Əfqanıstan Azərbaycanın
ərazi bütövlüyü məsələsində
hər zaman açıq mövqe
nümayiş etdirib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də
Əfqanıstan İslam Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə
təqdim edən səfir Amanullah Ceyhun dedi:
-Zati-aliləri cənab Prezident, Sizi salamlayıram. Əvvəlcə, bu gün vaxt ayırıb məni qəbul etdiyinizə görə Sizə təşəkkürümü
bildirirəm. Bu gün burada olmaq və Prezident
Əşrəf Qaninin
salamlarını çatdırmaq
mənim üçün
şərəfdir. O, Sizə böyük ehtiramını ifadə edir, möhkəm cansağlığı, Azərbaycan
xalqına isə firavanlıq arzu edir.
Zati-aliləri cənab Prezident, Prezident Əşrəf Qani tərəfindən imzalanmış və mənim Əfqanıstanın
qardaş Azərbaycana,
gözəl ölkənizə
səfir təyin olunmağım haqqında
etimadnaməmi, habelə
sələfimin geri çağırılmasına dair məktubu Sizə təqdim etməkdən şərəf
duyuram.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident
İlham Əliyev dedi:
-Cənab səfir, xoş gəlmisiniz, sizi görməyə çox şadam. Xahiş edirəm mənim də salamlarımı və ən xoş arzularımı cənab Prezidentə və qardaş əfqan xalqına çatdırasınız. Biz dostluq və
tərəfdaşlığımızı
yüksək qiymətləndiririk.
Deyə bilərəm ki, ölkələrimiz arasında
münasibətlərin sürətli
inkişafı dialoqumuzun
intensivləşdirilməsinə dair hər iki
tərəfin güclü
niyyətini nümayiş
etdirir. Sizin mənim Prezident
Qani ilə görüşlərim haqqında
məlumatınız var. Biz onunla Azərbaycanda, xarici ölkələrdə,
müxtəlif beynəlxalq
tədbirlər çərçivəsində
dəfələrlə görüşmüşük.
İstənilən beynəlxalq tədbirdə
biz hər zaman görüşmək üçün
vaxt tapırıq.
Onu da deyim ki,
bizim görüşlərimiz
həmişə çox
məhsuldar olur.
Biz münasibətlərimizdə ciddi tərəqqiyə
nail olmuşuq. Birgə səylərimiz
nəticəsində regionda
tamamilə yeni vəziyyət yaranmışdır.
Bizim siyasi əlaqələrimiz
heç vaxt olmadığı qədər
güclüdür. Biz
iqtisadi əməkdaşlıq
və sərmayə layihələrinə dair çoxsaylı məsələləri
müzakirə edirik.
Bildiyiniz
kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru
ilə bağlı birgə işlər görmüşük və
mən şadam ki, "ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq
edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın
modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi
ilə bağlı baxışının təzahürüdür
və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir.
Bununla yanaşı,
əməkdaşlığımızın
daha bir vacib elementi təhlükəsizlik məsələləridir. Bildiyiniz kimi,
Azərbaycan artıq
20 ilə yaxındır
ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda
iştirak edir. Biz bütün bu
illər ərzində
ölkənizdə təhlükəsizliyin
qorunmasına sadiqliyimizi
nümayiş etdirmişik.
Bildiyiniz
kimi, biz müəyyən
müddət əvvəl
hərbçilərimizin sayını
artırmaqla ölkənizdə
təhlükəsizlik məsələsinə
olan münasibətimizi,
ölkənizdə təhlükəsizliklə
bağlı siyasətimizi
nümayiş etdirdik.
Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. 1990-cı illərin əvvəlində
biz də buna bənzər vəziyyətlə
üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm sürürdü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi ki, bunlar ərazimizin
bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə
proqramınızda iştirak
etməkdən hər
zaman məmnunuq.
Hazırda regional nəqliyyat məsələlərində də
irəliləyiş var. Şadıq
ki, artıq Azərbaycan vasitəsilə
Əfqanıstandan beynəlxalq
bazarlara müəyyən
yüklər nəql edilir. Biz məmnuniyyətlə
öz nəqliyyat imkanlarımızı təqdim
edirik. Bildiyiniz kimi, nəqliyyat
sahəsi hər zaman mənim sizin Prezidentinizlə görüşlərimin gündəliyindədir
və biz burada yaxşı irəliləyiş
görürük. Regional
geosiyasi vəziyyətdə
dəyişiklikləri nəzərə
alsaq, əlbəttə
ki, əməkdaşlıq
üçün yeni imkanlar yaranacaqdır.
Fürsətdən istifadə edərək,
Ermənistan-Azərbaycan münaqişəsinin
həllində bizim ədalətli mübarizəmizi
dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürümü
bildirmək istəyirəm.
Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü
məsələsində hər
zaman açıq mövqe nümayiş etdirib. Bizi hər zaman
dəstəkləyib və
Prezident, xarici işlər naziri və digər yüksək rütbəli
məmurlar səviyyəsində
bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi
bütövlüyü bərpa
edilməlidir və həqiqət bizim tərəfimizdədir. Eyni zamanda,
biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai
şəkildə dəstək
verən ilk ölkələrdən
oldu. Biz buna görə minnətdarıq, bütün
Azərbaycan xalqı bunu bilir və
yüksək qiymətləndirir.
Biz bunu qardaşlıq
rəmzi və eyni zamanda, beynəlxalq
hüquqa hörmətin
əlaməti hesab edirik. Çünki tarixi həqiqət
və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq
bizim tərəfimizdədir.
Dağlıq Qarabağ Azərbaycanın
tərkib hissəsidir
və beynəlxalq ictimaiyyət tərəfindən
də belə tanınır. Ərazi bütövlüyümüzün
bərpası və Vətən müharibəsində
Qələbəmiz, əlbəttə,
dövlətimizin gücünü,
Azərbaycan xalqının
iradəsini və sözümüzlə əməlimizin
bir olduğunu nümayiş etdirdi.
Beləliklə, müharibənin başa çatdırılması
və işğal edilmiş ərazilərimizin
azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən
vədlər və götürülmüş öhdəliklər
yerinə yetirilmişdir.
Hazırda biz Azərbaycanın inkişafının
yeni mərhələsinin
astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik. İşğal edilmiş ərazilərin
dağıdılması ilə
bağlı videomateriallar
təqdim edilib. Bizim bütün şəhər
və kəndlərimiz
viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni
abidələrimiz yerlə-yeksan
olunub. Məscidlərimiz ya dağıdılıb,
ya da onlar
heyvan saxlanılması
üçün istifadə
edilib. Bununla onlar təkcə
azərbaycanlıların deyil,
bütün dünya müsəlmanlarının hisslərini
təhqir ediblər.
Həmin
şəkilləri və
videomaterialları görən
dünya müsəlmanları
bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad
edərək tarixi köklərimizə qayıtmaqla
biz nəyə nail olmuşuq.
Bildiyiniz
kimi, bəzi hallarda Ermənistan müsəlman ölkələri
ilə əlaqələr
yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri
edir. Lakin əminəm ki,
həmin videoları görən dünya müsəlmanları öz
hökumətlərinə güclü
mesaj verəcəklər
ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin.
Burada siyasi, yaxud digər maraqlar ola
bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların
səslərini birləşdirməli,
təcavüzkara güclü
bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və
müsəlmanlar tərəfindən
unudulmayacaqdır. Burada bir
daha qardaş əfqan xalqına hər zaman - danışıqlar və
işğal dövründə,
müharibə zamanı
və müharibədən
sonra, Qələbəmizi
qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə
minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı
vaxt keçirməyinizi
arzulayıram. Əminəm ki, burada özünüzü
vətəninizdəki kimi
hiss edəcəksiniz.
Səfir Amanullah Ceyhun: Zati-aliləri cənab Prezident, əvvəlcə mən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əfqanıstanın Azərbaycanda səfiri kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mən çox xoşbəxtəm ki, Azərbaycana çox özəl bir vaxtda gəlmişəm. Mən Azərbaycana müharibə başa çatandan sonra – noyabrın 13-də gəlmişəm. Yəni, Qələbədən üç gün sonra, erməni işğalı bitdikdən, Azərbaycan xalqı öz torpağına qovuşduqdan sonra gəlmişəm. Bu, mənim üçün böyük xoşbəxtlikdir. Çünki Azərbaycan çox önəmli bir tarix yaşayır.
Zati-aliləri
cənab Prezident, bir daha qeyd edirəm ki, Azərbaycanda olmaq mənim
üçün şərəfdir. Əminik
ki, Sizin rəhbərliyiniz
və Ali Baş
Komandanlığınızla Azərbaycan böyük
uğurlara nail olmuş və özünün
coğrafi yerləşməsi, regional bağlılıq baxımından vacib ölkəyə çevrilmişdir.
Zati-aliniz regional
bağlılıqla əlaqədar Prezident
Əşrəf Qaninin baxışına
dəstək verib. Azərbaycana gəlişim
ərəfəsində Prezident mənə
təlimat vermişdir ki,
onun salamlarını Sizə
çatdırım, Sizə möhkəm
cansağlığı, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edim. Həmçinin Prezidentimiz Azərbaycanın rəhbərliyinizlə
əldə etdiyi uğurlar
münasibətilə Sizi təbrik etməyimi
tapşırıb. Zati-aliləri, Siz də
qeyd etdiyiniz kimi, Azərbaycan və Əfqanıstan
münasibətləri uzun tarixə malikdir.
Azərbaycan.-2020.- 18 dekabr.- S.1-2.