Milli iftixarımız olan Qələbə

Qəhrəmanlıq dastanına çevrilən müqəddəs savaş

 

- Başa çatmaqda olan 2020-ci ili bütün ölkələr məlum pandemiya səbəbindən demək olar ki, eyni cür yola salır. Azərbaycan xalqı üçün isə 2020-cü il fərqli, müasir dövlətçilik tariximizin və müstəqilliyimizin ən şərəfli səhifələrindən birinin yazıldığı dövr kimi əlamətdar oldu. Çünki bu il biz düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdik. Bu il biz ərazi bütövlüyümüzü bərpa etdik...

Xalqımızın tarixi mücadilə, qəhrəmanlıq salnamələri ilə zəngindir. Hər birinin mayası azadlıq və mübarizələrlrə yoğrulan dövlətlərimiz şanlı keçmişimizin qürur doğuran ünvanlarıdır. Biz qəhrəman bir millətin nümayəndələriyik. Ona görə zaman bəzən bizi ağır sınaqlara çəksə də, yenidən toparlanaraq, güc taparaq, bir yumruq olaraq tariximizin şərəfli səhifələrini yazmağı bacarırıq. Torpaqlarımızın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən müqəddəs savaş da bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.

Bu savaşı, bu Qələbəni xalqımız 30 ilə yaxın idi ki, gözləyirdi. Bununla belə hər bir zəfərin, hər bir uğurun mütləq zamana ehtiyacı var. Çünki məhz zamanında atılan addım öz hədəfinə, məqsədinə çata bilər. Həmin zamanı yetişdirənlər isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs da bizim üçün torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətini artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.

Azərbaycanın bu müharibəni qələbə ilə başa vuracağı hərbi əməliyyatların ilk günlərindən aydın idi. Lakin biz həm də beynəlxalq təzyiqlərin qarşısını almalı idik. Bu mənada İlham Əliyev Ali Baş Komandan olaraq yalnız döyüş meydanında mübarizə aparmadı. İlham Əliyev dövlət başçısı kimi həm də siyasət meydanında, diplomatiya cəbhəsində erməni təəssübkeşlərinə və dünya erməniliyinə qarşı qətiyyətlə mübarizə apardı. Azərbaycana qarşı döyüşlərin ilk günlərindən başlayanbu gündavam edən haqsız reaksiyaların şahidi olduq. Hətta Fransa prezidenti bütün siyasi normaları aşaraq Ermənistanın müdafiəçisinə çevrildi, ölkəsinin neytrallığını unudaraq tamamilə ermənipərəst mövqe tutdu. Fransanın təşəbbüsü ilə BMT-dən Azərbaycana qarşı qətnamə qəbul edilməsinə də cəhd göstərildi. Lakin İlham Əliyev bu təzyiqlərə sərkərdə qətiyyəti ilə cavab verdi, bütün ermənipərəst siyasətçiləri yerlərində oturtdu, o cümlədən BMT-də məlum qətnamənin qəbulu baş tutmadı. ATƏT-in Minsk qrupunun üzvləri, əsasən də Fransanın hazırladığı bu layihədə Ermənistanın milli maraqları ifadə olunmuş, BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə istinad edilməmişdi. Lakin Azərbaycan Prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv olan dövlətlər həmin layihənin qəbul edilməsinə imkan vermədilər. Yenilməz ordumuz isə uğurlu hərbi əməliyyatlarını inamla davam etdirdi, hər gün yeni yaşayış məntəqələri işğaldan azad olundu.

