejiminin yaratdığı oyuncaq "respublika”nımı
tanıyırsınız? Haradadır o qondarma
qurum?
Ali Baş Komandan İlham Əliyev bu qondarma xunta rejimini
də, Azərbaycana sırınan status-kvonu da tarix səhnəsindən
əbədi olaraq silib atdı. Artıq ərazi bütövlüyü, dövlət sərhədləri
tam bərpa olunmuş suveren Azərbaycan Dövləti var!
Müstəqil,
güclü Azərbaycanın yenilməz xalqı, məğlubedilməz
ordusu və müzəffər Sərkərdəsi, Lideri, əbədi
Prezidenti var!
Bu siyasi,
hüquqi savadsızlığı necə əsaslandırmaq
olar ki, qətnamədə "Azərbaycan Silahlı Qüvvələrinin
və "onların dəstəkçilərinin” 27 sentyabr
tarixindən etibarən işğaldan azad etdiyi torpaqlardan
"çıxarılması”, "1994-cü ildə müəyyən
olunmuş sərhədlərin bərpası” kimi absurd ifadələr
səslənir? Bu, hansı məntiqə sığır ki,
işğal altında olan Azərbaycan torpaqlarının
qeyd-şərtsiz azad olunması haqqında BMT-nin qətnamələrinə
imza atan, məhz münaqişənin həlli
üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi olan Fransanın senat üzvləri bu dərəcədə
qərəzli, qızışdırıcı, təxribat
mahiyyətli və münaqişə tərəfləri
arasında açıq-aşkar ayrı-seçkilik yaradan bəyanatlarla
çıxış etsinlər? Birmənalı şəkildə
bildiririk ki, bu saxta və qondarma sənədin heç bir
hüquqi əhəmiyyəti yoxdur, Fransa Senatının və
Milli Assambleyasının bu simvolik sənədi yalnız siyasi
məna kəsb edir, başqa sözlə,
seçkiqabağı siyasi oyunun bir vasitəsidir.
Burada diqqətçəkən
daha bir məqam ondan ibarətdir ki, qəbul olunan "qətnamə”də
Azərbaycanın, Türkiyənin, hətta Türkiyənin
Cümhurbaşkanı cənab Rəcəb Tayyip
Ərdoğanın adı daha çox hallandırılır,
nəinki bir dəfə də olsun adı qeyd olunmayan
işğalçı Ermənistanın. Aşkardır
ki, Türkiyə paranoyası yaşayan erməni diasporunun təzyiqi
ilə hazırlanan bu sənəd eyni zamanda Türkiyəyə
qarşı narazılıq nümayişidir. Bu dərəcədə anti-Türk, islamofob
mövqe tutan, tarixi, hüququ saxtalaşdıran bir ölkə
necə münaqişənin həllində rol oynayan Minsk
qrupunun həmsədri kimi çıxış edə bilər?
Əksinə, Fransanın ötən illərdəki fəaliyyətindən
də görünür ki, bu ölkə münaqişənin
həlli üçün yox, işğalın əbədiləşməsi
üçün əlindən gələni edib, Minsk qrupu
üzvü kimi Fransa ötən illərdə heç bir nəticəyəyönəlik
addım atmayıb. Əslində,
10 noyabr 2020-ci il tarixli üçtərəfli
Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə
son nöqtəni qoydu, artıq Minsk qrupunun fəaliyyətinə
də ehtiyac qalmadı. Lakin istənilən beynəlxalq
platformada Fransanın obyektivliyi bundan sonra təbii ki,
şübhə altında olacaq və Fransa sırf ermənipərəst
mövqeyi ilə ən çox özünə zərər
vurmuş olacaq.
