XİLASKAR
Hər bir xalqın, dövlətin yüksəliş və tənəzzül dövrü olur.
Hər bir xalqın, dövlətin təhlükəli, sınaqlı illəri, günləri olur.
Xoşbəxt
o xalqdır ki, onu inkişaf etdirən, yüksək rifaha, mədəni
intibaha çatdıran liderləri olur!
Xoşbəxt
o dövlətdir ki, təhlükəli, sınaqlı illərində
ona müdrik, uzaqgörən, iradəli, qətiyyətli və
hünərli rəhbərlər başçılıq edirlər.
Başı
çox bəlalar çəksə də, Azərbaycan
xalqını xoşbəxt xalqlardan hesab etmək olar!
Bu
gün bu sözləri daha inamla, daha sevinclə söyləyə
bilirik.
Bu
inamı, bu sevinci bizə bəxş edən
xalqımızın xilaskar oğlu İlham Əliyevdir!
Müstəqillik
dövrümüzün ilk xilaskarlıq missiyası Ulu Öndər
Heydər Əliyevə məxsusdur.
Xalqın
arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə
qayıtdıqdan sonra Azərbaycanı xaos və anarxiya
burulğanından, özbaşınalıq və
qanunsuzluqlardan, bir dövlət kimi məhvolmadan xilas etdi.
Tariximizin
ən böyük xilaskarlıq missiyasını isə yeni
dövrün yeni rəhbəri cənab İlham Əliyev yerinə
yetirdi!
Həm
də Ulu Öndərimizin vəsiyyətlərini icra etməklə,
onun yarımçıq qalmış işlərini başa
çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli
dövlətə çevirməklə, xalqın ən
müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə!
Prezident İlham Əliyev bizi nələrdən xilas etdi?
Birlikdə nəzərdən keçirək.
***
Xalqımızın ən böyük ağrısı, sağalmaz yarası torpaqların erməni işğalında qalması idi!
BMT qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilmir, ATƏT-in Minsk qrupu danışıqların imitasiyası ilə məşğul olur, digər beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərini, ədaləti təmin etməkdə acizlik göstərir, Ermənistan isə sülhdən boyun qaçırırdı.
Belə bir mürəkkəb məqamda həm dünya miqyaslı nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də qətiyyətli sərkərdə kimi meydana girən İlham Əliyev bir həmlə ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi!
Beləliklə, itirilmiş əraziləri geri qaytaran dövlət başçısı kimi Azərbaycan tarixinə düşdü!
***
Düz 27 il idi ki, Azərbaycan parçalanmış vəziyyətdə qalmışdı.
Düşmən təkcə Dağlıq Qarabağı deyil, üstəlik ona bitişik yeddi rayonumuzu da ələ keçirərək möhkəmləndirmə işləri aparmışdı.
Hətta münaqişəyə "nöqtə qoymaqla” torpaqları özününkü sayırdı.
Azğınlaşmış düşməni ərazimizdən qovan Ali Baş Komandanımız Vətəni parçalanmış vəziyyətdən xilas etdi, torpaqlarımızı yenidən bütövləşdirdi!
***
XIX əsrdən başlayaraq Azərbaycan əraziləri hesabına özlərinə dövlət quran ermənilər sonralar da bizdən torpaq qoparmağa fürsət gəziblər.
Əllərinə düşən imkanı heç zaman qaçırmayıblar: bu, 1918-ci ildə ilk dəfə müstəqil dövlət quranda da belə oldu, sovet hökumətinin ermənipərəstliyindən istifadə edib 1948-1953-cü illərdə soydaşlarımızı Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya etdirəndə də!
Ötən əsrin doxsanıncı illərində ikinci dəfə dövlət müstəqilliyi qazanmaq şansı yarananda da ermənilər fürsəti əldən vermədilər...
Təəssüf ki, həmin dövrdə Azərbaycan çox ağır durumda idi: xalq həqiqi rəhbərindən ayrı düşmüşdü: ölkəyə maymaq, qorxaq, qətiyyətsiz insanlar rəhbərlik edirdi, AXC-Müsavat cütlüyü isə vəzifə hərisliyinə düşdüyündən ölkədə xaos, anarxiya və özbaşınalıq mühiti yaratmaqla torpaqların müdafiəsinə imkan vermirdi.
Əslində nə nizami ordu quran vardı, nə də onu silah-sursatla təmin edə bilən!
Belə vəziyyətdə 20 faiz ərazimiz işğal olundu!
Düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparan xalq 20 min şəhid versə də, torpağını qoruyub saxlaya bilmədi!
Gözəl Qarabağ, ətrafındakı yeddi rayon, bütün strateji yüksəkliklər işğala məruz qaldı!
Məğlub, miskin duruma düşdük!
İllər boyu düşmənlə bir masa ətrafında oturmalı, onların sülh yolu ilə torpaqlarımızı nə vaxt qaytaracaqlarını gözləməli olduq...
