Milli iftixarımız olan Qələbə

 

Milli birliyimizin təntənəsi

 

- Hazırda hər bir vətəndaşımız müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanın silahlı qüvvələri üzərində əldə etdiyi böyük qələbənin qürurunu və sevincini yaşayır. Qələbənin əldə olunmasında Ordumuzun Ali Baş Komandanının rəhbərliyi ilə həyata keçirilən əməliyyatlarla yanaşı, vətəndaşlarımızın həmrəyliyi, xalq-ordu birliyi müstəsna rol oynamışdır. Bu baxımdan əldə etdiyimiz böyük zəfəri həmrəyliyimizin, milli iradəmizin qələbəsi kimi də dəyərləndirə bilərik.

Hərbi əməliyyatların başladığı ilk günlərdən bir sıra sahələrdə ilklərə imza atılmış, daha öncə nəzərə çarpmayan istiqamətlərdə milli birliyə nail olunmuş, qətiyyətli siyasi mövqe nümayiş etdirilmişdir. Bu sırada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin Ali Baş Komandanın ətrafında birləşərək, torpaqlarımızın işğaldan azad edilməsi naminə vahid siyasi iradə nümayiş etdirmələrini xüsusi ilə qeyd etmək istəyirəm. Müharibə aparan bir ölkə üçün bunun nə qədər önəmli olduğunu, düşünürəm ki, hər kəs yaxşı başa düşür. Müstəqil Azərbaycanın tarixində ilk dəfə idi ki, ölkənin inkişaf perspektivlərinə fərqli baxış bucağından yanaşan, hətta bir-biri ilə uzlaşmayan ideologiyalara malik olan 50 siyasi partiyanın rəhbəri bir araya gələrək taleyüklü məsələmiz, milli mücadiləmizin əsasını təşkil edən Qarabağın azadlığı uğrunda birmənalı mövqe nümayiş etdirirdi. Şübhəsiz ki, bu, ölkəmizin siyasi həyatı və bütövlükdə gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən, dünyaya "biz birlikdəyik” mesajını verən, İsmayıl Bəy Qaspıralının türk dünyasına yönəlik "Sözdə, fikirdə, işdə birlik” şüarının bütün komponentlərini əməldə nümayiş etdirən bir hadisə kimi daim xatırlanacaq və istinad mənbəyi olacaq.

Təbii ki, siyasi partiyalar arasında vahid mövqenin əldə olunması sadəcə hərbi əməliyyatların başladığı zaman kəsiyində baş verməmişdi. Bu prosesdə olkəmizdə həyata keçirilən islahatların, hakimiyyətlə, Prezident Administrasiyasının müvafiq strukturları ilə siyasi partiyalar arasında dialoqun başladılmasının və getdikcə daha intensiv xarakter almasının mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Prezident Administrasiyasının səlahiyyətli şəxsləri vasitəsilə siyasi partiya sədrlərini bayramlar münasibəti ilə təbrik etməsi, onlara nümayiş etdirdikləri vətəndaş mövqeyinə görə təşəkkürlərini çatdırması ölkənin siyasi partiyalarının ümummilli məsələlər ətrafında bir araya gəlməsində stimulverici, birləşdirici faktor olduğunu da söyləyə bilərik. Siyasi sferada həyata keçirilən islahatların tərkib hissəsi kimi, ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Siyasi partiyalarqanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı və ilk dəfə olaraq, müxalif və azlıqda olan partiyaların nümayəndələri parlamentin rəhbərliyində təmsil olunmaq imkanı qazandılar.

Azərbaycan yeni, ölkəmizdəki siyasi institutların inkişafına təkan verəcək, sivil və etimadlı münasibətlərin, siyasi mədəniyyətin formalaşmasında mühüm rol oynayacaq bir mərhələyə qədəm qoyub. Bu mərhələnin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə paralel aparılmasının da xüsusi anlam daşıdığı qənaətindəyəm. Torpaqlarımızın azad edilməsi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, siyasi sferada da yeni dövr başlayır. Bu dövr quruculuq, yaradıcılıq, milli maraqlar, xalqımızın inkişafı və dövlətimizin mənafeyi naminə sivilintellektual rəqabət dövrüdür. Qarşımızda dayanan maneələri məhz düşüncəmizin işığıyla, xalqımızı islahatlar yolu ilə irəliyə doğru aparmaqla, siyasi münasibətlər və idarəçilik sistemini müasir dünyanın çağırışlarına çevikdinamik reaksiya verəcək bir inkişaf mərhələsinə daşımaqla dəf edə bilərik. Xalqımızın və dövlətimizin belə bir potensialda olduğuna əminəm. Hesab edirəm ki, Böyük Qələbənin bizə bəxş etdiyi ruh yüksəkliyi və mücadilə əzmi ilə Azərbaycanı Böyük İnkişafa doğru apara biləcəyik.

Ali Baş Komandan, Prezident İlham Əliyevi, Azərbaycan Ordusunun əsgər və zabitlərini və xalqımızı işğalçı Ermənistan üzərində böyük qələbə münasibətilə təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı həmvətənlərimizə tezliklə şəfa tapmalarını arzulayıram.

 

 

Qüdrət HƏSƏNQULİYEV,

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri

Azərbaycan.-2020.- 9 dekabr.- S.6.