“Haber
Global” telekanalı Kəlbəcərdən
xüsusi reportaj yayımlayıb
Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın
işğaldan azad olunmuş Kəlbəcər
rayonundan xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, kanalın
Kəlbəcərə ezam
olunmuş müxbiri Osman Girgin reportajın
əvvəlində xatırladıb
ki, Ermənistanın hücumları nəticəsində
1993-cü ildə Kəlbəcərin
sakinləri olan azərbaycanlılar şaxtalı
havada bu bölgənin cığırları
ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün
olublar. Reportajda həmin dəhşətli
anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə
çatdırılıb ki,
Ermənistan silahlı
qüvvələrinin 27 il işğal altında saxladığı
bu bölgədə törədilən dağıntıların,
yanğınların izləri
hər yerdə var.
Kadrlardan aydın görünür
ki, qəsbkar ermənilər bölgəni
tərk etmək məcburiyyətində qalanda
belə yenidən vandalizm aktları törədərək evləri
yandırıb, meşələrə,
ağaclara qarşı
əsl soyqırımı
həyata keçiriblər. Hər şey
dağıdılıb, məhv
edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.
Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.
Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə
üçrəngli Azərbaycan bayrağı
dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür.
Azərbaycan.-2020.- 18 dekabr.- S.4.