Tarixin şərəfli
imzası
... Şuşa sevinci ilə yuxuya dalmışdım. Bir gün əvvəl Ali Baş Komandan İlham Əliyevin Vətənin ən müqəddəs məkanı olan Şəhidlər xiyabanından xalqa yetirdiyi Şuşa müjdəsinin bütün həmvətənlərimiz kimi qəlbimə dolmuş həyəcanı röyada da davam edirdi.
Yuxunun
dərinliyində bu sevgili şəhərin daş döşənmiş
küçələrində qanad açıb uçurdum,
dumana bürünmüş saf havasını tamarzı kimi
ciyərlərimə çəkirdim, havasından, suyundan,
torpağından, daşından, ağacından, otundan,
çiçəyindən doya bilmirdim.
Elə röyada "Güllələnmiş heykəllərin fəryadı” əsərimi yaşadım. Qulaqlarımda möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi sözlər səsləndi: "Mən bilirəm nəyi, nə vaxt və necə etmək lazımdır...”
Əsərdə Molla Pənah Vaqif Pənahəli xanın ruhuna ehtiramla deyir: "Tələsmə, xan, tədbirli ol. İddia, mənəm-mənəmlik adlı bir qara ilan sürünür içimizdə, gərək əvvəlcə onu boğaq. Ağıl və tədbir üstün silahdır. Düşmən ağılla çökdürülməlidir. Ağlın uçurmadığı sədd yoxdur. İndi qoy hər kəs özü düşünsün, qərar çıxarsın!”
Bəli, ağıllı və tədbirli olmaq!
Ali Baş Komandan bunu Vətən müharibəsinin gedişində bütün dünyaya sübüt etdi.
Amma bununla bahəm içimdə bir narahatlıq da vardı. Hərbi əməliyyatlar hələ bitməmişdi. İgid balalarımız əldə silah müqəddəs torpaqlarda düşmənə qarşı haqq savaşını davam edirirdilər. Hər an itkilər baş verə, gəncəcik talelər qarala bilərdi. Axı müharibənin öz qanunları var.
Bu an içimdə bir hiss baş qaldırmışdı: kaş bu nigaranlıq tez bitəydi, şəhidlərimiz, yaralılarımız olmayaydı, Böyük Qələbəyə tez bir zamanda itkisiz, ağrı-acısız qovuşaydıq...
***
...Telefonun qəfil zənginə oyandım.
Ekranda oğlumun adı görünürdü. Telefon zənginin səsi gecəyarı küçədən eşidilən qələbəliyin səsinə, insanların sevinc hayqırtılarına qarışmışdı.
Telefona cavab verənə qədər oğlumun bu qəfil zənginə bir anlıq hövülləndim, son dərəcə önəmli nəsə baş verməsəydi, bu vaxtlar zəng edib yuxudan oyatmazdı. Amma elə o an da küçədəki qələbəlikdən hiss etdim ki, bu zənglə bu hayqırtılar bir-biri ilə necəsə əlaqəlidir. Yanılmamışdım...
- Ata, tez televizoru aç. Prezidentimiz danışacaq. Ermənistan məğlub oldu! Biz qalib gəldik! Anamı da oyat...
Sevincindən uşağı qəhər boğurdu.
Xoş xəbərə görə "sağ ol, oğlum, şad xəbər olasan, muştuluğun məndə” deyib telefonu qapatdım. Televizoru açdım. Həyat yoldaşımı oyatmağa gərək qalmadı. Səsə yuxudan özü oyanıb gəldi, Prezidentimizin çıxışını birgə dinləməyə başladıq.
Həmin an adama elə gəlirdi ki, o gecə
bütün doğmalar bir-birinə zəng edib. Bir-birinə
xoş xəbəri yetirib.
Bütün
dünya azərbaycanlıları oyaqdır, ayaqdadır,
öz liderinin bu tarixi çıxışını göz
yaşı içində dinləyir...
***
"Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz
əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə
qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək,
yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir
edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik,
düşməni torpaqlarımızdan qovacağıq və
qovduq da! Sentyabrın 27-də nə baş verib, onu
tarixçilər deyəcək”...
