Ermənilərin ən böyük bəlası himayədarlarından
gəlir
Sivil insan, sivil cəmiyyət üçün dialoq yaxşı, xoş məcrada dialoq isə ən yaxşı ünsiyyətdir. Bu mənada Fransa kimi dünyaya demokratiya dərsi keçmək istəyən Avropa ölkəsində baş verənlər təəccüb doğurmaya bilməz.
Fransızların həyat tərzi, onların cəmiyyətdə özlərini aparmaq qaydaları bu xalqın öz işidir. Bununla belə, bütün bəşəriyyətə şamil edilən elə normalar var ki, kifayət qədər mötəbər beynəlxalq təşkilatlar tərəfindən ciddi sənədlərlə, sazişlərlə, müqavilələrlə və s. nizamlanır və əməl olunması dünyanın hər bir ölkəsinin hər bir vətəndaşı üçün vacibdir. Bu sənədlər beynəlxalq hüquq və standartlarla, başqa sözlə, ümumbəşəri dəyərlərlə tənzimlənir. Kimin üçünsə əsas götürülməsi, kimin üçünsə qəbul edilməməsi mümkünsüzdür. Ən azı bu ölkələrin öz ləyaqətlərini, vicdani cavabdehliklərini, ədalət ölçülərini... itirmədiklərini təsdiqləmək üçün!
Fransanın Ermənistana dəstək verməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "əgər ermənilərə sevgiləri o qədər böyükdürsə, onda Marsel şəhərində ikinci bir erməni dövləti yaratsınlar” fikri ən dolğun, ən tutarlı, ən məntiqli cavabdır. Bu cavabın da Fransa Senatının ədalətsiz qərar çıxarmasına mane olmaması təəssüf və təəccüb doğurur. Avropa ölkəsində (artıq sivillikdən söhbət gedə bilməz) Senatın öz seçicilərinin səsi ilə bu qədər loyallıqla davranması xalqın özünə başucalığı gətirmir. Xəritədə Qarabağı göstərə bilməyən (sitat Senat üzvünündür), deməli, mövcud münaqişədən də xəbərsiz deputatların bu bölgənin ermənilərinə belə canfəşanlıqla dəstək vermələrinə ikiüzlülükdən, siyasi riyakarlıqdan başqa nə ad vermək olar?!
Fransa hökumətinin öz ölkəsi üçün istər polis zorakılığına rəvac verən yeni düzəlişi, istərsə pandemiyayla bağlı mitinqlərə, çaxnaşmalara, qarşıdurmalara gətirib çıxaran qanunları fransız deputatların, onların qanunverici orqanlarının vicdanına buraxmaq olar. Sabah, ya birisi gün Senat Ermənistan katalikosu Vazgenin, yaxud dünyaca məşhur erməni qadınının xahişi ilə fransız xalqının, Fransa dövlətinin əleyhinə hər hansı qərar çıxararsa belə dünyanın təəccüblənməyəcəyi şübhəsizdir. Bu imici erməni diasporunun himayəsi altında deputatlar digər millətlərdən olan seçicilərini aşağılayaraq formalaşdırıblar. Bu ölkənin erməni olmayan, yaxud erməni diasporuna bu və ya başqa şəkildə itaət etməyən vətəndaşlarına yazığımız gəlsə də, yenə təkrar edirəm ki, bu, Fransanın daxili problemidir.
Azərbaycan o ölkədir ki, Avropa hər dəfə demokratiya pultu arxasına keçmək istəyəndə hədəfi daşa dəyir. Bu proses onilliklərdir təkrarlanır. Özünü belə bir gülünc duruma salan fransız deputatının kiməsə irad tutması, tövsiyə verməsi, siyasi təzyiq göstərməsi hansı məntiqə sığır? İzah edin, sizin dünyanın nizamına, haqqa, ədalətə baxışlarınız budurmu? Axı çıxardığınız qərarlar ona dəlalət edir ki, siz ilk növbədə özünüz-özünüzə hörmət qoymağı öyrənməlisiniz, təkcə erməni vətəndaşlarınızın yox, digər seçicilərinizin də hüquqlarının müdafiəsi haqqında düşünməlisiniz. Öz ölkəsində bu qədər insan hüquqlarının pozulmasına səbəb olan Fransa Senatının Türkiyə və Azərbaycanla bağlı çıxardığı qərəzli qərarlar məncə, qara ləkə olaraq elə o dəhlizlərə hopacaq və qeyri-obyektiv qurumun terrorçu daşnaklara bir əsrlik havadarlığı qədər təsirsiz və nəticəsiz qalacaqdır.
