Azərbaycan müəlliminə Qələbədən dərs deməyin sevincini yaşadan lider

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin başçılığl altında həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində ordumuzun işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində mənfur düşməndən azad etməsi ilə nəticələnən möhtəşəm Qələbə hər bir Azərbaycan vətəndaşının qəlbində böyük sevinc, qürur hissi yaratdı.

Cəmiyyətimizin şərəfli, ziyalı zümrəsi olan müəllimlər də bu sevinci, fəxarəti halal haqq etdilər. Onlar da qələbənin qazanılmasına böyük töhfə verdilər. Vətən uğrunda gedən döyüşlərdə müəllimlərdən övladını, şagirdini, tələbəsini itirən də oldu və əlbəttə ki, qızğın döyüşlərdə iştirak edib şəhid olanlar da.

İndi şəhid müəllimlər - Lerik rayon Sors kənd ümumi orta məktəbinin tarix müəllimi Elgün Quliyevin, Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Qoşqar Ömərovun, Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli məktəbin tarix müəllimi Rəşad Məmmədovun, İsmayıllı şəhəri, 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin, Naxçıvan Dövlət Universitetinin ingilis dili müəllimi ixtisası üzrə məzunu Orxan Paşazadənin, Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyevin adları dillərdə əzbərdir. Torpaqlarımızı işğaldan azad edən bu qəhrəmanların igidliyi Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq. Allah şəhidlərimizə rəhmət eləsin.

Müzəffər Azərbaycan Ordusunun qalibiyyətlə apardığı əməliyyatlar nəticəsində hər yerdə bir-birinin ardınca bayrağımız ucaldıqca Təhsil Nazirliyi ictimaiyyətlə işğaldan azad olunan şəhər və rayonlarımızın təhsil statistikasını təqdim etdi. Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri” adlı layihəyə start verdi. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olundu.

Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı da təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir. 9 əsas istiqaməti əhatə edən planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxilixarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşüdünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əksini tapıb.

Fəaliyyət Planında Qarabağişğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır.

Həmçinin "Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır.

Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videolentlər hazırlanacaq. "Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulub. Bu çərçivədə noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Şuşa dərsi” təşkil edilib.

Azad edilmiş bölgələrdən olan, ömürlərinin baharı məcburi köçkünlükdə keçən orta yaşlı müəllimlər bir vaxtlar şagird kimi təhsil aldıqları məktəblərdə müəllim kimi fəaliyyət göstərməyi səbirsizliklə gözləyir, doğma torpaqlarına qayıdış ruhu ilə yaşayırlar. Çətinliklərlə dolu köçkünlük illərində çadır düşərgəsində, sonralar məcburi köçkün qəsəbələrində müəllimlik fəaliyyətini davam etdirən, vətənpərvər və hərtərəfli biliyə malik gənclərin hazırlanmasında qüvvə və bacarığını əsirgəməyən bu müəllimlər harada olublarsa, doğma yurd yerlərinə dönəcəklərinə inamlarını itirməyiblər, bu arzu, istəklə yaşayıblar.

Biz, təhsil işçiləri peşəmizlə fəxr edirik ki, Vətənin torpaqlarını yağı tapdağından azad edən, bu müqəddəs vəzifəni yerinə yetirərkən canından keçən övladları məhz Azərbaycan məktəbi və müəllimi yetişdirib. Bizim qədrimizi bəlkə də bizim özümüzdən də çox "Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ulu Öndər Heydər Əliyev, bizdən qayğısını əsirgəməyən Prezident İlham Əliyev bilib. Odur ki, bizə Qələbədən dərs deməyin sevincini yaşatdığına görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun yaratdığı və rəhbərlik etdiyi güclü, peşəkar və öz qüdrəti, bacarığı ilə dünyanı heyran edən Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan! Qarabağ bizimdir!

 

 

Zaur VƏLİYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin müəllimi

Azərbaycan.-2020.- 18 dekabr.- S.5.