Dövlət rəhbərinin qürur dolu kəlmələrini
dinlədikcə həyat yoldaşım bir tərəfdə
xısın-xısın ağlayırdı, özümün
də gözlərimdən ixtiyarsız yaş
süzülürdü.
Yeri gəlmişkən
deyim ki, həyatımda iki dəfə hönkür-hönkür
ağlamışam; 20 yanvar 1990-cı ildə, 8 may 1992-ci ildə
- Şuşanın işğalı günü.
Cənab İlham Əliyev Ermənistanın faktiki
kapitulyasiya aktı olan bəyannamənin məzmunu haqqında
danışırdı, düşüncələrimdən isə
Azərbaycanla bağlı tarixin müxtəlif dönəmlərində
imzalanmış müqavilələr keçirdi.
1813-cü
ildə bağlanmış "Gülüstan” müqaviləsini
düşünürdüm...
207 il əvvəlin 12 oktyabr günü indiki
Goranboy rayonunun Gülüstan kəndində Rusiya imperiyası
ilə Qacarlar dövləti arasında imzalanmış həmin
o müqaviləni...
Bu müqavilənin mətnini Böyük Britaniyanın
Qacar imperiyasındakı nümayəndəsi olan və
hakimiyyətə böyük təsir gücünə malik
Ser Qor Ousli hazırlamışdı. Sənədə imza
atanlar isə Rusiya tərəfdən Nikolay Rtişev, Qacarlar tərəfindən
Mirzə Əbülhəsən xan Elçi idi.
... Sonra 1928-ci ilin 10 fevral günü imzalanmış
"Türkmənçay” müqaviləsini xatırladım.
Yenə
bir tərəfdən İranın vəliəhdi şahzadə
Abbas Mirzə və Fətəli şahın nümayəndəsi
Allahyar xan Əsəf əl-Dövlə, Rusiya imperiyası tərəfdən
də general İvan Paskeviç...
Fakt
yanlışsa, o dövrün peşəkar tədqiqatçıları
qüsuruma baxmasın, bildiyim qədər "Türkmənçay”
müqaviləsinin imzalanması mərasimində biz azərbaycanlıların
iştirakı olsa-olsa həmin dövrdə zabit kimi çar
ordusunda xidmət edən böyük maarifçimiz Abbasqulu
ağa Bakıxanovun dilmanclığından o tərəfə
getmirdi...
Tarixi
taleyinə qərar verilən böyük bir xalq özü bu
müqavilələrin şərtləri barədə nə
düşünürdü, bu müqavilələrdə irəli
sürülən müddəalarla, şərtlərlə
razı idimi, razı deyildimi, heç soruşan belə yox
idi...
Varkən
yox sayılırdıq...
Bütün danışıqlar, razılaşmalar bizdən
heç nə soruşmadan həyata keçirilirdi. Qərarlar bizi saya salmadan
başımızın üstündən
aparılırdı...
Gələcəyimizə biçilən tale ilə
barışmaqdan özgə nə əlacımız vardı
ki?!
Kim idi rəyimizi
öyrənən, kim idi bizim istəklərimizlə
hesablaşan. Ondan sonra əldə edilən müxtəlif
razılaşmalar, verilən qərarlar, bağlanan müqavilələr,
sazişlər də eləcə...
Həmişə tarixə boylananda ürəyimizi
yandırıb-yaxan ən çox bu olub. Unudulmaz şairimiz Bəxtiyar
Vahabzadə cavab tapa bilmədiyimiz bu sualı Yerin,
Göyün gözəgörünməz sahibinə
ünvanlayırdı:
Çəliyə
möhtac ikən, mən özgəyə çəliyəm,
Min gülləyə tuş olan bir ceyranam, əliyəm.
Özgə
nə əmr eləsə mən boyun əyməliyəm,
Neçin mənə özgəsi "Allah” olmuş, ay
Allah?!
