Koronavirusdan
qorunmağın ən yaxşı yolu
özünütəcriddir
Dünyanın kabusuna çevrilmiş COVID-19 bir ildir planeti iflic vəziyyətdə saxlayır. Bütün ölkələr infeksiyanın yayılmasının qarşısını almaq üçün müxtəlif tibbi-profilaktik tədbirlər həyata keçirir, dövlət rəhbərləri vətəndaşlarını qorumaq üçün lazımi addımlar atır, məhdudiyyətlər tətbiq edir. Lakin bunlara rəğmən pandemiyanı lokallaşdırmaq mümkün olmayıb. Hətta əksinə, vəziyyət getdikcə daha kritik hal alır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində qeyd olunub ki, son bir həftə ərzində dünyada daha 4.3 milyon nəfər koronavirus infeksiyasına yoluxub. Bu isə pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir. Əvvəlki həftədə ən yüksək göstərici 16-22 noyabr tarixləri arasında qeydə alınmışdı. O vaxt dünya üzrə COVID-19-a 4 milyon yeni yoluxma halı baş vermişdi.
Hazırda Yer üzündə 74 milyona yaxın COVID-19-a yoluxma və təxminən 2 milyona qədər ölüm halı qeydə alınıb. Bu isə o deməkdir ki, dünyada yoluxanların ölüm faizi 2,2-dir. Qışın gəlməsi ilə bütün Avropada koronavirusa yoluxma sayında sürətli artım müşahidə olundu.
Azərbaycanda da son aylar sanitar-epidemioloji
vəziyyət narahatedici
məcraya yönəlib. Ölkədə koronavirusa gündəlik yoluxma halları sürətli templə yüksələrək 4 mini keçib.
Bu da real olaraq
gündəlik ölüm
hallarının artmasına
gətirib çıxarıb.
Hazırda Azərbaycanda
koronavirusa yoluxma üzrə ölüm faizi 1,1-dir.
Məsuliyyətsizlik yoluxma sayının kəskin artmasına rəvac verdi
Etiraf edək
ki, karantin rejimi yumşaldıqca insanlar arasında infeksiyaya qarşı laqeydlik, inamsızlıq, xəstələnməyəcəklərinə
dair arxayınlıq yaranmışdı. Ölkədə Vətən müharibəsi
başlayanda isə infeksiyadan qorunma qaydaları ikinci plana keçmişdi.
Hər kəsin
diqqəti, fikri ön cəbhəyə, Azərbaycanın haqq savaşına yönəldiyi
üçün koronavirus
anlayışı aktuallığını
itirmişdi. Xüsusən cəbhədə uğurlu əməliyyatların
olması, vətəndaşlarımızın
bu məsələyə
münasibəti, demək
olar ki, koronavirusla mübarizəni
unutdurmuşdu. Məsuliyyətsizlik
isə COVID-19 infeksiyasına
yoluxma sayının kəskin artmasına rəvac verdi.
Beləliklə, xüsusi karantin
rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadənin azalması, distansiya saxlanılmaması
Azərbaycanda sanitar-epidemioloji
vəziyyətin pisləşməsinə
səbəb oldu.
Nəticədə Nazirlər Kabineti
yanında Operativ Qərargah tərəfindən
ölkədə sanitar-epidemioloji
vəziyyət təhlil
edilərək, infeksiyaya
yoluxma sürətini azaltmaq, insanların bir-biri ilə yaxın təmaslarını
minimuma endirmək məqsədi ilə ölkə ərazisində
sərtləşdirilmiş xüsusi karantin rejiminin 18 yanvaradək tətbiq edilməsinə qərar verildi.
Dekabrın 14-dən Nazirlər Kabinetinin
müvafiq qərarı
ilə müəyyən
edilmiş iş və xidmət sahələri istisna olmaqla, digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət,
ictimai iaşə obyektlərinə, o cümlədən
restoran, kafe və çay evlərinə müştərilərə
yalnız çatdırma
xidmətlərinin göstərilməsinə
və ya onlayn satışa icazə verilib. Respublikanın bəzi bölgələrinə
giriş-çıxış dayandırılıb, eləcə
də hərəkət
məhdudiyyəti tətbiq
olunub. İcazəsi olan vətəndaşlar
istisna olmaqla, digər şəxslər
yaşayış yerlərini
və olduqları yeri SMS-icazə ilə tərk edirlər.
Qarşıdakı 3 ay çox kritik
olacaq
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə
görə, karantin rejiminin sərtləşməsi
ilə bağlı qərar insanları qorumaq üçündür:
"Hökumət hər
qərarında həm
insanların sağlamlığını,
həm də iqtisadi vəziyyəti nəzərə alır. Bu, bütün dünyada
belədir. Pandemiya əvvəldən
onu göstərdi ki, dərman və vaksin olmadığına görə
yoluxmanın azaldılması
üçün ictimai
səhiyyə tədbirlərinin
tətbiqindən başqa
"silahımız” yoxdur.
Sərt karantin rejimi yoluxmanın azaldılmasına
tez bir zamanda
təsir edir. Ortalama inkubasiya dövrünü
nəzərə alsaq,
sərt karantin qərarından təxminən
1 həftə keçəndən
sonra yoluxmanın sayı azalmağa doğru gedir. Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalıyıq. Bu səbəbdən yoluxma sayının azalması lazımdır”.
H.Harmancı əlavə edib
ki, qarşıdakı
3 ay çox kritik olacaq: "Yaz aylarında peyvəndləmənin
tətbiq olunması yoluxma saylarının azalmasına səbəb olacaq. Gənc insanlar peyvənd
olunduqca yoluxma da azalacaq”.
