Azərbaycanı daha da məğrur edən
Qələbə
İlham
Əliyevin Ermənistanı əzən dəmir yumruğu həm də respublikamızın
beynəlxalq aləmdə nüfuzunu
yüksəltdi, mövqelərini möhkəmləndirdi
2020-ci ili bütün dövlətlər pandemiya səbəbindən demək olar ki, eyni əhvali-ruhiyyə ilə yola salır. Azərbaycan üçün isə başa çatmaqda olan bu il tamamilə fərqli, həm də əlamətdardır. Çünki xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Ona görə 2020-ci il Azərbaycanın tarixinə Qələbə ili kimi yazıldı.
Heydər Əliyevin yaratdığı etibarlı bünövrə
Ermənistanın Azərbaycana qarşı təcavüzü ötən əsrin 90-cı illərinin əvvəllərində Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə nəticələnmişdi. Əlbəttə, bunun obyektiv səbəbləri vardı və torpaqlarımızın itirilməsi müstəqilliyimizin ilk illərindən hakimiyyətdə olan iqtidarların naşı siyasətinin nəticəsi idi. Əlbəttə, Ermənistan öz potensialı hesabına işğal planlarını gerçəkləşdirə bilməzdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etsə də, beynəlxalq ictimaiyyətin susqunluğu, Ermənistana təzyiq və təsirlərin olmaması səbəbindən həmin sənədlərin tələbləri yerinə yetirilməmiş qaldı.
O dövrdə Azərbaycan müharibəni yox, döyüşü uduzmuşdu. 1994-cü ildə neft kontraktlarının imzalanmasından sonra respublikamızda Heydər Əliyevin rəhbərliyi sayəsində müsbətə doğru baş verən dəyişikliklər həm də torpaqlarımızın gələcəkdə hərb yolu ilə azad edilməsi üçün etibarlı bünövrə yaratdı. Heydər Əliyev uzaqgörən siyasətçi, müdrik dövlət xadimi idi. Onun təməlini qoyduğu inkişaf strategiyası yalnız iqtisadi sfera ilə tamamlanmayaraq kompleks xarakter daşıyırdı. Əlbəttə, bəzən qarşıya qoyulan hədəflərə çatmaq üçün illər lazım gəlirdi. Eyni zamanda daim nəzərə alınırdı ki, biz kiçik Ermənistanla yox, dünyada özünə yer etmiş erməni təəssübkeşliyi, erməni lobbisi ilə üz-üzəyik.
Bu baxımdan Heydər Əliyev bütün məsələləri zərgər dəqiqliyi ilə ölçüb biçmişdi. Məhz Ulu Öndərin müəyyən etdiyi uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan həm iqtisadi sferada yüksəliş yoluna qədəm qoydu, həm beynəlxalq arenada öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Bu zaman Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşası ilə bağlı uğurlara imza atıldı.
Torpaqlarımızın azad ediləcəyi günü yaxınlaşdıran yüksəliş
Ötən 17 ildə Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın nail olduğu uğurlar çoxşaxəlidir. Bu sırada Xəzərdən hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması və Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində önəmli mövqe qazanması, iqtisadiyyatmızın 3 dəfə böyüməsi, valyuta ehtiyatlarımızın dəfələrlə artması, Bakının beynəlxalq tədbirlərin keçirilməsi mərkəzi kimi tanınması, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba üzv olması kimi məsələlər xüsusilə qeyd olunmalıdır. Bütün bunlar Azərbaycanın beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməklə yanaşı, respublikamızın məruz qaldığı təcavüzün dünya ictimaiyyəti tərəfindən qəbul olunmasında, Ermənistanın işğal siyasətinin ifşasında böyük rol oynadı. Ən əsası isə, əldə olunan hər bir uğurun və yüksəlişin nəticə etibarilə torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırdığı göz önündə idi.
Qeyd edək ki, hələ Azərbaycanın zəif olduğu dövrlərdə danışıqlar prosesi zamanı Ermənistan Azərbaycana öz şərtlərini diktə edə bilməmişdi. Bu baxımdan Azərbaycanın inkişafından və güclənməsindən sonra istənilən yolla öz torpaqlarını azad edəcəyi qaçılmaz idi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. Dekabrın 10-da keçirilən Zəfər paradında bu barədə danışan İlham Əliyev deyib: "Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs "Qurani-kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
Tarix yazan Azərbaycan Ordusu
Bu illər ərzində böyük inkişaf yolu keçən Azərbaycan ordu quruculuğunu da xüsusi nəzarətdə saxladı. Xatırladaq ki, respublikamızın artan gəlirlərinə uyğun olaraq illər öncədən dövlət büdcəsindən ayrılan müdafiə xərcləri də əhəmiyyətli dərəcədə artıb. Ötən illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün qoşunlarda əsaslı islahatlar və quruculuq işləri həyata keçirilib. Ən mühümü odur ki, ordumuzun arsenalı tamamilə yenilənib, ən müasir hərbi texnikalar silahlanmaya qəbul edilib və nəticə etibarilə müasir döyüş imkanlarının aparılması tam təmin edilib.
Bütün bunların praktik nəticəsini isə xalqımız 44 gün davam edən Vətən savaşında gördü. Sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zamanı ordumuz olduqca mükəmməl taktika ilə müxtəlif istiqamətlərdə cəbhəni yararaq işğalçı ordunu darmadağın etməyə başladı. Ermənistanın keçilməz hesab etdiyi müdafiə xətləri ilk həmlədə ələ keçirildi. Cəbhənin elə bir istiqaməti olmadı ki, əsgərlərimiz mövqelərindən geri çəkilsinlər. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları, o cümlədən Xocavənd, Xocalı, Laçın və Tərtər rayonlarının yaşayış məskənləri döyüş yolu ilə azad olundu. Azərbaycan Ordusunun bu zaman həyata keçirdiyi əməliyyatlar müasir döyüşlərin aparılmasında yeni təcrübə formalaşdırdı. Hansı ki, ən güclü ordulara malik dövlətlər belə bu təcrübə ilə yaxından maraqlanırlar.
Şuşanın azad edilməsi isə Azərbaycan Ordusunun yazdığı əsl qəhrəmanlıq səhifəsi oldu. Əsgərlərimiz çətin relyefi olan bu şəhəri qayalardan dırmaşaraq, yüngül atıcı silahlarla döyüşərək azad etdilər. Şuşanın azad edilməsi Azərbaycan əsgərinin vətənpərvərliyinin, ən ekstremal şəraitdə belə vuruşaraq qalib gəlmək əzminin nümayişi oldu.
Azərbaycan bu müharibədə qarşıya qoyduğu məqsədlərə tam nail oldu. Məğlub edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Şuşa işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə ordumuzun qazandığı bu qələbə xalqımızı daha da böyütdü, Azərbaycanı məğrur etdi.
Azərbaycan illər öncədən
regionda lider, dünyada söz sahibi idi. İlham Əliyevin
Ermənistanı əzən
dəmir yumruğu isə ölkəmizin beynəlxalq aləmdə imicini, yerini və mövqeyini daha da möhkəmləndirdi.
İndi dünya ictimaiyyəti Azərbaycana daha ehtiramla yanaşır.
Çünki qaliblər həmişə
yüksək ehtirama layiqdirlər.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 18 dekabr.- S.1;3.