Bu sualın cavabı o idi ki, taleyimizə qərar verildiyi
o tarixi dövrlərdə özümüzə aid
güclü bir dövlətimiz yox idi. O dövlətin
maraqlarını müdafiə edəsi, xalqın mənafeyini
qoruyası, mövcudluğumuzu, milli
varlığımızı, el birliyimizin qüvvəsini qəbul
etdirməkdən ötrü qətiyyət göstərəsi,
gələcəyimizə görə məsuliyyəti üzərinə
götürəsi Liderdən məhrum idik.
Ona
görə həmişə diktə olunan tərəf idik...
Həmişə
bizim üçün müəyyənləşdirilmiş
taleyə boyun əyməli idik...
***
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin o gecəki çıxışında isə
ilk dəfə idi ki, tamam başqa bir gerçəklik
görürdüm.
Son bir
neçə əsrdə ilk dəfə idi ki, Azərbaycan
diktə olunan yox, özü diktə edən tərəf kimi
çıxış edirdi!
Müqavilə
tərəfləri məhz Azərbaycan dövlətinin irəli
sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətində
qalırdılar!
"Tarixin ən güclü Azərbaycanı” ifadəsindən
yazılarımda çox istifadə etmişəm. Bu ifadə
müxtəlif inkişaf mənzərələri ilə
bağlı publisistik müşahidələrimə əsaslanırdı.
Cənab
İlham Əliyevin gecənin o dəqiqələrində
televizorun ekranından gözlərimə köçən
şəkli tarixin ən güclü Azərbaycanının
portreti idi!
Ölkə rəhbərimizin üçrəngli
bayrağımızın və dövlət gerbimizin
qovuşuğundakı rəsmini yaddaşıma məhz belə
həkk etdim.
O bayraq, o
gerb və o Lider qovuşanda tarixin ən güclü Azərbaycanı
ucalırdı...
Və işğalçı Ermənistan
keçmişin, bu günün və gələcəyin
hüdudlarından baxanda Azərbaycanın bu əzəmətinin
qarşısında o qədər miskin, cılız
görünürdü ki, təcavüzkar ölkənin
baş naziri tarixin heç zaman yaddaşlardan silinməyəcək
bu utanc anını öz sifəti ilə
vizuallaşdırmamaqdan ötrü sənədi göz
qabağında imzalamaqdan çəkinmişdi.
El dilimizdə
desək, adam arasına çıxacaq
üzü qalmamışdı. Ona görə də Nikol
Paşinyanın həmin sənədi harada - öz vətəndaşlarının
qorxusundan qaçıb gizləndiyi bunkerdəmi, kameraların
nəzərindən uzaq başqa bir dəlmə-deşikdəmi
imzaladığını özündən və ətrafındakı
az sayda kəslərdən başqa yəqin
bir kimsə bilmədi. Amma bu davranışı
ilə də o, erməni siyasilərinin tarixdə
süxurlaşmış mənfur xislətini sərgilədi.
Onların mərdanə davranışlardan nə
qədər uzaq olduqlarını, bütün önəmli
işləri ortalardan itərək, köstəbək kimi
qaranlıq künc-bucaqlarda çevirdiklərini bir daha
göstərdi.
Bu da Paşinyanın o hərəkətləri
timsalında erməni millətçilərinin öz
xalqlarına cızdıqları acınacaqlı taleyin, gələcəksizliyin,
bu regionun sabahında görünməkdən özünü
məhrum etmənin rəsmi idi.
***
"Əminəm, hər bir Azərbaycan vətəndaşı
hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr
ən xoşbəxt günlər və dəqiqələrdir. Mən də
xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni
Azərbaycan xalqına verirəm. Xoşbəxtəm
ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm
ki, biz öz Vətənimizə, doğma
Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi
yaşayacağıq! Bundan sonra heç kim
bizi o torpaqlardan tərpədə bilməz!
Bu gün
böyük qürur hissi ilə deyə bilərik ki,
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir,
Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər
bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!..”
Bu
sözləri dinləmək üçün tam 30 il dözmüşdük...
Bu 30 ilin
mənəvi məşəqqətləri,
sarsıntıları, bədbinliyi, ağırlığı
bir anın içində məhv oldu getdi...