Fransa ATƏT-in Minsk qrupunun 3 üzvündən biri kimi cavabdehlik daşıdığı 30 ildə kifayət qədər özünü tanıda bildi. Həmsədr ölkə nümayəndələrinin regionda turist səfərinə bənzər gəzişmələri nəyi həll etdi ki, bu və ya digər məsələdə özünü ortalığa atıb mən də varam deyir? Axı bu tarixi zəfərlə Azərbaycan həm də siz, BMT üzvlərinin üç onillikdə çözə bilmədiyi bir problemi kökündən həll etdi. Nəyə etiraz edirsiniz?! Məhz Azərbaycanın qələbəsi bölgədə sülh və əmin-amanlığa geniş imkanlar açır və sizlərin bu istiqamətdə səylərinizi artırmağınız daha böyük səmərə verərdi. Bunun ilk növbədə bacılıq etdiyiniz ermənilərə xeyri dəyərdi. Bu millətin ən böyük bəlaları sizin kimi himayədarlardan gəlir. Qızışdırıb silahlandıranlar da, müdafiə istehkamları tikənlər də, muzdlularınızı onların tərəfində döyüşməyə göndərənlər də sizsiniz. Bircə bədbəxt erməni xalqı bunu anlamır. Bir gün erməni xəyanətinin digər regionlara da sirayət edəcəyi şübhə doğurmur. Biz buna hazır olduq və qarşısını aldıq. Siz necə? Bu ikiüzlü, üçüzlü..., riyakar siyasətinizlə ölkənizi gələcək uçurumlara sürükləmirsinizmi? Döyüşdə Azərbaycan əsgərinin düşmən səngərlərini darmadağın etməsi süjetinə görə öz jurnalistini erməni vandallarından qorumağı bacarmayan Fransa qanunvericiləri yarım milyonluq banda qruplaşmalarının ölkədə iğtişaş yaratmalarına mane olmağı, mənafelərini ermənizmə qurban verdikləri vətəndaşlarından dəstək almağı bacaracaqlarmı? İkinci Dünya savaşında 45 günə faşistlərlə təslim aktı imzalayan Fransanın daxili çaxnaşmalar salmaqda xüsusi məharət sahibi olan daşnaklara qarşı duruş gətirə biləcəyi şübhə doğurur. Fransa Senatı digər bölgələrə nüfuz etmək həvəsinə düşməkdənsə bu suallara cavab axtarsa, bəşəriyyətdən daha çox öz xalqına böyük sədaqət göstərmiş olar.
Azərbaycan Respulikasının Prezidenti nə vaxt nəyi, necə etmək lazım olduğunu artıq bəyan edib. Xalq - İlham Əliyev, İlham Əliyev - xalq vəhdəti, inam və sevgisi sonsuzdur! Yad ünsürlərin bu vəhdəti pozmağa, bu inamı sarsıtmağa, bu sevgiyə nifaq toxumu səpməyə gücü yetməz!
Bizim sizlərdən umacağımız heç nə yoxdur. Hər hansı qərarı, o cümlədən Azərbaycan haqqında qərarı qəbul etməzdən əvvəl bir az da vicdanınızın səsinə qulaq asın. Özünüzə hörmət qoyun, o sənəddə ki, imzanız var, o yerdə ki, öhdəçilik götürmüsünüz, o beynəlxalq standartları ki, bir dövlət kimi səs verib qüvvəyə mindirmisiniz, dəyanətiniz olsun, əməl edin! Onsuz da nəyə, niyə səs verdiyinizin, hansı qərarları, necə, nə səbəbdən qəbul etdiyinizin fərqində deyilsiniz. Ona görə xatırlatma yerinə düşər: Qarabağ Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisidir, 27 sentyabradək düz 27 il Ermənistan silahlı qüvvələri tərəfindən əlavə 7 rayon da daxil olmaqla işğal altında saxlanılmışdı, təcavüzün aradan qaldırılması haqqında BMT-nin 4 qətnaməsi Azərbaycan zəfər çalanadək icra olunmamış qalmışdı. Və Azərbaycan Respublikasının Pezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti sayəsində siz dünya "sülh carçılarının” edə bilmədiyini bizim xalq təkbaşına bacardı. İndi sülh prosesinə ümidlər artıb. O sülhə ki, sizin də ölkənizin töhfə vermək şansı yaranmışdı.
Mahir CAVADLI
Azərbaycan.-2020.- 18 dekabr.- S.6.