Azərbaycan
Respublikasının ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralananların və
şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu)
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Silahlı
Qüvvələri ölkəmizin
ərazi bütövlüyünün
təmin edilməsi, Ermənistan Respublikası
tərəfindən işğal
olunmuş ərazilərin
azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl
qəhrəmanlıq nümunəsi,
misilsiz şücaət
və rəşadət
göstərmişlər. Xalqımızın bir sıra igid
övladları işğalçı
düşmənə qarşı
həyata keçirilən
əməliyyatlar zamanı
şəhid olmuş,
sağlamlığını itirmişlər.
Azərbaycan Respublikasında hərbi qulluqçuların və
şəhid ailələrinin
sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması
daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə
geniş dövlət
dəstəyi mexanizmləri
formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı
ilə əhatə olunmuşlar.
Bununla yanaşı,
şəhid ailələrinin
və Vətənin müdafiəsində iştirak
edən şəxslərin
maddi-sosial vəziyyətinin
yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan
xalqı xeyirxahlıq,
fədakarlıq və
humanizm prinsiplərini
rəhbər tutaraq, təmənnasız kömək
ənənələrini davam
etdirir, vətəndaşlarımız,
xarici ölkələrdə
yaşayan soydaşlarımız,
sahibkarlar, humanitar və digər təşkilatlar şəhid
ailələrinin və
hərbi əməliyyat
iştirakçılarının zəruri ehtiyaclarının
təmin edilməsinə,
maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım
sahəsində həmrəylik
nümayiş etdirirlər.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, şəhid ailələrinin
və hərbi əməliyyatlar nəticəsində
əlilliyi müəyyən
olunmuş şəxslərin
sosial müdafiəsi sahəsində dövlət
tərəfindən həyata
keçirilən tədbirlərə
əlavə dəstək
verilməsi istiqamətində
vətəndaş cəmiyyəti
təşəbbüslərinin reallaşdırılması üçün
müvafiq platformanın
yaradılması, bu sahədə şəffaflığın,
hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fondu -
"YAŞAT” Fondu (bundan
sonra - Fond) yaradılsın.
2. Fondun vəsaitinin
formalaşdırılması, idarə olunması və ondan istifadə
Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond aşağıdakı şəxslərin
sosial müdafiəsi sahəsində dövlət
tərəfindən həyata
keçirilən tədbirlərə
əlavə dəstək
verilməsi (maliyyə
yardımlarının göstərilməsi
və digər dəstək tədbirlərinin
həyata keçirilməsi)
üçün şəffaf,
effektiv və əlçatan platformanın
formalaşdırılması məqsədilə yaradılır:
3.1.1. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar əlilliyi
müəyyən olunmuş
hərbi qulluqçulara
və şəhid olmuş şəxslərin
ailələrinin üzvlərinə;
3.1.2. işğaldan azad edilmiş ərazilərdə xidməti
vəzifələrini yerinə
yetirərkən, habelə
hərbi əməliyyatlar
bitdikdən sonra onun nəticələrinin
aradan qaldırılmasında
iştirak etməsi nəticəsində əlilliyi
müəyyən olunmuş
dövlət orqanlarının
(qurumlarının) əməkdaşlarına
və ya həlak olmuş əməkdaşların ailə
üzvlərinə;
3.2. Fondun vəsaiti Azərbaycan Respublikası
vətəndaşlarının, xarici ölkələrdə
yaşayan soydaşlarımızın,
digər fiziki və hüquqi şəxslərin könüllü
olaraq maliyyə vəsaiti şəklində
verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşdırılır;
3.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra - Dövlət Agentliyi);
3.4. Fondun vəsaitinin formalaşdırılmasına və
idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası
Prezidentinin yaratdığı
Himayəçilik Şurası
həyata keçirir.
4. Himayəçilik Şurası:
4.1. Fondun vəsaitinin formalaşdırılmasına və
xərclənməsinə nəzarəti
həyata keçirir;
4.2. Fondun vəsaitinin formalaşdırılması və
xərclənməsi istiqamətlərinə
dair müzakirələr
aparır, habelə daxil olan vəsaitin
məbləği nəzərə
alınmaqla, onun xərc istiqamətlərini
müəyyən edir;
4.3. Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının
keçirilməsinə dair
tədbirlər görür;
4.4. Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri
həll edir.
5. Fondun vəsaitlərinin idarə edilməsinin təmini üçün
Dövlət Agentliyinin
işçilərinin say həddi
20 ştat vahidi artırılsın.
6. Dövlət Agentliyi:
6.1. bu Fərmanın
3.1-ci bəndində nəzərdə
tutulmuş şəxslərin
müraciətlərinin qəbulunu
və onlara baxılmanı təmin etsin;
6.2. fiziki və
hüquqi şəxslərin
Fonduna könüllü
olaraq maliyyə vəsaiti şəklində
verdiyi yardımların
(ianələrin) bank və
ya poçt vasitəsilə, eləcə
də elektron qaydada qəbulunu təşkil etsin;
6.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin
həyata keçirilməsini
təmin edən informasiya sistemini formalaşdırsın;
6.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı,
habelə daxil olan və xərclənən
vəsaitin məbləği
və istiqamətləri
ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində
yerləşdirilməsini və
daim yenilənməsini
təmin etsin;
6.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə
könüllüləri cəlb
etsin;
6.6. Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına
təkliflər versin;
6.7. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları,
habelə digər zəruri məlumatları
Himayəçilik Şurasına
təqdim etsin.
7. Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər.
8. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 dekabr 2020-ci il
Azərbaycan.-2020.- 9 dekabr.- S.2.