Daxilən
yüngülləşdik, gözlərimizdən axan sevinc
yaşları içimizdəki kədəri, qəmi yudu
apardı...
Və
bizləri bu müzəffər zəfərə aparan Komandanla
yanaşı, bu çətin, şərəfli yolda şəhid
olan, qazi olan can parçalarımızın da ruhu
qarşısında əbədi ehtiramımızı, borcumuzu
elə həmin dəqiqələrdə anladıq...
"Güllələnmiş
heykəllərin fəryadı” əsərində vaxtilə
belə yazmışdım: "Göydən daş
yağacaq! Bu daşlar yağının başına
töküləcək!..”
Bəli,
44 günlük müharibə dövründə bütün
bəşəriyyət bunun canlı şahidi oldu...
***
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Ordumuzun qazandığı bu qələbə
yeni bir reallıq yaratdı.
Tariximizdə
tamam başqa bir səhifə açdı...
Tarixin
axarında böyük bir dönüş nöqtəsinə
çevrildi...
Biz böyük xalqıq, bunun sübuta ehtiyacı yoxdur,
əcdadlarımızın bu torpaqlarda yaratdıqları zəngin
mədəniyyətin hər kəlməsi, hər nişanəsi
böyüklüyümüzü sübuta yetirir. Əsrlərboyu
başımıza açılan müsibətlərə rəğmən
dilimizi, inancımızı, milli kimliyimizi, dövlət qurmaq
əzmimizi qoruyub saxlaya bilməyimiz də
böyüklüyümüzdən, içimizdəki ruhun
gücündən gəlir. Bununla belə
nə qədər acı olsa da, etiraf edək ki, tarixən
uğursuzluqlarımız uğurlarımızdan daha çox
olub. Zərrə-zərrə
qazandığımız nailiyyətləri bir anın
içində əlimizdən alıblar, vəziyyəti dəyişə
bilməmişik, özgələr başımıza hakim kəsilib,
torpaqlarımız zaman-zaman qəsb olunub, haqqımızı
geri almağa gücümüz çatmayıb.
Cənab
İlham Əliyev isə uzun zamanlardan bəri ilk dəfə
bunun tamam əksini bacardı!
Xalqımız onun təpəri hesabına
haqqımız olanı ala bildi. Azərbaycan Prezidenti tək 30 illik
problemi həll etmədi, iki əsrin münaqişəsinə
son qoydu!
İki
keşməkeşli yüzillik boyu bağrımızın
başında qövr edən, əcdadlarımızdan
üzübəri bu yurdun insanına rahatlıq verməyən
yaranı kəsib atdı!
Amma bu da
Ali Baş Komandanımızın, Ordumuzun qazandığı
parlaq Zəfərin tarixi mahiyyətini tam əhatə etmir...
Azərbaycan
düz beş əsrdən sonra ilk dəfədir
öz torpaqlarını geri qaytara bildi!
Bu nə deməkdir, bir anlıq təsəvvürünüzə
gətirə bilirsinizmi?!
O deməkdir
ki, düz beş yüz ildir itirə-itirə
gəlirdik... Bir xalqın öz dövlətini
qura bilməsindən, eləcə də mövcud dövləti
qoruyub, saxlayıb inkişaf etdirməsindən ötrü ilk
mühüm şərt olan torpaqlarımız dörd bir tərəfdən
qoparılırdı, yurdlarımız zaman-zaman əldən
verilirdi.
Xalq
şairi Nəriman Həsənzadə demiş, hər
qonşuda bir parçası əsir qalan Azərbaycan...
Beş əsrdən sonra məhz İlham Əliyev tarixin
bu gərdişini dəyişdi, Azərbaycan
torpaqlarının geri qaytarılması ilə vaxtın
axarında dönüş yaratdı.
