Azərbaycan öz mədəniyyəti ilə dünyaya nümunə göstərilən ölkələr arasındadır

 

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa vurub otuz ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Qarabağı azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə qüdrətiylə rəşadətli ordumuz Azərbaycanın hərb tarixinə şanlı səhifə yazdı.

Qarabağın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması hər bir vətən sevdalısının ürəyini qürurlandırır, hər birimizə xoş duyğular yaşadır. Xalqımızın otuz ildən bəri səbir və təmkinlə, sərkərdəsinə və ordusuna sonsuz inamla məhz bu günü - erməni faşistləri üzərində Qələbə qazanılacağı anı gözləyirdi. İgid oğullarımız qanları və canları bahasına bu qələbəni təmin edib bütöv bir xalqı uzun illərdən bəri davam edən ağır xəcalət yükündən xilas etdilər. Bu müqəddəs savaşda 2783 şəhid verdik. Qəhrəman oğullarımız döyüşlərdə yaralanıb sağlamlıqlarını itirdilər, vətənin fədakar qazilərinə çevrildilər. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə, qazilərə yetərli sosial yardımlar təyin edilməsi haqlı olaraq cəmiyyətdə razılıq və minnətdarlıqla qarşılanır.

Vətən müharibəsi artıq bitmiş, düşmən üzərində parlaq qələbə qazanılmışdır. Böyük zəfərin doğurduğu sevinc isə hələ də qəlblərə hakimdir. Heç şübhəsiz, bundan sonra da uzun illər boyu qələbə sevinci, bayram ovqatı yaşayacağıq. Bu möhtəşəm tarixi uğurun baş memarı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şərəfli missiyanın qəhrəman Azərbaycan əsgərinə və hər zaman öz ordusuna etibarlı arxa olan müdrik xalqımıza eşq olsun!

Müharibə bitmiş, yeni dövr başlamışdır. Təbii ki, yeni dövrün vəzifələrini reallıqlar müəyyən edir. Biz mədəniyyət işçiləri olaraq üzərimizə düşən vəzifələrin məsuliyyətini yüksək dəyərləndiririk. Hərbi vətənpərvərlik ruhunun təbliği bizim üçün prioritet olaraq qalır. Müharibə dövrü səngərlərdə əsgərlərin yanında tez-tez olur, orduda döyüş ruhunu qaldırmaq üçün bütün imkanlarımızı səfərbər edirdik. Vaxtaşırı zabit və əsgərlər qarşısında canlı konsertlər təşkil edir, hərbi vətənpərvərlik ruhlu mahnılar səsləndirirdik. Şəhid Xudayar Yusifzadə Bərdə şəhəri, Bülbül adına 1 nömrəli uşaq incəsənət məktəbinin məzunu olub. O, cəbhədə oxuduğu "Vətən yaxşıdır” mahnısı ilə indi bütün ölkədə məşhurdur. Oxuduğu məktəbdə Xudayarın həyatından, şərəfli döyüş yolundan bəhs edən foto-stend yaradılmışdır.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir və Yevlax şəhərlərini, Bərdə və Tərtər rayonlarını əhatə edir. Respublika Mədəniyyət Nazirliyinin qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr fəaliyyətimizin əsas istiqamətlərini müəyyən edir. Təbii ki, əsas qayəmiz milli-mədəni irsimizi, mənəvi dəyərlərimizi, musiqimizi qayğı ilə qorumaqmüasir dövrün tələblərinə uyğun formada daha da inkişaf etdirməkdir. Əsrlərin yadigarı olan tarixi mədəni abidələri fəal vətəndaş mövqeyindən qorumaq, mühafizə etmək də fəaliyyətimizin əsas istiqamətləri sırasında yer alan vəzifələrdəndir.

Etiraf etmək lazımdır ki, bir sıra çətinliklərlə müşayiət olunan müasir dövrün özünəməxsus fərqli xüsusiyyətləri var. Bir tərəfdən, Vətən müharibəsinin sərt qaydaları öz yaşam tərzini, fəaliyyət üsullarını diktə edirsə, digər tərəfdən, bütün dünyanı cənginə alan CovId-19 pandemiyası öz ağır şərtlərini irəli sürür. Beləcə, iki cəbhədə döyüşməyə, tapşırılan vəzifəni layiqincə yerinə yetirməyə borcluyuq. Bu məsuliyyət hissi hər zaman bizimlədir.