İstənilən halda işğalçının
havadarlarının bu kimi çarəsiz cəhdləri Azərbaycanın
İkinci Qarabağ müharibəsindəki əsrlərə
bərabər parlaq siyasi və diplomatik qələbəsinin
kölgəsində sadəcə toz zərrəciyidir. Azərbaycan döyüş meydanında
öz sözünü dedi və 44 gün ərzində
bütün dünyaya XXI əsrin yeni müharibə modelini təqdim
edərək möhtəşəm qələbələr
qazandı. Yalnız beynəlxalq hüquqa əsaslanan
Azərbaycanın işğalçı Ermənistanın
ardı-arası kəsilməyən növbəti təxribatına
qarşı 27 sentyabr tarixli əks-hücumu Böyük Vətən
müharibəsinə çevrildi.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Ordusu misilsiz şücaət göstərərək
işğal altında olan torpaqlarının xeyli hissəsini
- 5 şəhər, 4 qəsəbə, 286 kənd,
çoxsaylı strateji yüksəklikləri düşmən
tapdağından azad etdi. Dekabrın 1-də ərazi
bütövlüyünü tam bərpa edən Azərbaycanın
bütün torpaqlarında bu gün şanlı Azərbaycan
bayrağı dalğalanır. Fransa
senatı bu nəticələri görmürmü ki, 10 noyabr
tarixində həll olunan münaqişə haqqında 25 noyabr
tarixində uydurma bəyanatlar verir, qondarma qətnamə qəbul
edir?
Düşünürəm ki, səbəb
aydındır. Son onilliklərdə ilk dəfədir ki, Şərq-müsəlman
dünyası Qərb üzərində qalib gəldi. Qarabağ müharibəsi - Azərbaycanın
İkinci Qarabağ savaşında qətiyyətli qalibiyyəti
regiondakı güclər nisbətini tamamilə dəyişdi,
Türkiyə və Azərbaycan artıq ciddi geosiyasi, iqtisadi
gücə çevrilib. Fransa
münaqişədəki sözsahibi mövqeyini qərəzli
yanaşması və qeyri-adekvat fəaliyyəti ilə itirdi
və münaqişə, əslində, Bakı-Moskva-Ankara
formatında həll olundu. Fransanın bu
aşkar passivliyi təbii ki, erməni lobbisini hiddətləndirdi
və nəticə göz qabağındadır ki, ermənipərəst
senatorlar düşünülməmiş addımları ilə
yalnız özlərini və təmsil etdikləri dövləti
rüsvay etdilər.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev dəfələrlə
müxtəlif beynəlxalq platformalarda bütün dünya
ictimaiyyətini, beynəlxalq təşkilatları, BMT-ni,
ATƏT-i, Minsk qrupunun həmsədr ölkələrini
münaqişənin əsl mahiyyəti, Azərbaycanın
münaqişənin həlli ilə bağlı prinsipial və
konstruktiv mövqeyi haqqında məlumatlandırıb, Ermənistanın
işğalçılıq siyasəti, Azərbaycan ərazisində
yeni torpaqların işğal olunması, etnik təmizləmə,
qırğınlar törətmək kimi faşist
ambisiyaları haqqında xəbərdar edib. Ermənistan
isə beynəlxalq hüququn tələblərinə məhəl
qoymadan işğalçılıq siyasətini davam etdirirdi,
münaqişənin hərb yolu ilə həllinin
mümkünsüzlüyü haqqında təxribatla məşğul
idi. İşğalçı Ermənistanın və
onun havadarlarının nəzərə almadığı məqam
isə bundan ibarət idi ki, müasir Azərbaycan müstəqil
siyasət yürüdən və cəsarətli, müdrik,
xalqının mənafelərini hər şeydən
üstün tutan iradəli Lideri olan, hərbi, siyasi, iqtisadi
qüdrəti ilə seçilən dövlətdir.
Azərbaycan 44 günlük müharibə zamanı
bütün erməni miflərini darmadağın etdi, erməni
yalanlarını ifşa etdi, işğalçının
faşist, qatil, oğru və qəsbkar simasını
dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Azərbaycan
xalqının milli qürurunu, qələbə əzmini,
özünəinamını yüksəltdi və Azərbaycan
bir daha qalib dövlət və məğrur xalq kimi
özünü təsdiqləməyə nail oldu.
Xalqımız Prezident, Ali Baş Komandanımızın ətrafında
bir yumruq kimi birləşdi. Ölkəmizdəki
Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında,
"dəmir yumruğa” çevrildi və
işğalçının belini qırdı. İşğaldan azad olunan torpaqlarımızın
hər guşəsində üçrəngli Dövlət
bayrağımız dalğalanır, müqəddəs Azan
oxunur, namazlar qılınır, Himnimiz səslənir. Azərbaycan
xalqı müzəffər Prezidentimizin rəhbərliyi ilə
mənfur düşməndən təmizlənmiş
bütün torpaqlarımızı cənnət məkanına,
beynəlxalq turizm mərkəzlərinə çevirəcək,
o regionların iqtisadi potensialından maksimum istifadə edəcək
və şübhəsiz ki, ərazi bütövlüyü bərpa
olunmuş Azərbaycan torpaqlarının iqtisadi potensialı
artıq bütün gücü ilə xalqımızın
rifahı, yüksəlişi, tərəqqisinə xidmət
edəcəkdir.