Artıq
5 gündür koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədilə Nazirlər
Kabinetinin qərarına
əsasən, sərt
karantin rejimi tətbiq olunan 5 şəhərin və 12
rayonun giriş və çıxışlarında
quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və
Daxili Qoşunların
hərbi qulluqçuları
tərəfindən nəzarət-profilaktiki
yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyindən
verilən məlumata görə, 2020-ci il dekabrın 16-da həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən
1607 nəqliyyat vasitəsi
müəyyən olunaraq
geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə
ölkə üzrə
karantin rejimi qaydalarını pozan 2646 nəfər barəsində
inzibati tənbeh tədbiri tətbiq olunub: "Bu istiqamətdə
həyata keçirilən
bütün tədbirlər
əhalinin təhlükəsizliyinin
təmin edilməsinə
və onların sağlamlığının qorunmasına
xidmət edir. Ona görə də vətəndaşlardan bir
daha tətbiq edilən izolyasiya tədbirlərinə ciddi
riayət etmələrini,
operativ qərargahın
bütün tövsiyə,
təklif və qərarlarını anlayışla
qarşılamalarını xahiş edirik”.
Ağırlaşmaların qarşısını
almaq üçün
həkimə müraciət
etmək lazımdır
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin
sədri, Köln Universiteti
Klinikasının tibb
elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, koronavirusdan
sağalan şəxslərin
tam sağaldıqdan 2-3 ay sonra
yenidən yüngül
də olsa hər hansı ciddi bir simptomları
yaranarsa, bu zaman mütləq həkimə müraciət
etməsi vacibdir. Çünki elmi tədqiqatlara əsasən,
virusdan sağalan şəxslərin müxtəlif
orqanlarında - ürəkdə,
beyində, onurğa beynində və s. müxtəlif fəsadlara
rast gəlinə bilər.
Onun sözlərinə görə,
bu xəstəliyi yüngül simptomlarla keçirən insanların
sağaldıqdan sonra
müəyyən qisminin
ürəyində patoloji
dəyişikliklər yarandığı
elmi tədqiqatlarla sübut olunub: "Xəstələrin beynində
ola biləcək
dəyişikliklərlə bağlı isə elmi hesabatın müəlliflərindən biri
də mənəm. Yaxın günlərdə elmi ədəbiyyata daxil olacaq həmin hesabatda beyində və o cümlədən
onurğa beynində
COVID-19-un xəstəlikdən tam sağaldıqdan 2 ay sonra yaratdığı ciddi dəyişikliklərdən bəhs
ediləcək. Halbuki
həkimə bir az tez müraciət edilsəydi,
xəstənin vəziyyəti
hazırda tam normal ola
bilərdi. Ona görə xəstəlikdən
sağaldıqdan sonrakı
dövrü xəstəlik
zamanı yüngül
simptomlarla keçən
dövrlə eyniləşdirməməyi
tövsiyə edirəm.
Yüngül baş ağrısı,
ürəkbulanma və
ürəklə bağlı
hər hansı simptomlar müşahidə
olunarsa, bu zaman baş verə biləcək ağırlaşmaların qarşısını
almaq üçün
mütləq həkimə
müraciət etmək
lazımdır”.
Tibb elmləri doktoru bildirib ki, COVID-19-dan sağalan şəxslər arasında müəyyən müddət sonra halsızlıq, yorğunluq, öskürək və hətta subfebril qızdırma kimi simptomların qalıcılığı da müşahidə olunub. Bunlar hətta 2 aya qədər davam edə bilər. Ciddi yanaşı xəstəliyi olanların isə koronavirusu ağır keçirmə ehtimalı daha yüksəkdir: "Bu şəxslər bilməlidirlər ki, koronavirusdan sağaldıqdan sonra da yanaşı xəstəlikləri ilə bağlı müalicələrini davam etdirməli və həkim nəzarətində olmalıdırlar. Onda vəziyyətdən çıxmaq daha asan olur”.
Koronavirusla
mübarizədə əsas amil vətəndaş məsuliyyətidir
Təəssüf ki, bəzən insanlar özləri öz sağlamlıqlarına qarşı laqeyd yanaşırlar. Xəstəliyi yüngül keçirənlərin müəyyən hissəsi kimdənsə eşitdiyi, yaxud sosial şəbəkələrdə paylaşılan üsullardan, türkəçarələrdən istifadə edirlər ki, bu da ağırlaşmaların başlıca səbəbidir. Odur ki, həkim məsləhəti olmadan heç bir dərmandan istifadə etməyin.
İndiki məqamda koronavirusla mübarizədə əsas amil vətəndaş məsuliyyətidir. Bizim vətəndaş olaraq aparacağımız mübarizə, üzərimizə düşən məsuliyyət karantin qaydalarına riayət etməkdir. Qaydalara nə qədər çox riayət edilərsə, yoluxma da o qədər az qeydə alınar. Qaydalara əməl edilmədikdə isə yoluxma sayı artır. Bu gün hər kəs məsuliyyətli olmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməli, özünü, yaxınlarını qorumalıdır.
Unutmayaq ki, peyvənd tətbiq olunana qədər dünyanı təşvişə salan bu dəhşətli virusdan ən yaxşı qorunma yolu özünütəcriddir. Yalnız məsuliyyətli, vicdanlı olmaqla, gərəksiz yerə evdən çıxmamaqla, özünütəcrid qaydalarına əməl etməklə bu xəstəliyin geniş yayılmasının qarşısını almaq olar. Durumun nə qədər riskli olduğunu anlamaq lazımdır. Bu çətin və təhlükəli dövrdə həyatımızı, gündəlik vərdişlərimizi evdə davam etdirməliyik. Çünki hazırda ən təhlükəsiz yer elə evimizdir. Odur ki, evimizdə qalaq, sağlam olaq!
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 18 dekabr.- S.1;7.