İdarənin əhatə etdiyi şəhər və rayonlarda çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimlərini maraqlı konsert proqramları ilə toya, bayrama çevirmək artıq gözəl ənənəyə çevrilmişdir. Həmin tədbirlərdə hərbi-vətənpərvərlik ruhlu mahnılar ifa edilir, gənclər ordu sıralarına musiqiylə yola salınır.

Qədim dövlətçilik ənənəsi olan Bərdə tarixi abidələri ilə zəngin olan bir ərazidir. Bərdənin tarixi abidələrinə həsr edilmiş videoçarxda ilk olaraq Azərbaycanın memarlıq məktəbinin ən qiymətli nümunələrindən biri olan 1322-ci ildə naxçıvanlı memar Əhməd İbn Əyyub Hafiz tərəfindən tikilmiş Bərdə türbəsi, VI əsrə məxsus dünya əhəmiyyətli arxeoloji abidə olan beş bürclü Torpaq qala haqqında məlumat verilir. Torpaq qala mühafizə xarakteri daşıyıb, şəhəri yadellilərdən qorumuşdur. Yüksək ustalıqla tikilən qala dəfələrlə hücumlara məruz qalsa da, qar, yağış onu yusa da, dağılmamış, bugünə kimi gəlib çatmışdır. 1868-ci il dövrünün tanınmış memarı olan Kərbəlayi Səfixan Qarabaği (qeyd edək ki, 1788-ci ildə Şuşada anadan olan bu məşhur memar 122 il yaşamış, 1910-cu ildə vəfat etmişdir) tərəfindən inşa edilmişdir. İmamzadə türbə-məscidi bu gün də ziyarət mərkəzidir. Bərdə şəhəri tarixən Tərtər çayının hər iki sahilində yerləşib. Çay öz yatağını üç dəfə dəyişmişdir. Hazırda çayın yatağında qalıqları qalan körpü tarixdə "çoxgözlükörpü kimi məşhur olmuşdur.

Yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq, tarixi abidələrimizin bugünümüzə gəlib çatması, təbii ki, qürurvericidir. Bizim yeniyetmə və gənclərimiz nəinki yaşadığı rayonun, şəhərin, eləcə də vətəndaşı olduğu ölkənin tarixini bilməli, tarixi-mədəniyyət abidələrini tanımalı, tanıtmalı və qorumalıdır. "Tariximiz keçmişdən gələcəyə” mövzusunda bütün region üzrə təşkil etdiyimiz onlayn tədbirlər maraqla qarşılanmışdır. Dünənimizdən bugünümüzə işıq salan, mənəviyyat körpüsünə çevrilən qiymətli sənət incilərimizi qoruyub saxlamaq, yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Karantin dövrünün qaydalarına uyğun olaraq, "Evdə qal, evdə yarat” çağırışını əsas götürərək fəaliyyətimizi Mədəniyyət Nazirliyinin layihələrinə əsasən qurur, onlayn tədbirlər keçirir, konsertlər veririk. "Evdə qal, musiqidən qalma”, "Evdə qal, evdə yarat”, "Mənim evim, mənim yerim” layihələrini uğurla həyata keçiririk. Eyni zamanda aztəminatlı ailələrə, 65 yaşdan yuxarı ahıl, tənha insanlara sosial yardım göstərməyi davam etdiririk. Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Mədəniyyət Nazirliyinin bu barədə tapşırıq və tövsiyələri əsasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər görürük. Regional idarənin əhatə etdiyi şəhər və rayonlarda yerləşən bütün mədəniyyət müəssisələrində tibbi profilaktikdezinfeksiya işləri aparılır, mədəniyyət işçiləri tərəfindən maarifləndirici tədbirlər görülür. Region üzrə 309 mənədiyyət müəssisəsində ümumilikdə 1572 dəfə dezinfeksiya işləri aparılmışdır. Bütövlükdə 1643 dəfədən çox sosial yardım göstərilmişdir.

Biz fəxr edirik ki, bu gün Azərbaycan öz mədəniyyəti ilə dünyada nümunə göstərilən ölkələr arasındadır. Dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESKO ilə sıx əməkdaşlıq edirik. Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə bütün dünyada təmsil olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev vaxtilə deyirdi: "Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək”. "Musiqi qədər, incəsənət qədər insanları bir-birinə heç nə bağlamır” deyən Ulu Öndər özü də bəzən oxuyardı. Onun "Alagöz”, "Küçələrə su səpmişəm” mahnılarını necə şövqlə oxuduğunu hamımız kövrək duyğularla xatırlayırıq.

 

 

İlyas HACIYEV,

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi

Azərbaycan.-2020.- 18 dekabr.- S.5.