Bu 5 yüzildə itirdiklərimiz təkcə dörd bir
yandakı torpaqlarımız deyildi, aramsız məğlubiyyətlər,
istilalar ruhumuzda da bir natamamlıq kompleksi yaratmışdı. Həmişə
daxilimizdə gələcəklə bağlı xəfif
nigaranlıq vardı, uzun vədəli planlar qurmağa çəkinərdik,
elə bilərdik yenə də zamanın səmum yelləri
qurduğumuz bütün xəyalları vurub uçuracaq,
taleyimizi nagahanlığa sovurub aparacaq.
İlham
Əliyev ilk dəfə Azərbaycan xalqında özgüvən
yaratdı!
Qazandığı
Qələbə bu xalqın yeddidən yetmiş yeddiyə hər
bir nümayəndəsini əmin etdi ki, artıq
özümüz öz taleyimizə sahibik,
başqalarının başımız üzərində
ağalıq etdikləri dövranlar keçmişdə
qalıb!
Əgər
milli birliyimizi hər zaman qorusaq, zamanın
çağırışlarına həssaslıq göstərib
addımlarımızı ona uyğun müəyyənləşdirsək,
doğrulara sarılsaq, uğurlar, qələbələr hər
zaman bizim, məğlubiyyətlər, məyusluqlar isə bizi
istəməyənlərin olar!
Vətən
müharibəsindəki qələbənin
anlatdığı ən böyük həqiqətlərdən
biri də elə budur...
***
Ötən
il martın əvvəlləri idi. Azərbaycan Prezidenti tariximizdən gəlib-keçmiş
ən böyük hökmdarlardan Şah İsmayıl Xətainin
Bakıdakı heykəlinin ziyarətinə getmişdi.
Dövlət rəhbərimiz cari fəaliyyətində
müxtəlif mədəniyyət abidələrinə tez-tez
baş çəkir, vəziyyətlə tanış
olur, tapşırıqlarını verir.
Amma tarixi romanlar müəllifi kimi o ziyarət
düşüncələrimdə tamam başqa anlam kəsb
etmişdi.
Xatırlayıram ki, həmin ziyarətdən çəkilmiş
şəkillərə xeyli tamaşa etmişdim, fotolardan
birində təkcə Şah babamız və İlham
Əliyev idi...
Üz-üzə
durub elə bil əsrlərin üstündən iki zirvədə
bir-biri ilə kəlmələşirdilər...
Daha bir
fotoda isə Azərbaycan Prezidenti sanki kürəyində,
bütün vücudunda bu heykəlin simvolizə etdiyi möhtəşəm
dövlətçilik tarixinin gücünü hiss edərək,
eyni zamanda məsuliyyət yükünü duyaraq hansısa hədəfə
doğru qətiyyətlə baxırdı...
Düşünürəm
ki, 2020-ci ilin 10 noyabr gecəsi Azərbaycan xalqına verilən
o möhtəşəm qələbə müjdəsindən,
imzalanmış o sənəddən sonra cənab
İlham
Əliyevin tarixdəki məqamı hər zaman Şah Xətai
ilə birgədir...
Kürəyini
o tarixə söykəyib, qılınc və qələmlə
yazılmış bütöv Azərbaycan salnaməsinin
gücü, enerjisi, vüqarı İlham Əliyevin
canındadır, minillik hədəfləri gələcəyə
tuşlanmış sərrast baxışlarındadır...
***
Ədəbiyyat taleyim elə gətirib ki, təxminən
son otuz ildəki bədii əsərlərimi əsasən
tarixi mövzulara həsr etmişəm. Qarabağ
mövzusunun da romanlarımdan, dram əsərlərimdən
tutmuş publisistik yazılarıma qədər ümumən
yaradıcılığımda həmişə xüsusi yeri
olub.
Ömür
nə qədər vəfa etsə, bundan sonra da belə olacaq...
Ulu
Öndər Heydər Əliyev tarixi mövzuda əsərlər
yazan yazıçılara üzünü tutub deyirdi:
"Tarixi simaların obrazları yaradılan və tariximizin
çox mühüm dövrləri tərənnüm olunan ədəbi
əsərlər ən yüksək səviyyədə
yazılmalıdır. Bunlar çox
mühüm, açıq deyək ki, mürəkkəb
mövzulardır. Bu mövzuların
öhdəsindən yalnız yüksək istedadlı, dərin
bilikli sənətkarlar gələ bilərlər”.