Əlbəttə
ki, Azərbaycana yenə beynəlxalq siyasi təzyiqlər
istisna deyildir. Lakin unutmayaq ki, Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər
Ali Baş Komandanı xalqımızın bəlkə də ən
mürəkkəb, taleyüklü 44 günlük Zəfər
yürüşü müddətində bütün beynəlxalq
təzyiqlərə mətanətlə sinə gərdi, erməni
lobbisinin illərlə formalaşdırdığı mifləri,
"dəstək güclərini” darmadağın etdi, Azərbaycana
hər arenada edilən bütün hücumları qətiyyətlə
dəf etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın
müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi
edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi,
nə zaman və necə edəcəyini gözəl bilir.
Cənab İlham Əliyev Azərbaycana
qarşı qərəzli mövqe nümayiş etdirən
dövlətlərin, hökumət nümayəndələrinin,
hətta mətbuat, KİV təmsilçilərinin layiqli
cavabını həmişə verib və şübhəsiz
ki, Fransa Senatının bu qondarma qətnaməsinin, eləcə
də
Fransa Milli Assambleyasının düşünülməmiş
qərarının bu ölkə üçün ciddi siyasi nəticələri
olacaq. Cəmiyyətimizdəki emosional reaksiyalar, Fransaya
qarşı siyasi, iqtisadi tədbirlər haqqında bəyanatlar,
əslində, başa düşülən olsa da, rasional, təmkinli,
səbirli yanaşma bütün situasiyalarda ən
düzgün seçimdir. Fransa hökumətinin rəsmiləri
Senatın bu qondarma qətnaməsinin hüquqi əhəmiyyəti
olmadığını təsdiq edib və Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini bir daha
qeyd edib. Sağlam məntiq deyir ki, Milli
Assambleyanın 3 dekabr tarixli qərarının da aqibəti
eyni olacaq və bu qərar da öncəkilər kimi sadəcə
növbəti bir rüsvayçılıq və tarixi,
hüquqi saxtakarlıq nümunəsi kimi kağız üzərində
qalacaq.
Azərbaycan
Vətən müharibəsində ərazi
bütövlüyünü bərpa etdi və indi Azərbaycan
üçün tamamilə yeni, möhtəşəm
inkişaf dövrü başlayır. Artıq
böyük-kiçikliyindən asılı olmayaraq
bütün dövlətlər Azərbaycanı iqtisadi,
siyasi, hərbi güc kimi tanıyır, qəbul edir. Azərbaycan erməni faşizmi, onların
uydurmaları, ölkəmizə qarşı ərazi
iddiaları, yalanları üzərində qətiyyətli qələbə
qazandı. Azərbaycan xalqı bu möhtəşəm hərbi-diplomatik
qələbənin memarı, müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşib
və ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi əbədidir,
sarsılmazdır. Dünya artıq təkqütblü deyil,
ikiqütblü də deyil, çoxqütblüdür və Rəcəb
Tayyib Ərdoğanın dediyi kimi, "Dünya 5-dən
(ABŞ, Rusiya, İngiltərə, Çin və Fransa -
Ş.H) böyükdür”.
XXI
əsr Türk əsridir və Ali Baş Komandan İlham
Əliyev Türk millətinin, Azərbaycan xalqının
gücünü, milli ruhunu, qələbə əzmini, "dəmir
yumruğu”nu bütün dünyaya nümayiş etdirdi.
Regionumuzda, bütün coğrafiyamızda, hətta dünyada
artıq hər kəs Azərbaycanla münasibətlərində
bu "dəmir yumruğ”u nəzərə alacaq. Biz Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, rəşadətli
Ordumuzla qürur duyuruq.
Şəmsəddin
HACIYEV,
YAP Səbail
rayon təşkilatının sədri, iqtisad elmləri
doktoru, professor
Azərbaycan. - 2020.- 8 dekabr.- S.5.