Tarixə çevrilən 25 il
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaradılmasından 25 il ötür. Bu 25 ilin hər biri ölkənin idman mediası tarixinin parlaq səhifəsidir desək, yanılmarıq. Nəzərə alsaq ki, müstəqil Azərbaycan Respublikasının cəmi 29 yaşı var, onda 25 rəqəminin də möhtəşəmliyi və heç də kiçik tarix olmadığı görünər.
Təməli 1995-ci ildə əməkdar jurnalist Eldar İsmayılov tərəfindən qoyulan, ölkənin idman mediası əməkdaşlarının milli birliyi missiyasını ləyaqətlə həyata keçirən AİJA ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı, beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. AİJA yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AİPS-ə müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb, 1997-ci ilin mayında isə İspanıyanın Oviyedo şəhərində keçirilən 60-cı Ümumdünya Konqresində yekdil səslə AİPS-ə və təşkilatın qitə seksiyası Avropa İdman Mətbuatı İttifaqına (AIPS EUROPE/UEPS) tamhüquqlu üzvlüyü təsdiq edilib.
Həmin vaxtdan bəri AİJA Azərbaycan idmanının və idman mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idman mediasının ən nüfuzlu dairələrində AİJA-nın üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədirlər.
Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə AİJA nümayəndə heyəti hər il keçirilən ümumdünya və qitə məclislərində keçirilən AİPS və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etdi, Bakının möhtəşəm saraylarında yaddaqalan maraqlı tədbirlərə imza atdı, bir sıra möhtəşəm layihələrin həyata keçirilməsinə nail oldu, üzvlərinin və təəssübkeşlərinin boy sırasını bir neçə nəfərdən 500-ə yüksəltdi. Avropa və dünya ölkələrinin tanınmış idman yazarları, həmçinin Beynəlxalq Olimpiya Komitəsi (IOC), Avropa Olimpiya Komitəsi (UOC), Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası (GAİSF), Dünya Antidopinq Komitəsi (WADA), Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) və digər nüfuzlu təşkilatlarla sıx və qırılmaz əlaqələr qura bildi.
Təsadüfi deyil ki, 2010-cu il aprelin 28-də Türkiyənin turizm cənnəti Antalyada, beşulduzlu "Riksos Premium Hotel”də 50-dək ölkənin mili idman jurnalistləri qurumunu öz ətrafında birləşdirən Avropa İdman Mətbuatı İttifaqının (AIPS EUROPE/UEPS) 32-ci Baş Assambleyasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə həmin təşkilatın İcraiyyə Komitəsində yaxın dörd il üçün 12 yerə Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Serbiya, İrlandiya və Sloveniya nümayəndələri ilə yanaşı ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer tuta bildi. Bu sevindirici hadisə, 145 illik Azərbaycan jurnalistikası tarixində beynəlxalq media təşkilatı rəhbərliyinə seçkilərdə ilk qələbəmiz kimi tarixə və yaddaşlarda yaşayacaq.
Milli təşkilatımızın Avropa İdman Mətbuatı İttifaqı rəhbərliyində təmsil olunması ilə əlaqədar 2011-ci ilin beynəlxalq əlaqələr qrafikinin daha çevik və dinamik olacağı gözlənilirdi. Belə də oldu. 2011-ci ildə AİJA-nin nümayəndələri müxtəlif ölkələrdə 9 beynəlxalq tədbirdə uğurla iştirak ediblər.
AİJA prezidentinin təklifi ilə Avropa idman yazarları elitası öncüllərinin - AIPS EUROPE İcraiyyə Komitəsinin Bakıda toplanmasına qərar verilmişdi. Dövlət başçısı İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tədbirin təşkilinə cəlb olundu. Nəticədə Bakıda yenicə istifadəyə verilmiş "Hilton” hotelində AİJA bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail ola bildi.
Həmin vaxt dövlət başçısı xaricdə işgüzar səfərdə idi, lakin Bakıdakı tədbirimizi diqqətdə saxlamışdı. AİPS prezidenti Canni Merlonun da qatıldığı Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin üzvləri ölkəmizin Milli Məclisində yüksək səviyyədə qəbul olundular.
2012-ci ilin 12-16 fevralında AİJA-nın prezidenti Eldar İsmayılov, birinci vitse-prezidenti Nərgiz Mahmudzadə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, digər fəallarımızdan ibarət geniştərkibli nümayəndə heyəti Avstriyanın İnsbrusk şəhərində keçirilən AİPS-in 75-ci konqresinə qatıldı.
Konqresin açılış mərasimində üç dövlətin başçıları - Avstriya prezidenti Hayns Fişer, federal kansler Verner Fayman, İordaniya şahzadəsi Veysəl ibn Hüseyn, Monako knyazı Albert II iştirak etdilər. Konqresdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AİJA-nın üzvü Çingiz Hüseynzadə və AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə çıxış edərək ölkəmizin 2014-cü ildə AİPS-in 79-cu konqresinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdilər. AİPS-in tarixində ilk dəfə rəsmi dövlət zəmanət məktubu olmadan təklifimiz konqres iştirakçılarının alqışları ilə qarşılandı.
2013-cü ilin 15 - 19 aprelində AİJA-nın geniştərkibli nümayəndə heyəti Soçi şəhərində təşkil olunan 78-ci konqresində növbəti ildə Bakıda keçiriləcək konqreslə bağlı AİPS və AİJA arasında müqavilə imzalandı, tədbirin son günü Rusiya Federasiyası baş nazirinin müavini Vitali Kozak, Ümumrusiya İdman Jurnalistləri Federasiyasının prezidenti Nikolay Dolqopolov ənənəvi olaraq AİPS-in bayrağını təntənəli şəkildə növbəti ildə konqresə evsahibliyi edəcək Azərbaycanın nümayəndələrinə təqdim etdilər.
2014-cü
il aprelin
26-da Bakıda AIPS EUPOPE/UEPS-in Baş Assambleyası keçirildi. Burada növbəti dörd il üçün
təşkilatın icraiyyə
komitəsinə seçkilər
keçirildi. AİJA-nın
prezidenti Eldar İsmayılov 4 il
əvvəl Antalyadakı
qələbəsini yenilədi.
Həmin axşam konqres iştirakçılarının şərəfinə verilən
ziyafətdə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin parlaq nitqi qonaqların hafizəsində silinməz
izlər buraxdı.
27 aprel-1
may 2014-cü ildə Bakıda
AİPS-in 90 illiyinə təsadüf
edən konqres müvəffəqiyyətlə keçdi.
Sonrakı illərdə də
AİJA-nın beynəlxalq
fəaliyyəti uğurla
davam etdi və bu gün
də davam etməkdədir.
Nərgiz MAHMUDZADƏ,
Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının birinci
vitse-prezidenti, AİPS-in üzvü
Azərbaycan $g 2020.- 18 dekabr.-
S.5.