Bu əsərləri qələmə almaqdan ötrü
tariximizi dayanmadan oxumağa, öyrənməyə,
keçmişin mübhəm sirlərini açmağa
çalışıram. Son günlər çox qəribə
bir hiss ruhuma hakim kəsilir: öz xələflərimə,
tarixi mövzularda əsərlər qələmə alacaq
yazıçılara yaxşı mənada qibtə edirəm.
Çünki
qismətimə əfsus ki, Azərbaycan tarixinin məğlubiyyətlər,
uğursuzluqlar dövrünü qələmə almaq
düşüb... Yazdığım əsərlərdə xalqımızın
maraqlarına zidd tarixi müqavilələrin sözü
gedir...
Onları
ürək ağrısı, qəlb yanğısı ilə
qələmə almışam, hər dəfə onları
oxuyan oxucularımın da ürəyinin başına od düşüb. Bunun fərqindəyəm...
Gələcək
yazıçılara isə ona görə qibtə edirəm
ki, onların nəhayət ki, Azərbaycan dövlətinin
tarixi uğur salnamələrindən yazmaq üçün
böyük mövzuları var...
Onlar Azərbaycan
xalqının maraqlarını ehtiva edən müqavilələri
mövzuya çevirəcəklər, bu müqavilələrdən
yazacaqlar...
Azərbaycanın
tarixini dəyişən müqavilələr haqqında təəssüratlarını
qələmə alacaqlar...
Ona
görə gənc xələflərimə yaxşı mənada
qibtəmi gizlətmir, onları əvvəlcədən təbrik
edib bağrıma basıram...
***
Azərbaycan
Respublikasının Prezidenti o razılaşma sənədinə
noyabrın
9-dan 10-na keçən gecə imza atdı. Bu tarixi, bu imzanı
heç vaxt unutmayaq...
Çünki
tariximizdəki imzaların ən möhtəşəmidir o...
"Yox
millətimin imzası bu imzalar içində” deyə haray
çəkən Hadilərimizin yaralı ruhunun məlhəmidir...
O sənədə
xalqımız, dövlətimiz adından İlham Əliyev
imza atdı...
Amma bu
imzada müstəqil dövlətimizin memarı Heydər
Əliyevin də imzası var...
Bu
imzanı İlham Əliyevlə bərabər, Şah
İsmayıl Xətai, onun birlik, bütövlük
missiyasını davam etdirmək istəyən Nadir şah da,
vaxtilə zorla məğlubiyyətə məhkum edilmiş Pənahəli
xanla İbrahim xan, cümhuriyyət qurucularımız Mustafa bəy
Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli də
atırdı...
Eyni
zamanda bu şərəfli imzada Azərbaycan tarixinin
şanlı səhifələrini öz qanları ilə
yazmış 2783 balamızın, eləcə də bu Vətənin
azadlığı və ərazi bütövlüyü
uğrunda canından keçmiş bütün şəhidlərimizin
imzaları var...
Bu, Azərbaycan
xalqının böyüklüyünün imzalı təsdiqidir...
Bir salnaməçi kimi tam əminəm ki, onilliklər, yüzilliklər keçəcək, tarix XX və XXI əsrlərə məhz 10 noyabr məqamından, bu imzadan baxacaq...
Elə Azərbaycan tarixi də iki mərhələyə bölünəcək: 10 noyabrdan öncəki və sonrakı dövrlər...
Tarix yaratmaq bax budur...
"Tarixin ən güclü Azərbaycanı”nı yaratmaq budur...
Və İlham Əliyevə bu tarixə, bu Azərbaycana görə yalnız əcdadlarımızın ruhu və indiki nəsil yox, həm də hələ doğulmamış azərbaycanlılar - onilliklər, əsrlər sonrası 10 noyabrla qürur yaşayacaq xələflərimiz də minnətdardırlar, borcludurlar...
Hüseynbala
MİRƏLƏMOV
Azərbaycan.-2020.- 9 dekabr.- S.5.