Tariximizin ən görkəmli sərkərdəsi İlham Əliyev bizi bu göz kölğəliyindən, baş qaxıncından qurtardı!
Sərkərdələr sərkərdəsi İlham Əliyev bizi "qorxaq millət”, "torpağını qoruya bilməyən xalq”, "torpaq itirən dövlət” töhmətindən də xilas etdi!
***
Vətəndə vətən həsrəti çəkmək çox ağırdır, çox çətindir!
Əl uzatsan əlin çatacaq elinə-obana gedə bilmirsən!
İllər boyu min bir əziyyətlə, əl qabarı ilə tikib-qurduğun evini, kəndini, şəhərini gözünün qabağında dağıdıb xarabalığa çevirirlər, durdurmağı bacarmırsan!
İlham Əliyev bizi bu mənəvi iztirablardan xilas etdi!
***
Doğma el-obada təkcə evlərimizi yox, qəbiristanlıqlarımızı, küçə və məhəllələrimizi, uşaqlıq və gənclik xatirələrimizi də qoyub gəlmişdik.
Ölülərimiz yasin səsinə həsrət qalmışdılar!
Novruz bayramlarında doğmalarımızın məzarlarını ziyarət edə bilmirdik!
Qohum-qardaşdan, qonum-qonşudan ayrı düşərək hərəmiz respublikanın bir güşəsinə səpələnmişdik!
Ürəyimiz istəyən insanları ildə bir dəfə görə bilmirdik!
İlham Əliyev bizi bu həsrətdən xilas etdi!
***
ATƏT yarananda o qədər sevinmişdik ki...
Hər dəfə ATƏT-in Minsk qrupuna
yeni həmsədr təyin olunanda çiçəyimiz çırtlayırdı:
bu sədrin dövründə məsələ
həllini tapacaq...
Hətta
sədrlərdən biri
Ağdam məscidindən
bir daş parçasını gətirib
bizə ərməğan
da etmişdi...
Sonralar onların
bu gəlişi-gedişi
müxtəlif lətifələrə
çevrilmişdi.
Amma həmin lətifələri
ucadan danışıb
gülə bilməzdik:
ATƏT-in xətrinə dəyərdi!
Ermənilər isə ATƏT-in ... boşluğundan
istifadə edərək
həqarətə keçmişdilər.
Gah
format dəyişmək istəyirdilər,
gah Şuşada yallı oynayırdılar,
gah da işğal
rayonlarının beşini
qaytararaq ikisini özlərinə saxlayacaqlarını
söyləyirdilər...
İlham
Əliyev bizi erməni təhqirindən,
ATƏT-in aşağılamasından, boş-boşuna gözləntilərdən
xilas etdi!
***
Erməni özünü işğal
etdiyi torpaqlarda ağa kimi aparırdı.
Təkcə yurdumuzu viran qoymurdu!
Meşələrimizi qırıb daşıyırdı!
Üzümlüklərimizin məhsullarından "erməni
konyakı”, çaxır
istehsal edərək satırdı.
Mineral sularımızı öz adı ilə xarici bazarlara çıxarırdı.
Kəlbəcər dağlarındakı yeraltı
sərvətlərimizi talan
edirdi.
Xarici şirkətlərin
cəlbi yolu ilə Zod mədənlərindən
çıxardıqları qızılımızı acgözlüklə
mənimsəyirdilər.
Həm də təkcə maddi sərvətlərimizi
yox!
Tarixi-mədəni abidələrimizi uçururdular.
Məscidlərimizdə heyvan saxlayırdılar.
Musiqimizi mənimsəyib öz adlarına çıxırdılar.
İlham
Əliyev maddi sərvətlərimizi, mənəviyyatımızı,
mədəni dəyərlərimizi
talandan və məhv edilmədən xilas etdi!
***
Ən nəhayət, xalqın yeni bir zümrəsi
yaranmışdı: məcburi
köçkün adı
verilmişdi onlara.
Talehin nəsib
etdiyi bu ad insanları sıxırdı,
əzirdi.
Vətəndə yurdsuz olduğumuzu daim yadımıza salırdı.
Dövlət nə qədər kömək göztərib
əl tutsa da, bunlar dərdə
çarə deyildi.
İlham
Əliyev bizi çarəsizlikdən xilas
etdi!
İlham Əliyev bizi "məcburi köçkün”
adından xilas etdi!
İlham
Əliyev bizi vətəndə yurd həsrəti çəkməkdən
qurtardı!
***
Əsil
rəhbərin xilaskarlıq
missiyası belə olur!
Əsil
sərkərdə ərazi
bütövlüyünü bax, belə, düşməni əzə-əzə,
qova-qova bərpa edir!
Əsil
Prezident vətəndaşına
belə qayğı göstərir, onun mənəvi iztirablarına
son qoyaraq bütöv
Vətən adlı əvəzsiz sərvətə
qovuşdurur!
Tariximizin
ən böyük rəhbəri, qüdrətli
sərkərdəsi, mahir
dövlət başçısı
İlham Əliyev kimi!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2020.- 9 dekabr.- S.3.