Bir-birinin ardınca Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, o cümlədən Xocavənd, Xocalı və Tərtər rayonlarının kəndlərinin, milli kimliyimizin təsdiqi olan Xudafərin körpüsünün azad edilməsi xalqımız tərəfindən bayram coşqusu ilə qeyd olundu. Ordumuzun uğurlu əməliyyatları nəticəsində İranla dövlət sərhədinə nəzarət tam təmin olundu. Noyabrın 8-də qədim yurd yerimiz, milli mədəniyyətimizin, musiqimizin beşiyi olan Şuşanın işğaldan azad edilməsi isə Vətən müharibəsinin ən mühüm hadisəsi, ordumuzun möhtəşəm qələbəsi oldu. Məhz Şuşanın azad edilməsi ilə Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyəti etiraf edərək, Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə, kapitulyasiya aktını imzalamağa və digər rayonların azad edilməsinə dair qrafiklə öhdəlik götürməyə məcbur oldu.

Əgər torpaqlarımızın azad edilməsi Azərbaycan Ordusunun gücünü, müasir döyüş əməliyyatları aparmaq imkanlarını göstərdisə, Şuşanın azad olunması, ilk növbədə, Azərbaycan əsgərinin vətənpərvərliyinin, cəsarətinin, qorxmazlığının təsdiqi oldu. Aslanlarımız bu döyüşdə mübarizlik tarixi, qəhrəmanlıq salnaməsi yaratdılar. Xalqımızın hərb tarixinə və bütövlükdə hərb elminə elə bir səhifə yazdılar ki, illər ötsə də, həmişə xatırlanacaq, istinad ünvanı olacaqdır.

Noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçı ölkənin məğlubiyyətini hüquqi baxımdan rəsmiləşdirən sənəd oldu. N.Paşinyan bu sənədi öz xalqının gözündən uzaq, hansısa gizlin bir yerdə imzaladı. Daha doğrusu, imzalamağa məcbur edildi. Onu bu sənədi imzalamağa isə Müzəffər Ali Baş Komandan İlham Əliyev məcbur etdi. Beləliklə, döyüş meydanındakı qələbədən sonra Azərbaycan düşməni siyasi-diplomatik müstəvidə də məğlub etdi.

Noyabr ayının 20-dən başlayaraq Ermənistan kapitulyasiya öhdəliklərini yerinə yetirdi. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları tam şəkildə Azərbaycan Ordusunun nəzarətinə keçib. İndi bu torpaqlarda onun əsl sahiblərinin, azərbaycanlıların səsləri eşidilir. İlin qış fəsli olsa da, işğaldan azad olunmuş bütün şəhər və rayonlarımız öz baharlarını yaşayırlar. Çünki azaddırlar, murdar düşmən tapdağı birburalara dəyməyəcək.

Torpaq uğrunda ölən varsa vətəndir. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri vətən uğrunda canından, qanından keçdi, 2783 nəfər hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı. Azad olunmuş ərazilərimiz indi bizim üçün həm də ona görə müqəddəsdir ki, şəhidlərimizin qanı hopub o torpaqlara. Hər şəhərimiz, hər kəndimiz onların canı bahasına azad olunub. Şəhidlərimizin hər birinin ruhu qarşısında baş əyirik və Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması hər birimizin qəlbindən xəbər verən addım oldu.

Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan Zəfər Günü isə xalqımızın ən gözəl bayramlarından biri kimi təqvimizdə yer tutacaq. Çünki bu Zəfəri biz uzun illər səbirsizilklə gözləmişik. Bu Zəfəri biz torpaqlarımıza qan tökməklə qazanmışıq. Bütün dünyaya milli qürurumuzu, yenilməzliyimizi nümayiş etdirmişik.

Vətən müharibəsində Azərbaycan Ordusu böyük rəşadət göstərdi. Eyni zamanda 44 günlük savaş bir daha təsdiqlədi ki, Azərbaycan xalqı onu bütün arzularına çatdıran cənab İlham Əliyevin ətrafında daim sıx səfərbərdir. Bu Qələbədən sonra Azərbaycan üçün tamamilə yeni tarixi mərhələ başlayıb. Çünki bizim rəhbərimiz də, dövlətimiz də, bütün xalqımız da qalibdir. Öz milli haqqı uğrunda qalib gələnlər isə hər zaman bütün dünyada xüsusi ehtiramla qarşılanırlar.

 

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Azərbaycan.-2020.- 9 dekabr.- S.6.